• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

FED-in faiz qərarı bizə necə təsir edəcək?

  • Digər
  • 4 Sentyabr 2015 14:23
  • 423 Baxış
FED-in faiz qərarı bizə necə təsir edəcək?

ABŞ-ın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (ABƏFK) sentyabrın 16-17-də nəzərdə tutulan toplantısı təkcə birjaların deyil, medianın da bir nömrəli müzakirə mövzusudur. Xüsusilə, federal uçot dərəcəsinin artırılacağı ilə bağlı informasiyalar narahatlıqla qarşılanır. Çünki bu halda dünya bazarında neftin qiymətinin daha da ucuzlaşacağı, dolların möhkəmlənəcəyi istisna edilmir.

Publika.az-a vəziyyəti şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, böyük ehtimalla ABƏFK-nin növbəti toplantısında bununla bağlı qərar qəbul olmayacaq: “FED faiz dərəcələrini artırmaqla bağlı qərarı ya bu ilin sonunda və ya da gələn ilin əvvəlində verəcək. Əgər qərarın qəbulu bu ilə təsadüf edərsə, onun ABFK-nin dekabrın 15-16-na təyin olunan toplantısında veriləcəyi gözlənilir. Həmin tarixə qədər ABƏFK-in 2 toplantısı (sentyabrın 16-17 və oktyabrın 27-28-də ) olsa da, ABŞ iqtisadiyyatında pozitiv meyillərin müşahidə olunması, xüsusilə də mövcud və yeni iş yerlərindən istifadə səviyyəsinin yüksəlməsi hesabına işsizliyin azalması, enerji daşıyıcılılarının qiymətinin ucuzlaşmasına görə inflyasiyanın sabitləşməsi bu qərarın müəyyən müddətə qədər ləngidilməsinə əsaslar yarada bilər.

ABŞ iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də inkişaf etməkdə olan Çin kimi nəhəng ölkələrin bazarlarına təsirlərinin fəsadlarını da geniş müzakirə edirlər. Hesab edirəm ki, bu amil ABƏFK-nin məlum qərarını növbəti iclaslarda təxirə salmaq üçün mövcud olan arqumentlərin gücünü artırır. Belə ki, federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçün potensial imkan yaradır. Çünki bu qərar buxovlayıcı xarakter daşımaqla pul kütləsinin məhdudlaşmasına, faiz dərəclərinin yüksəlməsinə xidmət edir.

Beləliklə də yüksək faiz dərəcələri dolların digər valyutalara nəzərən möhkəmlənməsini, son nəticədə də dollarla ödənilən əmtəələrin qiymətlərinin ucuzlaşmasını şərtləndirir. Belə olan halda da dollarla əməliyyat aparanlar, əsasən ABŞ şirkətləri və istehlakçıları hər xərclənən 1 dollara görə daha çox əmtəə ala bilirlər. Unutmayaq ki, dollar valyuta olaraq ABŞ FED-nin öhdəliyidir. ABŞ-ın federal uçot dərəcəsinin artımı tədiyyə balansında yüksək kəsirə malik ölkələrin iqtisadiyyatına zərbə vurur. Belə bir qərarın birbaşa təsirləri tədiyə balansında böyük kəsiri olan ölkələrin iqtisadiyyatına olacaq”.

Q.İbadoğlu deyir ki, qərarın konkret olaraq Azərbaycan manatına təsirində xarici ticarət və büdcə saldosunun vəziyyəti əhəmiyyətli rol oynayacaq: “Əgər tədiyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az ola bilər. Əks halda, bu qərar Azərbaycan iqtisadiyyatını bohrana qarşı immunitetini bir az da azalda bilər”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR