Vüqar Rəhimzadə: "Sarkisyan tarix qarşısında cavab verməlidir"
Bizi izləyin

Nida Xəbər

Vüqar Rəhimzadə: "Sarkisyan tarix qarşısında cavab verməlidir"

“Bu gün Ermənistanda kifayət qədər ciddi proseslər baş verir. Artıq xalq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyəti zorla əldə saxlayan, öz ölkəsini demək olar ki, beynəlxalq aləmdən təcrid edən bir rejimdən-Serj Sarkisyan və onun terror qruplaşmasından canını qurtardı”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadənin sözlərinə görə, Sarkisyanın işğalçılıq siyasətini onun xalqı belə dəstəkləmədi:

“Aprelin 23-də xalqın kəskin etirazına qarşı tab gətirə bilməyən Sarkisyan istefa verdi. Hazırda Ermənistanda kütləvi mitinqlər davam edir. Bu bir daha onu göstərir ki, qatil Sarkisyanın ötən illər ərzində apardığı işğalçılıq siyasətini heç onun öz xalqı belə dəstəkləmir. Hesab edirəm ki, erməni xalqı ölkəni, cəmiyyəti istismar edən hərbi xuntadan canını qurtardı və gələcək taleyini müəyyənləşdirmək imkanı qazandı”.

Vüqar Rəhimzadə qeyd edib ki, xalq Sarkisyana etiraz etməklə uzun illərdir ölkədə hökm sürən korrupsiyaya, insan haqlarının boğulmasına, sosial problemlərə etiraz edir:

“Ermənistan uzun illərdir ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu ölkə öz terrorist hakimiyyətinin işğalçılıq siyasəti ilə nəinki regionda, bütün dünyada sülhə və təhlükəsizliyə böyük təhdid törədir. Elə bunun nəticəsidir ki, Ermənistan regional və qlobal layihələrdən kənarda qalıb. Ölkədə sosial problemlər baş alıb gedir. Korrupsiya halları dözülməz həddə çatıb. Buna görə də vətəndaşlar kütləvi olaraq ölkəni tərk edirlər. Təbii ki, bütün bunların bir sonu olmalı idi və oldu. Erməni xalqı ölkəsini öz şəxsi maraqlarına qurban verən mafioz klandan canını qurtardı”.

V.Rəhimzadə əlavə edib ki, Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Sarkisyan tarix qarşısında cavab verməlidir: “Serj Sarkisyan günahsız insanların, körpələrin qatilidir. Onun əli Dağlıq Qarabağda, o cümlədən Xocalıda yüzlərlə günahsız insanın qanına batıb. Hesab edirəm ki, bu cür terrorist, uşaq qatil beynəlxalq tribunal qarşısında mühakimə edilməli və ən ağır cəzaya məhkum olmalıdır”

Vüqar Rəhimzadə vurğulayıb ki, bundan sonra Ermənistanda baş verə biləcək müsbət hadisələr regionun gələcək taleyinə də öz təsirini göstərə bilər:

“Fikir verdinizsə, Ermənistanda Sarkisyana etiraz edən xalq kütləsinin arasında Dağlıq Qarabağda öz övladını itirmiş valideynlər, hərbçilər də var idi. Bu, bir daha onu göstərir ki, həmin insanlar Sarkisyanın Dağlıq Qarabağla bağlı siyasətinə də öz etirazlarını bildirirdilər. Xalq başa düşür ki, Ermənistanın işğalçılıq siyasəti onların gələcək taleyinə yaxşı heç nə vəd etmir. Bu ölkənin gələcəyi yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən asılıdır. Bunsuz hansısa inkişafdan, danışıqlardan, əməkdaşlıqdan söhbət gedə bilər. Hesab edirəm ki, gələcəkdə qurulacaq yeni hökumət bunu nəzərə almalı, Sarkisyanın getdiyi yolu getməməlidir. Əks halda Ermənistanı bundan da ağır, pis günlər gözləyə bilər.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm