• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Böyük köç”ün izi ilə "Şərq" bazarından "Keşlə" bazarına - Reportaj- Foto

  • Digər
  • 17 Mart 2014 21:28
  • 2 469 Baxış
“Böyük köç”ün izi ilə "Şərq" bazarından "Keşlə" bazarına - Reportaj- Foto

1200 nəfərdən çox satıcı nə edəcəyini, haraya gedəcəyini bilmir.Son iki gündə 21 metrostansiyanın ərazisindən ümumilikdə 1194 ticarət obyekti sökülüb. Bu sahibkarların haraya köçürüləcəyi məsələsinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara “Amay” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində icarə haqqı alınmayacaq.

Adları çəkilən bazarlarda son durumu öyrənmək üçün Publika.Az-ın əməkdaşı “Şərq” və “Keşlə” bazarlarında olub.

“Şərq” bazarında alıcı gözə dəymir

“Şərq” bazarında səhər saat 11 radələrində bir nəfər də olsun alıcı gözə dəymir. Satıcı Rövşən Orucov deyir ki, alıcılar buraya əsasən şənbə-bazar və bayram günlərində gəlirlər: “İş günlərində demək olar ki, heç kim olmur. Alıcıların az olmasının səbəbi isə “Şərq” bazarına gələn marşrut sayının azlığıdır.”

Gülayi Rəhimov isə həmkarından fərqli olaraq yetərincə qazandığını deyir: “13 ildir “Şərq” bazarındaişləyirəm. Normal qazanc olmasaydı burada qalardım? Burada icarə haqqı da metrodakına nisbətən iki dəfə azdır.”

14 ildir “Şərq” bazarında ticarətlə məşğul olan Zakir Şahhüseynov bildirir ki, buna qazanc demək olmasa da gündəlik çörəkpulumuzu qazanırıq: “Bizim əsas çətinliyimiz odur ki, marşrut azdır. Şəhərin hər yerindən buraya rahat gəlmək mümkün deyil. Bura ən rahat, ən səliqəli bazardır. Reklam olunsa, normal marşrut işləsə alıcı da çox olar.”

Yeni gələn ticarət işçilərinə “Şərq” bazarında yer olacaqmı sualına gəlincə, “Şərq” bazarının rəhbər şəxslərindən Faiq Mirzəyev Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə gələn təklifi həyata keçirməyə hazır olduqlarını deyir: “Bazarda yetərincə boş yerlər var. 300-400 nəfər satıcını yerləşdirə bilərik. Söz verildiyi kimi, onlardan 3 ay icarə haqqı alınmayacaq. Artıq gəlib maraqlananlar , yer götürənlər var.”

“Keşlə” bazarı: Kartof-soğan arasında geyim alveri?

Kənd təsərrüfatı məhsullarının satış mərkəzi olan “Keşlə” bazarına ayaq basanda buranın metro satıcılarına niyə təklif olunduğu təəccüb doğurur. Bazar başdan-başa meyvə -tərəvəzdir. Yalnız kənarlarda 4-5geyim mağazası var ki, onlar da xırdavat satmaqla məşğuldurlar. Belə görünür ki, metro ticarətçilərinin Keşlə bazarına gəlsə ya bazarın profili dəyişməlidir, ya da satıclılar pal-paltarı atıb, meyvə- tərəvəz alverinə başlamalıdırlar.

Bundan əlavə, bazara nəzarət edən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin qərarından xəbərdar olduqlarını, lakin bunun necə həyata keçirəcəklərini bilmədiklərini söylədirlər: “Burada 300 nəfər satıcının yerləşdirmək üçün şərait yoxdur. Bazarın üstüaçıq hissəsində bir qədər yer var. Orada heç kim gəlib bahalı malları toz-torpaq içində satmaz.”

“Şərq” bazarına getməkdənsə evdə oturarıq”

Metronun Nəriman Nərimanov stansiyasında ticarətlə məşğul olan Elvin Əliyev deyir ki, təklif oluna yerlər onların tələblərinə uyğun deyil: “Mən gedib “Yaşıl bazaar”da ayaqqabı sata bilərəm, ya da “Keşlə” bazarında meyvə tərəvəz satılan yerdə bijüteriya? “Şərq” bazarında əsas yerlər dolub. Bizə təklif olunan yerlər bazarın künc-bucağıdır.”

Görünən odur ki, alıcıların yolu düşməyən bu bazarlara satıcılar da getmək istəmir. Nəticədə, işsizlər dəstəsinə yeni üzvlərqatılır.

Qeyd edək ki, satıcıların yeganə ümidi onların probleminin həlli ilə bağlı xüsusi sərəncam verməsidir.

Nərgiz Liftiyeva

(Fotolar müəllifindir)

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR