“Onun başını kəsdiyimiz bıçaq indi də məndədir...” - CƏBHƏ XƏTTİ
Bizi izləyin

Digər

“Onun başını kəsdiyimiz bıçaq indi də məndədir...” - CƏBHƏ XƏTTİ

“Cəbhə xətti” layihəsinin bugünkü qonağı Behbudov Bakir Əmircan oğludur. O, 1965-ci ildə Ağdam şəhərində anadan olub. Burada boya-başa çatıb, peşə məktəbini bitirdikdən sonra Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

1988-ci ildə Ağdamın sərhəd kəndlərində öncə əliyalın, sonra isə quş tüfəngi ilə erməni quldurlarına qarşı mübarizə aparıb. Nəhayət o, Eldar Bağırovun batalyonunda savaşa qoşulub, Milli Qəhrəman Allahverdi Bağırovun heyətində döyüşlərini davam etdirib. Ailəlidir, 3 övladı var. Şirkət sürücüsü işləyir.

Erməninin başını kəsdi...

- Bakir bəy, istərdik, bizə ilk döyüşünüz haqda danışasınız...

- İcazə verin, sizə maraqlı bir xatirə danışım. Deməli, bizdə Qozbel Valeh adlı biri vardı, ermənilərə əsir düşmüşdü. Bunu ermənilər Stepanakertdə mitinqlərdə boğazına xalta, zəncir keçirib gəzdirir, təhqir edirdilər. Bizə tapşırıq gəldi ki, necə olursa-olsun bir erməni əsir götürüb, Valehlə dəyişdirməlisiniz. Bizim taborda da Cəfərov Nadir, Füzuli (Azərbaycanın birinci Qəmlosu ləqəbli) bir də şəhidimiz Namiq adlı biri vardı. Biz dördümüz erməni əsir tapıb gətirməyə getdik. Meşəyə girəndə gördük ki, bir erməni odun doğrayır. Yaxınlaşıb onu əsir götürməyə çalışsaq da, əlindəki dəhrəylə Qəmlonun qoluna möhkəm zərbə vurdu. Baxdıq ki, bunu heç cürə gətirə bilmirik çarəsiz qalıb hay-küy düşmədən Nadir bunun başını kəsərək torbaya qoydu, gətirib atdıq mənim maşnımın baqajına. Başını kəsdiyimiz erməninin 50 yaşı olardı. Nəysə, gecə düşmüşdü, elə yolla getməli idik ki, ələ keçməyək. Artıq gecə saat 2 radələri olardı, yolun bir hissəsindən keçəndə maşının işığında iki hərbi paltarlı adamın qaçdığını görüb, bunları tutduq. Sən demə, ikisi də sovet ordusunda qulluq edirmişlər. Onlardan biri pribaltikalı, o biri isə erməni idi. Öyrəndik ki, bu erməni pribaltikalını Qarabağda döyüşmək üçün aldadıb gətirib. Qısası, pribaltikalını Bakı qatarına mindirdik. Bakıdan gedəcəyi adresin bilet pulunu da cibinə qoyub yola saldıq. Ermənini isə Valehlə dəyişmək üçün əlimizdə saxladıq. Nəhayət, onu gətirdik Valehlə dəyişməyə... Bu epizodlar çox dəhşətli idi. Kaş ki, o vaxtlar bunları lentə ala biləydik. Nə isə, erməninin anası qarşı tərəfdən baxırdı. Biz ermənini bu tərəfdən buraxdıq, onlar da Qozbel Valehi o tərəfdən. Beləliklə, bu əsir məsələsini həll etdik.

- Bəs erməninin başını niyə saxlamışdınız?

- Erməninin başını günlərlə maşının baqajında gəzdirdik. Bir gün də kafelərin birində yemək yeməyə oturmuşduq. Yan masada da Bakıdan gələn 3 müstəntiq yeyib-içirdi. Bunlar başladı bizə söz atmağa. Çox təmkinli davransaq da, bizi saqqallı görüb dedilər ki, saqqal saxlamaqla deyil e, erməni öldürmək lazımdır. Qəmlo əsəbiləşərək gedib sakitcə maşının baqajından erməni kəlləsini gətirib bunların masasına qoydu. Bu anda bunlar səslərini kəsib bizimlə dostlaşmağa başladılar. İndi də həmin erməninin başını kəsdiyimiz bıçaq məndədir. Bu hadisə 1989-cu ildə baş verib... Bax, bu xatirəni heç unuda bilmirəm.

- Keçək ilk döyüşünüzə...

- Hə, indi gələk ilk döyüşümə. İlk döyüşümüz uğurlu oldu, şəhid vermədik. Daha sonra Abdal Gülablı uğrunda döyüşlərimiz olub. Ən ağır döyüşlərimiz Naxçıvanik uğrunda baş verdi. Orada 8 şəhid verdik, meyitlərimiz qaldı qarşı tərəfdə. Bu Naxçıvanik dediyimiz yer çox oğlanları aparıb. Bu hücumlar zamanı Xoramurda da hücum etmişdik. Uşaqlarımızın çoxu silahsız getmişdilər. Bizim silah, texnika çatışmazlığımız olduğu üçün aldığımız yüksəklikləri itirirdik. Sonradan texnikamız gəldi, meyitləri, yaralıları oradan götürdük. İki ermənini də girov götürdük. Orada 3 meyitimiz vardı, bax onları da bu iki erməniylə rəhmətlik Allahverdi Bağırov dəyişib, ailələrinə göndərdi. Bu döyüşlərdə Bayramov Məzahir adlı döyüşçümüz başından snayperlə vuruldu. Heç kim inanmırdı ki, o, yaşayacaq, amma yaşadı, sağaldı və yenidən döyüşlərə qoşuldu. Üç ay sonra yenidən vuruldu və şəhid oldu.

- Başqa hansı xatirələr var?

- Deməli, Mərzili uğrunda döyüşlərə başladıq, orada mən özüm də kontuziya aldım. Telman adlı döyüşçümüz vardı, Qazaxdan idi. Bu döyüşdə də çoxlu asma minalar quraşdırmışdı ermənilər. Həmin Telman bizdən 30 metr qabaqda gedirdi, birdən minaya – “lyaquşkaya” düşdü. Düşünün, batinkasının içində ayağı üzüldü qaldı. Tez bunu qucağıma aldım, gördüm ki, gülür. Dedim, ay əclaf, ayağın üzülüb, nəyə gülürsən. Qayıtdı ki, komandir, narahat olma, əsas məsələ yerindədir. Bax, belə dəhşətli məqamlarda gülməli şeylər də baş verir.
Həmin gecə dedilər ki, bir əsgərin ölüb. Gördüm, bunu sürüyüb gətirirlər. Sən demə, bu əsgər ölməyibmiş, sadəcə, kontuziya alıb, beyni dayanıb. Başqa bir əsgərimiz qumbaraatanla atəş açanda onun arxasında dayanıb, dalğa bunu vurub. Dedilər ki, bəs bunu neyniyək? Dedim, atın maşına, mən aparıb tibb maşınına çatdıraram. Bir də səhər gördük ki, yenə durub gəlib üstümüzə (gülür). Sən demə, yolda maşın çalaya düşəndə ayılıb.

- Bəs sizin üçün ən ağır xatirə hansıdır?

- Mənim üçün ən ağır xatirə... Xocalı soyqırımıdır... Mən Xocalı döyüşlərinin hamısında əvvəldən sona qədər iştirak etmişəm. Ağdam batalyonu Xocalı hadisələrində çox itki verib. Hamı bilir ki, bizim orada dağ kimi oğlanlarımız şəhid olub.

- Bəs müharibədə jurnalistlərin fəaliyyəti necə idi?

- Əsgəranda güclü döyüşlər zamanı İngiltərədən bir jurnalist gəlmişdi. Nə qədər eləyirdim, onu saxlaya bilmirdim, elə hey qabağa qaçırdı. Kamera əlində çəkə-çəkə gedirdi döyüş bölgəsinə. Düzdür, sağ qaldı, ölmədi. Bir də Naxçıvandan Fəridə adlı bir jurnalist var idi, o da çəkiliş aparırdı. O da çox qorxmaz qadın idi.

- Jurnalistlərdən danışmışkən - Çingiz Mustafayev...

- Çingiz bizim yanımızda vuruldu. Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, “rekaşetlə” dəyib.

12 iyun tarixində Qurban bayramı günü idi, hələ də yadımdan çıxmaz. Sabirabaddan Mirseymur adlı bir əsgər var idi. Seyid idilər, atası qoyun kəsib gətirmişdi. Əti doğrayıb vurduq şişə, ocağı yandırdıq, ocaq hazır olanda komanda verdilər, getdik. Döyüşdə Allahverdi Bağırov bizi yığıb dedi ki, öndə özüm gedəcəm, bir addım məndən irəli keçəni güllələyəcəm. Həmin döyüşdən sonra bir çox kəndi aldıq. Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə az qalsın, öz oğlunu güllələyəcəkdi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik. Orda uşaqlar erməni “uçastkovu”nun evindən nərd götürmüşdülər. Gəlib onu görəndə elə bildi ki, oğlu götürüb, istədi oğlunu güllələsin. Sonra bildi ki, onu başqa biri oğurlayıb.

- Ən yaxın əsgər dostunuz kim idi?

- Mən Mirseymurun meyitini aparanda çox əzab çəkmişəm... Heç onun şəhid olduğunu bilmirdim. Döyüşün səhəri günü hospitala getdim. Meyitlərə bir-bir baxdım ki, görüm kim şəhid olub. Mənə çox pis təsir elədi.
Bəzən olurdu, meyitin çox hissəsini tapa bilmirdik. Eləsinin bircə başını tapırdıq. Mərmi düşüb parçalayırdı, hər parçasını bir yerdən yığırdıq.

- Sizə son sözünü deyən olubmu?

- Mənim bir dostum var, Qəmlo deyirdik ona. Adı Füzulidir. Bunun qolundan vurmuşdular, sol qolu sallanmışdı, gəldim xəstəxanaya, gördüm ki, bunun qolunu kəsmək istəyidirlər. Mən də dedim, onun qolunu heç kim kəsə bilməz. Mənim qulağıma sakitcə dedi ki, Məhəmmədi - oğlumu sənə tapşırıram, ondan muğayət ol, ona əmilik elə. Qoymadım onun qolunu kəssinlər. Zəng elədim, bir təyyarə, iki vertalyot gəldi. Nəsə, yaralıları helikopterə yerləşdirib qalxdıq. Yolda yenə mənə dedi ki, Məhəmmədi sənə tapşırıram.

Xocavənddə kəndə hücum elədik. Ermənilər kəndi tamamilə boşaltmışdılar. Gəlib bir evə girəndə gördük ki, çoxlu əlaqə aparatları var. Bütün aparatları gülləbaran etdik. Evdən çıxanda arxadan bir hənirti eşitdim. Əsgər yoldaşlarıma dedim ki, burda insan var. Gəlib küncdəki şkafın arxasına baxdım. Gördüm bir qadındır, qucağındakı uşağın ağzını elə sıxıb ki, uşaq göyərib. Bizi görən kimi uşağın ağzını buraxdı. Uşaq çığırmağa başladı. Qadın tez diz çöküb yalvarmağa başladı. Onu ayağa qaldırdım. Əsgərlər onu vurmaq istədilər, dedim dayanın, biz arvada güllə atmağa gəlməmişik. Qadına rusca dedim ki, get o erməni şərəfsizlərə de, biz qadına, qocaya güllə atmırıq. Biz uşaqları alnından vurmuruq. Buraxdıq onu. Küçədə onun arxasınca baxdım. O qadın bəlkə, 200 dəfə öldü. Elə bilirdi ki, onu vuracağıq. Sonra hamı bildi ki, mən onu buraxmışam, dedilər, yaxşı eləmisən buraxmısan.

- Son döyüşünüz nə vaxt olub?

- Son döyüşüm Ağdamda olub. Demək, şiddətli döyüşlər gedərkən ağır texnikanı aparıb verdilər Gəncədə Surət Hüseynova. Bilmirəm, nə məsələ idi. Biz texnika ilə Ağdamı qoruya bilərdik. Amma əlimizdə silah-sursat yox idi. Erməni də üstümüzə zirehli texnika ilə gəlirdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm