Sığortalanmayan depozitlər tam geri qaytarılacaq – AÇIQLAMA
Bizi izləyin

Digər

Sığortalanmayan depozitlər tam geri qaytarılacaq – AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondunun "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmaması ilə bağlı qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs söhbət nədən gedir?

Publika.az-a fondun açıqlamasını şərh edən iqtisadçı-ekspert Vuqar Bayramov bildirir ki, əslində, fondun açıqlaması doğrudur: “Gercək sığorta hadisəsi baş verməyib. Sığorta hadisəsi o zaman baş verir ki, bankın passivləri və ya öhdəlikləri onun aktivlərindən çox olsun və əmanətləri geri qaytarmaq mümkün olmasın. Adıçəkilən bankda 1.4 milyon manat sığortalanan əmanət var və əgər bank öz öhədliklərini yerinə yetirə bilməsəydi, o zaman fond həmin vəsaiti ödəyəcəkdi. Azərbaycan Kredit Bankının nümunəsində isə aktivlərin həcmi çox olduğundan 3,4 milyon manatlıq ümumi əmanət, o cümlədən sığortalanmayan depozitlər də tam geri qaytarılacaq. Deməli, bütün əmanətlər geri qaytarılırsa, o zaman fondun müdaxiləsinə niyə ehtiyac olsun?

Təbii ki, belə olan halda fondun müdaxiləsinə hər hansı ehtiyac qalmır. Bu baxımdan, fondun son açıqlaması heç də o anlama gəlməməlidir ki, sözügedən bankın öhdəlikləri aktivlərindən çox olsaydı, sığortalınan əmanətlər geri qaytarılmayacaqdı. Təbii ki, qaytarılacaqdı. Ona görə də, digər banklarda sığortalanan əmanətləri olan əmanətçilərin narahat olmasına əsas yoxdur. Bu sığortalanma sisteminə inamı heç bir halda sarsıtmamalıdır. Sığorta hadisəsi baş verən bütün hallarda sığortalanan əmanətlər geri qaytarılacaq”.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyəcəyini açıqlayıb. ADIF-in icraçı direktoru Azad Cavadov deyib ki, "Azərbaycan Kredit Bankı"nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir. A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: "Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".

O diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm