Xalq artisti: "Onun yoxluğunun ağrısını içimdə yaşayıram"
Bizi izləyin

Digər

Xalq artisti: "Onun yoxluğunun ağrısını içimdə yaşayıram"

Publik.Az-ın “Ev havası” layihəsinin növbəti qonağı Xalq artisti Yasin Qarayevdir.

- Yasin müəllim təzə ildə özünüzü necə hiss edirsiniz. Köhnə ili necə başa vurdunuz?

- Hələki ilin əvvəlidir, bir narahatçılıq yoxdur. Köhnə il pis olmadı mənim üçün. Adətən deyirlər 13 nəhs rəqəmdir. Amma mənim üçün elə olmadı. 2013- cü ilin sonlarında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası məni filmə dəvət etdi. Bilirsiniz ki, çoxdan idi filmə çəkilmirdim. Ümumiyyətlə, filmlərə az çəkilmişəm. Mənim meylim daha çox televiziya tamaşalarına, teatra olub.

- Xarici Dillər Universitetində 3 il oxuyandan sonra niyə aktyor olmaq qərarını verdiniz?

- Sözün açığı mənim uşaqlıqda heç vaxt aktyor olmaq kimi bir fikrim, arzum olmayıb. O vaxt xalq teatrları vardı ki, bizim indiki dövlət teatrlarından güclü idi. Məsələn, hamımızın tanıdığı məşhur aktyorların demək olar ki, hamısı Lütfi Məmmədbəyovun o vaxtkı “26-lar” mədəniyyət sarayında yaratdığı xalq teatrında yetişiblər. Mənim də marağım vardı, xalq teatrlarına gedirdim. O vaxt Xarici dillər universitetinin tərkibində də xalq teatrı vardı. Bir qrammatika müəllimimiz vardı, Eldar Sadıqov. Onu İncəsənət İnsitutuna qəbul etmişdilər. Məndəki həvəsi, istedadı görüb dedi ki, “gəl bir səni yoxlayaq”. Getdim İncəsənət İnsitutunu, o sənətkarları gördüm, fikrim dəyişdi və Xarici Dillər Universiteti ilə vidalaşdım.

- Deyəsən sizi aktyorluğa bir az da şöhrət sevginiz çəkib.

- Yəqin ki. O vaxt gənc qızlar aktyorlara vurulurdu, məktublar yazırdılar. Bir az da bu məni həvəsləndirmişdi (gülür).

- İndi xalq teatrları demək olar ki, yoxdur. Necə düşünürsünüz xalq teatrlarına ehtiyac varmı?

- Mən belə hesab edirəm ki, paytaxtda xalq teatrlarına böyük ehtiyac var. Bu gün ümid verən gənclər çoxdur. Məsələn, bizim teatrda istedadlı gənclər var. Aktyor gəlib bir tamaşada uğur qazana bilər, amma onun peşəkar olması üçün uzun illər lazımdır . Bu baxımdan xalq teatrlarının olması vacibdir. Aktyor xalq teatrında bişdikdən sonra dövlət teatrlarına ayaq açmalıdır. Amma rayonlarda hələ də fəaliyyət göstərənlər var. O vaxtlar Bakıda “Azərnəşr” in tərkibində Ağadadaş Qurbanovun yaratdığı “Damla” satirik xalq teatrı vardı. Orda çox dəyərli aktyorlar çalışırdı.

- Aktyor üçün rolun böyük, kiçiyi varmı?

- Bu barədə balaca bir xatirə danışım. Bir dəfə bir tədbirdə aparıcı demişdi, Stanslavski deyib ki, “rolun böyük kiçiyi yoxdur, aktyorun böyük kiçiyi var”. Həsənağa Turabov da möhkəm “vurmuşdu”. Ayağa qalxıb dedi ki, qələt eliyib Stanslavski. Rolun da böyüyü kiçiyi var, aktyorun da. Amma mənim üçün o qədər də fərq etmir. Qafar Həqqi vardı, filmlərdə epizodik rollara çəkilirdi. “O olmasın, bu olsun”da bazar səhnəsində kişmiş satanı oynayırdı. Amma görün necə yadda qalıb. Hətta Qafar deyirdi ki, o səhnəni çəkəndə çox əziyyət çəkdik. Mən keçinin qulağından tutanda keçi mələməliydi, amma mələmirdi. Rəhmətlik deyirdi on dəfə Möhsün mənə şillə vurdu, keçi mələmədi ki, mələmədi. Axırda məcbur olub barmağımın arasına balaca iynə gizlətdim keçinin qulağını tutanda batırdım ondan sonra mələdi (gülürük).

- Tamaşaçı sizi ilk dəfə “Tamahkar” tamaşasındakı Qulu obrazı ilə tanıyıb, sevib. Amma ən çox sevilən obrazlarınızdan biri də İsi Məlikzadənin “Gəl qohum olaq” tamaşasındakı Qarakişidir.Bu əsərin yazılmasının, deyəsən bir tarixçəsi var?

- 1978- ci ildə İsi Məlikzadə o əsəri mənə yazıb. Çünki mənim ana tərəfim Ağcəbədili idi. O vaxt Ağakişi Kazımov əsəri səhnəyə qoymadı. O, da bilirsiniz ki, Ağcəbədili idi. Əsərdə belə bir səhnə var ki, Ədalət Qarakişidən adını soruşur. Deyir, Qarakişi. Ədalət də qayıdıb deyir ki, “yox bir qarakeçi”. Ağakişi bunu özünə götürdü, dedi İsi mənə sataşıb. Qoymadı bu tamaşanı səhnəyə. O vaxt bu tamaşanı Gəncə teatrı, Şəmkir teatrı oynadı. 1982- ci ildə Ağdam Teatrı səhnəyə qoydu. Qarakişini də rəhmətlik Tofiq Qarayev oynadı, çox gözəl oynadı, o obrazın möhürünü vurdu. Ondan sonra mən oynadım. Film isə mənim təşəbbüsüm ilə çəkildi. Film çəkiləndə Məhərrəm Qədrizadəyə dedim ki, İsi vəsiyyət edib, gəl bu filmi çəkək. Onda Minayəni oynayan aktrisa İlahə qızıllarını lombarda qoyub pul götürdü. Bizə kömək etdi, biz o filmi çəkdik. Qarakişi obrazına kimin çəkilməsini fikirləşəndən sonra Rəfaelin üzərində dayandım. 3 ay Rəfaelnən məşq elədim. Mən deyən alınmadı, amma Rəfael də pis oynamadı.

- Yasin müəllim teatrlar əvvəlki şöhrətini itiribmi?

- Mən elə deməzdim ki, teatrlar şöhrətini itirib. Əgər itirmiş kimi görünürsə onun da səbəbləri var. Bir böyük səbəb bizim müharibə şəraitində yaşamağımızdır. Tarixdə hər zaman belə olub. Hansı ölkədə müharibə gedibsə, orda teatrın tənəzzül dövrü başlayıb. Mən əminəm ki, bu xaos tezliklə aradan qalxacaq. İkinci səbəb üzdə olan, teatrın qaymaqlarının bir-birinin ardınca dünyasını dəyişməsi oldu. Bir yarpaq tökümü başladı teatrda. Bu boşluqlar kinostudioya da gəlib çıxdı.

- Sizin Azər Mirzəyevin və mərhum sənətkarımız Gülşən Qurbanovanın yaratdığı üçlük vardı. Bu gün demək olar ki, Yasin Qarayev səhnədə tək qalıb.

- Gülşən dünyasını dəyişdi, Azərin də səhhəti ürəkaçan deyil, səhnəyə çıxmır. Bəli mən bu gün səhnədə tək qalmışam. Əlbəttə, o boşluq çox hiss olunur. Sözlə ifadə edə bilmirəm. Onun yoxluğunun ağrısını içimdə yaşayıram (gözləri dolur).

- Bir az bu dostluğun tarixçəsindən danışaq?

- 40 il bundan əvvəl 1974- cü ildə Azər Gülşən və mən sənətə bir yerdə gəldik. Azərlə Gülşən bir kursda oxuyurdular. Onların İnsitutda “Dördüncü” adlı bir tamaşaları vardı, kurs işləri idi. Onda məni dəvət etdilər ki, gəlim onların tamaşalarında oynayım. Elə dostluğumuzun ilkin təməli o tamaşadan sonra qoyuldu. Ondan sonra davamlı olaraq bütün tamaşalarda tərəf müqabili olduq, səfərlərə getdik və sanki bir-birimizə kökləndik. Həyatda da çox yaxşı dost olmuşuq. Gülşənin damarlarında aktyor qanı axırdı. Onun atası görkəmli sənətkarımız Ağadadaş Qurbanov bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrının əsasını qoyanlardan olub. Gülşən də demək olar ki, teatrda böyüyüb. İndi səhnəyə çıxıram, tərəf müqabillərim istedadlıdırlar, amma onlardan aldığım enerjini bu aktyorlardan ala bilmirəm. Biz bir-birimizi bir baxışımızdan hiss edirdik. Gülşən gözünü qırpırdı mən bilirdim ki, nə deyir.

- Bu gün aktyor kimi sizi nələr narahat edir?

- Teatrlarda maaşın azlığı danılmaz faktdır. Amma əsas problem yaşlı aktyorların teatr səhnələrindən uzaqlaşdırılmasıdır. Bu məni çox narahat edir. Avropada aktyoru 90 yaşında da arabada səhnəyə çıxardırlar, elə ordaca ölür. Sabah deyək ki, tamaşalarda nənə obrazı oynanılmalıdır. Bizdə Günel adlı 20 yaşlı aktrisa var, çox isterdadlıdır. Amma Günel nənə oynaya bilməz axı. Nənəni gərək Lətifə Əlieya oynasın, amma Lətifəni işdən çıxardıblar. Xalq artisti Tariyel Qasımovu çıxardıblar. Sabah baba rolunu kimə verəcəklər? Vüsal Mehrəliyevə? Aktyoru səhnədən ayırmaq günahdır. Aktyor gərək səhnədə ölsün. Onsuz da səhnədən ayrılan kimi qüssədən ölürlər.

- Tamaşaçı kimi özünüzə baxanda necə qiymət verirsiniz?

- Zəndey- zəhləm gedir özümdən. And olsun Allaha.

- Niyə hansı qüsurları görürsünüz ki?

- Heç yaxşı bir şey görürəm ki? Bəzi jurnalistlər sual verirlər ki, “həyata bir də gəlsəniz aktyor olarsınızmı?”. Necə olaram deyə bilərəm axı?. Atasına lənət bir də aktyor olanın. Bu qədər əziyyətlər görmüşəm ki, bu yolda növbəti həyatımda bir də bunları yaşamağı istəmərəm.

- Səfərlər zamanı maraqlı əhvalatlar yaşamamış olmazsınız. Ən maraqlısını oxucularımız üçün paylaşa bilərsinizmi?

- Bir dəfə Gülşən, Azər və mən rayonların birində tamaşa göstərməyə getmişdik. Məktəbdən uşaqlar gəlirdilər. Azər qapının ağzında durub dedi ki, aranızda Azər adında olanlar varsa irəli dursunular. Bir- iki nəfər Azər adlı uşaq çıxdı, sonra dedi Gülşənlər irəli dursun. Bir -iki nəfər də Gülşən çıxdı. Sonra dedi Yasin var. Heç kimdən səs çıxmadı. Azər dedi Azərlər və Glüşənlər pulsuz keçsin içəri. Hər dəfə bu belə təkrar olurdu. Dördüncü günü idi. Gəldim uşaqları çağırdım, dedim pulsuz keçmək istəyirsinizsə, Azər soruşanda adınızın Yasin olduğunu deyin. Dörd nəfər Yasin hazırladım. Bir -iki Azər, bir Gülşən çıxdı. “Yasin var?” deyəndə, dörd nəfər Yasin irəli durdu. Azər məni çağırdı, dedi gözün aydın, Yasin, görülməmiş şey bir kənddən dörd Yasin çıxdı. Dedim, “bəs bilmirsən bu gün cüməaxşamıdır də”.

- Teatrlarda ssenari qıtlığı da var sanki?

- Hər teatr mütləq klassiklərə müraciət etməlidir. Amma ucdan tutma, il boyu müasir tamaşaçıya klassik əsər təqdim etmək olmaz. Bizim keçmiş baş rejissorumuz Cənnət Səlimova bunu bayraq kimi əlində tutumuşdu. Nə qədər “İblis”, “Şeyx Sənan” olar. Hüseyn Cavid böyükdür qəbul edirəm. Amma Cavidi oxuyanda mənim ağzım ağrıyır. O əsər səhnə üçün deyil.

- Cənnət Səlimovadan bir çox aktyorlar narazılıq edirdilər. Səbəb nə idi?

- Cənnət Səlimova 3 il baş rejissor oldu, 3 il mənə rol vermədi. O Azərbaycan teatrına düşmən kəsilmiş bir insandır. Ümumiyyətlə, səhnəyə qoyduğu heç bir əsər uğurlu deyildi. “Aydın”ı səhnələşdirdi tamaşada, Aydını əyyaş, biqeyrət, Gültəkini də fahişə kimi qələmə verdi. Baxan da deyir, elə Azərbaycan qadını, kişisi budur.

- Cəfər Cabbarlı o əsəri elə yazıb?

- Xeyr, sadəcə Cənnət o hissələri daha qabarıq verib. Yozumunu pis verib. Bu qadının içində bizim millətə qarşı xılt var.

- Cənnət xanım getdi, əvəzinə Bəhram Osmanov gəldi. Onunla necədir münasibətlər?

- Bəhram istedadlı rejissordur. Ona bala Adil deyirlər. Amma gələndən hələki qeyri-adi bir şey etməyib. Sonuncu tamaşası Əli Əmirlinin “Hasarın o üzü” oldu.

- Xoşunuza gəlmədi tamaşa?

- Bizim teatrın 90 aktyoru var. 90 aktyoru olan teatrın baş rejissoru başqa teatrdan aktyor çağırmamalıdır. O obrazları oynaya biləcək beş aktyor adı çəkdim, direktora da dedim, hətta. O tamaşada Həmidə niyə oynamalı idi? Həmidə teatr aktrisasıdır? Oynaya da bilmədi. Həmidə çox gözəl film aktrisasıdır. Nürəddin Mehdixanlı rolu dartıb getdi, Həmidə elə hasarın o üzündə qaldı, bu tərəfə keçə bilmədi, gücü çatmadı.

Yasin müəllimin ömür-gün yoldaşı Şəmsiyyə xanım uzun illər dövlət televiziyasında çox sevilən diktorlardan olub. Yasin müəllimə Şəmsiyyə xanımla bağlı sual verəndə gözləri gülürdü. Sevgi etirafını necə etdiyini soruşanda, dedi ki, “vallah xatırlamıram amma onu bilirəm ki, ondan hə cavabı almaq üçün min hoqqadan çıxmışam”.

- Şəmsiyyə xanımla necə tanış olmusunuz?

- Şəmsiyyə bizim qonşumuz idi. O vaxt mən “Damla” xalq teatrında oynayanda dəvətnamələr gətirirdim. Bir neçə dəfə Şəmsiyyə də tamaşalara gəldi. Bir-birimizi bəyəndik. O vaxt indiki kimi sərbəstlik yox idi. Ailələr arasında iş rəsmiləşməmiş qız oğlanla görüşüb əl-ələ gəzə bilməzdi. Bizim tərəflərdə belə hal olanda, tində oğlanı bıçaqlayırdılar. Biz nişanlananda onun 17 yaşı vardı. Yaşı nigaha çatmırdı deyə, iki il gözləməli olduq. İki ildən sonra ailə qurduq. Çox çətin günlərimiz olub. Təzə ailə quranda evimiz yox idi. Uzun müddət kirayələrdə qalmışıq. O vaxt aldığım maaşla dolanmaq çox çətin idi. 1978- ci ildə aktyorlara ev veriləndə, mənə də verdilər. Hətta evin orderini yoldaşıma göstərdim, ağladı. Dedi ki, məni ələ salırsan?. Birlikdə çox çətinliklərin öhdəsindən gəlmişik. Bu gün böyük oğlumun 40 yaşı var. Mənə elə gəlir ki, bu çox yaxşı göstəricidir. 42 ildir evliyik.

- Aktyor olandan sonra sizə aşiq olan, məktub yazan qızlar oldumu?

- O qədər olub ki... Rəhmətlik Gülşən, Azər və mən bir dəfə Sabirabada qastrola getmişdik. Qızılgülün vaxtı idi. Mesxeti türklərinin yaşadığı Əhmədabad kəndinə getmişdik. Əhməd də kolxozun sədri idi, həm də məşhur güləşçi idi. O güləşçinin bacısı qızı mənə vurulmuşdu. Kənddən qayıdanda bir maşın gül gətirmişdik. Güllərdən birinin yarpağına sevgi məktubu yazmışdılar. Bir dəfə də gələn məktubların birinin içində kənarı muncuqla tikmə qırmızı ipək yaylıq göndərmişdilər mənə. Son vaxtlara qədər o yaylığı saxlayırdım.

- Onda subay idiniz?

- Yox ailə qurmuşdum artıq.

- Şəmsiyyə xanım o yaylığı, məktubları görəndə necə reaksiya verirdi?

- Reallıqla barışırdı (gülür).

- Bu gün yaşlı aktyorları filmlərə çəkmək istəmirlər. Hətta bu günlərdə Xalq artisti Rasim Balayev şikayətlənirdi bundan. Niyə rejissorlar sizlərlə işləmək istəmir?

- Birinci səbəb maliyyə ilə bağlıdır. Bu gün film çəkənlər həvəskar bir gənci çağırıb beş-on manat verib, filmini çəkir. Gənc üçün o pul çoxdur, həm də şöhrətə şirnikir. Axı Rasim Balayev o qiymətə filmə çəkilməz. Eləcə də mən. Ucuzu qoyub bahaya qaçmazlar, axı.

- Seriallara baxırsınız?

- Nəinki seriallara, heç yerli kanallara baxmıram. Əsəbləşirəm baxanda. Danışıq deyilən bir şey qalmayıb. Bir az AzTV- də qalıb. Aparıcılar nə danışır, nədən danışır adam anlaya bilmir. Elə bil toka qoşublar. Əllərini- qollarını ölçərək xəbər verirlər. Ümumiyyətlə, aparıcı deyilən şəxs informasiya verməlidir. Sənin nə ixtiyarın var ki, verdiyin xəbərə şərh verəsən, fikir bildirəsən.

- Bu gün bu cəmiyyətdə sizi nə əsəbləşdirir?

- Yalan, səmimiyyətsizlik məni çox əsəbləşdirir. Bir dəfə qazımız xarab olmuşdu. Ədalət adlı aktyor dostumuzun yardımı ilə iranlı bir usta tapdıq. İşini bitirəndən sonra apardım bunu yeməyə. Araq almağa gedirdim, dedi eləsin al ki, üstündə “vodka” sözü yazılmasın. Mən də elə etdim. İranlı arağı stəkanla içirdi. Axırda dedim qardaş içirsən bu öz işindi, amma bir şey maraqlıdı. Niyə dedin ki, arağın üstündə “vodka” sözü olmasın. Dedi “baba mən İranda əlimi “Quran”a basmışam ki, Şürəvidə əraq içməyəcəm”. Allaha fırıldaq gəlirlər. Belə şeylərə çox əsəbləşirəm.

- Teatr sizə maddi və mənəvi nə qazandırıb?

- Mənəvi qazancım odur ki, bu gün sizin yadınıza düşürəm. Maddi qazancım odur ki, bu gün dövlət mənə fəxri ad verib, ayda 500 manat mükafat alıram. Verməsələr, nə edəcəm.

Günel Musa

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm