“Daha 3 bankın fəaliyyəti məhdudlaşdırıla bilər” - AÇIQLAMA
Bizi izləyin

Digər

“Daha 3 bankın fəaliyyəti məhdudlaşdırıla bilər” - AÇIQLAMA

Mərkəzi Bank “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, bu qərarın MB rəhbərinin kommersiya bankları ilə ötən həftə reallaşan görüşdən sonra verilməsi müzakirələr yol açıb.

İqtisadçı-ekspert Vüqaq Bayramov Publika.az-a açıqlamasında deyib ki, “EvroBank” fəaliyyətsiz bank idi və ötən cümə günü onun lisenziyasının geri alınması ilə bağlı qərar sadəcə formal xarakter daşıyırdı: “Sözügedən bank artıq xeyli müddətdir ki, ən adi bank funksiyalarını belə yerinə yetirmirdi. O baxımdan, bu bank həmçinin simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı. Razılaşaq ki, ölkədə olduqca az insan bu ad ilə bankın olmasından xəbərdardır. Ona görə də, xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından söhbət gedir”.

Ekspert bildirir ki, “Azərbaycan Kredit Bankı”nın isə minimum məcmu kapital ilə bağlı öhədliklərin yerinə yetirilməsində çətinlikləri var idi: “Bank minimum məcmu kapitalını ötənilki 5.8 milyon manatdan bu ilin aprelinə - sonuncu rəsmi hesabatı yaydığı vaxtadək 49 milyon manata çatdıra bilməsinə baxmayaraq, hələ də Mərkəzi Bankın məlum tavanına əməl edə bilmirdi. Eyni zamanda, bankın idarə edilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də, Mərkəzi Bank bu bankın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bütövlükdə sözügedən qərar bank sektoruna ciddi təsir göstərməyəcək. Söhbəti marjinal təsirləri olan banklar ilə bağlı qəbul edilən qərardan gedir. Bununla yanaşı, bütövlükdə 5 bank ilə bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin 2-ci yarısı və gələn il əvvəllərinə daha 3 bankın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın bankların konsolidasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm