• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əli Həziquliyev: “Elza Seyidcahanın deputat olmağı İsa Qəmbərin şou-biznesə qatılmağı kimi bir şeydir” - BRİFİNQ

  • Digər
  • 3 Sentyabr 2015 14:08
  • 395 Baxış
Əli Həziquliyev: “Elza Seyidcahanın deputat olmağı İsa Qəmbərin şou-biznesə qatılmağı kimi bir şeydir” - BRİFİNQ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin üzvü Əli Həziquliyev “Brifinq”in qonağıdır. Müxalifət düşərgəsinin seçki hazırlığını dəyərləndirən Ə.Həziquliyev təmsil olunduğu partiyanın şanslarından danışıb. O, Qərbin radikal müxalifətə təsir imkanlarından söz açıb, mərhum prezident Əbülfəz Elçibəylə tanışlığından bəhs edib.

Nərgiz Ehlamqızı: Parlament seçkilərinə çox az müddət qalıb. Təmsil olunduğunuz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərə necə hazırlaşır? Yeri gəlmişkən, partiyanın Ali Məclisinin son iclasında İdarə Heyətinin üzvü seçildiniz. Partiyanın seçkidə perspektivini necə qiymətləndirirsiniz?

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təşəbbüsü və təqdimatı əsasında İdarə Heyətinə üzv seçildim. Hesablamalarıma görə, seçkilərə Yeni Azərbaycan Partiyasından sonra ikinci ciddi hazırlaşan partiya BAXCP-dir. Partiyamız seçkilərə 83 namizədlə qatılacaq. Seçkilər Azərbaycanı ictimai-siyasi həyatda bir addım önə aparan siyasi prosesdir. Seçkilərin əhəmiyyəti ondan ibarətdir ki, hər bir seçkidə cəmiyyət demokratikləşməyə doğru daha bir addım atır. Partiyalar seçkilərə qatılmaqla özləri üçün həm yeni təcrübə qazanır, həm də öz daxilində və Azərbaycan cəmiyyətinin siyasiləşməsi üçün yeni müsbət addımlar atmış olurlar. Hər seçkidə partiya ardınca sosial baza gətirir. Müstəqillik qazanandan bu günədək 5-ci dəfədir parlament seçkiləri keçirəcəyik. Siz baxın Azərbaycan cəmiyyəti nə qədər siyasiləşə bilib. Sovet dövründə seçkilər demək olar ki, keçirilməyib, O prosesi seçki adlandırmaq olmazdı. Hələ tələbə ikən Gəncədə dairə seçki komissiyasının sədri olmuşam. Seçki prosesinin necə keçirildiyinin şahidi olmuşam, indi isə tamamilə fərqli seçki baş tutur. Özüm isə indiki seçkiləri də nəzərə alsaq, artıq 3-cü dəfədir parlament seçkilərində iştirak etmiş olacağam. Ötən seçkilərdə bir o qədər aktiv iştirak etməmişəm. Hesab edirəm ki, BAXCP olaraq bu seçkidən qalib ayrılacağıq.

Aqil Lətifov: Hansı dairədən namizədliyinizi irəli sürəcəksiniz?

- Hazırda dəqiqləşmə aparıram. Goranboy rayonunda 2 dairə var, birinin üzərində dayanacağam. 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər dairələrinin hər ikisi doğmadır. İki dairənin hər birində seçicilərlə işləmişik. Qüdrət Həsənquliyev 97 saylı dairədən deputat seçilib, mən o zaman onun vəkili idim. Orada bütün məntəqələri gəzmişəm və sosial bazamız güclüdür. 96 saylı dairədən də namizədliyimi irəli sürə bilərəm. Atamın, doğmalarımın yaşadığı ərazidir. Rayon daxilində kifayət qədər tanınıram. 2005 və 2010-cu illərdə həmin dairədə namizədliyimi irəli sürmüşəm, insanların mənim haqqımda kifayət qədər informasiyaları var. Seçkilər siyasi proses olduğu üçün bir qədər gözləməyə məcburuq. Bəzi partiyalarda nüfuzlu insanlar var, onların haradan namizədliklərini verdiyinə baxacağam, mübarizə aparacağım insanların hansı dairələrə düşdüyünə diqqət yetirəcəyəm, kimə qalib gələ bilərəmsə, həmin dairədən namizədliyimi verəcəyəm. Milli azadlıq hərəkat dövründən tanınan adamam, AXC-nin həmişə önündə olmuşam, rayonların əksəriyyətində məni tanıyırlar, digər rayonlarda bir o qədər sosial bazam olmadığına görə, Goranboy rayonunun üzərində dayanacağam.

“Əli Kərimliyə tabe olan qəzetlərdə Elçibəyin təhqir olunması təşkil olunurdu”

A.Lətifov: Emin Millinin mərhum prezident Əbülfəz Elçibəy haqda təhqiredici ifadələrinə AXCP sədri Əli Kərimli və onun ətrafındakı heç kəsdən reaksiya gəlmədi. Bu situasiyanı necə şərh edərdiniz?

- Əbülfəz Elçibəy Azərbaycan xalqının sevdiyi şəxsiyyət idi. Əli Kərimlinin Emin Milli və onun kimi hərəkət edən digərlərinə cavab verməməsi birinci hal deyil. Açığı, Əli Kərimli və onun dəstəsindən bu hücumlara cavab verəcəyini gözləmirəm. Çünki hələ Elçibəyin sağlığında ona olan hücumlara reaksiya verilməyib. Əli Kərimlinin inhisarında olan “Azadlıq” qəzeti hər hansı reaksiya göstərməyib, əksinə hücumlara bir qədər də dəstək olub. Əli Kərimıiyə eləcə də “Yurd” təşkilatına yaxın, tabe olan “Məkan” və digər qəzetlərdə Elçibəyin təhqir olunması təşkil olunurdu. Ona görə də, hesab etmirəm ki, nə vaxt kimsə, Eçibəyi təhqir edərsə, Əli Kərimli və dəstəsi ona cavab verəcək. Əlində heç bir informasiya resursu olmayan insanlar var ki, onlar yəqin hansısa formada cavab verəcək. Sual oluna bilər şəxsən özüm niyə Emin Milliyə cavab vermirəm. Emin Millinin yazısına baxdım, təhqir çox aşağılayıcı səviyyədə idi, tənqid yox idi, təhqirə də gərək təhqirlə cavab verəsən. Tənqidi arqumentlərlə cavablamaq olur. Özüm Emin Millinin Facebook-da inboksuna normal formada cavabımı yazdım. Onun etdiyi formada cavab vermək insanın özünün imicinə mənfi təsir göstərir. Əli Kərimli hətta Emin Milliyə cavab versə belə, bu, özü siyasi gediş olacaqdı, səmimiyyətdən kənar bir gediş.

İlhamə Əbülfət: Bu gün deputatlığa iddialılar içərisində jurnalistlər və baş redaktorlar fəallıq edirlər. Bunu nə ilə əlaqələndirmək olar?

- Partiya olaraq seçkilərdə ona görə iştirak edirik ki, həm də cəmiyyətin özünü siyasiləşdirək. Şərt burada mütləq şəkildə parlamentdə mandat qazanmaq uğrunda mübarizədən getmir. Təbii ki, çalışacağam ki, qalib gəlim. Hər dəfə seçkilərdə cəmiyyətdə demokratikləşmə prosesi gedir. Cəmiyyətdə seçkilərdə iştirak etmək adəti yaranır. Biz bilirik ki, seçki bülleteni artıq çap olunmur. Yəni seçki bülleteni seçici sayı qədər çap olunur. Kimsə deyirsə, əlavə bülleten çap olunur, bu, birmənalı şəkildə yalandır. BAXCP sədrinin də bəyan etdiyi kimi elə baş redaktorlar və ya siyasi yazarlar yetişib ki, tam siyasiləşiblər, proseslərə aktiv müdaxilə etmək qabiliyyətinə malikdirlər. Onlar parlamentdə oturmağa layiqli insanlardır. Parlament qanunverici siyasi orqandır. Bu baxımdan baş redaktorların, siyasi aktiv insanların həmin orqanda təmsil olunması cəmiyyətimiz, dövlət və hakimiyyət üçün xeyirli olar. Nə qədər rəqib olsaq da, aramızda uçurum olsa belə Əli Kərimlinin bu prosesdə iştirak etməsini arzulayardım ki, onlar da arxasındakı radikal qüvvələri seçkiyə gətirməklə onlara da yeni stimul verərdi. Boykot taktikasını uğurlu taktika saymıram. Seçkiyə gəlməyən, ömründə bir dəfə belə, məntəqədə səs verməyən insanlar seçkinin boykotundan danışmağa başlayır, eyni zamanda seçki haqda mənfi imic formalaşdırmağa çalışırlar.

Ermənistandan olan nümayəndə Qüdrət Həsənquliyevdən soruşmuşdu ki, parlamentdə neçə nəfərlə təmsil olunursunuz?

A.Lətifov: Müsavat Partiyası artıq deputatlığa namizədlərinin siyahısı açıqlayıb. Orada nüfuzlu şəxslər barmaqla sayılacaq qədərdir. AXCP boykot çağırışları edir. Müxalifətin durumunu necə dəyərləndirirsiniz?

- Nüfuz insanın siyasi fəaliyyət sferasından yaranır. Müxalifət düşərgəsi, o cümlədən radikal və konstruktiv müxalifət üçün çox az fəaliyyət sferası var. Bizim özümüzü cəmiyyətə təqdim etmək üçün müstəvimiz yoxdur. Bir nəfərlə parlamentdə təmsil olunuruq. BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqında tamhüquqlu üzvlüyümüzə baxılacaq. Orada partiyamızın namizədliyi səsə qoyulanda Ermənistandan olan nümayəndə Qüdrət Həsənquliyevdən soruşmuşdu ki, parlamentdə neçə nəfərlə təmsil olunursunuz? BAXCP bir nəfərlə Avropaya çıxıb. Bu qədər iş görürük, çox güman ki, tamhüquqlu üzvlüyümüz qəbul olunacaq. Müxalifətdə kifayət qədər nüfuzlu insanlar var idi ki, müxalifətin passivliyi üzündən partiyaları tərk etdi. Məsələn, götürək Müsavat Partiyasını. Müsavatın arxasında sosial baza vardı. AXC parçalanandan sonra kifayət qədər sosial gücə malik insanlar Müsavata getmişdi. Bu insanlar zaman-zaman müxalifətin düzgün olmayan taktikaları ilə öz nüfuzlarını itirdilər, ayrılıb passiv müşahidəçi seyrinə keçdilər. Müsavat başqanı İsa Qəmbər də nüfuzunu itirmiş oldu. Müsavat başqanı komandası, sosial bazası olmayanda, başqa cür necə güclü ola bilər? Bundan başqa onların nə maliyyəsi, nə siyasi konsepsiyaları, xalqa xidmət səhnəsi var, sadəcə söz deyə bilirlər. Dedikləri söz də iqtidarın apardığı sosial-iqtisadi layihələr sayəsində yalana çıxır. Bizim tənqidlərin qarşısına iqtidar öz gördüyü işləri qoyur. Bu məsələdə də istər-istəməz nüfuzumuzu itirmiş olacağıq. Seçkiyə gedən insanlar iki halda seçkini qazana bilir: ya öz şəxsi nüfuzundan istifadə etməklə; yaxud partiya olaraq siyasi və cəmiyyətdəki nüfuzdan istifadə etməklə. Bunun heç biri radikal düşərgədə qalmayıb. Şəxsi nüfuzlarını da bu qədər yalanların ucbatından itiriblər. Hətta nüfuzlarını partiyanın içində belə qoruyub saxlaya bilməyiblər. İsa Qəmbər Adil Əliyevə demokratik şəraitdə uduzub. Bunu tam səmimiyyətimlə deyirəm. İsa Qəmbər iddialı olsa belə, gücünü göstərə bilmədi. Builki seçkilərdə radikal düşərgənin hansısa uğur qazana biləcəyini düşünmürəm. Ölkənin uğurlu xarici siyasəti radikal müxalifət düşərgəsində də adam qoymadı. ABŞ İsa Qəmbərə, zamanında Elçibəyə, Əli Kərimliyə vermədiyi dəstəyi Xədicə İsmayılla, Leyla Yunusa verir. Görün, siyasi vəziyyət hansı səviyyəyə gəlib çıxıb. ABŞ əvvəllər Azərbaycanda demokratiya adı altında dəstək olurdusa, bu gün açıq-açığına Xədicə İsmayılla Leyla Yunusa dəstək olur. Niyə? Çünki onlar Amerikanın Azərbaycanda danışan dili, imzalarıdır. Ona görə də belə təpki göstərilir. ABŞ-ın verəcəyi dəstəyin səviyyəsi Xədicə İsmayıla qədər düşüb.

“ABŞ-ın verəcəyi dəstəyin səviyyəsi Xədicə İsmayıla qədər düşüb”

Dilqəm Əhməd: Sizcə, ABŞ bundan sonra kimə dəstək verəcək? Əli Kərimliyəmi?

- Leyla Yunusun hələ 1995-ci ildən Azərbaycançı adam olması fikrindən uzağam, Xədicə İsmayıl düzdür, şəxsən mənim xoşuma gəlməyən düşərgəyə xidmət etsə də, nə zamansa Azərbaycan jurnalisti olub. ABŞ-ın indi kimə dəstək olacağına gəlincə, şübhələrim var. Daxildə kimisə yetişdirirlər. Ölmüş radikal müxalif nümayəndəsi bu proseslər fonunda qaldırırlar. Nə olduğu 1-2 ay sonra bəlli olacaq. İnşallah Əli Kərimli layiqli yerini silinib getməklə tutar. Partiyanın Razi Nurullayevin əlinə keçməyi daha məsləhətlidir. Hətta yaradılmasına töhfə verdiyim partiyadan payıma düşəni Razi Nurullayevə verirəm, təki Əli Kərimlidə qalmasın.

“Payıma düşəni Razi Nurullayevə verirəm, təki AXCP Əli Kərimlidə qalmasın”

Nemət Orucov: Sizcə, parlament seçkilərində Yeni Azərbaycan Partiyasına ən real alternativ qüvvə kim olacaq?

- YAP-a alternativ qüvvə yoxdur. Son 15 ildə demək olar ki, birqütblü siyasət həyata keçirilir. 2005-ci ildə tam alternativ olmasa da, 25-30 faizlik hakimiyyətə can ata biləcək qüvvə var idi. Hətta ən radikal müxalifət partiyasının sədri Əli Kərimliyə hakimiyyətə gəlməyə imkan tanısalar, o, bundan qorxub imtina edər. Çünki onun nə kadr potensialı, nə də gücü var. Bu baxımdan, YAP-a alternativ görmürəm. Mümkündür ki, konstruktiv müxalifət birləşib siyasi iradə ortaya qoya bilsin. Ancaq təkbaşına belə qüvvə yoxdur.

N.Orucov: Müasir seçki texnoloqları hesab edir ki, seçkilərdə regional amil və maliyyə faktoru ciddi rol oynayır. Sizin bu barədə fikriniz necədir?

- Təbii ki, normal seçki prosesinin nəzəriyyəsində bu iki faktor dayanır. Biz bunu ABŞ nümunəsində götürəndə müşahidələrimizdə görürük ki, Corc Buş öz ştatında 99 faiz səs alır. Azərbaycanda mən regionumdan seçiləndə, hamı məni eybəcər şəkildə qınayır, amma bunu Amerikada demokratiyaya xidmət edən regionçuluq sayırlar. Regional amil birmənalı şəkildə var, olub və olacaq, bunun qarşısını almaq mümkün deyil. Çünki öz içinizdə bunu saf-çürük etsəniz, görəcəksiniz ki, sabah sizi hansısa vəzifəyə qoyanda tanıdığınız adamlardan kimisə irəli çəkəcəksiniz. Bizim seçkilər prosesində aktiv fəaliyyət göstərməyimizin fəlsəfəsi ondan ibarətdir ki, seçkiləri bu iki faktorun üzərində saxlayaq. Mən üçüncü faktoru da əlavə etmək istərdim, partiyalı sistem olsun. Burada artıq regional amil itir, biz proporsional seçki sisteminin bərpasına çalışırıq. Sədrimiz də dəfələrlə bəyan edib ki, Azərbaycanda Konstitusiya islahatları aparılmalı, parlamentli respublikaya keçilməlidir.

A.Lətifov: Parlamentin tərkibində kəskin dəyişikliklərin olacağı ilə bağlı iddialar var. Sizin gözləntiləriniz nədən ibarətdir?

- Parlamentin tərkibində böyük dəyişikliklər mümkündür. Ancaq hesab etmirəm ki, kəskin dəyişiklik olacaq. Çünki İlham Əliyev hakimiyyətə gələndən sonra sübut elədi ki, dinamik mobil komanda formalaşdıra bilib. Komandasına uyğun olmayan insanları və komanda daxilində pərakəndəlik yarada bilən insanları sıradan çıxara bilib. Mobil komanda ilə 13 ildir Azərbaycanı idarə edir, müsbət idarəçilik və tendensiyanın şahidiyik. Bu baxımdan ciddi dəyişikliyi gözləmirəm. Yaşlıların yenilərlə əvəzlənməsi, 10-15 faiz konstruktiv müxalifətə yer verilməsi mümkündür. Ancaq köklü dəyişikliklər gözləmirəm. YAP-ın öz tərkibində cavanlaşma siyasəti aparması gözləniləndir. Yaşlaşmış və siyasi fəaliyyətdən uzaqlaşmış insanları ola bilər ki, dəyişsinlər. Bu, parlamentin tərkibində dəyişiklik demək deyil.

N.Orucov: Bitərəf namizədlərin, o cümlədən biznesmenlərin, şirkət rəhbərlərinin seçkidə iştirakını məqbul saymırsınız?

- Yox, niyə də olmasın? Proporsional seçki sistemlərində 25 nəfər proporsional, qalan 100 nəfər majoritar qaydada parlamentə seçilirdi. Müstəqil biznesmenlər də partiyalardan gəlib keçirdilər. Ümumiyyətlə, partiyaların seçki prosesində dayağı maliyyədir. Maliyyənin də arxasında biznesmenlər və biznes strukturu dayanır. Ona görə də müstəqil biznesmenin parlamentə düşməsi absurddur. Orada nə iş görəcək?

“İsa Qəmbər Adil Əliyevə demokratik şəraitdə uduzub”

N.Ehlamqızı: Parlamentdə indiyədək xalq artistləri, xalq şairləri də mandat qazanıb. Müğənni Elza Seyidcahan da deputat olmaq istəyir.

- Parlament xalq artistlərinin, müğənnilərin yeri deyil. Milli Məclis qanunverici orqandır. Təsəvvür edin, İsa Qəmbər deyir ki, mən şou-biznesdə olmaq istəyirəm. Bu, nə qədər doğru olar? Eləcə də Elza Seyidcahan deyir ki, parlamentdə olmaq istəyirəm. Elza Seyidcahanın deputat olmağı təxminən İsa Qəmbərin mahnı müsabiqəsinə qatılmağı kimi bir şeydir. Cəmiyyət tərəfindən ancaq belə qarşılana bilər. Sovet ənənəsində ancaq əməkdarlar, ziyalılar, xalq yazıçıları deputat olublar. Azərbaycan müstəqilləşəndən sonra belə bu adamları parlamentdə saxlamaqla siyasi hakimiyyət onların sosial bazasından istifadə edib. Ancaq hesab edirəm ki, bu insanlar siyasiləşmiş parlamentdə yenə də partiyadan namizəd olmalıdırlar. Əgər Elza Seyidcahanın arxası, gücü, sosial bazası varsa, o halda hansısa partiya ondan yararlanacaq. Zeynəb Xanlarovanın cəmiyyətdə nüfuzundan, sosial bazasından YAP-ın namizəd kimi istifadəsi məqbuldur.

A.Lətifov: Həm də “Elçi” qəzetinin baş redaktorusunuz. Necə oldu mətbuata gəldiniz, qəzet təsis etməyə başladınız?

- 1989-cu ildən, hərbi xidmətdən qayıdan sonra milli azadlıq hərəkatında olmuşam. AXC dövründə Gəncə təşkilatının informasiya şöbəsində işləyirdim. Rauf Arifoğlunun çıxardığı “Yeni Müsavat”ın hələ gizli dövrlərində qəzetlə əməkdaşlıq edirdim. Bəzi hallarda kömək edirdim. AXC hakimiyyətdən gedəndən sonra Bakıya gəldim, AXC-nin informasiya mərkəzində işlədim. Yadigar Məmmədlinin həbsindən sonra yük mənim çiynimdə qaldı, mərkəzin direktor əvəzi oldum. Bununla yanaşı “Yeni Müsavat”, “Cümhuriyyət”, “Azadlıq” qəzetində yazılarla çıxış etdim. Sonra qəzetlərin texniki tərəfi ilə məşğul oldum. Nəhayət, 1998-ci ildə özüm qəzet çıxarmaq qərarı verdim və “Elçi” qəzeti təsis etdim. 1999-cu ildən bugünədək bu qəzetdə fəaliyyət göstərirəm.
Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda müstəqil jurnalistikanın formalaşmasında mənim yerim var. Ən azından cəmiyyətə, Azərbaycan siyasətinə qəzet ortaya qoymuşam, onu yaradıb yaşatmışam.

Nərmin Muradova: Musiqi ilə aranız necədir? Hansı anlarda musiqiyə qulaq asırsınız?

- Musiqini ancaq maşında dinləyirəm. Toylarda musiqi başlayan vaxta qədər otururam. Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimovanın ifasını xoşlayıram. Hamının sevdiyini Elza Seyidcahanın musiqilərini dinləyə bilirəm. Röya, İradə İbrahimovanın mahnılarını bəyənirəm. Uitni Hyustonun, Toni Braksonu dinləməyi xoşlayıram. Ennio Morrikonenin əsərləri ruhuma çox yaxındır.

N.Muradova: Sonuncu dəfə hansı tamaşaya baxmısınız?

- Dostumun təkidi ilə “Azdrama”ya getmişəm.

N.Ehlamqızı: Ailə üzvlərinizlə teatrlara, konsertlərə getmisiniz?

- Ailə üzvlərimlə ancaq gəzintiyə gedirəm. Bir dəfə övladlarımın istəyi ilə “Bu şəhərdə”nin konsertinə getmişik. Düzdür, mən onların tamaşasını xoşlamıram, fikrimcə, o, televiziya üçün nəzərdə tutulur. Teatr tamam fərqlidir. Tələbəliyim teatrda keçib, hamı kinoya gedərdi. Şou səhnələri səhnədən görünmür, televiziya tamaşaları olduğu üçün onlara TV-dən baxmaq daha effektlidir. Bizim uşaqların istirahət adı gələndə yadlarına bulvar, attraksionlar düşür. Bizim dövrümüzdə bu cür istirahət olmayıb. Onlar istirahət edəndə mən, mən istirahət edəndə onlar yorulur. Havamızı dəyişmək üçün imkan düşəndə Bakını tərk edirik.

N.Muradova: Neçə övladınız var?
- 2 qızım var.

“Elçibəyə ömründə bir dəfə salam verən adamın onunla 8 yerdə şəkli var”

N.Ehlamqızı: Milli azadlıq hərəkatı dövrü ilə maraqlı xatirələrinizi yazırsınız?

- Yox, gündəlik yazmıram. Mənfi cəhətlərimdən biri odur ki, şəkil yığmağı xoşlamıram. Elçibəyə ömründə bir dəfə salam verən adamın Elçibəylə 8 yerdə şəkli var. Təkcə Kələkidə Elçibəylə 16 dəfə görüşmüşəm. Cəmi 1 şəklim var, o şəkildə heç birimiz tanınmırıq. Bəlkə də foto çəkdirmək istəmişəm, amma bu işə can atmamışam. Yəqin insanlar var ki, məhz şəkil üçün kiminləsə yaxınlıq edirlər.

“Kələkidə Elçibəylə 16 dəfə görüşmüşəm”

N.Muradova: Sonradan təəssüfləndiniz?

- Xatirə yaxşı şeydir. Elçibəydən ən böyük xatirəm qalıb, Böyük qızım Sevilayın adını Elçibəy qoyub.

“Elçibəy çox sərt insan idi”

İ.Əbülfət: Əbülfəz Elçibəylə tanışlığınız nə zaman olub?

- Gəncədə tələbə hərəkatının aparıcılarından idim. İlk tanışlığımız Elçibəy Gəncəyə gələndən başlayıb. Bizimlə xüsusi görüşdü. AXC Gəncə şəhər təşkilatının sədr əvəzi vəzifəsində çalışmışam. Prezident olan dövrdə Prezident Aparatında görüşmüşəm. Kələkiyə isə müsahibələrə, yaxud partiya ilə bağlı bəzi tapşırıqlar üçün gedirdim. Onu da deyim ki, o dövrdə Kələkiyə getmək üçün 3 postun yoxlamasından keçməli olurdun. Hamı o yoxlamalardan keçmək istəmirdi. Çoxu siyasətdə olsa da, ora getmək hər kəsin arzusu deyildi. Mən həmin dövrdə Elçibəyin silahdaşı olmuşam, siyasətlə məşğul deyildim. Kələkidə hər görüşümüzdə 1-2 saat təklikdə söhbətimiz olurdu. Elçibəy son dərəcə maraqlı insan idi. Hamı onu sakit, yumşaq insan kimi qəbul edir. Amma o cür deyildi, çox sərt insan idi. Xüsusən də millətin taleyi müzakirə olunanda heç kəsə ixtiyar verməzdi ki, onun milləti haqqında aşağılayıcı ifadə işlətsin. Çox sərt şəkildə reaksiya verərdi.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR