• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əllə yaza bilməyən yazıçı - FOTOLAR

  • Digər
  • 13 Mart 2014 18:53
  • 2 449 Baxış
Əllə yaza bilməyən yazıçı - FOTOLAR

“33” layihəsində növbəti qonağımız dedektiv ədəbiyyatın ən sevilən və tanınan imzalarından biri, ingilis yazıçısı, Bibliya və Şekspirdən sonra dünya tarixinin ən çox satılan müəlliflərindən biri, yazdıqları qədər sirrli və maraqlı qadın Aqata Kristidir.

Aqata Kristi: yazıçı, 1975-ci ildə 85 yaşında Britaniyada, Uollinqfordda vəfat edib.

“Ağıllı adamlar incimirlər, sadəcə nəticə çıxarırlar”

Bütöv adı Aqata Meri Klarissa Mallouen olan Aqata Miller daha çox birinci həyat yoldaşının Kristi soyadı ilə tanınır.

60 dedektiv romanının, Merri Vestmakkot imzası ilə yazdığı 6 psixoloji romanın, 19 hekayələr toplusunun və 16 pyesin müəllifidir

Kitabları 4 milyard nüsxədən çox tirajla çap olunub. Əsərləri 100 dilə tərcümə olunub

Aqatanın daha bir rekordu onun pyesləri ilə bağlıdır. Belə ki, Kristinin “Siçan tələsi” pyesi ilk dəfə 1952-ci ildə səhnələşdirilib və günü bu gün də nümayiş olunur. Yazıçı özü bu əsərdən razı qalmasa da tamaşaçıların marağı azalmaq əvəzinə, artır.

Aqata Miller 1890-cı il sentyabrın 15-də Amerikadan mühacirət etmiş Miller ailəsində anadan olub. Özündən böyük bir bacısı Marqaret və qardaşı Luislə yaxşı yola gedib

Uşaq yaşlarından yaxşı təhsil alan Aqata pianoda mükəmməl ifa edib. Yalnız səhnə və tamaşaçılar qarşısında çıxış etməkdən qorxduğu üçün musiqiçi olmayıb

Birinci Dünya Müharibəsi illərində Aqata tibb bacısı işləyib və bu peşəni dünyanın ən faydalı peşəsi hesab edib

Müharibə zamanı uzun müddət aptekdə çalışan Aqata əsərlərində tibb biliklərindən məharətlə istifadə edib. Əsərlərində nə az, nə çox düz 83 cinayət məhz zəhərlənmə vasitəsilə törədilib

Yazıçı ilk dəfə 1914-cü ildə uzun müddət sevdiyi palkovnik Arçibald Kristi ilə ailə qurub

Tezliklə qızları Rozalinda dünyaya gəlib

1920-ci ildə Kristinin ilk “Staylzda sirli əhvalat” romanı işıq üzü görüb. Aqata romanı aptekdə işlədiyi zaman, boş vaxtlarında yazıb

Aqatanın bu romanı yazmasına səbəb bacısı ilə mərc gəlməyi olub. Ədəbiyyatçı olan bacısı Marqaret ona çapa layiq roman yazmamaqda ittiham edib, Aqata isə ona cavab olaraq bu romanı yazıb. Roman 2 min tirajla satılıb və yazara cəmi 25 funt sterlinq qazanc gətirib

Aqata müharibə illərinin dəhşətlərindən qurtulmaq üçün ən sevimli hobbisi olan yazarlığa müraciət edib. Əvvəlcə tikişlə məşğul olmaq istəsə də qıtlıq və sap çatışmazlığı bu arzusundan vaz keçməsinə səbəb olub

Əvvəlcə Aqata Kristi Martin Uest və ya Martin Qrey ləqəbi ilə çap olunmaq istəyib. Aqata dedektiv yazan qadın müəllifin müsbət qarşılanmayacağından ehtiyat edib

Aqata disqrafiya sindromundan əziyyət çəkib, yəni əllə yaza bilməyib. Yazıçı bütün romanlarını diqtə ilə yazdırıb

Rəngarəng və müxtəlif ölçülü balıqqulaqları yığmağı çox sevib. Aqatanın fikrincə, balıqqulağı və rəngarəng quş lələkləri istənilən zinyət əşyasından daha gözəl və qiymətlidir

Uşaqlıq illərindən ömrünün son günlərinə qədər Aqata eyni yuxunu görüb. Əlləri kəsilmiş və üzü eybəcər hala salınmış bir kişi ona rahatlıq verməyib. Aqata bu kabusu “silahlı adam” və ya “qatil” deyə çağırıb

1926-cı ildə Aqata qəfildən yoxa çıxıb. Anasını itirən, qardaşının narkoman olduğunu öyrənən, “Rocer Ekroydun ölümü” romanı nəşriyyatlardan rədd cavabı alan yazıçıya ən böyük zərbə həyat yoldaşından gəlib. Arçibald başqa qadına aşiq olduğunu deyib və boşanmaq istədiyini elan edib. 11 ay hamı xanım Kristini axtarıb, yaxınları hətta məşhur dedektiv Artur Konan Doyla da müraciət edib

Aqatanı şəhərdənkənar sanatoriyaların birində tapanda yazıçının yaddaşını itirdiyi və qızı Rozalindanı belə xatırlamadığı məlum olub. Kristi uzun müddət depressiyadan müalicə olunub

Bir çoxlarının fikrincə, xanım yazıçı qəsdən yoxa çıxıb və bu üsulla ərindən qisas almaq istəyib

1928-ci ildə Aqata və Arçibald boşanıb

1934-cü ildə işıq üzü görən “Tamamlanmamış portret” romanında Aqata qəhrəmanının dilindən itməsi ilə bağlı əhvalatları danışır

Aqatanın yaxın dostlarından biri olan Brayan Aldissin sözlərinə görə, yazıçı kitabı yazıb qurtarandan sonra ən əhəmiyyətsiz və az şübhə oyadan qəhrəmanı seçir, lap əvvələ qayıdır və hadisələrin gedişini tamamilə dəyişirdi


1930-cu ildə İraqa səfəri zamanı Aqata ikinci həyat yoldaşı, özündə 15 yaş kiçik Maks Mallouenlə tanış olub.

Aqata ixtisasca arxeoloq olan həyat yoldaşı haqqında danışanda zarafatla “Ən ideal ər arxeoloq ərdir. Çünki siz yaşlandıqca onun üçün daha maraqlı və cazibədar olursunuz” deyirdi

Həyat yoldaşının işi ili əlaqədar uzun müddət İraq və Suriyada yaşayan Aqata həyatının bu dövrü haqqında “Necə yaşadığını danış” avtobioqrafik romanında yazıb

Şərq Aqata üçün əsl ilham mənbəyi olub. Yazıçı ən məşhur “Şərq qatarında qətl” romanını 1934-cü ildə İstanbuldakı “Pera Palas” otelində yazıb. Əsərin yazıldığı 441 nömrəli otaqda Kristinin memorial muzeyi açılıb

1958-ci ildən bir vaxtlar dedektiv yazmağa tərəddüd edən Aqata İngiltərə Dedektiv Klubuna rəhbərlik edib.

1971-74-cü illərdə səhhəti kəskin pisləşən Aqata son illər alsgeymer xəstəliyindən əziyyət çəkib

Dedektiv romanlarının süjeti Aqatanın ağlına ən çox qab yuyan zaman gəlib. “Bu elə səfeh məşğuliyyətdir ki, siz istər istəməz kimisə öldürmək barədə düşünürsünüz”,-deyə yazıçı bildirib.

Qəhrəmanlarının real insanlar olub-olmadığı ilə bağlı sualları cavablandıran Aqata “hər bir cinayətkar mütləq kiminsə yaxın tanışıdır” deyirdi.

Leyla İlqar

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR