Rusiya Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Rusiya Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif etdi - (YENİLƏNDİ)

Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilir.

Görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə Azərbaycan Respublikasını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu görüşündə “Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Ramiz Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm