“Öldüyünü görəndən sonra onu yaxınlıqdakı gölməçəyə atdıq”
Bizi izləyin

Digər

“Öldüyünü görəndən sonra onu yaxınlıqdakı gölməçəyə atdıq”

Mehman Qurbanov tanışı olan azyaşlı Orxan Xəlilzadəni aldatma, vədlər vermə, hədə qorxu vasitəsi ilə аğır və xüsusilə ağır cinayət törətmək üçün cinayətkar fəaliyyətə cəlb edib. Mehman Orxanla birlikdə 11 iyul 2012-ci ildə, saat 16:00-da Gəncə şəhəri dəmiryolu vağzalının qarşısında “VAZ 21011” markalı avtomaşını ilə taksi xidməti göstərən sürücü Oqtay Abdullayevdən onları Yevlax rayonunun Varvara kəndinə aparmasını xahiş edib.

Onlar saat 18:20 radələrində həmin kənd yolunda yerləşən qəbiristanlığın yanına çatıblar. Orada Mehman Oqtay Abdullayevin xeyli miqdarda əmlakını ələ keçirmək niyyətinə düşüb. Mehman Qurbanov sürücünün boğazından yapışıb boğaraq, avtomaşını saxlamasını tələb edib. Maşın dayandıqdan sonra Mehmanın göstərişi ilə Orxan avtomaşının açarını götürüb.

Mehman Qurbanov avtomaşından götürərək silah qismində istifadə etdiyi “vintaçan” ilə Oqtay Abdullayevə hücum edib və avtomaşının sükanı arxasından çıxarıb. O, Orxan Xəlilzadə ilə birlikdə yumruq və təpiklə sürücünün bədəninin müxtəlif nahiyələrinə vurublar. Onlar sonra sürücünün 60 manat pulunu, 20 manat dəyərində “Nokia” markalı mobil telefonunu, 5 manat dəyərində “sim” nömrə kartını, 1.350 manat dəyərində olan “VAZ 21011” markalı avtomaşının ələ keçiriblər.

Bundan sonra, Mehman Qurbanov Orxanla birlikdə həmin ilin iyul ayının 14-də, saat 13:15-də Yevlax şəhərində İnqilab Mirzəyevin taksi kimi istifadə etdiyi “VAZ-210700” markalı avtomobilinə əyləşiblər. Onlar taksi sürücüsündən Yevlax rayonunun Varvara kəndinə sürməsini xahiş ediblər. Onlar kənd qəbiristanlığının yanında taksi sürücüsünə basqın ediblər. Orda Mehman Qurbanov “cibində, avtomaşınında nəyin varsa ver” tələbi ilə İnqilab Mirzəyevin yaxasından dartaraq avtomaşının sükanı arxasından yerə salıb. Mehman taksi sürücüsünü daşla başından vuraraq yerə yıxıb. O, daha sonra Orxanla birlikdə İnqilabın bədənini müxtəlif nahiyələrindən vurublar. Onlar huşunu itirmiş İnqilab Mirzəyevi ölmüş güman edərək yaxınlıqdakı gölməçəyə atıblar. Daha sonra cinayətkarlar İnqilab Mirzəyevin mobil telefonunu, pulunu və avtomobilini götürərək hadisə yerindən qaçıblar.

6 maddə ilə ittiham olunan cinayətkarlar

Publika.Az-ın araşdırmasına görə, bu əməlləri ilə Mehman Qurbanov və Orxan Xəlilzadə Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham olunublar. Cinayət işinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada baxılıb.

“Avtomobilini oğurlamağı təklif etdim”

Məhkəmədə ifadə verən Mehman Qurbanov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, bildirib ki, Orxanla təxminən 2012-ci ilin iyul ayında tanış olub və bundan sonra aralarında dostluq münasibəti yaranıb: “İyulun 11-də, saat 11:00-da Yevlax şəhərində Orxanla görüşdüm. Ona Gəncə şəhərində işləmək üçün iş yeri olduğunu bildirdim və oraya getməyi təklif etdim. Birlikdə Gəncə şəhərinə getdik. Gəncə şəhərində işimiz alınmadı və Yevlaxa qayıtmaq üçün həmin gün təxminən saat 17:00-da Gəncə şəhəri dəmiryol vağzalına gəldik. Yol pulumuz olmadığına görə, Orxana bir taksiyə oturub Yevlax rayonunun Varvara kəndinə getməyi, orada sürücünün üstündə nəyi varsa alaraq, daha sonra avtomobilini oğurlamağı təklif etdim. Orxan da təklifim ilə razılaşdı. Bundan sonra dəmiryol vağzalına gəldik. Vağzal ərazisində olduğumuz vaxt əvvəldən tanıdığım Oqtay adlı taksi sürücüsünü gördüm. Orxana Oqtayı göstərərək Varvara kəndinə aparması barədə onunla razılaşmasını söylədim. Özüm isə oradan bir qədər uzaqlaşaraq gözləməyə başladım”.

“Mənim fırıldaqçı olduğumu dedi və avtomobilindən düşməyimi tələb etdi”

Mehman Qurbanovun sözlərinə görə, bir qədər sonra Orxan Oqtayın idarə etdiyi avtomobillə gəlib: “Onlar maşında mən olan yerdə dayandılar. Həmin avtomobilin arxa oturacağına oturdum və yola davam etdik. Gəncə şəhərindən çıxanda Oqtay avtomobilə yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə sürdü. Yanacaq doldurma məntəqəsində olduğumuz vaxt Oqtay məni gördü və tanıdı. Həmin vaxt Oqtay mənim fırıldaqçı olduğumu dedi və dərhal avtomobilindən düşməyimi tələb etdi. Bu zaman Orxan Oqtaya uşağının xəstə olduğunu və bizi yolda qoymamasını ondan xahiş etdi. Bundan sonra yola davam etdik. Axşam tərəfi Varvara kəndi ərazisinə gəldik. Kənddən keçəndən sonra hər tərəfi qamışlıq olan torpaq sahəyə çatdıq. Varvara qəbiristanlığının yaxınlığında Orxanın telefonunu guya sökmək adı ilə Oqtaydan bıçaq istədim. Oqtay da avtomobilində bıçaq olmadığını bildirdi”.

“Oqtaya əvvəllər 80 manata satdığım televizorun 30 manatını vermədiyini xatırlatdım”

O, bildirib ki, bundan sonra yenidən Oqtaydan vintaçan istəyib: “ Oqtay avtomobili saxlayaraq yük yerindən vintaçan götürdü və mənə verdi. Oqtay yenidən avtomobili idarə etməyə başladı. Təxmin 15-20 metr qabağa gedəndən sonra Oqtaya avtomobili saxlamasını bildirdim. Oqtay avtomobili saxlayan kimi Orxan maşının açarını götürdü. Mən isə Oqtaydan avtomobildən düşməsini tələb etdim. Oqtay da avtomobildən düşdü. Bu zaman Oqtaya əvvəllər 80 manata satdığım televizorun 30 manatını vermədiyini xatırlatdım. Oqtaydan həmin pulu verməsini istədim. Orxan bu zaman Oqtayın sifətinə sillə vurdu. Bu zaman Oqtay qaçmaq istədi. Lakin Oqtayı tutaraq saxladım. Orxan isə Oqtaya yumruq və təpik zərbələri vurmaqda davam etdi. Oqtayın üstündən 60 manat pulunu və mobil telefonu götürdüm. Bundan sonra sürücünü yerə yıxıb avtomobilin yanına qayıdan zaman gördüm ki, Oqtay qaçmağa başladı. Biz isə avtomaşına əyləşərək oradan uzaqlaşdıq”.

“Əsəbiləşərək özü-özünə söyüş söydü”

Mehman Qurbanovun sözlərinə görə, iyulun 14-də, saat 13:00-da Orxan ona zəng edərək taksi tutduğunu və onun yanına gəlmək istədiyini bildirib: “Orxana 5 nömrəli məktəbin qabağında olduğunu dedim. Bir qədər sonra Orxan qırmızı rəngli taksi ilə mənim yanıma gəldi. Həmin taksiyə oturdum və yola davam etdik. Yolüstü sürücü avtomobili Yanğından mühafizə idarəsinin qarşısında saxladı və benzin satanlardan benzin aldı. Həmin vaxt avtomobildən düşərək telefonla danışa-danışa qabağa getdim. Sürücü avtomobilə benzin doldurduqdan sonra yola davam etdik. Varvara kəndinə tərəf getdiyimiz zaman sürücüyə geri qayıtmasını bildirdim. Həmin vaxt adını sonradan bilidiyim sürücü İnqilab Mirzəyev əsəbiləşərək özü-özünə söyüş söydü. Elə başa düşdüm ki, İnqilab mənə söyüş söyür. İlk cinayət hadisəsini törətdiyim yerə çatanda Orxan İnqilaba avtomobili saxlamasını bildirdi. İnqilab avtomobili saxlayan kimi Orxan maşından düşdü və sürücü tərəfdəki qapını açaraq İnqilabdan kimə söyüş söydüyünü soruşdu. Sonra sürücünün qolundan tutub avtomobildən yerə saldı.

Bundan sonra Orxan İnqilabın üstündəki pulunu və telefonunu əlindən aldı, onu döyüb və əli ilə boğmağa başladı. İnqilab huşunu itirdikdən sonra Orxan yerdən götürdüyü daşı bir neçə dəfə İnqilabın başına vurdu. Sürücünün öldüyünü görəndən sonra onu yaxınlıqdakı gölməçəyə atdıq. Sonra iz itirmək üçün İnqilabın avtomobili ilə Şəmkir yolunda 4 nəfər sərnişini 15 manata Qazax rayonuna apardıq. Həmin sərnişinləri Qazax rayonuna düşürdükdən sonra geri qayıdarkən Şəmkir yolunda avtomobilin benzini qurtardı. Avtomobilə benzin alıb töksək də, avtomobil işə düşmədi. Avtomobildən maqnitofonu söküb götürdük və Gəncə şəhərinə gəldik.

Gəncə şəhərində maqnitofonu Elşən adlı şəxsə 8 manata satdıq. Elşənə avtomobilimizin yolda xarab olduğunu bildirdik və bizi avtomobilin yanına aparmasını ondan xahiş etdik. Elşənin avtomobili ilə İnqilabın maşının yanına geri qaytdıq. Avtomobili güc bəla ilə işə saldıq və yolumuza davam etdik. Yolda yanacaqdoldurma məntəqəsinin yanında avtomobilin təkəri partladı. Heç kimdən ehtiyyat təkər tapa bilmədik. Daha sonra təsadüfən yanacaq doldurma məntəqəsində Elşəni gördük və onun avtomobili ilə Gəncə şəhərinə gəldik. Həmin gecəni Gəncə şəhərindəki avtovağzalda gecələdik. Səhəri gün Bərdə rayonuna getdik. Bərdədə bir müddət gəzdikdən sonra yenidən Mingəçevir şəhərinə qayıtdıq. Həmin gün Orxan öz evlərinə, mən isə Bakı şəhərinə getdim”.

“Zərərşəkmişləri öldürməyə cəhd etməmişik”

Mehman Qurbanov daha sonra ifadəsində törətmiş olduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirib. O. eyni zamanda qeyd edib ki, zərərçəkmiş şəxsləri öldürməyə cəhd etməyiblər. Orxan Xəlilzadə də onun ifadəsinə uyğun danışıb və törətdiyi cinayət əməlinə görə səmimi peşimançılıq hissi keçirdiyini bildirib.

“Ərim başqa xəstəlikdən vəfat edib”

Ruhiyyə Abdullayeva bildirib ki, Oqtay Abdullayev onun əri olub: “Ərim özünə məxsus “Jiquli” markalı avtomobillə Gəncə şəhərində taksi kimi fəaliyyət göstərib. 11 iyul 2012-ci il tarixdə əri axşam tərəfi evə avtomobilsiz gəldi. Həmin vaxt ərimin sifətində xəsarətlər olduğunu və üst-başının palçıq gördüm. Ondan nə baş verdiyini soruşdum. Söhbət zaman ərim əvvəllər qonşuluğumuzda kirayədə yaşayan Mehman adlı şəxsin tanımadığı bir oğlanla avtomobilinə mindiyini və onları Yevlax rayonunun Varvara kəndinə aparmasını bildirdi. Həmin kəndin qamışlıq ərazisində Mehmanın yanındakı oğlanla birlikdə onu möhkəm döydüklərini söylədi. Həmin vaxt ərim bu şəxslərin ona qarşı quldurluq edərək cibindən 60 manat pulunu, mobil telefonunu və avtomobilini aldıqlarıı, özünün isə onların əlindən güclə canını qurtardığını söylədiş. Oqtay baş vermiş hadisə barədə daha sonra Yevlax Rayon Polis Şöbəsinə məlumat verdi. 2012-ci ilin dekabrın 7-də ərim başqa xəstəlikdən vəfat edib”.

“Əsəbiləşərək “bu köpək oğlunun maşınını hara kimi sürməliyəm?” dedim”

Zərərçəkmiş İnqilab Mirzəyev deyib ki, hadisə baş verən günə kimi özünə məxsus “VAZ-2107” markalı avtomobillə Yevlax şəhərində taksi fəaliyyəti ilə məşğul olub: “İyulun 14-də, saat 13:00-da Yevlax Rayon Polis Şöbəsinin yaxınlığındakı aptekin qarşısında müştəri gözlədiyi vaxt adını sonradan bildiyim Orxan yaxınlaşdı və siqaret yandırmaq üçün alışqan istədi. Mən də Orxana alışqanı verdim. Orxan siqaretini yandırandan sonra dostu ilə Yevlax rayonunun Varvara kəndinə getmək istədiyini bildirdi. Onları həmin yerə 7 manata apara bilcəyimi dedim. Orxan avtomobilin qabaq oturacağına əyləşdi və yola düşdük. Yolüstü Orxan avtomobili orta məktəbin yaxınlığında saxlatdı. Bir qədər sonra adını sonradan bildiyim Mehman adlı bir nəfər də gəldi. Bundan sonra Aran qəsəbəsi istiqamətinə yola düşdük. Varvara kəndinə ərazisinə gəldik. Ora çatdıqdan sonra Mehman maşını saxlamağımı, təmiz hava qəbul etmək istədiyini bildirdi. Mən də maşını saxladım. Bu zaman Mehmanla Orxan avtomobildən düşdü və söhbət etdikdən 1-2 dəqiqə sonra onlar qayıtdı. Mehman ön oturacaqda, Orxan isə arxa sol oturacaqda oturdu. Biz yola davam etdik.

Varvara kənd qəbiristanlığının yanına çatanda Mehman yolu səhv gəldiklərini bildirdi və geriyə qayıtmağımı dedi. Bu vaxt əsəbiləşərək “bu köpək oğlunun maşınını hara kimi sürməliyəm?” dedim və gəldiyim yolla geri təxminən 1 km qayıtdıq. Sonra Mehman avtomobili saxlamağımı, xalası oğlunun gəlib onu bu ərazidən götürəcəyini bildirdi. Mən də avtomobili saxladım. Həmin vaxt Mehman avtomobilin qabaq salonundakı saxlanc yerinin üstündə olan dırnaq təmizləmək üçün istifadə olunan bıçağa bənzər yeyəni əlinə götürərək “bununla adam öldürmək olar görəsən?” dedi. O, həmin əşyanı arxa oturacaqda oturan Orxana uzatdı”.

“Orxan məni sürüyə-sürüyə yaxınlıqdakı gölməçəyə apardı və başımı suya soxaraq boğmağa başladı”

Zərərçəkmiş daha sonra ifadəsində deyib: “Həmin əşyanı Orxanın əlindən aldım və avtomobilin salonundakı saxlanc yerinə qoydum. Bundan sonra Mehman avtomobildən düşərək yanıma gəldi. Mehman cibimdə nə varsa ona verməyimi tələb etdi və dartaraq məni avtomobildən çölə çıxartdı. Sonra da əlini cibimə salıb pulumu və daha sonra da avtomobildə olan mobil telefonumu götürdü. Həmin vaxt onlara dedim ki, nə istəsələr götürsünlər, amma mənə dəyməsinlər. Elə bu zaman Orxan məni təpikə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerə yıxılandan sonra Orxanla Mehman məni döyməyə başladılar. Daha sonra Orxan qolumdan tutaraq sürüyə-sürüyə yaxınlıqdakı gölməçəyə apardı və başımı suya soxaraq boğmağa başladı. Eyni zamanda Orxan əlindəki daşla başıma bir neçə dəfə zərbə vurdu. Aldığım xəsarətlərdən huşumu itirdim. Ayıldıqdan sonra gördüm ki, suyun kənarındayam. Həmin vaxt yerdən qalxmağa taqətim olmadığı üçün qamışlardan tutaraq sudan çıxdım. Ətrafda kömək edəcək heç kəs yox idi. Ona görə də sürünə-sürünə yola çıxdım. Bir qədər sonra bir avtomobil gəldi. Adını sonradan bildiyim Əliehsan kişi zəng edərək oğlum İntiqama xəbər verdi. Oğlu çox keçmədən gəldi və məni xəstəxanaya apardı”.

Məhkəmənin hökmü ilə Mehman Qurbanov 13 il, Orxan isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm