Müasirləşmə düsturu: Məleykə Əsədovanı sev, Xalid Hüseynini oxu
Bizi izləyin

Digər

Müasirləşmə düsturu: Məleykə Əsədovanı sev, Xalid Hüseynini oxu

Bu əhvalatı mərhum yazıçımız Əlibala Hacızadə “Şəhriyar” qəzetində çalışdığı vaxtlar danışmışdı. Dediyinə görə, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyev 80-ci illərin əvvəllərində təsərrüfat işlərinin gedişi ilə tanış olmaq üçün Aran rayonlarının birinə səfər edibmiş. Pambıq tarlasında ağır zəhmətlə çalışan xanımların vəziyyətini yüngülləşdirmək üçün onlardan nə istədiklərini, hansı arzuları olduğunu xəbər alıb. Bir cavan kəndli xanım qabağa çıxıb Əlibala Hacızadənin “Əfqanıstan” trilogiyasını (“İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş “romanları) oxumaq istədiklərini, amma kitab mağazalarında tapa bilmədiklərini söyləyir.

Bakıya qayıdandan sonra Heydər Əliyev maraqlanır deyirlər ki, romanlar artıq çap olunub, amma dərhal da satılıb qurtarıb. Təkrar çap olunub həmin Aran zonasına xüsusi olaraq göndərilməsi barədə göstəriş verilir. Beləcə, Azərbaycanda ilk dəfə (və deyəsən, həm də sonuncu dəfə) bir azərbaycanlı, özü də anadilli yazıçının əsəri milyondan çox tirajla çap olunur.

Əlibala müəllim fərdi söhbətlərə bu əhvalata öz duzunu, ədvəsini də əlavə edərdi. Nəql edərdi ki, bu hadisədən sonra məclislərin birində bir dostum həyat yoldaşımla məni görüb yaxınlaşdı və təbrik elədi:” Sən bizim ilk milyonçu yazıçımızsan” dedi. Evə dönən kimi arvad düşdü üstümə ki, hanı milyonlar, neynəmisən o pulları. Tanıyanlar bilir ki, Əlibala müəllim zəngin həyat sürmürdü, bilmirəm əhvalatın bu hissəsini həmin qeyri-zənginliyə işarətən özümü əlavə eləmişdi, yoxsa gerçəkdən belə olmuşdu?..

Mənhus 90-cı illərdə, insanların kitabdan gen düşməsinə filan qədər səbəb, N qədər bəhanə olanda istedadlı rejissor Lütfi Məmmədbəyov həmin trilogiyanın motivləri əsasında 12 seriyalı serial çəkmişdi. Texniki qüsurların rəğmən, həmin film hələ ki kinomatoqrafiya tariximizin ən çox tamaşaçı auditoriyası toplamış serialı saylıır. O serial sayəsində gənc akrtisa Məleykə Əsədovanın da ulduzu necə parladısa, parlaqlığını hələ də itirmir.

Və budur 2010-cu illər. “Əfqanıstan” trilogiyasının qələmə alınıb çap olunmasının üstündən 30-40 il adlayıb. Amma Əfqanıstan həyatı azərbaycanlı oxucular üçün yenə də dəbdədir. Neçə-neçə tərcüməçinin, elmi işçinin, media mənsubunun öz dilindən eşitmişəm ki, ingilisdilli əfqan yazıçısı Xalid Hüseyninin növbəti romanını həsrətlə gözləyirlər.

Həmişə bunun səbəbləri barədə düşünmüşəm. Mənə belə gəlib ki, “Əfqanıstan” trilogiyasının populyarlığını bir səbəbi də o illər sovet qoşunlarının Əfqanıstanı işğal etməsi idi. Qeyri-rəsmi statistikaya əsasən, Əfqanıstana cəlb edilən sovet əsgərləri içərisində qafqazlılar və orta asiyalılar, xüsusən azərbaycanlılar , türkmənlər və taciklər üstünlük təşkil edirdi. Hətta iddialra görə, Tsarandoyun (sovetpərəsət hökumətin ordusu) qərargah rəisi belə bir azərbaycanlı hərbi həkimmiş. Əfqan qızı ilə ailə qurduqdan sonra ona Nəcibulla hökuməti Əfqanıstan vətəndaşlığı vermişdi. Ümumən sovetlərin Əfqanıstan siyasətində azərbaycanlılara aktiv rol ayrılmışdı. Əfqanlar üçün “Əlifba” kitabını BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimləri hazırlayır, azərbaycanlı geoloqlar Şimali Əfqanıstanda zümrüd, Pakistanla həmhüdud ərazilərdəki faydalı mineral yataqları kəşf edirdilər. Azərbaycanlı tərcüməçilərin, kəşfiyyatçıların (onlardan biri-sonradan bizim müəllimimiz olmuşdu,- necə əsirlikdən qaçmasından, Muhəmməd Davud iqtidarını devirən üsyançıların əsas liderlərində biri olan Babrək Karmələ necə pul çatdırmasından xüsusi həvəslə danışardı), həkimlərin , hətta incəsənət xadimlərinin işinə də ayrı bir tələbat var idi.

Böyük müğənnimiz Zeynəb Xanlarovanın qastrol səfərlərindən hər dəfə yeni bir əfqan mahnısı ilə dönməsi uşaqlıq və yeniyetməlik illərimin ən yadda qalan xatirələrindəndir.

Di gəl, Əfqanıstan müharibəsinə azərbaycanlıların belə geniş cəlb edilməsi istər-istəməz gizli narazılıq doğururdu. “Niyə bizimkilər rusların növbəti Şərq ölkəsini istilasında bu qədər qırılmalıdır” deyə. Və birdən - birə əfqan həyatının əsl Şərq melodramaları üslubunda təqdimatı göydəndüşmə idi - həm fərqli bir Əfqanıstan gündəmi ortalığa qoyurdu, həm o istilaya müəyyən ictimai haqlılıq verə bilərdi. Ki, baxın, bu qədər feodal adətləri buxovlarında yaşayan bir ölkə belə istilanı haqq edir, sovet təbliğatının “Biz ora mədəniyyət, ədalət , modernizm aparmaq üçün beynəlmiləlçi missiyamızı yerinə yetiririk” deyə üfürüb şişirdiyi təbliğat həqiqətə oxşamağa başlayırdı. Üstəlik, müəllif əsərdə azərbaycanlı obrazı da yaradıb, Qarabağ qəryəsindən(kənd tipli qəsəbə) də bəhs edir.

Dolayı məntiq: Əfqanıstanın taleyinə biganə qala bilməzsiniz, orda sizinkilər də yaşayır. Gerçək də orda azərbaycanlılar (qızılbaşlar, əfşarlar) yaşayır; həm də çoxsaylı icma şəklində. Hərçənd ki, onların bir çoxu öz ana dilini unudub artıq. Yadımdadır ki, “taliblər” 1999-cu ildə Məsud şahın “Şimal alyansı”nı məğlub etməyə başlayanda “Kommersant” qəzetində “Karabax okkupirovan” sərlövhəsi ilə ikibaşlı bir yazı vermişdi. Söhbət Kabil yaxınlığında olan( daha dəqiqi Qəzna ətrafında), Əlibala müəllimin də əsərində də adı keçən Qarabağ qəryəsindən gedirdi. Amma rus müəllif oranın sakinlərinin azərbaycanlı olduğunu xatırlatmağa lüzum görməmişdi. Yazını eləcə tərcümə edib vermək istəmədim, Əlibala müəllimə zəng etdim, Əfqanıstan azərbaycanlıları barədə maraqlı faktlar danışdı və verdiyim material hər halda pis olmadı.

Belə anlşılmasın ki, mən Əlibala müəllimin bilərəkdən sovet təbliğatında yer aldığını iddia edirəm. Əsla. Əlibala müəllim Azərbaycanın ən saf, bir az da talesiz (həm şəxsi, həm də yaradıcı planda) və məncə də öz BÖYÜKLYÜNÜN fərqində olmayan nadir şəxslərindən biriydi. İnanıram ki, o, bəzi tənqidçilərin dediyi kimi, Azərbaycanın 60-70-ci illərdəki bir çox problemini anlatmaq üçün bizim reallıqları Əfqanıstan mühitinə köçürməklə qələmə alıb. Bilənlər bilir ki, sovet ədəbiyyatında, o sıradan Azərbaycan sovet ədəbiyyatında bu, nüdurətən rastlanan bir hal deyildi. Ya da sadəcə müəllifin özünün dəfələrcə dediyi versiya: Əfqanıstanda tərcüməçi işlədiyi illərdə müşahidələrinə bir az da şəxsi təcrübəsi və təsirləndiyi hadisələri əlavə edərək olduqca rəvan, oxunaqlı bir əsər qələmə alıb. Beləcə, Azərbaycan ədəbiyyatının ən poetik nəsr nümunələrindən biri alınıb. Sovet dövlət aparatı da həm bundan maddi qazanc, həm də qeyd etdiyim kimi təbliğati fayda naminə istifadə edib.

Xalid Hüseyni fenomeninə gəlincə, “Azadlıq radiosu” bu qədər təbliğ edirsə, demək o, amerikan işğalına ictimai legitimlik qazandıran bir təbliğat maşınıdır. Azərbaycanlı yazıçılardan birinin “Xalid Hüseyni Səfər Alışarlıdan da zəif yazıçıdır, amma siz çap edir, təbliğ edirsiniz” sözlərinə yenə “Azadlıq radiosu”nun efirində verilmiş cavab mənim qənaətimi daha da gücləndirir: “Buyurun, siz də Azərbaycandakı hakim rejim haqda belə ifşa edici roman yazın, çap edək, təbliq edək”. Açıq tekstlə təbliğ, açıq tekstlə təhrik.

Yoldaş Lenin də, yoldaş Cuqaşvili də, yoldaş Peşkov da tərəddüd etmədən deyərdilər: Partiyasız ədəbiyyat burjua demoqogiyasından özgə bir şey deyil. Hardan biləydilər ki, bujua demoqogiyası bu günlərə düşəcək.

Bir zirək azərbaycanlı ədəbi agent istəyirəm ki, Ə. Hacızadənin trilogiyasını ingiliscəyə çevirtdirib Qərbdə təbliğini aparsın: xalq da, Xalid də; balıq da, Barak da görsün necə kəskin qələmlər, necə ötgün kişilər varmış.. Bunun bizm oxuculara da faydası olar. Axı, biz yalnız xaricdə oxunanları oxuyuruq indi.

Sadaladığım kateqoriyadan olanların (tərcüməçilərin, elmi işçilərin, media mənsublarının) dinc əfqanalrın “səhvən” bombolanmasına haqq qazandırmasının şahidi də olmuşam .Guya iki ( və ya yüz) sarsaq puştu talibin Budda heykəlinə top atması işğalına haqq verirmiş. Ya qızların erkən ərə verilməsi, qadınlara qarşı zorakılıq, patriarxal traybalist həyat tərzi soyqırıma haqq qazandırırmı? Ona qalsa Hindistanda yüzlərcə müsəlman-türk abidəsi yerlə-yeksan edilib, orta əsrlərdə müsəlmanların saldığı iri şəhərlərin (Allahabad, Heydərabad, Mədrəs, Kəlküttə və s) adları birər- birər dəyişdirilir. Buna görə Hindistan bombalanmalıdırmı? Sevimli “Bu zalım dünyada doğulma” (Amaci) serialınız hindusları soyqırım etməyə çağırış etməyə bəhanə verə bilərmi? Axı, hindusların özlərinin çəkdiyi, real həyata əsaslanan o film Hindistanda sosial, dini, etnik, sinfi, cinsi aparteidin, quldarlıq və vəhşi kapitalizmin eybəcər çulğaşmasından ibarət olan idbar mənzərini təqdim edir.

Yaxud hələ də 1 milyona yaxın müsəlmanın yaşadığı Gürcüstanda minarələrin uçurulması, sizcə, 7-ci əsrdən üzübəri bir nəfər də olsun buddistin yaşamadığı Əfqanıstanda Budda heykəllərinin uçurulmasından daha dəhşətli vandalizm , üstəlik, ksenofobiya aktı deyil? Buyurun, heç olmasa yüngülcə sanksiya tətbiq edilməsinə çağırın.

Fərz edək ki, həm “Əfqanıstan” trilogiyasının, həm də silsiləsinin bizdə geniş yayılmasında bir konspirologiya var. Əvvəl sovet, indi isə amerikan ard niyyəti haqda ehtimallarımı təqdim etdim, heç buna şübhəm də yoxdur. Fəqət iş ədəbiyyatla bitmir ki..

Musiqinin üzərində sərt tənzimləmə götürülən kimi 60-70-ci llərdən etibarən Bəhram Nəsibovun, Niyaməddin Musayevin, Ağadadaş Ağayevin ..Şərq estradası adı altında çox zaman əfqan musiqisi təqdim etdiyini deməklə yeni bir sirr açmış olmaram yəqin ki. Azəriəsilli islami populduz Sami Yusifin “Alllahu Allah” hitinin bəstəsi üstündə müəlliflik davası bu məşum həqiqəti bir daha faş elədi. Bəhram Nəsibovun varisləri və Niyaməddin Musayev müəllifliyi hərə öz adına iddia etsə də, ( “Odlanıb yansan da axtarma məni” mahnısı) Sami Yusif insaflı tərpənib “bu, əfqan bəstəsidir, mən müəllifi danmıram" deməsi “odlanıb yananların axtarışına” son qoydu.

Kim “Heratı”nı dinləyəndə orta əsrlərin qürdrətli türk müsəlman hökmdarlarını yada salmır. Yəqin xatırlatmağa xüsusi ehtiyac yoxdur- Herat Əfqanıstanda yer adıdır, bəzi musiqişünaslara görə “Heratı” indiki Əfqanıstan torpaqlarında qurulmuş türk Qəznəvilər dövlətinin döyüş himni saylırmış. Tarix təkrarlandı: bir də 1918-ci ildə Gəncədə Qafqaz İslam ordusu “Heratı” sədaları ilə qarşılandı. O zaman milli himnizmiz hələ yazılmayıbmış.

Fəqət tarix, musiqi, oxşar həyat tərzləri ilə də iş bitmir ki..

Bir az da antroplogiyaya baxaq. Azərbaycanlıların 80 fazi Kaspi yarımirqinə mənsubdur, bu yarımirqə Qobustan , Xivə və ya əfqan yarımirqi də deyirlər. Əfqanıstan əhalisinin (xüsusən Şimal Əfqanıstan) çoxu bu yarımirqin mənsublarıdır. Hesab edin ki, onlar puştulaşmış və tacikləşmiş türklərdir. Bunun əksini düşünənlərə də hörmətlərimi çatdırıram .

...Əziz zəhmətkeşlər (keçmiş tarla bahadırları, neft qəhrəmanları, indiki elm və media asları), görün, sizin Xalid Hüseyni sevginizin əbədi olması üçün nə qədər səbəb tapdım: konspiroloji, mifoloji, antropoloji, zooloji, filoloji, tipolji..

Nə qədər ki xalq artisti Ağadadaş Ağayevin ifasında əfqan mahnısı “Dodağına gülüş qonur”u klassika kimi dinləyib feyziyab olacağıq, milli ruhumuzu “Heratı” sədaları ilə oyaq tutacağıq, toylarda xalq artisti Səməd Səmədovun “Leylican Leyli”si ilə hoppanıb zıplayacağıq; xalq artisti Məleykə Əsədovanın Əfsanəsini sevəcək, bəlxli (Bəlx Əfqanıstanda yer adıdır) Mövlananın təbrizli Şəmslə, qəznəli Mahmudun qulam Ayazla yasaq münasibətləri haqda baş sındıracağıq, ova getmək üçün ən yaxşı tərəf müqabilimiz tazi (تازی افغان -афганская борзая) olacaq- bir o qədər də bizim üçün ən yaxşı azərbaycanlı yazıçı Əlibala Hacızadə ( çoxu bunu etiraf eməsə belə), ən yaxşı xarici yazıçı Xalid Hüseyni olaraq qalacaq. Biri şərqçilərimiz, digəri qərbçilərimiz üçün.

Biz özümüzü oxuyuruq. Kimi 70-cillərə qədərki Azərbaycanı, kimi isə elə müasir ingilsqafalı, rusbaşlı azərbacanlının öz soydaşlarına münasibətini anlamaq, bəlkə də bölüşmək naminə. Amma genlərinizi dəyişə bilməyəcəksiniz. Dedim axı, azərbaycanlıların 80 fazinin mənsub olduğu yarımirqə həm də əfqan yarımirqi deyirlər. İrqdaşlarınızdan muğayat olun. Oxuyun, dodaqlarınıza gülüş qonsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm