• USD 1,7025 0,00% EUR 1,8495 -0,38%
    • GBP 2,1978 +0,31% RUB 0,0299 0,00%

Elxan Süleymanov ABŞ rəsmilərinə müraciət etdi

  • Digər
  • 27 Mart 2014 11:18
  • 947 Baxış
Elxan Süleymanov ABŞ rəsmilərinə müraciət etdi

Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Millət vəkili Elxan Süleymanov ABŞ-ın vitse-prezidenti Co Baydenə və Nümayəndələr Palatasının spikeri Con Boehnerə müraciət ünvanlayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından Publika.Az-a verilən məlumata görə, müraciətin surəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysa, Avropa, Avrasiya və Yaranan Təhdidlərə dair Alt Komitənin sədri Dana Rorabaxerə və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstara göndərilib.

E.Süleymanov müraciətində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirib.Millət vəkili eyni zamanda Ukrayna böhranı ilə bağlı baş verən hadisələri yaxından izlədikcə ABŞ-ın Avrasiya ərazisindəki ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı qeyri-qanuni hücumlarla bağlı rəftarında güclü uyğunsuzluqların şahidi olduğunu diqqətə çatdırır.

O, Prezident Barak Obamanın, ABŞ Konqresinin, ABŞ-ın digər aparıcı siyasi xadimlərinin Ukrayna ilə bağlı beynəlxalq qanunların pozulmasını fəal şəkildə pisləməsi, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi fonunda ABŞ Konqresinin Azərbaycanın ərazi bütövlüyünə analoji dəstək verməməsinin nə ilə izah edilə biləcəyini soruşur.

Müraciətdə deyilir ki, qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir: "Azərbaycan ərazisinin təxminən 1/5 hissəsi 24 ildir ki, Ermənistanın işğalı altındadır, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarətdə saxlayır və orada istədiklərini edir. İşğal nəticəsində Azərbaycanın bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün düşüb, yüz minlərlə insan isə zərər çəkib. BMT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr, eləcə də ABŞ, ATƏT, Aİ və Avropa Şurası bir sıra mətnlər qəbul edib. Bəs hanı Ermənistana qarşı sanksiyalar".E.Süleymanov xatırladıb ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və Ukrayna böhranı qədər diqqətə layiqdir.

Millət vəkili Ermənistanın işğalının gələcəkdə daha ağır nəticələrinin ola biləcəyini vurğulayaraq, Ermənistan təcavüzünün nəticəsi olaraq blokadaya görə 410 min Naxçıvan əhalisinin, Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf 6 rayonun 450 min nəfər sakininin və 20 ildən artıq müddətdə davam edən hərbi işğal səbəbi ilə 1 milyona qədər azərbaycanlının, ümumilikdə 1.850.000 nəfər Azərbaycan vətəndaşının bütün insan hüquqlarından məhrum olmaqla öz ölkəsində mürəkkəb sosial-iqtisadi şəraitdə yaşadığını diqqətə çatdırır.

Bununla da E.Süleymanov hazırda 1.850.000-dən artıq azərbaycanlının insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına baxmayaraq dünya ictimaiyyəti tərəfindən bu məsələyə biganəlik nümayiş etdirilməsini ön plana çəkir.Millət vəkili qeyd edilənlər kontekstində ABŞ və Aİ-nin Azərbaycana qarşı təhlükəli ikili standartlardan çıxış etdiyinin şahidi olduğumuzu vurğulayır.

Müraciətdə Azərbaycanın güclü, tolerant və demokratik dövlət olması, bu səbəbdən də hansı amillərə görə ona qarşı etinasızlıq nümayiş etdirilməsinin və Ukrayna ilə müqayisədə daha az vacib hesab edilməsinin səbəbləri soruşulur. Millət vəkili həmçinin ABŞ Konqresindən Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi Azərbaycana da eyni dəstəyin göstərilməsini, öz dəyərlərinə sadiq qalaraq problemli 907-ci maddəni çıxarmaq üçün səy göstərməyi və BMT TŞ-nin qəbul etdiyi qətnamələrə riayət edilməsini tələb edir.

E.Süleymanov müraciətinin sonunda ABŞ rəsmilərini ikili standartlara, riyakarlığa və ayrıseçkiliyə son qoymağa, dünyanın hər yerində ərazi bütövlüyü prinsipinə riayət etməklə, BMT-nin və ABŞ-ın özəyini təşkil edən dəyərlərə hörmət etməyə, Azərbaycana da Ukrayna ilə eyni səviyyədə dəstək nümayiş etdirməyə və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bütün səviyyəli tədbirlərdə Azərbaycan torpaqlarının işğalı məsələsinin də müzakirə olunması barədə qərar verməyə, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR