Bəhram Osmanovdan şok etiraf: “25 ildir bir xanımla yaşayıram” - FOTOLAR
Bizi izləyin

Digər

Bəhram Osmanovdan şok etiraf: “25 ildir bir xanımla yaşayıram” - FOTOLAR

Tanınmış rejissor Bəhram Osmanovu “Uşaqlıqdan reportaj”a bir qədər çəkinərək dəvət etdim. İlk baxışda sərt, zabitəli görünən rejissorun nədənsə müsahibədən imtina edəcəyini düşünürdüm. Çünki teatr adamları arasında olmuşdu bəzi tanınmışlar ki, bu layihənin qonağı olmağa razılıq verməmişdilər. Biri elə yazıçı-dramaturq Əli Əmirli. “Mən yalnız teatr barədə danışmağa razılıq verərəm”, -deyib həm “Könlüm keçir”, həm də “Uşaqlıqdan reportaj”dan imtina etmişdi. Özü bilən məsləhətdir, bizdən təklif etmək. Sözümün canı budur ki, zənnimdə yanılmışdım, Bəhram müəllim uşaqlıq xatirələrini həvəslə bölüşdü. Bilmirəm, bəlkə xətrimə dəymədi, ya nədənsə, hər halda, ürəyini boşaltdı. Mənsə ürəyimdə onu belə sərt insan kimi xarakterizə etdiyimə görə, özümü danladım. Amma əslində Bəhram Osmanov elə düşündüyüm kimi, ağayana kişilərdən idi. Hətta sevgi-məhəbbət məsələsinə gəlib çatanda, ondan nəyi, necə soruşacağım barədə yüz ölçüb, bir biçməli oldum.

Bir yerdə qərar tuta bilməyən gəncəli balası...

“Gəncədə doğulmuşam. Elə uşaqlığım da orda keçib. Sadə bir ailənin övladı olmuşam və elə sadə bir mühitdə də böyümüşəm. Teatrla maraqlandığım günə qədər çox yaxşı şagirdlərdən biri olmuşam, müəllimlərimin dediyinə görə, bizim dövrümüzdə çoxlu dərnəklər vardı və həmin dərnəklərdə olmaq boş vaxtlarımızı səmərəli keçirməyə imkan yaradırdı. Bu həm də bir əyləncə idi. Demək olar ki, bütün dərnəklərə gedirdim - rəssamlıqdan tutmuş teatra qədər. Amma heç bir dərnəyə də üç-dörd aydan çox gedə bilməmişəm. Heç özüm də bilmirəm niyə. İndi üstündən müəyyən illər keçəndən sonra tələbələrimə deyirdim ki, gərək mən filan dərnəkdə qalaydım”.

Cılız oğlanın teatr xəstəliyi

“Mən teatr aləmini kiməsə baxıb seçməmişəm. Gəncədə Alimlər evinin nəzdində bir xalq teatrı vardı. Gəncə teatrının aktyoru, Əməkdar artist Qurban Abbasov rəhbərlik edirdi o teatra. O dövrdə komsomolun xətti ilə tez-tez müsabiqələr keçirilirdi. Mən də bir təsadüf nəticəsində orda bir şeir söylədim və qaliblər sırasına düşdüm. Sonradan çox xahiş-minnətlə məni həmin Xalq Teatrına üzv götürdülər. Çünki teatrın üzvlərinin hamısı İnstitutda təhsil alan tələbələrdən ibarət idi. Çox cılız bir oğlan idim və bu əyləncə tədricən məndə teatr xəstəliyinə gətirib çıxardı. Yeddinci sinifdə oxuyanda məni Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən “Kişilər” adlı tamaşada məktəbli roluna dəvət etdilər. Bundan sonra mənim həmin teatra yolum açıldı. Mən teatrın repertuarında olan tamaşalarda uşaq rolları oynamağa başladım. Və böyüdükcə də bu rolları gənc oğlan rolları əvəzlədi”.

“Rejissor olmaq istəmirdim”

“Mən həmişə də aktyor olmaq istəmişəm, rejissor olmaq fikrində deyildim. Mənim orda oynamağım Gəncə Dövlət Teatrının pik dövrünə təsadüf edirdi - həm sənət, həm də ölkədə tanınmaq baxımından. Həmin teatrda çox böyük aktyorlar işləyirdi”.

“Öz boyumu onun boyu ilə ölçürdüm”

“(Maraqlıdır, Bəhram Osmanovun özünə kumir saydığı bir aktyor var idimi? ) Bir çox tamaşalarda Ələddin Abbasovla tərəf-müqabili olurdum. Yadımdadır ki, Ələddin müəllim teatra daxil olanda mən öz boyumu onun boyu ilə ölçürdüm. Görürdüm ki, ikimiz də eyni boydayıq. Amma qəribəydi ki, o səhnədə çox nəhəng görünürdü”.

“Buna icazə vermədilər”

“Mən anladım ki, bu sənətdə olmalıyam və içimdə bu ambisiya artıq var. Rejissura ilə məşğul olmaq qərarına gəldim. Əslində mən Azərbaycandan kənarda təhsil almaq arzusundaydım. İcazə vermədilər, buna görə də sənədlərimi İncəsənət Universitetinə verməli oldum. Bütün imtahanlardan keçsəm də məni müsabiqədən keçməyə qoymadılar. Doğrudan da qoymadılar ha! İkinci dəfə yenə də Azərbaycandan kənarda oxumaq üçün cəhd etdim, bu dəfə də icazə vermədilər. Təzədən İncəsənət institutuna sənəd verdim və qəbul olundum. Çox yaxşı müəllimlərim oldu”.

“Günahı boynuna almırdı, mən də...”

“Xatırlaya bilmirəm ki, maraqlı bir uşaqlığım ya gəncliyim olub. Nadinc uşaq olmamışam, amma orta məktəbdə başqalarının etdiyi günahı həmişə üzərimə götürmüşəm. İlk baxışdan sakit, amma əslində dəcəl şagird sayılmışam. Bunun da səbəbləri vardı. Məsələn, saatlarla iclaslar olurdu, hövsələsizlik edirdim ki, əgər insan səhv edibsə, bunu boynuna almalıdır”.

“Məhəbbətə görə özümü öldürən olmamışam”

“Məktəb vaxtı davalarım da olub. Amma məhəbbətə görə, özümü öldürən olmamışam. İnsanların çoxunun xoşladığı şeyləri içimdə saxlayırdım, büruzə vermirdim. Çox arıq oğlan idim, qızların diqqət mərkəzində olmuşam. Məncə, daha çox sərt baxışlarımla diqqət çəkirdim. Məktub-zad yazmağı sevməmişəm. Heç bilmirəm, ilk məhəbbətim olub, ya olmayıb, onu bilirəm ki, 25 ildir bir xanımla yaşayıram. Bəlkə də elə ilk sevgim o qadın olub. Təhsil aldığım institutda tanış olmuşuq. Mən onda dördüncü kursda oxuyurdum, onu gördüm. Tez bir vaxtda da evləndik. Hərbi xidmətdən qayıdandan sonra toyumuz oldu”.

Əsgərlə dava, 40 günlük həbs...

“Hərbi xidmətə gedəndə artıq yaşlıydım, 25 yaşım vardı. Şimali Qafqazın bütün yerlərində əsgərlikdə oldum, hər yerdən də məni qovdular ki, bu, xəstədir. Yoxlayırdılar, gözləyirdilər ki, ürəyimdə problem var, təzyiq-filan, axırda da gətirib atdılar məni Mahaçqalaya. Axırda da Bünyaqs şəhərinə getdim.

Əsgərlikdə davalarım da olurdu, döyürdüm də, döyülürdüm də. Çünki burda kimisə döyməliydim ki, özümü müdafiə edə bilim. Amma bu nifrətdən yaranmırdı. Mənə tapşırırdılar ki, tez bir zamanda kimisə öyrətməlisən, o da öyrənmirdi, məcbur olub döyürdüm. Sonra da bu, qubbaqla nəticələnirdi. 40 gündən çox həbsdə olurdum. O vaxt hərbi hissəyə Əfqanıstanı görmüş bir zabit gəlib komandir təyin olundu. Həmin zabit də Əfqanıstana göndərildi. Yeri gəlmişkən, mən əsgərlikdə olanda sovet ordusu Əfqanıstanda vuruşurdu. Həmin komandir də dünya görmüş bir adam idi, başa düşdü ki, mən yaşda olan adamı tutmaq, həbs etmək düzgün deyil. Hər halda mən institutu fərqlənmə diplomu ilə bitirmişdim, uğurlarım vardı, o, məni tez bir zamanda azad elədi, çıxıb gəldim evə. Əslində müddətim çoxdan bitmişdi, amma saxlamışdılar məni orda. Dediyim o səbəblər üzündən”.

“Yaşadığım həyatı yenidən yaşamaq istəməzdim”

“Uşaqlığıma yenidən dönmək istəməzdim. Bilmirəm necə izah edim, artıq kifayət edir, bir də o yaşadığım həyatı yenidən yaşamaq istəməzdim. (Çox cəhd etdik ki, bizə uşaqlıq sirlərini açsın, cavab belə oldu - C.S) İndi də sirrlərim var, özü də çox, sirlər dağarcığıdır mənim içim. Amma onları heç kimə açan deyiləm. Bircə onu bilirəm ki, uşaqlığım maraqlı olub. Başqaları üçün yox e, elə özüm üçün. Maraqlı o olub ki, həmyaşıdlarımla yox, özümdən qat-qat yaşlı adamlarla dostluqlarım olub. Elə indi də elədir, dostlarım azı məndən 15 yaş böyükdür. Bir-iki nəfəri çıxmaq şərti ilə, onlar da mənimlə uşaqlıqdan dostdurlar”.

“Müəllimimi məktəbdə gözətçi görəndə sarsıldım”

“Acı xatirələrim də var. Bizim orta məktəbdə bir coğrafiya müəllimimiz vardı, Əli müəllim, bizim dövrə görə, çox cazibədar kişi, ağayana adam idi. Sözün əsil mənasında kişi idi, müəllimlər, şagirdlər ondan çəkinirdilər. Uzun illərdən sonra mənim gəncəyə yolum düşdü və ürəyimdən keçdi ki, oxuduğum məktəbi görüm. Ürəyim istəyən insanları görmək arzusundaydım. İlk soruşduğum Əli müəllim oldu. Öyrəndim ki, Əli müəllim yaşlı olduğuna görə, məktəb direktoru onu işdən çıxarıb gözətçi kimi işə götürüb. Onda çox sarsıldım və deyim ki, əgər həyat budursa, mənə lazım deyil. Bu, əslində onun vecinə deyildi, mənə pis təsir etmişdi.

İnstitutda təhsil aldığım vaxtlarda sənətin ən dərin qatları ilə maraqlanan, nümunəvi bir tələbə olmuşam”.

İlk dəfə açılan sirr

“Müəllimlərimlə həddən çox yaxın ünsiyyətdə olan tələbəydim. Baxmayaraq ki, aramızda azı 30-40 yaş fərqimiz olurdu. İki il mənim kurs və diplom rəhbərim olan Nəsir Sadıqzadə ilə ailəvi dostluğumuz olub. Kafedra müdirimiz Mehdi Məmmədovla çox yaxın dostluğumuz olub, bunu heç kim bilməyib, amma mən bunu ilk dəfədir ki, sizə deyirəm. Nəsir müəllimlə dostluğumuzu bilirdilər, amma Mehdi müəllimlə yox. (Maraqlıdır görəsən, bu dostluğun qiymətlərə bir təsiri olurdumu-C.S) Qətiyyən, bizim dostluğun belə işlərə aidiyyatı olmurdu. Əksinə, bu dostluğun müəyyən mənada əziyyətləri olurdu. Məsələn, mən hamıdan fəal olmalıydım ki, həmin insanlar da mənimlə fəxr etsinlər. Elə belə də olurdu”.

“İndi bunu edə bilmərəm”

“İndi həmin günləri xatırlayanda heyrətə gəlirəm. Onda təhsil müddəti beş il idi. Bu beş il ərzində mən hər semestrdə bir bütöv tamaşa hazırlayırdım. Mənim tələbə kimi hazırladığım tamaşalar haqqında artıq “Azərbaycan gəncləri”, “Molodyoj Azərbaycan” qəzetlərində çox sanballı tənqidçilər - məsələn, Aydın Talıbzadə yazılar yazırdılar. İndi məəttəl qalıram ki, bütün bunları necə edə bilirdim, indi edə bilmərəm”.

“Atam seçimimin əleyhinə idi”

“Valideynlərim həkim olmağımı, hüquq mühafizə orqanlarında fəaliyyət göstərməyimi istəyirdilər. Onlar mənim teatr sahəsində çalışmağımı heç cürə istəmirdilər. Buna görə həmişə aramızda narazılıqlar olurdu. Hətta bu narazılıqlar uzun müddət davam edib. Xeyli vaxtdan sonra tamaşalarım ekranlara çıxanda, müzakirə olunanda, atam bir qədər mənimlə fəxr edə bildi. Yoxsa ki, hər vaxt mənim seçimimin əleyhinə olublar. O dövrün kişilərinin hamısı əslində mühafizəkar idilər. Elə mən özüm də bəlkə beləyəm”.

“Dedi ki, bu nə şalvardır geyinmisən”

“Bir çoxları bizim dövrümüzdə müxtəlif musiqi qruplarının fanatı olub. Mən də izləyirdim, amma onların fanatı deyildim. Uzun saçlarım vardı, çiynə asılan çantalar onda çox dəb idi, heç yerdə tapılmırdı da. Mən də sevirdim o çantaları və özümə də almışdım. Həmişə də cins şalvar geyinirdim. Özü də o vaxtın cinsləri çox baha qiymətə satılırdı. Yadımdadır ki, Gənc Tamaşaçılar Teatrının rəhbəri Aslan Aslanov sevmirdi belə geyimləri. Bir dəfə məni həyətdə, tələbələrin yanında gördü, dedi ki, bu nə şalvardır geyinmisən? Mən də ərklə qayıtdım ki, neyləyim, pulum yoxdur, ona görə təzəsini almıram. Çünki o bilmirdi cins ağarır, ağardıqca da daha dəbli sayılır. Sözümə inandı və soruşdu ki, təzə şalvar neçəyədir, dedim ki, 250 manat. Çıxardı pulu verdi”.

“Heyf, bu alınmadı”

“Səhər doqquzun yarısından gecə saat 12-yə qədər institutun sinif otaqlarında qalırdıq, qızlı-oğlanlı 15 nəfərdən ibarət heyətimiz vardı. İnstitutut içində növbəti bir teatr yarana bilərdi, amma baş tutmadı. O vaxtkı Komsomol Mərkəzi Komitənin yeni bir teatr yaratmaq istəyindən xəbər verirdi, amma bu, alınmadı”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm