Bu razılaşma Davudoğlunun “başını yedi” - İDDİA
Bizi izləyin

Digər

Bu razılaşma Davudoğlunun “başını yedi” - İDDİA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davudoğlu arasındakı böhranın əsl səbəbi Avropa Birliyi ilə imzalanan viza razılaşmasıdır.

Publika.az xəbər verir ki, bu iddia ilə “Vatan” qəzetinin yazarı Okay Gönensin çıxış edib.

Ərdoğanın viza razılaşmasından narahat olduğunu ifadə edən Gönensin qeyd edir ki, prezident Davudoğlunun partiyadakı səlahiyyətlərini azaltmaqla əslində “get” mesajı verib.

“Baş nazir Davudoğlunun şəxsən apardığı danışıqların sonunda Avropa Birliyi bəzi şərtlərlə Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız səyahət etməsini qəbul etdi. Bu şərtlər “72 kriteriya” olaraq adlandırıldı və Türkiyə bunun böyük əksəriyyətini yerinə yetirdi. “72 kriteriya” içində “demokratik islahat” hesab olunan bəzi hüquqi tənzimləmələr də var idi. Bunlardan biri də Terrorla Mübarizə Qanununda dəyişiklik edilməsi idi. Dünən aydın oldu ki, prezident Ərdoğan bu şərtin yerinə yetirilməsinə qarşıdır və buna görə də viza razılaşmasını qəbul etmir”, - Okay Gönensin bildirib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Avropa Birliyinin vizasız rejim üçün Terrorla Mübarizə Qanununun dəyişdirilməsini istədiyini deyib.

“Terrorçuların çadır qurmasına imkan verib qarşımıza şərt qoyacaqsınız. Biz yolumuzla gedirik, sən də yolunla get!”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi Şurası tərəfindən də təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək. Razılaşmanın təsdiqi üçün isə “72 kriteriya” adlanan şərtlərin yerinə yetirilməsi lazımdır.

Razılaşma qüvvəyə minərsə, Türkiyə vətəndaşları Şengen ölkələrinə üç aydan qısa müddətli səfərlər zamanı viza almaq məcburiyyətində qalmayacaq. Ancaq razılaşma Türkiyə vətəndaşlarına Avropa Birliyi ölkələrində iş haqqı vermir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm