Bratislavada “Azərbaycan Obyektivdə” adlı fotosərgi keçirilib
Bizi izləyin

Digər

Bratislavada “Azərbaycan Obyektivdə” adlı fotosərgi keçirilib

Slovakiyanın paytaxtı Bratislava şəhərində Mədəniyyət Nazirliyinin binasında “Azərbaycan Obyektivdə” adlı fotosərginin açılış mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, millət vəkillərinin, xarici diplomatların, jurnalistlər və ictimai xadimlərin bir araya gəldiyi tədbir Slovakiya Respublikasının mədəniyyət naziri Marek Madariçin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən Slovakiyanın Mədəniyyət Nazirliyinin dövlət katibi İvan Seçik bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ümumi cəhətlər çoxdur. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətini, tarixini, incəsənətini, memarlığını və insanlarını əks etdirən 100 ədəd fotoşəkildən ibarət şah əsərlərin Avropanın bir neçə əsas şəhərlərinə səyahət etdikdən sonrakı dayanacağının Mərkəzi və Şərqi Avropa regionunda ilk olaraq məhz Bratislavanın seçilməsi böyük bir imtiyazdır. “Mən tələbəlik illərində Azərbaycanda səfərdə olmuşam, indi bu fotoşəkillər məni həmin illərə apardı. Mən bu sərginin Bratislavada təşkil olunmasına çox şadam və TEAS-ın Slovakiyada təşkil edəcəyi gələcək tədbirləri səbirsizliklə gözləyirəm” – deyə İvan Seçik vurğulayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Direktoru Lionel Zetter məlumat verib ki, “Azərbaycan Obyektivdə” sərgisi Avropanın bir çox ölkələrində nümayiş olunub. Azərbaycan ilə Slovakiyanın oxşar cəhətləri çoxdur – hər ikisinin əhalisi 10 milyona yaxındır. Hər ikisi müasirliyin və qədimliyin vəhdəti olan memarlıq abidələrinə malikdir. Hər ikisi uzun illər sovet təsirinin altında yaşamışdır:

“Slovakiyadan fərqli olaraq Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır və bu da Azərbaycan üçün acı kədər mənbəyidir. Bununla belə sərgi Azərbaycanın gözəlliyini əks etdirir və ümidvaram ki, bu fotoşəkillər vasitəsilə Azərbaycan haqqında daha çox şey öyrənə biləcəksiniz – deyə Lionel Zetter vurğulayıb”.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə öz çıxışında bildirib:

“Sərgidəki fotoşəkillərə baxarkən biz bir faktı göz önünə gətirməliyik ki, Azərbaycan Avropa mədəniyyətinə inteqrasiya edilən ilk Şərq ölkəsi olub. Şərq dünyasında ilk opera, balet və caz orkestri məhz Azərbaycanda yaranıb. Bu ölkə multi-mədəniyyət timsalıdır. Məsələn, Avropadakı müdhiş günlər zamanı təhlükə altında olan yəhudilər sığınacaq üçün məhz Azərbaycana pənah gətirmişdilər.

Azərbaycanlılar hər zaman mədəniyyət mübadilələrinə açıq olublar və bu ölkə öz tolerantlığı və digər xalqlarla qurduğu mədəniyyət tərəfdaşlıqları ilə məşhurdur. Mənim ölkəmdə yəhudilər, müsəlmanlar, protestantlar, katoliklər və pravoslavlar hamısı dinc yanaşı yaşayırlar. Bu fotoşəkillər vasitəsilə Azərbaycanın mədəniyyət və adət-ənənələri haqqında təsəvvürə malik ola bilərsiniz. Ümid edirəm ki, tezliklə Bakı Slavyan Universitetində Slovakiya mərkəzi açılacaq və Azərbaycan gəncləri gəlib Slovakiya və onun tarixini öyrənəcək, Slovakiyada təhsil alacaq, eləcə də slovakiyalı tələbələr Azərbaycan Diplomatiya Akademiyasında təhsil alacaqlar. Ümid edirəm ki, bu sərgi bizim ölkələrimiz arasındakı böyük əməkdaşlıqların yaranması üçün müjdəçi rolunu oynayacaqdır”.

Sonra Azərbaycanın Slovakiyadakı fəxri konsulu professor Cəlal Qasımov çıxış edib. Fəxri konsul TEAS-ın Slovakiyada fotosərginin təşkil etməsini alqışlayaraq, belə bir mədəniyyət tədbirlərinin keçirilməsi Slovakiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu bildirib.

TEAS-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna son olaraq çıxış edib: “Mən fəxr edirəm ki, “Azərbaycan obyektivdə” sərgisi Slovakiya auditoriyasına Azərbaycan gözəlliklərindən zövq almaq imkanı yaradır və İpək Yolu üzərindəki bu füsunkar inci haqqında biliklərini artıracaq”.

Sərginin bədii hissəsində TEAS-ın incəsənət və mədəniyyət üzrə müşaviri Nyu-Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu skripkaçı Sabina Rakçeyeva Londonda fəaliyyət göstərən “Deko” ansamblının müşayiəti ilə Argentinalı bəstəkar Astor Piazzola, Vaqif Mustafayevin bəstələri və Azərbaycanın ənənəvi musiqi əsərlərindən ibarət aranjemanlar ifa edib.

Məlumat üçün deyək ki, “Azərbaycan Obyektivdə” sərgisi bundan əvvəl TEAS-ın nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel və İstanbulda nümayiş olunub.

Fotoşəkillər TEAS-ın təşkil etdiyi müsabiqə yolu ilə Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan fotoqraflardan daxil olmuş 750 əsər arasından seçilmişdi. Müsabiqənin qalibi, 1985-ci ildə Qarabağın Kəlbəcər rayonunda çəkilmiş “Ağsaqqallar” fotoşəkilinin müəllifi Asim Talıb olub. İkinci mükafata isə Bibiheybət məscidinin tavanının heyrətamiz təqdimatını foto obyektivə almış Etibar Cəfərov layiq görülüb. Nəhayət, üçüncü yerə Fuad Babayev sahib çıxıb. F.Babayevin “Alovlar və iynə” adlı foto obyektivində Bakının yeni simvolu olan “Alov qüllələri” və televiziya qülləsi yer alıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm