ABŞ-ın məxfi silahı Rusiyanı dayandıra bilər - Təhdid
Bizi izləyin

Digər

ABŞ-ın məxfi silahı Rusiyanı dayandıra bilər - Təhdid

“The National Interest": “ABŞ-ın məxfi silahı Rusiyanı dayandıra bilər”

Martın 16-da rusiyalı teleaparıcı, Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyov “Rossiya-1” telekanalının “Vesti nedelyi” verilişində Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin mümkünlüyündən danışmışdı. Rüsiyanın Krımdakı davranışına görə Qərbin mümkün sanksiyalarında danışan aparıcının sözlərinə görə, “Rusiya – ABŞ-ı radioaktiv külə döndərə biləcək yeganə ölkədir”.

Rusiyanı hədələyən yazı isə ABŞ-ın “The National Interest” qəzetində dərc olunub. Yazı müəllifi Robert Spoldinq ABŞ-ın məxfi silahının Rusiyanı dayandırmaq üçün kifayət edəcəyini bildirir.

“Ukrayna ilə sərhəddə toplanılan Rusiyanın böyük hərbi qruplaşması Ukraynanı hədələyir. Rusiya Krımı zəbt edib və onun qoşunları yarımada üzərində nəzarəti möhkəmləndirir. Hərçənd ruslar inandırmağa çalışırlar ki, onun Ukraynaya müdaxilə etmək niyyəti yoxdur. Amma buna inanmaq çətindir, niyyətlər bəzən dəyişir”, - ABŞ nəşri Ukrayna üzərindəki təhlükənin sovuşmadığını qeyd edir.

Qəzet yazır ki, çoxları Ukrayna böhranında hərbi metodlarla həll etməyin mümkün olmadığını hesab etsə də, bu mümkündür:“Şübhəsiz ki, Qərbi Avropa və Amerika Birləşdirilmiş Ştatlari Rusiya ilə hərbi münaqişəyə cəhd etmir. Ancaq biz Ukraynanı dəstəkləməsək, bu rusları yalnız vəziyyəti kəskinləşdirməyə həvəsləndirəcək. Krım ehtimal ki, itirilmişdir. Yaxın illərdə isə Rusiyada hakimiyyətində dəyişiklik olmayacaq. Ukrayna üçün vaxt udmaq məqsədilə hərbi alətlərə müraciət etmək lazımdır. Xüsusilə “F-22” qırıcılarının müdafiə zonasında yerləşdirilməsi mümkün variantlardan biridir. Amerika həmçinin diplomatik addımların effektiv olması üçün Ukrayna səmasını hücumlardan müdafiə etməyə söz verməlidir. Bu cür hərəkətlər Putinin planlarını pozacaq. Rusiya təyyarələri “F-22”lərin qarşısını ala bilməyəcək. Əgər rusların Ukrayna ərazisinə soxulan gücləri “F-22”lər qarşısında zəif olarsa, ukraynalılar da öz növbəsində ölkələrini qorumaq qabiliyyətində olduğuna daha çox əmin olacaqlar. Nəticədə pauza yaranacaq və bu hamını başa salmağa məcbur edəcək ki, Amerika Rusiya təcavüzünə qarşı durmağa hazırdır. Bundan başqa, bu daha çox “Putin üçün aydın siqnal” olacaq”.

Bu cür addımların istənilən halda fitnəkar hesab ediləcəyini qeyd edən yazı müəllifi ABŞ-ın maraqları üçün üç arqument fikirləşməyi təklif edir:“Birincisi, Putinə və başqalarına anlatmaq lazımdır ki, İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamını dəyişdirmək üçün edilən istənilən güc tətbiqi sərt cavab alacaq. İkincisi, Amerikanın himayəsinə ümid edərək nüvə proqramlarından imtina edənlər görəcəklər ki, Birləşmiş Ştatlar öz öhdəliklərini icra etməkdə davam edir. Nəhayət, indiyə qədər Rusiyanın davakar davranışına görə, NATO-ya daxil ola bilməyən ölkələr hərbi alyansa sakitcə birləşə biləcəklər”.

Qeyd edək ki, Robert Spoldinq Beynəlxalq Münasibətlər Mərkəzinin elmi işçisi, hərbi məsələlər üzrə mütəxəssisdir. O, daha əvvəllər Missuri ştatında yerləşən “Uaytmen” təyyarə bazasında 509-cu bombardmançı alayının komandir müavini olub.

Xatırladaq ki, dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var.

Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada 5-ci nəsil qırıcı təyyarəyə - “F-22 Raptor”a sahib olan yeganə ölkədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm