Udan vətəndaş olacaq – iqtisadçılar Prezidentin son fərmanları haqda
Bizi izləyin

Digər

Udan vətəndaş olacaq – iqtisadçılar Prezidentin son fərmanları haqda

Azərbaycan Prezidentinin ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması və gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədi ilə verdiyi son fərman və sərəncamlar cəmiyyətdə yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Hər kəs bu qərarların orta və kiçik sahibkarlığın inkişafına, ümumilikdə, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin inkişafına müsbət təsir edəcəyi qənaətindədir. O cümlədən, iqtisadçı alimlər.

Prezidentin məlum fərman və sərəncamlarını Publika.az-a şərh edən iqtisad elmləri doktoru Ziyad Səmədzadə vurğulayır ki, bu gün ölkə iqtisadiyyatının dinamik inkişafı üçün sistemli tədbirlər həyata keçirilir: “Qloballaşan dünya iqtisadiyyatı şəraitində bir çox dövlətlərdə xoşagəlməz meyllər müşahidə edilir. Belə ki, iqtisadi inkişaf tempinin aşağı düşməsi, sosial proqramların məhdudlaşdırılması, dövlət borclarının artması kimi proseslər özünü göstərir. Azərbaycan həmin dövlətlərdən fərqli olaraq dünya böhranı şəraitində meydana çıxan risklərdən özünü qoruya bildi. Çünki dövlət bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. Əvvəla, istər Mərkəzi Bankın, istərsə də Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var. Başqa tərəfdən, Azərbaycan dövlət borcu məsələsinə həssaslıqla yanaşır. Ölkənin borcu Ümumi Daxili Məhsulun 10 faizindən bir az yuxarı təşkil edir. Halbuki bir çox xarici dövlətlərdə həmin rəqəm ÜDM-nin 115-120 faizinə bərabərdir”.

Səmədzadə deyir ki, neftin dünya bazar qiymətinin 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq, Azərbaycan heç bir sosial layihəni məhdudlaşdırmayıb: “Büdcəni qəbul edən zaman şəraiti nəzərə alıb ehtiyatlı tərpəndik. Sosial proqramların bundan sonra da davam etdirilməsini vacib saydıq. Dövlət başçısı İlham Əliyev bir sıra fundamental əhəmiyyət kəsb edən məsələlərin həlli üçün konkret addımlar atdı. Sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, lüzumsuz yoxlamaların aradan qaldırılması, orta və kiçik sahibkarlığın inkişafına əngəl törədən maneələrin, hələ də səmərəli olmayan iqtisadi mexanizmlərin təkmilləşdirilməsi bu kimi addımlardandır. Məsələn, cənab Prezidentin təşəbbüsü ilə Milli Məclisə iki il müddətinə yoxlamaların dayandırılması yönündə qanun layihəsi daxil oldu. Milli Məclis onu yekdilliklə qəbul etdi. Bu, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatı üçün vacib addımdır. Çünki bir sıra orqanlar səlahiyyətlərini aşaraq, lüzumsuz yoxlamalarla bağlı qəbul etdiyimiz qanunun tələblərinə məhəl qoymurdular. Bu da kiçik və orta sahibkarlığın inkişafına mənfi təsir göstərirdi”.

İqtisadçı alim bildirir ki, yoxlamaların qadağan edilməsi sahibkarlığın inkişafına müsbət təsir göstərəcək: “Sahibkarlığın inkişafına mane olan əsas səbəblərdən biri də lisenziyalaşma məsələsi idi. Bu sahədə də prezidentin imzaladığı fərman mühüm əhəmiyyət kəsb edir. Hər şeydən ötrü icazə almaq, müəyyən mərhələlərdən keçmək sahibkarların əl-qolunu aşağı salırdı, onların iqtisadi inkişafa marağını azaldırdı”.

Azərbaycanın gömrük ərazisinə gətirilən və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan malların gömrük ödənişi aparılmadan gömrük sərhədindən keçirilməsinə icazə ilə bağlı Prezidentin fərmanına toxunan Z.Səmədzadə hesab edir ki, bu, azad bazar münasibətlərinin ən vacib prinsiplərindən biridir: “O deməkdir ki, iqtisadi fəallıq, daxili tələbat artacaq. Məhdudiyyətlərin aradan qaldırılması şəffaflığın artırılmasına, korrupsiya hallarının zəifləməsinə gətirib çıxaracaq. Bütövlükdə cənab Prezidentin Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında səsləndirdiyi fikirlər tarixi əhəmiyyət kəsb edir. Cənab Prezident ölkə iqtisadiyyatının inkişafı üçün inhisarçılığın aradan qaldırılmasına diqqəti artırdı. Kimin nə bacarığı varsa, rəqabətə davamlıdırsa, istehsala başlasın və ya xidmətini göstərsin.

Digər yenilik Vergi Məcəlləsinin 164-cü maddəsinə əlavə və dəyişikliklərdir. Hansı ki, bu dəyişikliklər ölkə iqtisadiyyatının innovativ inkişafına xidmət edən, sənaye, ixrac yönümlü məhsullar istehsal edən müəssisələri Əlavə Dəyər Vergisindən azad edir.

Başqa tərəfdən, əvvəllər Azərbaycanda mərc oyunları ilə məşğul olan təşkilatlardan gəlir vergisi tutulmurdu. Bundan sonra onlardan dövriyyənin 10 faizi həcmində gəlir vergisi tutulacaq. Bu, haqlı qərardır. Mərc oyunları ilə məşğul olan qurumların üzərində nəzarət gücləndirilməlidir. Sadələşdirilmiş vergi məsələsi ən narahat edən məsələlərdən biri idi. Yeni dəyişiklik əsasında isə vergi ödəyicisinə seçim verilir. Ümumiyyətlə, Vergi Məcəlləsindəki dəyişikliklər Azərbaycan iqtisadiyyatının inkişafında yeni mütərəqqi dövrün başlamasından xəbər verir. Ölkə yeni şəraitdə daha təkmil iqtisadi mexanizmlər tətbiq etməklə inkişaf edəcək. Bu da investisiya mühitini yaxşılaşdıracaq, iqtisadi fəallığı artıracaq, yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Nəticə etibarilə əhalinin daha yaxşı yaşamaq imkanları genişlənəcək. Allah cənab Prezidentimizi qorusun. Onun bütün fəaliyyəti xalqımız tərəfindən bəyənilir. İmzalanan fərmanlar da göstərir ki, insanların gələcəyə əminliyi, inamı artıb”.

İqtisadçı-ekspert Vüqar Bayramov da deyir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına dair iclasındakı çıxışından qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır: “Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsini İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı, vergi yoxlamaları istisna edilməklə, bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, dövlət başçısnın bir neçə gün öncə tezisləri ilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlılığının təmin edilməsi və dövlət büdcəsində vergi daxilolmalarının artırılması, nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməni genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq”.

V.Bayramovun sözlərinə görə, lisenziyaların verilməsinin “Asan” Xidmətə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək: “Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmir, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi imkan verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imkanları əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsinə bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Hamı razılaşır ki, “ASAN” Xidmətin səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, sadəcə, dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq.

Yoxlamaların sayının azaldılması isə sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırmaq imkanı verəcək. Sahibkarların fəaliyyətini daha çox yoxlamaq hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırdı. Bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmirdi. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruri idi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanına malik olmayacaqlar. Aydındır ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra sözügedən müddət limitsiz uzadılacaq”.

Ekspert hesab edir ki, son islahatlar qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq: “Qeyri-neft sektorunun payı Ümumi Daxili Məhsulda 70 faizə, büdcə gəlirlərində isə 40 faizə çatmaqdadır. Bununla yanaşı, qeyri-neft ixracatının ümumi ixracatda payının artırılması da olduqca vacibdir. Doğrudur, 2015-ci ilin ötən müddətində qeyri-neft ixaracatı 12 faizə yaxın artıb və ümumi ixracatda neftsiz sektorun payı artıq ikirəqəmlidir. Təbii ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi neft ixracatını dəyər ifadəsində azaldıb. Amma bu fərqi kompensasiya edəcək sektor məhz qeyri-neft sferası və deməli, sahibkarlıqdır. Yersiz müdaxilələrin aradan qaldırılması eyni zamanda sahibkarların ixrac etdiyi məhsulların həcmini artıracaq. Praktik olaraq yersiz müdaxilə olmadan məhsul istehsal edən sahibkarlar onların bir qismini maneəsiz ixrac etməklə özlərinin maliyyə likvidliyini gücləndirmiş olacaqlar”.

Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmana toxunan iqtisadçı deyir ki, fərman ticarətin liberallaşması, eyni zamanda, Azərbaycan vətəndaşlarının öz istifadələri üçün xaricdən gətirdikləri və dəyəri 10 min dollardan çox olmayan məhsulların gömrük rüsumundan azad olunması deməkdir: “Məqsəd vətəndaşların gömrük rüsumu ödəmədən öz ehtiyacları üçün lazım olan məhsulları Azərbaycana idxal etməsini təmin etməkdir. Çünki vətəndaşların öz ehtiyacları üçün gətirdikləri məhsulların, malların dəyəri əksər hallarda 10 min dollardan çox olmur. Bu isə o deməkdir ki, əgər vətəndaş xarici ölkədən hər hansı məhsul alırsa, həmin məhsulu satmaq və ya istehsal etmək məqsədilə deyil, öz şəxsi istifadəsi məqsədilə ölkəyə gətirirsə, bu zaman hər hansı vergi və ya rüsum ödəməyəcək. Bu, vətəndaşlara istədikləri halda lazımi məhsulları digər ölkələrdən alıb gətirmək imkanı verəcək.

Bundan əlavə, əgər vətəndaş xaricdə səfərdə olan zaman bazarlıq edibsə və onun dəyəri 10 min dollar və ya ona ekvivalent pulla ondan çox deyilsə, o zaman gömrük rüsumu ödəməyəcək. Bu addım vətəndaşın xərcini azaldır və o, az xərclə və daha ucuz qiymətə tələbatı olan məhsulu xaricdən idxal edə bilir. Vətəndaş bundan birmənalı şəkildə qazanır. Çünki daha ucuz qiymətə məhsula sahib olmaq imkanı əldə edir. Azərbaycan vətəndaşları özlərinə lazım olan bəzi məhsulları daha çox Türkiyədən və ya digər qonşu ölkələrdən alıb gətirirdilər və buna görə rüsum, vergi ödəmək məcburiyyətində qalırdılar. Çünki ixracata vergi və rüsum olmasa da, idxala vergi və rüsum müəyyənləşdirilmişdi. Amma artıq əgər vətəndaş Türkiyədən öz istifadəsi üçün məhsul alırsa və onu ölkəyə gətirirsə, rüsum ödəməyəcək. Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın istirahət üçün əsasən üz tutduğu ölkələrdən biri də Türkiyədir. Bu, imkan verəcək ki, Türkiyəyə gedən vətəndaşlarımız özləri üçün lazım olan məhsulları gömrük rüsumu ödəmədən Azərbaycana gətirsinlər. Dövlət başçısının belə bir Fərmanı verməsində məqsəd əhalinin, vətəndaşların maraqlarını qorumaqdır. Məsələn, vətəndaşın mebelə ehtiyacı var və onu Türkiyədən alıb gətirir. Əvvəllər onun dəyərindən asılı olaraq orta hesabla 15 faiz vergi rüsumu ödəyirdi. İndi isə əgər satmaq məqsədilə deyil, şəxsi istifadə üçün xaricdən məhsul gətiriləcəksə, bu zaman artıq həmin vergi ödənilməyəcək. Vətəndaşların məhsulları ucuz qiymətə əldə edərək ölkəyə gətirməsi bütövlükdə istehlak bazarına da təsir göstərəcək. Çünki artıq vətəndaşın seçimi, xaricdən nisbətən ucuz qiymətə məhsul almaq imkanı olacaq. Bu zaman idxalla məşğul olan sahibkarlar da satdıqları məhsulların qiymətlərini aşağı salmaq məcburiyyətində qalacaqlar. Bu isə ümumən ölkə daxilində qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Ona görə də bütün hallarda udan tərəf vətəndaş olacaq. Hətta idxalla məşğul olmayanlar da rəqabət nəticəsində daha aşağı qiymətə məhsul əldə edə biləcəklər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm