Payızla qışın sərhədində yazdığım yazı
Bizi izləyin

Digər

Payızla qışın sərhədində yazdığım yazı

Payızla qışın sərhədində yazdığım yazı

İbrahim İbadoğlunun “Qıfıl” kitabı üzərinə qeydlər

Qarşımdakı qapını qıfıllı görüb ötüb keçmək istəyirəm və bu dəm gözüm qıfılın üstündəki açara sataşır. Açarı burub qıfılı çıxarıram və elə astanadaca məni bu sözlər qarşılayır: “Qardaşım Kənana ən xoş arzularla”.

Qardaşım İbrahim İbadoğlu “Qıfıl”ı mənə bağışlayanda yazın gəlişindən ikicə gün ötmüşdü. Mən bu kitabı elə yazdaca oxudum. Belə kitabları birnəfəsə oxuyurlar. Mən də birnəfəsə oxudum və elə bil nəfəsim genidi.

Mən bu kitab haqqında yazmağa başlayanda yayın qorabişirən vaxtıydı, istidən nəfəs çəkmək olmurdu. Fatma ananın ağrı-acısında həsrətlənən bürkülü yay gecəsi “Xalça” povestinin sonuncu cümləsi gözümün yaşını selə döndərdi və mən kitabı qapayıb köksümə sıxdım, özümü üzüqoylu çarpayıya atıb əməlli-başlı ürəyimi boşaltdım. Kitab kimi varaqlanan qara torpağın sonuncu səhifəsi olan Fatma ana o kitabın üzünü öz xalçasıyla qorudu.

“Xalça da yerində qalmadı. Sinəsini sipər kimi irəli verdi, irəli yeridi elə bil. Saplağı qurumuş yarpaq kimi əsə-əsə yıxılmamaq üçün divara söykənən kimsəsiz qarıya qahmar çıxdı. Özündən böyük ağrısıyla əli silahlı adamlara çırpıldı, yad baxışlara təpildi...”

Müharibə və ədəbiyyat. Müharibələr başlanır, xalqların başı üzərindən səmum yeli kimi əsib keçir, keçib getdiyi yerlərdə özünün silinməz izlərini qoyur. Əlahəzrət Zaman o izləri torpağın, insanın yaddaşından silmək iqtidarında deyil. Ədəbiyyat isə artıq çoxdan bitmiş olan müharibəni yenidən başlayır, fəlakətlər yenidən baş verir, ağrı-acılar yenidən yaşanır...

Müharibə... Onu ədəbiyyata gətirmək üçün yazıçı öz ürəyini döyüş meydanına çevirir. Heminquey kimi, Remark kimi, Fridrix Volf kimi, Konan Doyl kimi... Oxucu isə sadəcə, arxa cəbhə”də asudə və arxayınlıqla gəzişən seyrçidir.

Müharibə və ədəbiyyat. Çoxları iddia edir ki, bizdə müharibə ədəbiyyatı yoxdur, bəziləri isə zaman amilini əsas gətirir. Müharibə- labirintdi, həqiqətin azıb-dolaşdığı yerdi və bu həqiqətin nə zaman həmin labirintdən xilas olacağını gözləmək sadəlövhlükdü. Müharibə bioloji istəklərin tüğyanıdır və cəmiyyətin heyvani gedişat əsasında yaşadığına dəlalət edir. Ədəbiyyat məqamındaca bu anormal cəmiyyətə güzgü tutmalı və onu özündən utandırmalıdır.

“Qıfıl” povestini oxuyuram və az qala, yazıçını amansızlıqda günahlandırıram. Günahlandırıram ki, niyə Paqon Niyazı “ölümə qandalladır”, yurdsuz insanların sığınacaq yeri olan yük vaqonlarına dağdan ağır qüssə, ah, fəryad yükləyir...

İbrahim İbadoğlu sözün, duyğunun, hissin min-bir çaları ilə bu cəhənnəmi təsvir edir, bu cəhənnəmin içinə girir. Bu sonsuz əzabların, məşəqqətlərin dözülməz ağrısını sümüyündə, iliyində duyursan.

“Burada hər şey yaddı. Hər şey ögeydi. Nəyə toxundunsa, nəyə əl vurdunsa, o dəqiqə canına üşütmə salacaq, ürəyini donduracaq. Gözə görünməyən gizli bir cəhdlə, inadla çalışacaq ki, səni də öz tərəfinə çəksin. Səni də özünkü eləsin. O elə, o yurda qayıtmağa yer qoymasın, üz qoymasın. Elə burada, bu sidik qoxusu verən şoran torpaqlarda tutub saxlasın. Yox! Yox!!!

Yoxsul camaat elə özü təki kasıb ürəyi ilə, o ürəyin Allahdan da gizli hücrəsində göz bəbəyitək qoruyub-saxladığı od-ocaq yanğısıyla mütləq geri dönəcəyinə inanırdı”.

Bu inam olmasaydı, İbrahim İbadoğlu “Qıfıl” povestinin bircə cümləsini belə yaza bilməzdi. Səs-küy içində boğulan məmləkətin xam torpaqlarında gecəli-gündüzlü söz əkib kəlmə becərmək və bu torpaqları qanıyla suvarmaq üçün təkcə inam yetərli deyil. Bunun üçün polad kimi möhkəm və azman iradə, fil dözümü, bir də coşğun istedad və zəngin bədii təxəyyül gərəkdir. Bunların hamısı İbrahim İbadoğlunda var. Yəqin ki, bu yazını qələmə almaq zərurəti meydana çıxmasaydı, kitabla bağlı düşüncələrim elə ürəyimdəcə qalacaqdı.

Payızla üzülüşmək məqamıdı. “Payızın fikrini bilmək istəsən, gərək ağac olasan, gərək yarpaq olasan, gərək budaq olasan...” Rəhmətlik İsa İsmayılzadənin bu kövrək misraları ürəyimdən qəfil bir gizilti kimi keçdi. Payızla qışın sərhədindəyəm, bilmirəm payızın fikrini öyrənim, yoxsa qışın... Ovqatım da yalındı elə bil...

Hələ də bu yazını tamamlaya bilmirəm. Hələ də o qıfıl sanki mənimçün açılmamış qalır. Paqon Niyaz protez ayağıyla səndirləyə-səndirləyə, qara baxtın danlaq sifətinə tüpürə-tüpürə ürəyimin içindən keçib gedir.

“Yenə də o alın... O qırışlı alın... Sandıqçanı çoxdan açmışdılar, amma bu dar macalda öz köhnə dostuyla üz-üzə gəlməyi heç arzulamırdı. Yeganə istəyi yiyəsiz meyitin könlünü almaq, onun qanlı yaxasını bu dələduzların təhqirlərindən qurtarmaqdı!”

Pəncərədən çölə boylanıram. Tutqun səma bolluca yağış vəd edir. Daha bu yağış eynimə deyil. Buludun fikrini bilmək üçün gərək bulud olasan!...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm