Bir təzək misalı...
Bizi izləyin

Digər

Bir təzək misalı...

Urbanizasiya, texnologiya axırımıza çıxacaq. O şeylər ki, insanın kamilliyinə xidmət etmir, deməli, insanlığın məhvinə yönəlib. Çox istərdim, optimist notlara köklənib bu yazıya başlayım. Amma bəzən şəkli tam görmək lazım gəlir. Tamı görməyə cəhd edərkən də ilk olaraq əskikliklər gözə ox kimi batır.

Düşüncə... O, hər şeyə qadirdir. Bəli, hər şeyə... Herman Hessenin şəxsiyyətə yanaşması bu günədək rast gəldiyim daha təkmil variant oldu mənimçün. İnsan olaraq onların, yüzlərin, minlərin cəmindən ibarətik. Bu isə onların, yüzlərin, minlərin düşüncəsi demək deyilmi? Kamil olmaq istəyiriksə, onların hər birinə eyni azadlığı verməli, vəhdət halında yaşamağı bacarmalıyıq. Bu zaman özümüzə gedən yolu, özümüzü tapa bilərik. Yəni, “YİNQ-YANQ”- a, qovuşulması gərəkən harmoniyaya çatarıq. Hessedən söz düşmüşkən... O ustada pərəstiş edəcək qədər vurğunam.

Nə az, nə çox...

Adam məsələni çözmüş sanki...

Varlığımızın bir qismini ana bətnində tamamlayıb bu qarışıq, anlaşılmaz, xaosdan ibarət aləmə gəlirik. Gəldiyimiz gündən də ağlamağa başlayırıq... Ağlayırıq, bəzən nə istədiyimizi bilsək də, əksər hallarda bilmədiyimiz bir səbəb üzündən ağlayırıq. Bəzən bizi susduran isti ana qucağı, bir əmzik olur. Bəzən də heç susmuruq, elə hey ağlayırıq. Bu ehtiyac nədən doğur, hardan gəlib, hara gedir. Əcəba, əlimizdən alınan, bizim olan nəsə var?! Adını, qoxusunu, formasını, ölçüsünü bilmədiyimiz nəsə... Bizi ağladan istəklərsə... axı bu istək nə?!

Çox qəribə olsa da, Hessedən öyrəndiyim bir fikir, məni bir müqayisəyə sövq etdi. Acılar, ağlamaqlar, dərdlər insanın qəlbini parçalayır, genişləndirir. Doğuluruq, bu zaman dünyadakı varlığımız bir nöqtəyə bənzər. Sözsüz ki, bu kəhkəşan qarşısında daima ehtiyac hissində boğulacaq, yarımçıqlığımızı daima hiss edəcəyik, axtardığımız xoşbəxtliyə, rahatlığa qovuşmaq əlçatmaz görünəcək. Ta o ana qədər ki, qəlbini ora kainatı sığdıracaq dərəcədə genişləndirə biləsən. Bu məsələ ilə bağlı öz peşəmdə əyani olaraq qarşılaşdığım bir məqamı qeyd edim.

Deməli belə, fotoqrafiyada diafraqma deyilən bir anlayış var. Bu, nə deməkdir? İndi bacardığım qədər asan və sadə dildə izah etməyə çalışacam. Diafraqma obyektivdə (lensdə) olan yarpaqlı mexanizmdir. Onun iş prinsipi kameraya, daha doğrusu, matriçaya (analoq fotoqrafiyada fotolentə) düşən işığın miqdarını tənzimləməkdən ibarətdir. İşıq az olduğu zamanlarda diafraqmanı tam olaraq açırıq ki, uyğun təsviri əldə edə bilək (bu zaman yarpaqlar tam açılaraq geniş dairə əmələ gətirirlər, diafraqmanın tam açılması və genişliyi isə yarpaqların sayından asılıdır. Daha çox yarpaq, daha geniş diafraqma deməkdir). Diafraqmanı konkret məkana və şəraitə uyğunlaşdırmadıqda təsvir ya qapqara, ya da ağappaq olacaq.

Hessenin təsvir etdiyi şəxsiyyət də belədir, onun qəlbi (diafraqması) yüzlərlə,minlərlə ləçəklərə parçalanmalı, genişlənməli. Ruhuna, düşüncəsinə həkk etdiyi təsvirləri olduğu kimi ötürməli, olduğu kimi qiymətləndirməli. Nə qaranlıqda, nə də işıqda kor olmalıdı. Dünyanı yaxşı-pis nəyi varsa, olduğu kimi ora sığdıra bilməlidi. Yeri gələndə gülməyi bacarmalı, hətta qəhqəhə çəkməlidi. Çünki kiçik qəlb sahiblərinin zülmətdə və işıqda yaşadığı ağrı-acı əbədi yaşarların ağrı-acısına bənzəməz.

Biriləri qəlblərinə bir ləçək artırdığı halda, digərləri uçuruma bir addım daha yaxınlaşmış olar.

Biriləri qəlbləri ilə yanaşı, ruhlarını böyüdər, mahiyyətin özünə çevrilər, birilərisə daima kiçilər, heç olar. Biriləri dərs çıxaran, birilərisə dərs verən olar.

İnsanın təbiəti belədir, ya əvvəldə deməli olduğumuzu axırda, ya da əksinə, axırda deməli olduğumuzu əvvəldə deyirik. Nə etməli? Bu dəfə məndə ikincisi oldu, deyəsən. Urbanizasiyanı, texnologiyanı bir az qınamış oldum. Amma bir az. Çünki hər şeydə olduğu kimi, burda da bir nisbət var. O baxır məsələyə hansı rakursdan yanaşırıq.

Urbanizasiya, texnologiya nəinki insanın təbii davranışlarını, hisslərini dəyişdi, eyni zamanda, yeni mərəzlərə düçar elədi. Bizi parçası olduğumuz tamdan – təbiətdən qopardı. Bizi torpaqdan alıb asfaltın, dəmirin ixtiyarına verdi. O torpaq ki, bütün yaralarımızı sarar, bütün dərdlərimizin əlacı olar. Təbiətdən qopduq və bu da ruhumuzla yanaşı, cismimizə də ziyansız ötüşmədi. Tezdən işə gələndə radioda bir xəbər eşitdim: “ Firəng ölkəsinin alimləri şəhər əhalisinə nisbətən kənd əhlinin əksər xəstəlik və viruslara qarşı daha dayanıqlı olması qənaətinə gəliblər. Bunun üçün kopmpleks araşdırma aparan alimlər bildiriblər ki, bunun səbəbi məhz tövlələrdi”. Deməli, tövlələrdə və kənd səmasında bir qrup bakteriyalar mövcud olur ki, onlar insan orqanizminə nüfuz etməklə onun immun sistemini möhkəmlətmiş olur. Sağlamlığın keşikçisinə çevrilirlər. Maraqlı araşdırmadı, bu, bir daha insanla təbiətin harmoniyasının, birlikdəliyinin bizə verdiyi müsbət cəhətləri, faktları ortaya qoymuş oldu. Onu da qeyd edim ki, sən demə, astma və digər nəfəs yolları xəstəliklərinin dərmanı elə tövlə havası, tövlə bakteriyaları imiş. Yazıq və eyni zamanda da çarəsiz biz şəhərlilərsə qarşımıza çıxan hər mərəzi müalicə etmək üçün ölkələr dolaşıb, diyarlar gəzirik. İstər ruhi, istərsə də cismani xəstəliklərimizi acizanə şəkildə laboratoriya məhsullarında axtarırıq. Dünyanın başına çatı salıb fırlayan, bizi bizdən, təbiətdən qoparaq bizə hər cür zir-zibil sırıyan dəllalların alıcısına çevrilirik. Onların cibi dolur, bizsə bizi susduracaq (mənəvi ehtiyacımızı ödəyəcək), xoşbəxt edəcək hər cür vasitədən məhrum oluruq.

Çox uzağa getməyim, öz yaşantımdan bir misal gətirim: Əsgərlikdə olarkən bir dəfə səhvən başqasının çəkələtini geymişdim. Sonra ayaq barmaqlarımda şiddətli qaşınma başladı. El arasında “qribok” deyilən mərəz düşmüşdü ayağıma. Dağda olduğumdan, adət etdiyimiz kimi, əlimiz nə aptekə, nə də dərmana çatırdı. Əldə olan vasitələr də işə yaramırdı. Hardasa bir həftə bu şirin qaşıntılarla baş-başa qalmalı oldum. Bir gün meşəyə oduna gedərkən yamacda bir çobanla xeyli söhbətləşdik, hərbi xidmətdə hərdən mülki adamla rastlaşmaq bir başqa hissdi. Amma onu da deyim ki, onda məni cəlb edən daha çox bu çobanın atı idi. Nə isə, təfərrüata çox varmayım. Ordan-burdan söz düşdü, bir az söhbət elədik. Başıma gələn bu “qribok” macərasını danışdım. Sən demə, dərdimin dəvasını Allah qarşıma çıxarıbmış.

Çoban üzümə gülüb, “qardaşoğlu, bunun dərmanını gəl sənə deyim, canın qurtarsın” dedi. Ağlıma olur-olmaz variantlar gəlsə də, dedim, de gəlsin, görək o nə dərmandı. “Çox sadə! Ayaqlarını bax, bu gördüyün təzə təzəyin içinə sal, bir az ayaqyalın gəz, quruyandan sonrasa bulaqda yuyarsan. Bir də imkan olduqca səhərlər şehli otların üstündə ayaqyalın gəzərsən”. Əvvəl elə bildim, məni lağa qoyur, bir az baməzə kişi idi. Amma sonrakı söhbətimizdə ciddiliyinə və səmimiliyinə inandım. Uzun sözün qısası, çobanla sağollaşan kimi eləmədim tənbəllik, əsgər çəkmələrimi çıxardım. Bağlarını bir-birinə bağlayıb boynumdan asdım. İstehsalatdan təzə çıxmış, hələ ki buğlanan təzəyi o ki var tapdaladım. Bir kənarda əyləşib qurumasını gözlədim. Sonra da bir az ayaqyalın gəzməli oldum. Ta ki bulaqda yuyub çəkmələrimi geyindim. Oduna getdikcə bir-iki dəfə bu proseduru etmişdim ki, ayaqlarım öz təbii halına qayıtdı. O gündən bəri nəinki tövlə, hətta təzəyin nəyə qadir olduğunu yaxşı anlamış oldum.

Həmişə bir hadisə olanda deyirik, Allah axırını xeyir eləsin. İndi bu yazını da bir az pessimist ruhda başlasam da, sonda optimist olmaq lazım. İstər cismani, istərsə də ruhi xəstəliklərimiz, acılarımız əlacsız deyil. Sadəcə, xəstəliyi düzgün təşxis edib, düzgün müalicəyə başlamaq lazım. Düzgün müalicə isə düzgün yanaşma, düzgün düşüncə istər. Düzgün düşüncə isə biz özümüzlə, yaradılışın, təbiətin özü ilə harmoniya yarada bildiyimiz anda hasil olur. Təbiəti və onun verdiyi hər şeyi sevin, onun bir parçası olun ki, o da sizin dərdinizə dəva olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm