• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Erməni lobbisi Azərbaycanla bağlı tədbirə mane olmaq istədi, rüsvay oldu

Erməni lobbisi Azərbaycanla bağlı tədbirə mane olmaq istədi, rüsvay oldu

San Fransisko şəhərində yerləşən, ABŞ-ın ən qədim qurumlarından olan “Commonwealth Club” təşkilatında 16 may 2018-ci il tarixində Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Publika.az-a verilən məlumata görə, tədbir Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Həmçinin, San Fransisko və ətraf rayonlarda fəaliyyət göstərən Birləşmiş Dinlər Təşəbbüsü, Kontra Kosta Vilayəti Dinlərarası Şurası, Presidio Dinlərarası Şurası, Marin Vilayəti Dinlərarası Şurası və Silikon Vadisi Dinlərarası Şurası kimi tanınmış təşkilatlar tədbirin təşkilində tərəfdaş kimi çıxış ediblər.

Tədbirdə yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər. Çıxışlardan öncə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib. Tədbir iştirakçıları həmçinin Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Amerika Yəhudi Komitəsinin (AYK) San Fransisko nümayəndəliyinin direktoru Matt Kahn və AYK-nin Şimali Kaliforniya üzrə regional direktoru Ravvin Serena Eisenberg tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən bu önəmli tədbirə evsahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə ediblər. Natiqlər AYK ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu və hər il AYK rəhbərliyinin ölkəmizə səfər etdiyini qeyd ediblər.

Sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda müxtəlif dinlərə məxsus çoxlu sayda ibadət evlərinin sərbəst fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı ölkəmizdə yaşayan dini icmalara dövlət qayğısından danışıb. Natiq, Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm və tolerantlığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Amerika Yəhudi Komitəsi ilə Kaliforniyada yaradılmış möhkəm dostluq münasibətlərinin böyük önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib. Diplomat, tədbirin keçirildiyi məkanın da əlamətdar yer olduğunu, ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə məhz “Commonwealth Club” təşkilatında etdiyi çıxış zamanı Azərbaycan barədə müsbət fikirlərini bölüşdüyünü qeyd edib.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.

Sonra nümayəndə heyətinin üzvləri tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi tədbrin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>