İlin sonuna kimi qiymət tənzimlənməsi davam edəcək - RƏSMİ
Bizi izləyin

Digər

İlin sonuna kimi qiymət tənzimlənməsi davam edəcək - RƏSMİ

25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. İlin sonuna kimi 55 yeni təsiredici maddə üzrə dərmanların qiyməti tənzimlənəcək.

Bunu Publika.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, proses bütün dərman vasitələrinin qiyməti tənzimlənənə qədər davam edəcək:

“Sentyabrın 10-dək 55 yeni təsiredici maddə üzrə istehsalçı şirkət və müəssisələrinin sənəd qəbulu davam edir. İlin sonunadək onların da qiymətlərini tənzimləyəcəyik. Lakin proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənə qədər davam edəcək”.

A.Əliyev onu da bildirib ki, tənzimlənmiş qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək. Tənzimlənmiş dərmanlar bütün apteklərdə eyni qiymətə satılacaq:

“Dərmanlar vahid qiymətə satılacaq, qabların üzərində qiymətlər dəqiq göstəriləcək. Bundan sonra, qiymət yox, keyfiyyətdə rəqabət yaranacaq. Qiymətlər tənzimləndiyinə görə ucuz satanlar deyil, keyfiyyətli dərman satanlar bazarda qala biləcək. İnsanlar evdən çıxmadan alacağı dərmanın qiymətini biləcək. Dərman bazarında qiymət məsələsinə hər zaman nəzarət olub, bu gün də aparılır. Vahid qiymət sisteminin tətbiqindən sonra nəzarət daha da gücləndiriləcək. Bununla əlaqədar olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Belə ki, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.
Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq”.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, hazırda satışda olan 1057 dərman vasitəsinin qiyməti endirilib və tənzimlənir. Hazırda satışda olan dərman qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm