• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məleykə Əsədova: “Həmin gecə səhərəcən yata bilmədim” -Foto

  • Digər
  • 10 Mart 2014 14:12
  • 4 352 Baxış
Məleykə Əsədova: “Həmin gecə səhərəcən yata bilmədim” -Foto

Bu gün martın 10-Milli Teatr günüdür. Elə “Ulduzlu axşam”da da həmsöhbətim təpədən-dırnağa özünü səhnəyə həsr edən bir aktrisadır. Mən onu səhnəmizin Gültəkini, Şirini, Leylisi, Kleopatrası, İlkcanı, Selcanı, Çılğını, Mariya Tüdoru, Züleyxası, Kardilyası, Aqafiya Tixinovnası kimi təqdim etmək istəyirəm. Tamaşaçılar göydə aldılar ki, söhbət Xalq artisti, Akademik Mili Dram Tetatrının cazibədar aktrisası Məleykə Əsədovadan gedir. Fevralın 18-də səhnə fəaliyyətinin 25 illiyi tamam olan aktrisa ilə bu dəfə yalnız teatrdan, oynadağı rollardan danışdıq.

“Həmin gecə səhərəcən yata bilmədim”

- Dünya teatr təcrübəsində belə bir ənənə var ki, əgər aktrisa əgər üç klassik tamaşada oynayıbsa, artıq ozünü təsdiqləmiş aktrisa sayılır. Sizin obrazlar qalereyanıza baxsaq, demək olar ki, rollarınızın doxsan faizi klassik obrazlardır…

- Bəli, klassik rol aktrisadan son dərəcə istedad və məsuliyyət tələb edir. Mən elə səhnəyə də Cəfər Cabbarlının çox sevdiyim “Aydın” tamaşasındakı Gültəkin obrazı ilə gəlmişəm. Düz iyirmi beş il öncə 1989-cu ildə mərhum Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrında səhnə fəaliyyətimə başladım. Rejissor Həsən Əbluc mənə dedi ki “Aydın” əsərini oxu, həmin ərəfədə mən bilirdim ki, teatarda “Aydın” tamaşasını hazırlayacaqlar. Həmin gecə səhərəcən yatmadım. Fikirləşdim ki, ay Allah, görəsən mənə hansı obrazı verəcəklər. Mən uşaqlıqdan Gültəkin obrazını çox sevirdim. Demək olar ki, bu əsəri dönə-dönə oxumuşdum. Səhəri gün divarda yazılmış siyahıda adımı Gültəkin obrazının qarşısında görəndə sevincimdən az qala uçacaqdım. Sadəcə, qanadlarım yox idi. Gültəkin mənə böyük uğur gətirdi. Bu tamaşadan sonra teatr tənqidçiləri mənim haqqımda yüksək fikirlər səsləndirdilər. Hətta böyük aktrisamız Barat Şəkinskaya tamaşama baxandan sonra dedi, ki, səhnəyə təbii, səmimi aktrisa gəlir. Cabbarlının əsil Gültəkini Məleykə Əsədovadır. Bu teatrda bir çox rolların ifaçısı oldum.1992-ci ilin axırlarında isə Allah rəhmət eləsin Həsən Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrında işləməyə başladım. Orda da bir-birinin ardınca klassik obrazlar yaratdım.

Var olan bir insana daş atırlar”

- Birdən-birə parlayan gənc aktrisanın qarşısında maneə yaratmaq istəyənlər də oldu yəqin, deyilmi?

- Mən öz dünyamda olan insanam. Doğuluşdan beləyəm, heç kimin işinə qarışmamışam. Həmin vaxtda da işlərim çox idi. Bir gündə iki tamaşanın məşqinə gedirdim, mahnılar yazdırırdım, Azərbaycan Dövlət Televiziyasında “Sübh şəfəqləri” adlı veriliş aparırdım. Bir dəqiqə vaxtım yox idi. Hətta o vaxtlar filmlərin sınaq çəkilişlərinə dəvət alıb, rollara təsdiqlənirdim, amma teatrdakı tamaşalarımın çoxluğu buna imkan vermirdi. Təbii ki, var olan bir insana daş atırlar, var olmayana daş atmazlar.

- Reaksiyanız necə olub elələrinə?

- Qarışmamışam. Allahımla danışan insanam, mənim məhkəməm Allah olub. Onlar daş atıblar, mənim uğurarımsa, onlara cavab olub. Həyatda qazandığım uğurlarla, oyndağım obrazlarla irəli getmişəm. Hətta mən yaxınlarıma deyirəm ki, haqqımda yazılan xoşagəlməz yazılar barədə mənə danışmayın, istəmirəm özümün gözəl dünyamı korlayım.

“İlk dəfə görəndə, dedi ki, sən səhnə üçün doğulmusan”

- 10 il sonra yenidən oynadınız Gültəkini…

- Bəli, Mikayıl Mirzənin quruluşunda bu tamaşa hazırlandı, Gültəkin obrazı yenidən mənə həvalə olundu. Tərəf müqabilim də teatrı gözəl duyan Nurəddin Mehdixanlı oldu.

- Aktrisa üçün ən vacib kriteriyalar hansıdır?

- Aktrisanın danışığı, diksiyası, gözəl ürəyi, bir də plastikası olmalıdır. Allah bütün keyfiyyətləri məndə birləşdirib.

- Deyilənə görə, sizi ilk dəfə sənətə gətirən Lütfi Məmmədbəyov olub?

- Bəli, bunu danmaq olmaz. O məni ilk dəfə görəndə, dedi ki, sən səhnə üçün doğulmusan. Allah sənə boy-buxun, gözəl çöhrə, danışıq qabiliyyəti verib. O mənə həmişə ruh verirdi. Mən Akademik mili Dram teatrına Lütfi müəllimin “Əcəb işə düşdük” tamaşasındakı Dilarə obrazı ilə gəlmişəm. Tamaşaçılarım məni Lütfi müəllimin “Yad qızı”, “Kimdir haqlı” tamaşası, “İtkin gəlin” filmi ilə tanıyıb seviblər . Sevinirəm ki, məni oynadığım obrazlarla yadda qalıram.

“Bu gün nə qədər Əfsanələr böyüyüb…”

-25 ildir səhnədə eyni şöhrəti saxlayırsınız, buna necə nail olursunuz?

- Çünki qəlblərə oynadığım obrazlarla yol taprmışam, yaddaşlarda oynadığım rollarla qalmışam, qalmaqal, dedi-qodularla yox. Məleykə deyəndə İtkin gəlin filmi yada düşür. Bugün nəqədər əfsanələr böyüyüb, gənc qızlara çevriliblər.

- Ən çox sizi qane edən tərəf-müqabiliniz kim olub?

- Hər zaman istəmişəm ki, yanımda istedadlı aktyorlar oynasın. “Özümüzü kəsən qılınc”da, “Aydın”da Nurəddin, “Fərhad və Şirin”də Mikayıl Mirzə tərəf müqabilim olub. Sonra Həsən Məmmədov, Həsən Turabov, Sofa Bəsirzadə, Leyla Bədirbəyli, Zərnigar Ağakişiyeva, Yaşar Nuri, Səyəvuş Aslan, Rasim Balayev, Rafiq Əzimov, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Ramiz Novruz, Fizuli Hüseynovla tamaşalarda oynamışam. Mənim üçün aktyor odur ki, səhnəyə can yandırsın. Azərbaycan səhnəsində istedadlı aktyorlar var, amma yüzlərlə deyil, barmaqla sayılacaq qədərdir. Yaxşı aktyor 10-15 ildən bir dünyaya gəlir, gündə doğulmur. İnsan doğulanda istedad da onunla birgə doğulur.

“Bunu mənə deyəndə əvvəl tərəddüd etdim…”

-“Misir gecələri” kimi möhtəşəm bir tamaşada iki rolda oynadınız. Bu, Azərbaycan səhnəsi üçün yenilik idi…

- Mərahim Fərzəlibəyov hazırlamışdı bu tamaşanı. Birinci hissə “Yusif və Züleyxa”, ikinci hissə isə “Kleopatra” adlanırdı. Mən bu tamaşada oynamazdan əvvəl biraz tərəddüd etmişdim. Amma sonradan dedim ki, yox mən bir aktrisa kimi sübut edəcəyəm ki, bir tamaşada iki obrazı yaratmaq mümkündür. Böyük uğur qazandı tamaşa, hər dəfə anşlaq olurdu.

- Dramatik obrazlarda oynayan Məleykə xanım birdən-birə komik rolda göründü. Çətin olmadı ki, sizə?

- Əliqismət Lalayev dəvət etdi məni “Evlənmə” tamaşasına, rejissor da Bəhram Osmanov idi. Əvvəlcə tərəddüd etdim ki, görəsən dramatik rollardan sonra məni komediyada tamaşaçı necə qəbul edə bilər? Amma dedim ki, yox, mən bu rolu oynayacacam və sübut edəcəyəm ki, komik obrazı da məharətlə yarada bilərəm. Hər kəs çox maraqla qarşıladı bu rolu. Bir daha sübut etdim ki, aktrisa üçün sərhəd yoxdur, akrisa başqalaşmağı bacarmalıdır. Stanislavskinin beş prinsipindən biri də başqalaşmaq prinsipidir. Məsələn mən martın 16-da Az.Dramanın səhnəsində “Mariya Tüdör” tamaşasında Mariya Tüdor, martın 17-də isə Musiqili Teatrın səhnəsində “Evlənmə” tamaşasında Aqafiya Tixinovnanı oynayacağam. Ümumiyyətlə, ən çətin obrazları mən oynamışam.

“Səhnədə obrazı yaradarkən zalı heç vaxt görmürəm”

- Başqalarının xəyal etdiyi rolları siz səhnədə yaratmısınız. Bax, bugün elə bir rol varmı ki, onu oynamaq arzusundasınız?

- Bugün mən çox seçim edirəm, çünki sənətimə qiymət verirəm. Teatr məbəddir, teatr sahəsində çalışan adamlar fədakardırlar. Bir insan öz taleyini güclə yaşayır, amma biz aktyorlar səhnədə neçə-neçə obrazların taleyini yaşayırıq. Biz fenomenlərik. Mən geriyə dönüb oynadığım obrazalara baxdıqca görürəm ki, hər birinin içində Məleykə var. Hər bir rolda özümü tapmışam.

- Hansı obrazda özünüzü daha çox tapırsınız?

- Hamısında. Əvvəl Şirini oynayanda deyirdim ki, Şirində Məleykə var. Bugün görürəm ki, Kleopatrada, Züleyxada, Mariya Tüdorda Məleykə var. Mən tamaşam olduğu gün insanlarla ünsiyyət qurmuram çünki həmin gün oynayacağım obrazın taleyini düşünürəm. Səhnədə obrazı yaradarkən zalı heç vaxt görmürəm.

“Mənim üçün bundan böyük mükafat ola bilməzdi”

- Həytınızda ən sevincli anlarınız nə vaxt olub?

- Sevincli günlərim sayladır, baxıb görürəm ki, həmin günlər premyera günlərimə, fəxri adlar aldığım vaxtlara təsadüf edir. Allah ulu öndərimiz, fenomen şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. O bütün sahələrin fenomen bilicisi lduğu kimi teatrı da teatrşünaslardan gözəl bilirdi. Və teatrı sevirdi. O, hər zaman teatra gəlib premyeralara baxırdı. Onun mənim sənətim barədə dediyi sözlər həyatımın ən xoşbəxt anlarıdır. Yadımdadır ki, ulu öndərimiz “Fərhad və Şirin” tamaşasına baxmağa gələcəkdi. Həmin gecə sevincimdən səhərə qədər yatmadım. Gənc aktrisaydım, ulu öndər tamaşadan sonra səhnəarxasına gəlib aktyorlara görüşüb oynadıqları obrazlar barədə fikirlər söyləyirdi. Mənim oynadığım obrazlar barədə də hər zaman gözəl fikirlər söyləyib. O an özümü dünyanın ən xoşbəxt insanı sayırdım. Mənim üçün bundan böyük mükafat ola bilməzdi.

“Məleykələr çox ola bilər, amma…”

-Teatr günündə arzularınızı bilmək maraqlı olardı?

- Tamaşaçılarıma can sağlığı arzulayıram, hər kəsə arzulayıram ki, teatrı sevsinlər, çünki teatr məbəddir. Gənclərimiz gəlib tamaşaçılarımıza baxsınlar. Çünki son vaxtlar internet insanları canlı ünsiyyətdən aralı salıb. Hər zaman mənə deyirsiniz ki, gözəlsiniz, məni gözəl saxlayan sizlərin sevginizdir. Məleykələr çox ola bilər, məni Məleykə Əsədova edən sənətim, səhnəm, yaratdığım obrazlardır.

Cəvahir Səlimqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR