Qeyri-rəsmi “devalvasiya”: Valyutadəyişmə məntəqələri fırıldaqçılıq edir
Bizi izləyin

Digər

Qeyri-rəsmi “devalvasiya”: Valyutadəyişmə məntəqələri fırıldaqçılıq edir

Qonşularda yaşanan devalvasiya dalğası Azərbaycana da “gəlib çatdı”. Amma qonşulardan fərqli olaraq, bizdə devalvasiya qeyri-rəsmi olaraq baş verir. Bununla bağlı hökumətin heç bir qərarı olmadığı halda, müxtəlif banklara məxsus valyutadəyişmə məntəqələrində avro və dolların məzənnəsi ayrı-ayrı şəxslərin maraqlarına uyğun olaraq müəyyən olunur.

Belə ki, ölkədə dolların ucuzlaşmasına baxmayaraq, valyutadəyişmə məntəqələrində dollar və avronun kursu rəsmi məzənnədən 20-25 qəpik baha satılır.

Publika.az xəbər verir ki, qüvvədə olan normativ aktlara görə, valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi məzənnəsindən maksimum 2% fərqlənə bilər. Başqa sözlə, valyutadəyişmə məntəqələrində xarici valyuta AMB-nin rəsmi məzənnəsindən maksimum 2% ucuz və 2% baha satıla bilər. 20-25 faiz fərq artıq bəzi bankların möhtəkirliklə məşğul olması deməkdir.

İqtisadçı-ekspert Fikrət Yusifov deyir ki, əgər hər hansı bir valyutadəyişmə məntəqəsi valyuta alqı-satqı əməliyyatlarını Mərkəzi Bankın müəyyən etdiyi marjadan artıq səviyyədə həyata keçirirsə, bu, sözsüz ki, yolverilməz haldır: “Möhtəkirlik məqsədilə valyuta dəyişmə məntəqələrində qiymətlər süni şəkildə artırılırsa, bu zaman Mərkəzi Bank belə hallar üçün müəyyən etdiyi cəza tədbirlərinə əl ata bilər. Qayda pozuntularının aşkara çıxarılması üçün isə MB xüsusi monitorinqlər həyata keçirməlidir. Gəlin nəzərə alaq ki, bu ilin fevral ayında baş vermiş manatın kəskin devalvasiyasında bu qəbildən olan subyektiv amillər də az rol oynamadı. Odur ki, belə həssas dönəmdə Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin işini ciddi nəzarət altında saxlamalıdır”.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Mərkəzi Bank bu cür banklara qarşı hüquqi tədbir görməlidir: “Valyutadəyişmə məntəqələrində xarici valyuta alışı və satışı rəsmi məzənnədən maksimum 2% fərqlənməli olduğunu bildirir. Mərkəzi Bank buna riayət etməyən valyuta dəyişmə məntəqələrinə qarşı tədbir görməlidir. Məsələn, həmin məntəqəni bağlatdıra, cərimə edə bilər və s. Əslində banklar buna gedirsə, deməli, Mərkəzi Bankdan dollar almaqda çətinlik çəkirlər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm