• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Uçot dərəcəsinin endirilməsi maliyyə sektoruna nə vəd edir - Açıqlama

  • Digər
  • 11 İyul 2015 12:20
  • 420 Baxış
Uçot dərəcəsinin endirilməsi maliyyə sektoruna nə vəd edir - Açıqlama

Xəbər verildiyi kimi, Mərkəzi Bank uçot stavkasının endirib. Artıq ölkədə uçot dərəcəsi 3,5 faizdən 3 faizə düşüb. Sual doğuran məsələ uçot dərəcəsinin maliyyə sektoruna necə təsir edəcəyi ilə bağlıdır.

MB-nın qərarını Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, istehlak kreditlərində komisyon haqlarının məhdudlaşdırılması ilə bağlı verilən qərardan sonra faizlərin mərhələli azalacağı istisna edilmirdi: “Bu addım faizlərin tənzimlənməsinə hesablanmışdı. “Retail bankçılıqla” məşğul olan bir neçə bank istehlak kreditləri üzrə faiz dərəcələrinin artırdıqdan qısa müddət sonra əvvəlki səviyyəsinə qaytarması da bundan xəbər verirdi. Mərkəzin Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarını komisyon haqlarının məhdudlaşdırılmasından sonra banklara jest kimi dəyərləndirmək olar. İkincisi, uçot stavkasının aşağı salınması kommersiya banklarına daha aşağı faizlə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyli ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər”.

V.Bayramov bildirir ki, uçot stavkasının endirilməsindən sonra Mərkəzi Bank bütün kommersiya banklarının sözügedən maliyyələşmədən istifadə imkanlarının genişləndirilməsinə çalışmalıdır: “Bu baxımdan, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir. Üçüncüsü, son 2 ayda xarici valyutalara təklifin azalması və Mərkəzi Bankın valyuta ehtiyatlarında müşahidə edilən artım uçot stavkasını endirilməsini mümkün etməklə yanaşı artıq baş bankın bazara müdaxilə rıçaqlarının artdığını göstərir. Yeni maliyyə mənbələrdən vəsait cəlb edən Mərkəzi Bank intervensiya xərclərinin tənzimlənməsi fonunda məzənnə siyasətindən artıq faiz siyasətinə keçid edir. Dördüncüsü, uçot stavkasının endirilməsinin bazara psixoloji təsirləri olacaq. Bu eyni zamanda kredit faizlərinin aşağı salınacağı ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər.

Beşincisi, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalıblar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyi demək idi. Altıncısı, bu qərarından sonra Mərkəzi Bankın bankları real sektoru daha çox maliyyələşdirilməsinə təşviq etməyə çalışacağı güman edilir. Real sektoru maliyyələşdirməkdə xüsusi maraqlı görsənməyən banklar aşağı uçot dərəcəli mərkəzləşdirilmiş kreditlər ilə bu sektora meyllənə bilərlər.

Nəhayət, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarın kredit bazarına təsirlərinin qiymətləndirilməsi üçün Mərkəzi Bankın daimi monitorinqlər aparıb nəticələri ictimaiyyətlə bölüşməsinə ehtiyac var. Baş bankda bu addımın kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığını bəyan etməsini nəzərə alsaq deməli müəyyənləşdirilmiş hər bir indikator üzrə monitorinqin aparılmasına ciddi ehtiyac olacaq”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR