Xalq yenilik istəyir
Bizi izləyin

Digər

Xalq yenilik istəyir

Əgər bir cəmiyyətdə hər hansı ziddiyət varsa, gərək rəhbər şəxslər də həmin ziddiyətləri aradan qaldırmağı bacarsın. İstənilən bir Şərq ölkəsində vəziyyət gərgin olursa, o zaman bundan həm Qərb, həm Rusiya, həm də İran istifadə edə bilər. Ancaq burada təqsir nə Qərbin, nə Şərqin deyil. Burada əsas təqsir ilk növbədə həmin ölkə iqtidarının özündədir ki, belə bir hadisələr baş verir. Tarixə də baxsaq şahidi olarıq ki, heç bir demokratik cəmiyyətli ölkədə iqtidar dövlət çevrilişi ilə dəyişməyib. Qərbin ən demokratik ölkələri hesab olunan ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Belçika və digər ölkələrdə hakimiyyət svil yolla dəyişib. Dövlət çevrilişi ilə iqtidara gələn hakimiyyət Misirdə, Suriyada, İraqda və digər Şərq ölkələrindədir. Adətən dövlət çevrilişləri o yerdə baş verir ki, həmin ölkədə ya demokratik quruluş mövcud deyil, ya da çox zəifdir. Demokratik cəmiyyəti olmayan ölkəni xarici qruplar da çox asanlıqla qarışdıra bilir.

Türkiyədə də son günlər baş verən məlum rüşvət qalmaqalına baxsaq, görərik ki, baş verənlərin kökündə əsasən kütləvi narazılıqlar və qeyri-demokratik tərzli hərəkətlər dayanır. Doğrudur, indiyədək Türkiyə Musatafa Kamal Atatürkün dövründən bəri demokratiya yolunda çox addımlar atıb və irəliyə gedə bilib. Ancaq indiki Türkiyə iqtidarı da bu yolu uğurla davam etdirməlidir ki, xarici qüvvələr Türkiyə daxilində yarana bilən hər hansı problemdən öz xeyrinə istifadə edə bilməsin. Şəxsən mən Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzləşdiyi məlum gərginliyin əsas günahını da ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğanın və onun komandasında görürəm. Sanki adam elə düşünür ki, Ərdoğanın baş nazir olduğu dövrdə gördüyü işləri və uğurları onun gözlərini bağlayıb. Hər şeyə yalnız ağ və qara baxmaq doğru deyil. Son zamanlar Ərdoğanın hərəkətləri adama onun öz xalqına qarşı eqoist və xudbin olması təsiri bağışlayır. Heç bir lider "burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə xalqı uzun müddət arxasınca apara bilməz. Bunu başa düşmək lazımdır.

Düzdür, Ərdoğan uzun müddətdir ki, Türkiyə əhalisnin rifahını yaxşılaşdıra bilib. Buna görə ona təşəkkür etmək lazımdır. Ancaq baş verən son hadisələr onu deməyə əsas verir ki, Ərdoğanın bundan sonra hakimiyyətdə qalması çətin olacaq. Çünki artıq xalqın da gözü yorulub. Xalq yenilik istəyir.

Son hadisələr həm də onu göstərdi ki, Türkiyədə uzun illər güclü təşkilatlanmış müxalifət partiyalarının Ərdoğana qarşı konkret əsaslarla hərəkətə keçməsinə baş nazir özü imkan yaradıb. Təbii ki, buarda müxalifətin xarici dəstək alması da istisna deyil. Ona görə də Ərdoğanın bundan sonra hakimiyyətinin əvvəlki kimi asan olmayacağını indidən demək olar.

İndi AKP hökuməti rüşvət skandalının üzə çıxmasında əsas günahı Fəthullah Gülənin tərəfdarlarında görür. Ancaq onu da anlamaq lazımdır ki, bir ölkədə bəhanə gətirmək üçün konkret səbəblər olmasa, o zaman xarici qüvvələr bundan istifadə edə bilməzlər. Bu tarixən də belə olub. Misal üçün, vaxtilə İran şahı Məhəmməd Rza Pəhləvi doğru və uzaqgörən siyasət yürüdə bilsəydi, o zaman sonradan Ayətullah Xomeyni İranda gəlib İslam Respublikası qura bilməzdi.

Və yaxud da Rusiyada Romanovlar sülaləsi rus xalqını 300 il zillət içərisində saxladı. Bundan sonra baş verən dəhşətli inqilabda Lelin və Stalin günahkar görülsə də, ancaq əslində bunun əsas günahkarı Romanovlarda idi.

İndi Türkiyədə də Ərdoğan günahkarı cəzalandırmaq üçün kənarda düçmən axtarmağa çalışır. Əslində isə əsas günahkar Ərdoğanın özüdür. Ərdoğan elə etməlidir ki, istənilən halda türk xalqı zərər çəkməsin, hətta bu onun hakimiyyətdən getməyi bahasına olsa belə.

Səmimi deyim ki, biz də qardaş xalq və dövlət olaraq Türkiyənin güclü və sabit olmasını istəyirik. Biz də istəyirik ki, türk xalqının rifahı hər zaman yüksək olsun. Çünki türkün türkdən başqa səmimi dostu yoxdur. İmkan verməməliyik ki, türkün inkişaf edənini rəzil etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm