Aktrisadan təəccübləndirən etiraf: “Məni yuxuda görüb aşiq olub” - FOTOLAR
Bizi izləyin

Digər

Aktrisadan təəccübləndirən etiraf: “Məni yuxuda görüb aşiq olub” - FOTOLAR

“Arıq, qarabuğdayı qız idim, ətrafımda çox sevənlərim vardı. O qədər “sevirəm” sözünü eşidirdim ki, artıq “sevirəm” sözünə nifrət edirdim...”

“Arıq, qarabuğdayı qız idim, ətrafımda çox sevənlərim vardı. O qədər “sevirəm” sözünü eşidirdim ki, artıq “sevirəm” sözünə nifrət edirdim...”

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Hicran Nəsirova keçmişi səhifələyir. Zaman keçsə də, illərin onu heç dəyişmədiyni deyir. Azərbaycan teatrında özünəməxsus rolları ilə seçilən, həm də sevilən aktrisa danışsın, biz də onun uşaqlıq sirlərindən xəbərdar olaq. Onu da deyim ki, kövrək aktrisamız danışdıqca qəhərlənir, göz yaşını məndən gizlətməyə çalışırdı. Xüsusən də fotolarına baxdıqca: “Bu şəkillər mənə çox əzizdir, mən tez-tez baxıram fotolarıma. İnan ki, bu şəkillərlə sanki yaşayıram. Dünyada uşaqlıq illərindən, xatirələrdən əziz nə ola bilər insana. Adam yaşa dolduqca uşaqlığına qayıtmaq istəyir axı. Kaş yenidən uşaq olaydım....”, -deyirdi

“Mənə görə onu cəzalandırdılar”

“İnsan heç dəyişmir, uşaqlıqda necəydisə, yaşa dolanda da elə həmin xasiyyətdə olur. İllər məni heç dəyişmədi, Cəvahir.Yadıma gəlir ki, orta məktəb illərində çox sakit, qapalı uşaq olmuşam. Amma məktəbdə çox fəal olmuşam, həm də məktəbin komsomol komitə katibi idim. Qəribədir, deyilmi?O vaxt qayda vardı ki, şagird 14 yaşında komsomola keçə bilər. Amma mən komsomola 13 yaşında keçdim. Bunun da səbəbi həddən artıq fəal olmağımla bağlı idi. Mənə komsomol biletini təqdim edəndə raykomun birinci katibi etiraz etdi. Amma çox fəal olduğum üçün siyahıdan adımı çıxarmadılar. Hətta buna görə, cəzalandırılanlar da oldu. Dedilər ki, bu qızın yaşı düşmədiyi halda niyə ona vəzifə vermisiniz.

“Tələbə olanda raykomdan məvacib alırdım”

Mən İncəsənət İnstitutuna qəbul olunanda da komsomol komitə katibi oldum və daşıdığım vəzifəyə görə, raykomdan məvacib aldım. Yadımdadır ki, uşaqlara görə, bir çox yuxarı instansiyalara ağız açmalı olurdum. Tələbələrin çoxunu xaricə istirahətə göndərirdim. Hərdən qızlar mənə deyirdilər ki, ağlın yoxdur, başqalarını xaricə göndərincə elə özün get dincəl də”.

“Atam razılıq vermədi”

“Uşaq vaxtı yaxşı səsim vardı, səsimi başıma atıb oxuyurdum. Müğənni olmaq istəyirdim, ölürdüm səhnəyə çıxmaqdan ötrü. Özü də ancaq Zeynəb Xanlarovanın mahnılarını oxuyurdum. Zeynəb xanımı da bütün dünya sevirdi onda, elə indi də... Amma bir təsadüf hər şeyi dəyişdi. Deməli, 1975-ci il idi, 10-cu sinifdə oxuyurdum. Onda da məktəb onillik idi. Sinfimizdə də 5 oğlan 25 qız vardı. Bir gün Kinostudiyadan Rafael adlı bir aktyor sinfimizə gəldi və hamımızı gözdən keçirib əlini mənə tuşlayıb soruşdu ki, sən aktrisa olmaq istəyirsən? O vaxta qədər mən hələ aktrisa olmaq barədə düşünməmişdim. Ya müəllimə, ya da həkim olmaq fikrində idim. Nə isə kişinin bu sualını eşidəndə çox sevindim, çünki kim aktrisa olmaq istəməzdi ki… Amma sevincim çox çəkmədi, dərhal da kədərləndim. Dedim ki, məni evdən qoymazlar. Getdilər evə, atamgillə danışdılar, amma razılıq verilmədi”.

“Xəlvəti qızlarla şəkil çəkdirib, ərizə yazıb...”

“Atam bəlkə də razılaşardı e, çünki məni çox istəyirdi. Amma anam qətiyyətlə bunun əleyhinə idi. Elə danışanda da atamın adından danışırdı. Heç kimə fikir vermədim, xəlvəti qızlarla şəkil çəkdirib, ərizə yazıb, Matveyev kurslarına getdik. Orda üç tur vardı, üçüncü kursdan keçə bilmədim. Buna görə çox ağladım. Həmin ərəfə idi ki, İncəsənət İnstitutuna sənəd qəbuluna cəmi bir gün qalmışdı. Tez-tələsik sənədlərimi toplayıb ora verdim və yüksək balla da aktyorluq fakultəsinə qəbul oldum. Hətta məni yüksək bal topladığıma görə, rejissorluq fakultəsinə keçirmək istəyirdilər. Amma razılıq vermədim. Adil İsgəndərovun kursunda oxumağa başladım”.

“Anam iki dəfə rektorun yanına gəlib demişdi ki, qızımı İnstiututdan xaric et”

“Qəbul olunandan sonra, qorxudan bilmirdim ki, bu xəbəri anama necə deyəcəyəm. Atam da onda rəhmətə getmişdi. Amma məcbur idim bu xəbəri deməyə. Anam bu xəbəri eşidəndə çox pis oldu və qəti şəkildə bildirdi ki, dərsə getməyəcəksən. Sentyabr oldu, anam məni dərsə buraxmadı. Kəsəsi, 3-cü kursa qədər dərsə ağlaya-ağlaya getmişəm. Evdə buna görə həmişə qanqaraçılıq olurdu, incidilirdim. Hətta anam iki dəfə rektorun yanına gəlib demişdi ki, qızımı İnstiututdan xaric edin. Amma onun sözünə məhəl qoymamışdılar. Anam əslində mənim gələcəyimdən qorxduğu üçün aktrisa olmağımı istəmirdi. Amma mən ona söz verdim ki, ana, mənim həm ailəm olacaq, həm də sənətim.

Uşaq vaxtı yemək bişirməyə çox həvəsli idim. Bir dəfə anam xəstəxanada yatanda fikirləşdim ki, yeməyi mən bişirim. Özü də xasiyyətim belə idi ki, hər işin çətinindən başlamağı sevirdim. Mən də yarpaq dolması bişirmək qərarına gəldim. Həyətdən üzüm yarpağı yığdım, əti çəkdim və nəhayət ki, yemək hazır oldu. Gördüm yemək dadlıdır, amma ət içində “düyürt-dyürt” qalıb. Anam dedi ki, qızım bəs yeməyin düyüsü vurulmayıb. İki gündən sonra yenə də dolma bişirdim, bu dəfə düyünü vurdum. Duz yadımdan çıxdı. Üçüncü dolma artıq əla alındı. Ailə quranda da ən çətinindən-ləvəngidən başladım”.

“Sevgisinə rədd cavabı verdim, çıxıb getdi Rusiyaya”

“Yeniyetmə vaxtlarımda arıq, qarabuğdayı qız idim, uzun saçlarım vardı. Yaşıdlarım arasında diqqət çəkirdim. Tərif kimi çıxmasım, istəyənlərim həddən artıq çox idi. Məktublar, şeirlər yazırdılar mənə. Onda da belə şeylər dəb idi axı. Təsəvvür edin, sevənlərim o qədər çox idi ki, “sevirəm” sözünə nifrət edirdim. Hətta ailə qurandan sonra həyat yoldaşıma deyirdim ki, bir vaxtlar “sevirəm” sözünə nifrət edən mən, indi “sevirəm” sözünü gözləyirəm. Çünki həyat yoldaşım bu sözü söyləməkdən heç xoşlanmazdı. Ağır təbiətli oğlan idi, həm də sevgisi içində olan adam idi.

Deyim ki, o vaxtlar mənə görə Azərbaycanı tərk edib gedən oğlanlar olub. Bir oğlanın sevgisinə rədd cavabı vermişdim, çıxıb gedib Rusiyaya. Bilmirəm indi bunu danışmaq nə dərəcədə düzgündür, hətta mən 2000-ci ildə Rusiyada ağır xəstə yatdığım vaxtlarda o qəfildən mənə zəng etdi, dəstəyini təklif etdi. Onun da ailəsi, övladları vardı, mənim də. Bunu bildiyi üçün o mənə bir qardaş kimi təklif etdiyini bildirdi, mən razılaşmadım. Ola bilsin o məni ekranda görmüşdü, amma o vaxtdan bir-birimizlə görüşməmişik. (Maraqlıdır, görəsən, Hicran xanım ona ərə getmədiyi üçün peşman deyil ki?-C.S )Yox, ona ərə getmədiyim üçün peşman deyiləm”.

“Bir həftəyə elçisini göndərdi”

“Sevmək deyəndə ki, mən həyat yoldaşımı bəyənib getmişəm. Tanışlığımızın maraqlı tarixçəsi olub. O vaxt raykomda işləyirdim. Bayaq dedim axı, institutda oxuyanda mən azad Komsomal katibi vəzifəsini daşıyırdım, məvacibimi ordan alırdım. Raykom katibinini tapşırığı ilə bir tədbir təşkil etdim. Orda aparıcılıq da mənə həvalə olundu. Tədbirdə məni görüb bəyənən bir oğlan başladı arxamca düşməyə. Fikir vermədim. Səhəri gün qarşımı kəsib qolumdan tutdu və mənə bir kəlmə söz dedi: “Səninlə evlənmək istəyirəm”. Mən qolumu çəkib, qayıtdım ki, səni tanımıram. Dedi ki, onsuz da heç kimi bir-iki aya tanımaq olmur. Bir həftəyə elçisini göndərdi. Sən demə, anası da bizim İnstitutuda dərs deyirmiş. İki aya da toyumuz oldu, düz 30 il bir yerdə yaşadıq. Keçən il rəhmətə getdi. Sən demə, o mənimlə rastlaşmamışdan qabaq məni yuxuda görübmüş. Bunun hamısı bir qismətmiş”.

“Məni yuxuda görüb, həyatda sevmişdi”

“Alın yazısıdır e. Mən yuxulara çox inanıram, yuxular mənim taleyimə də təsir edib. Qoy, bir hadisəni danışım, özün şahidi ol. Həyat yoldaşım mənimlə evlənməzdən əvvəl yuxuda görüb ki, pirə gəlib, mən də anamla birgə Nardaran pirindən çıxıram, başımda da çarşab. Bu yuxunu təsadüfən görüb. Eynən həyatda olduğu kimi mənim yuxuda qolumdan tutub, mənsə ona sonra deyib getmişəm. Yuxusu çin çıxmışdı. Bütün bunları o mənə toy günümüzdə danışdı. Bu da necə olub? Deməli,biz söhbət eləyəndə qəfildən üzümə baxıb, həmin yuxusu yadına düşüb. Həm də “Evləri köndələn yar” tamaşasında da aktrisa olaraq onun xoşuna gəlmişəm. Sonralar mənə danışırdı ki, tamaşaya baxandan sonra anasına deyib ki, bax, belə bir qızla ailə qurmaq istərdim. O vaxtlar da “Evləri köndələn yar” tamaşası yeni efirə çıxmışdı, çox baxılırdı. Məni dediyim o tədbirdə görəndə heç bilməyib ki, mən həmin qızam. Sonradan bilib. Mən bütün bu hadisələri taleyin qisməti sayıram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm