“11-ə qədər” gözlədik...
Bizi izləyin

Digər

“11-ə qədər” gözlədik...

Sonra bilmədim nə baş verdi...

Mətləb Ağanın makinada səliqəylə yazılmış şeirlərini Tərcümə Mərkəzinin otaqlarında Əlisəmid Kürün qoltuğundan çıxarıb necə ustufca stol üstünə qoyduğunu yaxşı xatırlayıram. Yenə xatirəsiz keçinmək mümkün olmadı. Onda Mətləbin 16-17 yaşı vardı, onunla Bakı Dövlət Universitetinə sənəd verməyə gələndə tanışdıq.

Mətləb Ağa o illərdə ədəbiyyat camiəsində əməllicə populyarlaşmışdı, onu redaksiyalar həvəslə çap eləyir, televiziyalar verilişlərə çağırırdılar.

İlk test imtahanında (1992-ci ildə!) Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Mətləb Ağayla parkda gəzişdiyimiz də gözümün qabağına gəlir. Sonra bilmədim nə oldu, Mətləb Ağa yoxa çıxdı.

İndi bu misralar onun zamanının neçədən-neçəyə gedib çıxdığını göstərən saat zəngi kimi səslənir:

Otuzumun sonudu,

Qırx yaşımın əvvəli...

Bu, bir vaxtlar hayandan hayanasa yola düşmüş, bəlkə gedib-çatıb qayıtmış, bəlkə də heç hara getməmiş Mətləbin “11-ə qədər” şeir kitabından aldığım misralardı.

***

Əlbəttə, Mətləb Ağanın kitabı mənə təkcə təmas eləmiş bioqrafiyamızın bir detalı kimi maraqlı deyil. Bəlkə, hər şeydən öncə onun öz ədəbi tərcümeyi-halının faktı olaraq çəkicidi. Şərq aləmində necə deyərlər, 40 yaşın öz magiyası, sirri-sehri, intizarı, gözləntiləri var, çox adam məhz bu yaşda dəyişib başqasına çevriləcəyinin (ah, ümidlər!) səmavi intizarını yaşayır. Ancaq deyəsən, hər şey əvvəlkinin davamıdı.

Şeirlərin yazılma tarixli göstəriciləri də imkan verir deyim - Mətləb Ağa başladığı nöqtədən gəlir. Pisdi, ya yaxşıdı - belədi. Mən bu şeirlərin oxucusuyam. Bu şeirlər ilk misralardan məni aparır. Gəlin baxaq:

Bayırda soyuq gecə

Yəni - qaranlıq, hüzn...

Yaxud:

Kim çəkib bu rəsmini

Harda, nə zaman çəkib?..

Və ya:

Küçədə bir payız var,

İlin-günün bu vaxtı...

***

Mətləbin son illər yazdığı şeirlərin otaq əhvalını da qeyd eləmək istərdim. O, sanki payıza, sevgiyə, insanlara, ötən illərə ya pəncərədən, ya balkondan baxır; ya da uzaqbaşı gözünü divara zilləyərək gizlin-gizlin hansısa mənzərəni rəsm kimi canlandırır...

Məhz bu məqamda o, bloknot şeiri yazmaqdan da qorunmağa çalışır; daha dərin, daha təsirli, daha metaforik, daha böyük olmaq üçün bütün istedadının ustalıqlarını dövriyyəyə buraxır.

Amma həyat materialının da öz diktəsi var.

***

Sonra bilmədik nə baş verdi, Mətləb Ağa daha görünmədi. “11-ə qədər” gözlədik. Budu, indi təzədən koordinatlarını nişan verir: Filan meridianda, filan en dairəsində... Otuzun sonunda, qırxın əvvəlində:

...otuzumun sonudu,

Qırx yaşımın əvvəli.

Kimsə döyür qapımı:

- “Mətləb burdadı?”

- “Bəli...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm