Yıxılıb-durmağı bacarırıqmı?
Bizi izləyin

Digər

Yıxılıb-durmağı bacarırıqmı?

Cəmiyyət, münasibətlər inkişaf etdikcə bəzi məqamlarda ya durğunluq, ya da ümumiyyətlə, çöküş müşahidə edilir. Bunun səbəbini yox, hətta səbəblər zəncirini tapmaq olar. Amma hər bir məsələdə olduğu kimi, problemləri də baza səviyyəsində öyrənmək daha yaxşıdır. Çünki bu cür yanaşıldıqda effektiv həll və müdafiə vasitələri öz-özlüyündə realizə olunur.

Buna sadə bir örnək gətirəcəm. İdman sahəsində təcrübəsi və ya məlumatı olanlar bilirlər ki, istənilən idmanda ilk öncə öyrədilən baza hərəkətləridir. Bunları öyrənmədən daha qəliz hərəkətləri, fəndləri mənimsəmək mümkün olmur. Bu mənada, çoxumuz həyata qarşı elə məhz əvvəldən düzgün münasibətdə olmuruq. Özümüzü, belə demək mümkünsə, çətin fəndlərə hazırlamırıq. Yıxılarkən qalxmağı, qalxarkən yıxılmağı bacarmırıq.

Bunu yazmaq hardan ağlıma gəldi?..

Bu yaxınlarda yaşadığım təcrübədən, öz başıma gələn bir əhvalatdan nəticə çıxardım. İdmanda məşqlər zamanı həmin sözügedən baza hərəkətlərini təkrar edirdim, daha doğrusu, yıxılıb-dururdum. Tatamidə yıxılıb-durmaq o qədər də çətin deyil, ağrı və zədələr çox yumşaq olur, hətta hiss olunmayacaq dərəcədə. Nə isə, o gün çimərlikdə olarkən, nədənsə özümü hazır hiss etdim, qum üstündə yıxılıb-durmaq qərarına gəldim. Elə birinci həmlədən özümü yerə necə atdımsa, iyirmi saniyə yerimdən tərpənə bilmədim. Güclü zədə almasam da, çiynim hələ də o səhvimi xatırladacaq qədər sızlayır. Deməli, hələ yıxılıb-durmağı tatamidə təkrarlamalıyam, nə qumsalda, nə də asfaltda... Ümumiyyətlə, yumşaq səth lazım.

Bu arada, yenə məsələ gəldi öyrənməyin üstünə. Öyrənmək özlüyündə bütün bir neyroloji prosesin nəticəsidir. Elmdə öyrənmə prosesi dörd etapla izah edilir. Bunu da bir-iki sətirlə sizlərə çatdırmaq xoş olardı.

  1. Qeyri-şüuri yetərsizlik: buna başlanğıc da demək olar. Məsələ ilə bağlı heç bir təcrübə və məlumata sahib olmamaq.
  2. Şüurlu yetərsizlik: bu mərhələdə təcrübə olmasa da, yetərli məlumata sahib olursan. Sadəcə, tətbiq etmək fürsətin hələ ki reallaşmayıb. Bu mərhələdə insan öz-özlüyündə bir dəyərləndirmə aparmış olur. Həqiqi sərhədlərini, qabiliyyətlərini görür. Əksər insanlar bu mərhələdə ya mübarizədən çəkilər, ya da daha israrla fəaliyyətə başlayar, ta ki növbəti mərhələyə qədəm qoyanadək.
  3. Şüurlu yetərlilik mərhələsi də maraqlıdır. Bu, artıq davamlı məşq və güclü iradə sayəsində öyrənilənlərin qabiliyyət səviyyəsinə çatdığı məqamdır. Lakin bu mərhələdə də bir nüans var: öyrənilənlər düşünülmədən tətbiq edilə bilmir, reflektiv xüsusiyyətə malik olmur.
  4. Qeyri-şüuri yetərlilik: öyrənmənin bu sonuncu mərhələsi müəyyən fəaliyyət sahəsində peşəkarlığın əldə edilməsi deməkdir. Bu zaman hər hansısa situasiyada hisslərə dayanıqlı reflektiv münasibətdən söhbət gedir.

Nə isə... Çox uzatmayım. Günümüzün, daha doğrusu, çağımızın problem və səbəblər zəncirinə taxılı olan bir həlqəyə - ailə münasibətlərinə toxunmaq istəyirəm. Qəribə səslənəcək, amma özüm subay ola-ola, mətbəxdən xəbərim olmadan, qazanda bişənlərdən danışmağa cəhd edəcəm. Artıq demək olar ki, ailə mövzusu cəmiyyətdə həm daha çox müzakirə edilən, həm də gözardına alınan sahəyə çevrilib. Bu iki ziddiyətli məqam da təzadların barışmasına və nəhayət, bu problemə biganəliyə səbəb olur. Bir nöqtəyə nə qədər eyni mövqedən baxmaq olar?! Peşəmdən irəli gələrək iştirakçısı olduğum bu tip tədbirlərdə ilk rastlaşdığım məsələ ailəni bütöv orqanizm kimi deyil, fərdlər əsasında, bunun da o tərəfi, cinsəl ayrı-seçkilik əsasında analiz etməyə üstünlük verirlər. Ola bilər, bu, daha çox fikir və mülahizələrə yol açır, amma məsələ də açılmamış qapanır.

Ailə ilə bağlı bir bənzətmə var ki, çox xoşuma gəlir. Ailə dediyin iki mühərrikli təyyarədir. Bu təyyarə o zaman havada qalır, o zaman sağlam eniş və uçuşlar edir ki, hər iki motor da sağlam olur. Motorların sağlam olması isə eyni göstəricilərə əsaslanır.

Bu anlamda (sağ motorun) qadınların problemi, (sol motorun) kişilərin özəl problemi deyilən bir şey yoxdur. Sadəcə, motorun (insanın) problemi var. Sağlam ailə bu aralar sağlam insan yetişdirməkdən başlayır.

İndi gələk sağlam insanın (ailənin) hansı şəraitdə yetişdirilməsinə. Ağacı vaxtında peyvənd etmədən, əhəngləmədən, gübrə vermədən, su vermədən, dibini belləmədən özbaşına buraxırıq. Məhsul vaxtı isə ya meyvənin çürük çıxmasından, ya da, ümumiyyətlə, ağacın qurumasından şikayət edirik.

Televiziyalarımız bir ara ailə mövzusunu reytinq xatirinə gündəmə gətirib, yuxarıda dediyim prosesə əks bir proses başladılar. Antireklam özü bir reklamdır. Bədbəxt ailələri, insanları öz oyunlarının qurbanına çevirməklə özləri də bilmədən (bunun əksi olduğunu güman belə etmək istəmirəm) bir nəsli zəhərləmiş oldular. Axı cəmiyyətin böyük hissəsini tərs reaksiyaya meyillənmiş bir kütlə təşkil edir. Onlara yazıq deyilmi?! “Etmə” deyərək, etməyə təşviq edirsiniz. Hər zaman bir çıxış yolu vardır. Elə etmək olar ki, nə şiş yansın, nə kabab. Əfsuslar olsun ki, kababın qoxusu, dadı çox hallarda başları dumanlandırır, şişləri qurban verirlər. Bununla da gün gələcək kabab çəkməyə istifadəyə yarar şiş tapılmayacaq.

İndi deyəcəklərim bu olsun gərək. Amma ailə mövzusuna bir də onda qayıdacağam. Bəlkə, o zaman daha qısa yazdım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm