• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AMEA-da kadr dəyişikliyi

  • Digər
  • 12 Mart 2014 18:30
  • 1 353 Baxış
AMEA-da kadr dəyişikliyi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Publika.Az-ın məlumatına görə, ilk olaraq Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, “Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərovun “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” adlı məruzəsi dinlənilib. Bildirilib ki, Geologiya və Geofizika İnstitutu ABŞ-ın Massaçusets Texnologiya Universiteti ilə birgə 1998-ci ildən etibarən ölkəmizin ərazisində geodinamik prosesləri öyrənir.

Tədqiqatların hazırki mərhələsində yer qabığındakı deformasiyaların sürəti hesablanmış, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib. Məruzədə vurğulanıb ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir. Məruzə müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.


Sonra iclasda AMEA-nın yeni yaradılmış İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib. Əsasnaməyə görə, şuranın vəzifələri inkişaf proqramlarının hazırlanmasında elmi-texniki potensialdan istifadə etmək, innovasiya işində yerli, xarici, o cümlədən beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək və digər məsələlərdən ibarətdir.



Növbəti qərarla Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyəti və normaların pozulması hallarına dair monitorinqlər aparacaq. Afişa və elanlarda, həmçinin döv­lət və özəl qurumların sənədlərində nöqsanlar müəyyənləşdiriləcək, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. İşlər şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr əsasında həyata keçiriləcək.



Akademiyanın Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını təşkili haqqında da qərar qəbul edilib. Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar planlaşdırılır.



Rəyasət Heyətinin növbəti qərarları ilə Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinin icrası AMEA-nın müxbir üzvü Teymur Kərimliyə həvalə edilib. Həmçinin, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev isə Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru vəzifələrini icra edəcəklər. Biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifələrinə yenidən təyin olunublar.

Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR