“Heydər Əliyevə dedilər ki, İsmayıl Şıxlının oğlu...” – Elçin Şıxlının “Şəxsi iş”i - FOTO/VİDEO
Bizi izləyin

Digər

“Heydər Əliyevə dedilər ki, İsmayıl Şıxlının oğlu...” – Elçin Şıxlının “Şəxsi iş”i - FOTO/VİDEO

O ziyalı ailəsində doğulub. Atası İsmayıl Şıxlı Azərbaycanın məşhur yazıçısı, publisisti, pedaqoqu, Böyük Vətən Müharibəsi iştirakçısı, anası isə dövrünün tanınmış həkimi idi. Yəqin ki, söhbətin Azərbaycanın tanınmış jurnalisti Elçin Şıxlıdan getdiyin dərhal başa düşdünüz. Ziyalı ailəsində doğulmuş Azərbaycanın ədəbi mühitində İsmayıl Şıxlının açdığı Elçin Şıxlının həm uşaqlıq, yeniyetməlik, gənclik illəri, həm də ziyalı valideynləri ilə bağlı olduqca maraqlı xatirələri var. Biz də öz növbəmizdə qərara aldıq ki, onu “Şəxsi iş” rubrikasına qonaq edərək onun həyatının maraqlı məqamlarına işıq salaq.

Publika.az Elçin Şıxlının müsahibəsini təqdim edir:

Dosye: Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakıda anadan olub. 1964-cü ildə paytaxtın 190 №-li orta məktəbinə gedib və 1974-cü ildə həmin məktəbi bitirərək SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub. 1979-cu il institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirib və avqustdan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib.

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.

1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləyib.

Daha sonra V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olub. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi, həmin ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifəsində çalışıb.

Deyirdim: “Ay pa, pulun varmı?”

Müsahibəyə atası haqda maraqlı xatirələrlə başlayan Elçin Şıxlı bildirdi ki, İsmayıl Şıxlının yazıçı, müəllim, ictimai xadim olması ona çox-çox sonralar çatıb: “Paytaxtda dünyaya gəlmişəm. Uşaqlığım Bakıda keçib. Yəqin, xoşbəxtlikdəndir – atamın üzləşdiyi çətinliklərlə qarşılaşmamışam. Valideynlərimiz çətinlikləri keçəndə düşünüblər ki, övladlarımız üçün daha yaxşı həyat qoyub gedək”.

E.Şıxlı deyir ki, bu həmişə belə olub, indi də belədir: “Şükür atalı-analı, valideynli, nənəli-babalı böyümüşəm. Düzdür, atamın valideynləri mən dünyaya göz açmamışdan əvvəl rəhmətə gediblər. Qayğı görmüşəm. Atam həmişə deyirdi: “Sizə ancaq o vaxt kömək edəcəm ki, məndən oxumaq və təhsillə bağlı nəsə istəyəsiniz. Oxumaq, təhsil almaq istəyirsinizsə, yardımıma ehtiyac varsa, sizə kömək edəcəm”. Amma digər işlərdə hamı necədirsə, siz də elə olmalısınız. O özünü elə aparırdı ki, davranışlarından qardaşımın və mənim beyninə bu, həkk olunurdu.

Atamla bulvara, parklara gedirdik. Dondurma görəndə ətəyindən dartırdım: “Ay pa, pulun varmı?”. Cavab verirdi ki, tutalım var, nə istəyirsən? (Gülür). Cavab verirdim ki, filan şeyi istəyirəm. Biz belə böyümüşük. Heç vaxt ayağımı yerə dayayıb deməmişəm ki, mən filan şeyi istəyirəm. Olmaz, deməli olmaz. Evdə böyüklər bizi başa salırdı ki, ay bala, imkanımız daxilində nə lazımdırsa, onu sizə edəcəyik”.

“Vəzirov atamı yanına çağıraraq...”

Müsahibim deyir ki, gözünü açandan evdə kitab görüb: “Atamın zəngin kitabxanası vardı. Onu həmişə iş otağında görürdüm. İşləməyə başlayanda iş otağının qapısını açırdım. Atam soruşardı:

- Hə..?

- Papa, qəmişimi çəkim?

- Hə.

Bu cavabı eşidəndə qapını örtüb gedirdim”.

Bir zamanlar Almaniya Demokratik Respublikasından SSRİ-yə uşaqlar üçün kiçik, elektrik mühərrikli qayıqlar gətirilirmiş: “Bir çoxları uşaqlarına həmin qayıqları alırdı. Hər gün xeyli valideyn “Molokan” bağındakı hovuzun ətrafına öz uşağını gətirərdi. Uşaq idik, bunlar bizə ləzzət edirdi. Uşaqlığım belə keçib.

Bağçaya getməmişəm. Atam da, anam da işləyirdi, dayəm vardı. Dayəm rus idi, 6 aylığımdan mənə dayəlik etməyə başladı. Eyni vaxtda iki – rus və Azərbaycan dillərində danışmağa başladım”.

Anam dedi: “İsmayıl, bunu etsəydin, evdən çıxıb gedərdim”

Elçin Şıxlının həyatında silinməz izlər qoyub getmiş anası burun-boğaz həkimi olub: “Anam Tibb İnstitutunu bitirmişdi. Bir müddət işlədi. Anam atamla qohum idi. Anam haqda bircə məqamı danışa bilərəm. 1989-cu ildə “Azadlıq” radiosunda Xalq Cəbhəsinin yaranması haqda müraciət elan olundu. Müraciətə 4 nəfər imza atmışdı: - Yusif Səmədoğlu, Məmməd Araz, İsmayıl Şıxlı və Sabir Rüstəmxanlı. Mərkəzi Komitənin katibi Əbdürrəhman Vəzirov atamı yanına çağırıb, imzasından imtina etməyi tələb edib. Atam bundan imtina edərək evə çox fikirli gəlmişdi. Anam qardaşımla məni çağırıb dedi ki, gedək kişiylə söhbət edək, nəsə narahatdır. Hamımız onun iş otağına toplaşdıq. Qardaşımla mən atamın bizə görə narahat olduğunu başa düşüb ona təsəlli verdik. Dedik ki, ata, narahat olma, uzaqbaşı bizi işdən çıxaracaqlar. Adətən bu məqamlarda qadınlar həssas və ehtiyatlı olurlar. Lakin anam gözlənilmədən təxminən belə bir söz dedi: “İsmayıl, əgər imzandan imtina etsəydin, evdən çıxıb gedərdim”.

Anam zarafatcıl, baməzə qadın idi. Hərdən zarafatla deyirdi ki, bala, sağıma baxıram, soluma baxıram, deyəsən özümüzdən yaxşısı yoxdur” (Gülür).

“Yazıçı oğlu olmağıma baxmayaraq şeir bilmədiyim üçün məni...”

İsmayıl Şıxlı pedaqoq olsa da, ailədə övladları ilə fərqli davranıb: “Bilərəkdən məktəbə qədər bizə heç nə öyrətmirdi. Buna görə də 190 saylı orta məktəbə qəbul olunanda məni eksperimental 1 a sinfinə götürmədilər. Şeir bilmədiyimə görə həmin sinfə qəbul olunmadım. Axırda pedaqoq Hökümə Qurbanova məni öz sinfinə götürdü.

Yazıçı İsmayıl Şıxlı gələndə dedilər ki, oğlun şeir bilmədiyinə görə a sinfinə qəbul etmirik, v sinfinə gedəcək. Onun prinsipi belə idi - əgər uşaq məktəbə gedəcəksə, özüm oxutmayacam, məktəb təhsil verəcək.

Atam orta məktəbə cəmi iki dəfə gəldi - onda da görüşə...”

“Sən demə, mənə iki yazan müəllimlər hamısı qohumlarımız imiş”

Məktəbə valideynlər iclasına adətən Elçin Şıxlının anası gəlirmiş: “Birinci sinfə gedəndə sinfimizdə 56 şagird vardı. Uşaqlardan biri ağlayıb evi istəyir, digəri partada oturmaq istəmir, bir başqası başqa şey istəyirdi. O xanım bizim öhdəmizdən gələ bildi. Məktəbi bitirəndə sinfimizdə 32 şagird qaldı.

Məşhur kamança ustası Tələt Bakıxanovun oğlu Yaşar bizimlə oxuyurdu. Seyfəddin Qəndilovun indi Çində səfir olan oğlu Lətif sinif yoldaşım olub. Bizim sinifdə kiminsə atasının məşhur olması o qədər də önəm daşımırdı”.

O, orta məktəbdə dəcəl uşaq olub: “Lakin ilk dəfə 9-da oxuyanda sinifdən qovulub. Bu da dəcəlliyə görə olmayıb. Yeri gəlmişkən, sinifdən qovulmağımda da İsmayıl Şıxlının oğlu olmağımla bağlı məqam vardı. İnşa yazmışdıq. Bir vergül səhvinə görə Zərbəli müəllim mənə ikidə iki yazıb sinifdən qovdu.

Pərt olub sinfi tərk etdim. Dostlarım deyir ki, müəllim arxamca bunu deyib: “Şair oğlusan, amma bilmirsən ki, vergül harada qoyulmalıdır, gəl otur boynumda”. İki həftə onun dərsinə girmədim. Bəxtimdən həmin günlərdə məktəbdə Süleyman Rüstəmlə görüş keçirilirdi. Atam da ona görə məktəbə gəldi. Onda Zərbəli müəllimə dedi ki, bizim uşaq sizin sinifdədir, göz-qulaq olun”.

Elçin Şıxlı bundan sonra müəllimi ilə barışıb: “Məktəbi bitirəndən sonra bildim ki, Zərbəli müəllim qohumum imiş.

Biz adətən dörd nəfər birləşib dərsdən qaçırdıq. Dəcəllik edəndə də birlikdə edirdik. Hansımızsa xəstələnib dərsə gəlməsəydi, digər üç nəfər dərsdən qaçsaydı, hamı təəccüblənirdi ki, görəsən dördüncü harada olub, niyə bizə qoşulmayıb? Deyirdilər ki, bu dörd nəfər nə edirsə, birlikdə edir”.

Onun dostlarından biri rəhmətə gedib: “Biri ölkədən gedib. Digəri səfir işləyir. Ümumiyyətlə sinfimiz çox çevik, şuluq, eyni zamanda əlaçılar sinfi idi”.

Onuncu sinfi bitirib Xarici Dillər İnstitutuna daxil olmuş müsahibim tələbəlik illərində cəmi bir dəfə imtahandan kəsilib: “Qiymətimi kəsən də qohumumuz idi. İmtahanda 40 dəqiqə məni sorğu-sual edib, axırda “2” yazdı. Halbuki 40 dəqiqə ərzində ən azı “3”-ə layiq danışmışdım. Nə qədər danışmışdımsa, heç olmasa “3” yazmalıydı”.

“Dedilər ki, atası oğlunu yaxşı yerə saldıracaq, amma o...”

O, bundan sonra hərbi xidmətə yollanıb: “Həmin vaxtlar hərbi xidmətə yollananda ilk öncə hərbi komissar əsgərliyə gedənləri qəbul edirdi. Əvvəl sənədlərə baxır, sonra bölüşdürürdülər. Bir də gördüm, atam hərbi komissarın otağına girdi. Özünü elə apardı ki, heç məni görmür. Ətrafda pıçıltıları eşitdim: “Hə, gəldi, indi oğlunu yaxşı yerə saldıracaq”. Bu mənə pis təsir etsə də, üstünü vurmadım.

Atamın hərbi komissardan xahişi o olub ki, iki xarici – ingilis və alman dillərini bildiyimdən məndən daha çox fayda götürmək üçün bu məqamları nəzərə alsınlar”.

Buna görə onu Almaniyaya göndəriblər: “Bakıdan 3500 kilometr uzağa düşdüm. Bir illik xidmətim tamam olanda 1 həftəlik məzuniyyət verdilər. Almaniyada ətrafımda bir nəfər də olsa, azərbaycanlı yox idi. Bura gələndə gördüm ana dilimizdə danışmağı yadırğamışam. Düzdür, evlə məktublaşırdım, amma danışanda dilim topuq vururdu”.

“Jurnalistikada o iki şəxs dostumdur”

Onun evlənmək istəyi valideynlərin məsləhəti əsasında baş verib: “Həm evdəkilər razıydı, həm də qarşılıqlı istəyimiz vardı. Leninqradda oxuyan həyat yoldaşım fəal azərbaycançılıqla məşğul olduğundan 1981-ci ildə onu da ali məktəbdən qovdular. Atası onu məktəbə bərpa etdirsə də, həyat yoldaşım dedi ki, yox, mən daha bu məktəbdə oxumayacam. Burada Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub oranı da qırmızı diplomla bitirdi”.

Cütlük 1984-cü ildə ailə qurub: “Şükür Allaha ki indiyə qədər bir yerdəyik (Gülür). İki oğlum var. Böyük oğlum Beynəlxalq hüquq fakültəsini bitirib. Az müddət mediada çalışdı. İlk qonorarını aldıqdan sonra dedi ki, ata pul elə budur? Dedim hə. Cavab verdi ki, onda mən getdim. Bundan sonra mətbuatdan uzaqlaşdı. Bir müddət ayrı-ayrı sahələrdə çalışdı, indi işsizdir.

Digər oğlum Qərb Universitetinin iqtisadiyyat fakültəsini bitirib, bankda işləyir.

İsmayıl adlı bir nəvəm var”.

Müsahibim deyir ki, dostları çoxdur: “Dostlarımdan biri dünyasını dəyişdi. O biri ölkədən gedəsi oldu. Digər dostum səfirdir. Jurnalistikadakı dostlarım Arif Əliyev və Qulu Məhərrəmlidir”.

“Söhbət Heydər Əliyevə çatdı və sonra...”

Onun kiçik qardaşı da uzun illər mediada çalışıb: “Fərrux 22 il “Zerkalo” qəzetində işləyib, məsul katib olub. İxtisası rəssamdır. Leninqradda Rəssamlıq İnstitutunda oxuyurdu. Bir il sonra millətçi damğası vurub məktəbdən çıxardılar. Əvvəl mən, sonra atam getdik ora. Dedilər, məktəbə bərpa etmək mümkün deyil. Leninqrad universitetində dərs deyən, bizim və Səməd Vurğunun qohumu olan Vəkilov soyadlı nüfuzlu müəllimin yanına getdik. Təsəvvür edin – qardaşım başqa məktəbdə oxuyur, müəllim isə tam başqa universitetdə dərs deyir. O, Fərruxun adını eşidən kimi “Aaa, eta tot samıy naçionalist!” – deyə təəccübləndi. Fərruxun söhbəti hər yerə yayılmışdı. Uzun sözün qısası, məsələ sonda gedib mərkəzi komitənin birinci katibi Heydər Əliyevə çıxdı. Demişdilər ki, İsmayıl Şıxlının oğlunu Leninqraddan Bakıdakı ali məktəbə köçürmək lazımdır. O da şəxsən icazə verəndən sonra qardaşımı Bakıdakı rəssamlıq məktəbinə köçürdülər”.

“İsmayıl Şıxlının o əsərini anam yazmışdı”

O, İsmayıl Şıxlının, habelə anasının həyatının son illəri ilə bağlı bəzi xatirələri də bölüşdü: “Atam sonuncu əsəri “Ölən dünyam” romanı yazanda gözləri tutulmuşdu. O, diktə edir, anam yazırdı. Amma anam hərdən yorulurdu, deyirdi bala, mən yazmaqdan yoruldum, kişinin təbi gəlib, gəlin bir az da siz yazın. Biz hərdən komək etsək də, əslində romanı atam diktə etmiş, anam yazmışdı”.

Müsahibim sonda jurnalist fəaliyyəti ilə də bağlı maraqlı xatirələri bölüşdü: “Əlikram Hümbətov həbsxanada cəza çəkirdi. Ciyərlərində problemlər yaranmışdı. Gecə Leyla Yunusdan xəbər gəldi ki, Əlikram ölüb. Bizdə bunu xəbərə çevirib yazdıq. Qəzetdə qeyd etdik ki, bu məlumat heç kimdə yoxdur, eksklüzivdir. Səhər eşitdik ki, sağdır. Planlaşma iclasında Rauf Talışinski xəbərimizin yalan olduğunu eşidəndə Əlikramı nəzərdə tutub dedi: “Ax neqodyay” (Gülür).

Bir dəfə işçilərimiz qonşunun qonşusunu bıçaqlayıb öldürməsi haqda xəbər hazırladılar. Səhər bir nəfər redaksiyaya gəldi. İşçimizdən soruşdu ki, dünən bıçaqlanma xəbərini yazmısan? O da cavab verdi ki hə. Xəbəri mənbədən almışam, dəqiq məlumatdır. Kişi də hirsləndi ki, sənin xəbərin düz deyil. İşçimiz başladı mübahisə etməyə ki, xeyr, xəbərim dəqiq və doğrudur. Həsən öldürülüb. Kişi də cavab verdi ki, ayə, Həsən mənəm. Mən ölməmişəm”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm