Amerikanı bəyanatları ilə çalxalayan dahi milyonluq təklifləri niyə rədd etdi? - FOTO, VİDEO
Bizi izləyin

Digər

Amerikanı bəyanatları ilə çalxalayan dahi milyonluq təklifləri niyə rədd etdi? - FOTO, VİDEO

19-20-ci əsrlərdə şahmat öz inkişafının və şöhrətinin yeni, müasir mərhələsinə qədəm qoydu. Şahmatın şübhəsiz ki, daim dünyanın maraq dairəsində qalmasının əsas səbəblərindən biri də bu zəka oyununun yetişdirdiyi dahilərlə bağlıdır. Bu idman növü Alyoxin, Fişer kimi şahmat ustaları sayəsində ad qazanıb.

Bobbi Fişer şahmat taxtası arxasında böyük bir tarix yazıb. O, elə bil ki, şahmat üçün doğulmuşdu. Bobbi Fişer ABŞ şahmatçısı, 11-ci dünya çempionudur.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə ABŞ-ın siyasəti əleyhinə bir neçə dəfə çox kəskin bəyanatlar verən, buna görə başı dərddən qurtulmayan dahi şahmatçı Robert Ceyms Fişer haqqında məlumat verəcək.

Robert Ceyms Fişer 1943-cü il martın 9-da ABŞ-ın Çikaqo şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Almaniya və İsveçrədəndir.

Lakin məlumatlarda bildirilir ki, ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib. Bu şəxs həyatdan köçənədək Robert Ceymsin məktəbdə oxumasının, böyüməsinin, təhsil haqqının qayğılarını öz üzərinə götürmüşdü. Hələ də bəzi müəlliflər Nemeninin Robertin əsl atası olduğunu iddia edir. 16 il ərzində Fişer keçirdiyi 576 görüşün 327-də qalib gəlmiş, 189-nu heç-heçə başa çatdırmış və yalnız 61-də məğlub olmuşdur.

Hər şeydən əvvəl, onun qeyri-adi işgüzarlığını qeyd etmək lazımdır. Fişeri fərqləndirən xüsusiyyət Kapablankanı xatırladan aydın təfəkkür və nadir idman mübarizliyi idi. O, ancaq qələbəyə can atırdı. Əgər Fişerin bəzi görüşləri heç-heçə nəticələnirdisə, deməli, qələbə üçün lazım olan bütün ehtiyatlar tükənmişdir. Təsadüfi demirlər ki, “onu udmaq heç-heçə oynamaqdan çox asandır”.

Kommunist ata onu anasıyla tək qoyub Almaniyaya gedir

Robertin uşaqlığı heç də xoş keçməyib.

Siyasi baxışlarına görə kommunist olan atası Hans-Herhardt Fişer ikinci dünya müharibəsindən sonra Almaniyaya qayıdır, Robert də anası Reqina Venderlə qalmağa məcbur olur. Onu tibb bacısı işləyən anası tərbiyə edib.

Xarici mətbuatın yazdıqlarına görə, onun bu qədər məşurlaşmasına səbəb bacısı olub. Çünki Fişerin 6 yaşı tamam olanda böyük bacısı Coan ilk dəfə olaraq onu şahmatla tanış etdi.

Uşaq yaşlarından başlayaraq Robertə bu sehirli-sirli oyunu bacısı Cohanna öyrədir.

Kəşf edilən istedad

Bobbi şahmata dair əlinə düşən bütün kitabları birnəfəsə oxuyur, bu qədim müdrik oyunun sirlərinə tezliklə bələd olurdu. Biləndə ki, şahmata aid ən çox kitab rus dilində nəşr edilir, o, sovet şahmat ədəbiyyatını orijinaldan oxumaq üçün müstəqil olaraq rus dilini öyrənir. Dünyanın ən güclü şahmatçılarının görüşlərini təhlil edə - edə özü də öyrənirdi.

1953-cü ildə Fişerlər ailəsi Nyu-Yorka köçür. Bobbi yaşadığı rayonun ərazisindəki şahmat klubuna gedərək, gündə 10 - 12 saat şahmatla məşğul olurdu. İki ildən sonra o, klubun birinciliyində çıxış edərək, 3-cü yeri tutur. Tezliklə balacanın yaşına uyğun olmayan yetkin oyun nümayiş etdirməsi barədə söz-söhbət yayılır. 1956-cı ildə onu qrossmeysterlər Reşevski, Bisqayer, D. Birn və digər güclü amerikalı ustaların iştirak etdiyi turnirdə oynamağa dəvət edirlər. 13 yaşlı şahmatçının debütü uğurlu olur. O, 11 mümkün xaldan 4,5 xal toplayır. Bobbinin D. Birnlə görüşü isə dünyanın şahmat mətbuatında geniş işıqlandırılır. Bu görüşdə o, gözəl kombinasiya quraraq, vəzirini qurban vermiş və 41-ci gedişdə adlı-sanlı rəqibini məğlubiyyətə uğratmışdı.

1957-ci ildə - 14 yaşında sensasiya baş verir. Bütün mətbuatın gündəminə düşür. Belə ki, Fişer ölkənin gənclər, açıq və rəsmi çempionatında dalbadal qalib gəlir. Özü də rəsmi çempionatda bir görüşü belə uduzmadan Amerikanın ən güclü şahmatçısı qrossmeyster Reşevskini bir xal qabaqlayır. Sonra isə iddiaçıların zonalararası turnirində uğurla çıxış edərək şahmat tarixində ən cavan qrossmeyster oldu. O zamandan bu yeniyetmə nəinki ailəsini, hətta bütün Amerikanı heyrətləndirdi.

Şöhrətin başlanğıcı - Şahmata görə məktəbi atdı

Bobbi Fişer (ona çoxları belə mürciət edirdi) Birləşmiş Ştatların çempionu oldu və göstərdiyi nəticələrə görə, 15 yaşında dünyanın ən gənc qrossmeysteri adına sahibləndi. Bundan sonra isə Robert Çeyms özünü şahmata həsr etmək üçün başqa məşğuliyyətlərdən uzaqlaşdı. O, hətta məktəbi belə atdı.

15 yaşında olarkən artıq bütün dünya bu yeniyetmənin adını bilir, onun şahmatdakı məharətini heyranlıqla izləyirdi. Daha öz ölkəsində onun qarşısına çıxa biləcək bir şahmatçı qalmamışdı. Fişer möhtəşəm idi. 1958-ci ildə keçmiş SSRİ-də Şahmat Olimpiadası keçirildi və Robert Fişer də ABŞ komandasında çıxış edərək özünün fenomen bacarığı ilə böyük səs-küy yaratdı.

Dünyanı lərzəyə salan bəyanat - “Müəllimlər axmaqdır”

Bobbi tək şahmatda fərqlənmirdi. O həm də keçirdiyi həyat tərzinə, qeyri-ənənəvi çıxışlarına, çoxlarını çaş-baş salan davranışlarına görə, digərlərindən fərqli idi.

Hələ yeniyetmə vaxtlarında, məktəbə getməkdən imtina edərkən verdiyi açıqlamalar böyük əks-səda yaratmışdı. O demişdi: "Məktəbdə öyrəniləsi heç nə yoxdur. Çünki müəllimlər axmaqdır. Qadınların müəllimlik etməsi düzgün deyil. Mənim oxuduğum məktəbdə yalnız idman müəllimi axmaq deyildi - o pis şahmat oynamırdı”.

Həmin dövrlərdə ekspertlər onun fitri istedada malik olduğunu etiraf edib Bobbinin şahmat tacına sahib ola biləcəyini söylədilər. Bunun üçün onun bütün imkanları vardı.

Robert Fişer ilk çağlarından belə, debüt nəzəriyyələrini əla bilir, mövqeləri gözəl dəyərləndirməyi bacarırdı. O, çox yaxşı texnikaya sahib olmuşdu.

Sistemə etiraz

Bobbinin 19 yaşı olanda Dünya çempionu tituluna namizədlərin turnirinə qatıldı, orada yaxşı oynasa da, istədiyi qələbəni əldə edə bilmədi. Şahmatsevərlər onda uduzmağa alışmamış Fişerin sərt xarakteri ilə tanış oldu. Bobbi Fişer məğlubiyyətinin səbəbini şahmat yarışlarının keçirilmə sistemi ilə əlaqələndirdi. O, SSRİ şahmatçılarının sayının həddən artıq çox olmasına etirazını bildirdi. Robert Fişer söyləyirdi ki, sovet ölkəsindən olan çoxsaylı şahmatçılar yarışlarda siyasi məqsədlər naminə biri-birləri ilə heç-heçə oynayaraq əziyyət çəkmədən xeyli xal toplayırlar.

O, bildirdi ki, bu qaydalar dəyişməsə daha Dünya çempionu adı uğrunda mübarizələrdə iştirak etməyəcək.

Uzun müddətli fasilədən sonrakı qələbələr

Fişer bundan sonra kölgəyə çəkildi, 60-cı illərədək yarışlarda görünmədi. Uğurları uğursuzluqlar əvəz etdi.

Qəfildən Bobbi şahmat oynamaqdan əl çəkir. Lakin o, heç vaxt şahmatı tamamı ilə atmır. Bundan sonra Bobbi debütün qədim və yeni versiyalarını, yaşlı və müasir ustaların oyunlarını, mittelşpili və endşpili dərindən öyrənir.

Müxtəlif beynəlxalq yarışlara və xüsusi qarşılaşmalara qatılan Bobbi Fişer parlaq qələbələr qazanaraq özü haqqında əfsanələr yaratdı. 1960-cı ildə Mar-del-Plata matçında 15 partiyanın 13-də qələbə (bir heç-heçə, bir məğlubiyyət) qazandı, həmin il ABŞ-Almaniya qarşılaşmasında Danqonu məğlubiyyətə uğratdı. 14-cü Olimpiadada da Robert Fişer inanılmaz idi. 18 matçın 10-da qələbə (cəmi 2 məğlubiyyət, 6 heç-heçə) əldə edərək yenidən dillər əzbəri oldu. Ardınca 1962-ci ildə Stokholmda keçirilən beynəlxalq turnirdəki 22 qarşılaşmanın 13-nü qələbə ilə (9 heç-heçə) başa vuraraq yarışı məğlubiyyətsiz tamamladı və birincilik qazandı. Amma qalibiyyətlər davam edirdi. 1962-64-cü illərdə ABŞ-da baş tutan müxtəlif yarışmalara qatılan Fişer rəqiblərini biri-birinin ardınca məğlub edərək qeyri-adi istedadını bir daha göstərdi.

Amma 1965-ci ili və 1966-cı ilin əvvələrini Fişer üçün uğurlu hesab etmək olmaz. Bu müddət ərzində Bobbi bir sıra qarşılaşmalarda ondan gözlənilən nəticələri vermədi. Amma dünya onu yenə şahmatın qəhrəmanı bilməkdə davam edirdi. Çünki o, 1966-cı ildə Kubanın paytaxtı Havanada keçirilən 17-ci Olimpiadada parlaq qələbə qazanaraq hər kəsə bir daha anlatdı ki, şahmatda Fişerdən güclüsü yoxdur. O, burada 17 partiyanın 14-nü uddu, ikisini heç-heçə etdi, yalnız birində məğlub oldu. Bu səs-küylü bir qələbə idi. Amma Fişer heç də bunlarla kifayətlənmədi.

Onun müxtəlif beynəlxalq turnirlərdəki qarşılaşmaları, məşhur şahmat ustaları ilə matçları qələbələrlə nəticələndi. 1968-ci ildə İsraildə, bir qədər sonra isə Yuqoslaviyada keçirdiyi qarşılaşmaları (hər birində 13 matç; 10 qələbə və 9 qələbə) məğlubiyyətsiz başa vuraraq müdhiş qalibiyyətə imza atdı. Bobbi birinci idi. Ümumiyyətlə, dahi şahmatçının qələbələri haqqında bir yazıda bəhs etmək qeyri-mümkündür. Robert Fişer özünün 16 illik şahmat karyerasında müxtəlif statuslu beynəlxalq yarışlarda 600-ə yaxın oyun keçirib, cəmi 61-də məğlub olub. Əksər şahmat mütəxəssisləri qəribəliklərlə dolu olan bu adamı şahmatın dahilərindən biri hesab edirlər.

Amerika və Rusiyanı tənqid edən Fişer oğuruluqda günahlandırılır

Onu da qeyd etmək lazımdır ki, fitri istedada malik əksər insanlara məxsus qəribəliklər Robert Fişerdə də özünü göstərmişdi. Hətta belə demək mümkünsə, Bobbinin bir sıra məğlubiyyətlərinin səbəbi onun qəribə davranışları ilə bağlı idi. Elə beynəlxalq qarşılaşmalar olub ki, Fişer öz kaprizləri ucbatından matça gecikib, ya ümumiyyətlə getməyib. Fişer o dövrdə şahmatda "rus nəzarəti"ni ən sərt şəkildə tənqid edərək bu oyunun da siyasiləşdirilməsinin əleyhinə addımlar atıb. O hətta bundan ötrü öz çempionluq titulunu, şahmat karyerasını, şöhrətini risqə qoymaqdan belə çəkinməyib. Bunu Fişerdən savayı heç kim edə bilməzdi. SSRİ ilə bərabər Amerikanın da siyasətini tənqid edən Fişer heç şübhəsiz ki, özünə ən yüksək səviyyədə düşmənlər qazandırırdı. Bəlkə də elə bu üzdən idi ki, dünyanın ən nəhəng şahmatçısı bank oğurluğunda ittiham edilərək türməyə də salındı və 8 ay həbsdə qalmalı oldu. Amma ittiham sübuta yetmədiyi üçün Fişeri azadlığa buraxdılar.

Fişer şahmata kəskinliyi qaytardı, onu daha da gərginləşdirdi, tək qalmış şaha qədər mübarizə aparmağa məcbur etdi. O, şahmatın universallığını daha da yuxarı qaldırdı, üstünlüyü həyata keçirmək üçün valehedici texnika, əla kombinasiyalı və mövqeli oyun nümayiş etdirdi. Ona xas olan ən böyük cəhət mübarizədə bütün imkanlardan axıradək istifadə etmək kimi idman mətinliyi idi.

Şahmat Tacı uğrunda mübarizə - Fərqli tərz

Fişer dünya şahmat tacı uğrunda mübarizəyə qoşulur. 1971-ci ildə taca ən nəhəng iddialıların mübarizəsi başlayır. Burada o özünü tamam ayrı ampluada göstərməyi bacardı. Belə ki, hamı səbrsiz, sensasion, qəribə Bobbinin əvəzinə səbrli, gözləməyi sakitcə bacaran, susqun Fişeri görürlər. O, oyunları ilə hamını yenidən heyrətləndirdi. Məşhur qrossmeyster B. Larsenlə altı dəfə qarşılaşdı və bütün oyunlarda qələbə qazandı. Ümumiyyətlə, Fişer bütün seçmə oyunların hamısından qələbə ilə keçərək həlledici qarşılaşmada dövrün böyük şahmatçısı hesab olunan Tiqran Petrosyanı məğlub etdi. Və Dünya Çempionu Boris Spasski ilə oynamaq imkanı əldə etdi.

Tac Moskvadan Vaşinqtona gətirilir

Hər kəsin maraqla gözlədiyi bu görüş 1972-ci ilin sentyabrında Reykyavikdə baş tutur. Fişer bu matçda şahmat tacının yeni sahibi olduğunu sübut edir. O, bu qarşılaşmada 21 partiyadan yalnız 3-də məğlubiyyətə məruz qaldı. Əvəzində 7 qalibiyyət və 11 heç-heçə əldə edərək tacı Spasskinin əlindən aldı. 29 yaşlı amerikalını vətənində milli qəhrəman kimi qarşıladılar. Çünki tac Moskvadan Vaşinqtona gətirilmişdi. O, Amerikanın fəxri hesab olunurdu.

Ağ Evə nahara dəvəti rədd edir - Dünya çempionu adını əlindən alırlar

Qazandığı qələbə münasibəti ilə hətta Fişeri Ağ Evə nahara dəvət etdilər, amma həmişə davranışları ilə fərqlənən Bobbi bu dəvəti rədd etdi.

Səbəbini də özünəxas tərzdə açıqlayır: “Mən yemək yeyərkən hamının mənim ağzıma baxmasına dözə bilmərəm”.

Amma Fişerin Dünya çempionu adı onda çox qalmadı. FİDE onu bu addan məhrum etdi. Ona görə ki, Bobbi Fişer FİDE-yə bir sıra şərtlər irəli sürmüşdü. Onların yerinə yetirilməyəcəyi təqdirdə görüşə gəlməyəcəyini bildirmişdi. İrəli sürülən şərtlərə rədd cavabı gəldiyinə görə, o həqiqətən də 1975-ci ildə dünya çempionluğunun finalına - Anatoli Karpovla keçiriləcək matça gəlməkdən imtina etdi. Bu əsl sensasiya idi. FİDE onu bu hərəkətinə görə dünya çempionu titulundan məhrum etdi. Bu hadisədən sonra Robert Fişer uzun illər - 20 ilə yaxın özünü dünyanın gözündən gizlətdi.

Şəxsi həyatı - Bir neçə qadınla sevgi romanı

Fişerin şəxsi həyatı heç də qibtəedici olmayıb. Dünyanın gözündən gizləndiyi illərdə o bir neçə qadınla sevgi macərası yaşayıb. Budapeştə gələn Bobbi 18 yaşlı macar şahmatçı Zita Rayçani ilə bir müddət vətəndaş nigahında yaşayıb. İddialara görə, həmin xanım onun yenidən şahmata qayıtmasında müəyyən rol oynayıb.

Çoxları tərəfindən unudulmaq üzrə olan Fişerə yuqoslaviyalı bankir Y.Vasileviç gözlənilmədən kommersiya şərtləri ilə Karpova qarşı matç-revanş təklifləri edir.

Hər kəs Fişerin bu təklifə rədd cavabı verəcəyini gözləyirdi. Lakin keçmiş çempion gözlənilmədən təkliflə razılaşdı. Rayçaninin bu işdə az rol oynamadığı deyilir.

Mükafat fondu 5 milyon dollar təyin olunmuşdu. Tərəflər 10 qələbəyədək mübarizə aparmalıydı. Amma burada da Fişerlə dünyanın diqqətini özünə çəkən bir hadisə baş verdi. Matç öncəsi Bobbi Fişerə rəsmi xəbərdarlıq gəldi. Yuqoslaviyaya beynəlxalq sanksiyalar tətbiq edildiyi üçün matç keçiriləcəyi təqdirdə Robert Fişeri 10 il müddətinə həbs gözləyirdi.

Fişersə mətbuat konfransında hamının gözləri qarşısında rəsmi məktubu cırıb tulladı, sonra isə tüpürdü, hətta Birləşmiş Ştatların ünvanına kəskin sözlər işlətdi. Görüş baş tutdu. Rəqiblər 30 partiya oynadılar.

Robert Fişer 10:5 hesabı ilə Anatoli Karpov üzərində qələbə qazandı. Fişer bu qarşılaşmanı dünya çempionluğu matçı adlandırdı.

Bundan sonra Fişer ABŞ-a qayıda bilməzdi. Çünki vətənində onu həbs gözləyirdi. Robert Fişer bir neçə il Avropada yaşadıqdan sonra qəfildən sevgilisi Z.Rayçani ilə əlaqələrini bitirib, Filippində 22 yaşlı Merilin Yanq adlı bir qadınla tanış olur. Bu bərabərlik uzun müddət davam edir. İddia edilirdi ki, Bobbiinin bu qadından Cinki adlı bir qızı da dünyaya gəlib. Amma ölümündən sonra vərəsə sahibi olmaq üçün aparılan ekspetizanın nəticələrindən məlum oldu ki, həmin qızın atası Fişer deyil.

Qalmaqallı ömrün sonları

ABŞ-ın siyasəti əleyhinə yenidən çox kəskin bəyanatlarla çıxış edən Fişer Yaponiyanı tərk etmək istəyərkən həbs olundu. Buna görə o, Yaponiyanı ABŞ-ın “kuklası” adlandırdı. O vaxt onun ciddi cəzalanacağı gözlənilirdi. Amma Bobbi təhlükədən qurtuldu. Bu sadiq dostlarının, çoxsaylı pərəstişkarlarının köməyi sayəsində oldu. Bundan sonra o yaşamağa İslandiyaya gəldi və oranın vətəndaşlığını qəbul etdi.

Bu zaman Robert Fişerin 62 yaşı var idi və səhhətində müəyyən problemlər yaranmışdı. Onun həyatının son üç ili haqqında heç nə məlum deyil.

Lakin 2007-ci ilin noyabrında İslandiya qəzetləri qəfildən belə bir xəbər yaydılar ki, böyük şahmatçı ciddi xəstələndiyi üçün xəstəxanaya yerləşdirilib. Xəstəliyi haqqında bir sıra şayiələr yayılsa da, sonradan məlum oldu ki, Fişerin böyrəkləri pis vəziyyətdədir. Hətta həkimlər vəziyyətin ümidverici olmadığını görüb onu evə göndərmək istəyiblər. Amma Bobbi Fişer elə xəstəxanada - 2008-ci il, 17 yanvarda dünyasını dəyişdi.

O, Reykyavikdə çox sadə bir qəbristanlıqda dəfn edilib. Özünün istəyinə görə, yas mərasiminə çox az adam çağırılmışdı. Jurnalistlərin mərasimə buraxılmasına icazə yox idi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm