Bakıda “Qarabağ” sədaları istəmirəm
Bizi izləyin

Digər

Bakıda “Qarabağ” sədaları istəmirəm

Uzun bir aradan sonra ötən çərşənbə günü – Azərbaycan kubokunun final matçına mavi ekranlar arxasında deyil, stadionda baxmağa qərar verdim. Sonuncu dəfə bu arenaya aylar öncə məhz bir “Qarabağ” matçında gəlmişdim. Həmin oyunda da indiki kimi bütün stadion “Qarabağ” deyə qışqırır, müxtəlif şüarlar səsləndirirdi. Amma həmin oyunda rəqib Avropanın ən köklü klublarından olan “Monako” komandası idi. Və “Qarabağ” sədaları qulağa o qədər xoş gəlirdi ki, insan Bakı küçələrindən, idman arenalarından bu şüarların kəsilməsini heç istəmirdi. Ancaq “Neftçi” ilə oyunda beynimi başqa hisslər, təsəvvürlər bürüdü. Bakıda, “Neftçi”nin əzəli arenasında, doğma evində “Qarabağ” sədaları niyə daha çox çıxmalı, bakılı azarkeşlərin səsini batırmalıdır, deyə düşündüm...

***

Hələ uşaqlıqdan “Neftçi” azarkeşi olmuşam desəm, yalan olmaz. Hər halda, adını ilk eşitdiyim və oyununa ilk baxdığım komanda məhz “Neftçi” olub. Yadımdadır, hələ sovet hökuməti dağılmamışdan öncə 6-7 yaşım olardı, lakin bu komandanın demək olar ki, efirdə yayımlanan heç bir oyununu qaçırmırdım. Ona görə yox ki, futbolu dərk edirdim, bu oyunun nə olduğunu bilirdim, bir futbol azarkeşi idim. Ona görə ki, o zaman kənddə bir neçə evdə televizor var idi və onlardan biri də bizdə idi. Kiçik əmimsə mənə tapşırmışdı ki, bütün oyunlarda onu çağırım. İndiki kimi yadımdadır ki, hər dəfə “Neftçi” meydana çıxanda pəncərəni açıb qışqırırdım: “Əmi oyun başladı, gəl”. “Neftçi”nin o dövrdəki oyunçularının adı hələ də yaddaşımdadır. Beləcə “Neftçi” sevgim başlamışdı və müstəqillikdən sonra ağlım kəsəndən flaqmanın onlarla oyununu məhz stadiondan izləmiş, “Neftçi” deyərək qışqırmağım da az olmamışdı.

Lakin bu qışqırıqlar “Qarabağ” boy göstərənədək davam etdi. Hətta bu komandanın azarkeşinə də çevrildim:

Şübhəsiz ki, Qarabağ adına görə...

Şübhəsiz ki, oyunçuların, məşqçinin, klub rəhbərliyinin Qarabağ adı üçün bir əsgər kimi savaşmasına görə...

Şübhəsiz ki, bütün azərbaycanlıların tək bilək, tək ürək olaraq QARABAĞLI, “Qarabağ” azarkeşi olmasına görə...

Şübhəsiz ki, “Qarabağ”ın, “Qarabağ” rəhbərliyinin heç özlərinin də fərqinə varmadan bizi, hər bir azarkeşi bir vətənpərvər, bir əsgər kimi yetişdirdiyinə görə...

***

Ancaq son oyunda sanki bir anlıq “Neftçi” hissləri yenidən baş qaldırdı, yenidən o dövrlərə getdim. Lakin reallıq başqa idi və flaqmanın tarix boyu böyük uğurlara imza atdığı bu doğma divarlar sanki indi ona yad idi. “Neftçi”nin uğurlarına şahidlik edən bu divarlar daxilində indi “Neftçi” deyə hayqıran 5-10 nəfər vardı. Bəli, bu qədər “Qarabağ”lının arasında onlar sadəcə 5-10 nəfər, bəlkə daha az görünürdü.

Bəli, “Neftçi” doğma evində yadlar arasına düşmüşdü...

Mən Bakıda “Qarabağ” sədaları istəmirəm...

Amma mən “Neftçi”nin Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, ümumiyyətlə, Qarabağda yad olmasını istəyirəm, Bakıda yox...

Qoy, “Qarabağ” sədaları Ağdamda, Qarabağda səslənsin...

Qoy, “Qarabağ” deyə Şuşada qışqıraq...

Qoy, “Qarabağ” oyununda Qarabağ dərdi çəkməyək...

Aqil Lətifov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm