• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

10 qat Avropa çempionu: “Xanımlara yaxınlaşmağa çəkinirəm”

  • Digər
  • 18 Yanvar 2014 14:45
  • 15 515 Baxış
10 qat Avropa çempionu: “Xanımlara yaxınlaşmağa çəkinirəm”

Rafael Ağayev Karate üzrə 4 qat dünya, 10 qat Avropa çempionudur. Dəfələrlə beynəlxalq turnirlərdə Azərbaycanın himnini səsləndirib. O, həm peşəkar idmançı, həm də tələbkar məşqçidir.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə pantera və birilliant ləqəbləri ilə tanınan uğurlu idmançı Rafael Ağayev haqqında məlumat verəcək.

Hazırda ən böyük məqsədləri 5-ci dəfə dünya çempionu olmaq, Baku 2015-də qələbə qazanmaqdır.

İki seçim qarşısında – atasının yoxsa Brus Linin yolu

“Ağayev Rafael Mahir oğlu, 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhəri 21 nömrəli məktəbində bitirmişəm. Uşaq vaxtı çox dəcəl yerində durmayan uşaq olmuşam. (gülür)

7 yaşdan Karate idman növü ilə məşğul olmağa başladım. Təbii bu idman növünə çox həvəsli idim. Bilirsiniz, o dövrdə Brus Linin kinolarının dəbdə olan vaxtı idi. Bruslinin kinolarının da karateni seçməyimdə təsiri oldu.

Atam da məndə həvəsi gördü və məni ilk müəllimim olan Rafael Məmmədovun yanında idmana yazdırdı. Beləliklə də, idmanda ilk addımlarımı atmış oldum.

Onu da bildirim ki, idmanda ilk vaxtlarımda karate və futbol arasında qalmışdım. Atam özü futbolçu olub. Atam sayəsində də futbola həvəsim var idi.

Amma karateni seçdim və bu idmanda parlamağı qarşıma məqsəd qoydum. Artıq 21 ildir ki karate ilə məşğulam.

Dəfələrlə Respublika çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibi. WKF növləri üzrə 4 qat dünya, 10 qat Avropa çempionuyam.

Tələbələr arasında da dünya çempionu olmuşam.

Onu da deyim ki, 2012-ci ilin dünya çempionatında dünya rekordunu qırmağıma bir addım qalmışdı. Həmin turnirdə finala qədər yüksələrkən keçirdiyim 5 döyüşdən sadəcə 1 xal buraxmışdım. Finalda ən güclü rəqibim Luiza Busa idi. Hesab heç-heçə oldu. Amma hakimlərin rəyinə görə, qələbə ona verildi. Mən beləliklə, dünya rekordunu əldən verdim.

2013-cü ildə mən onu 2 dəfə - Avropa çempionatında və dünya oyunlarında iki dəfə məğlub etdim. Dünya oyunlarında ona 7:1 hesabla qalib gəldim”.

- Uğurlarınız arasında hansı medalın sayı daha çoxdur?

- Əlbəttə ki, qızıl daha çoxdur, ən az olan gümüşdür. Amma bürünc mükafatlarım da var. 21 il ərzində demək olar ki, 7-8 dəfə ikinci olmuşam. Adətən fəxri kürsünün sahibi olmuşam.

Əfsanəvi döyüşçünü karyerasından uzaqlaşdırdı

“Mənim həm çətin, həm də asan döyüşlərim olub. Amma 2004-cü ildə - 19 yaşda Moskvada keçirilən böyüklər arasında Avropa çempionu oldum. Orada mənim rəqibim anası erməni atası fransalı olan idmançı idi. O vaxt o, karatenin əfsanəvi idmançısı idi. Mən ona qalib gəldim. Bundan sonra bütün dünya tanımağa başladı ki, Azərbaycanın belə bir idmançısı var.

Amma onun özü bu məğlubiyyəti həzm edə bilmədi. Bizim evə məktub ünvanladı ki, sənlə bir daha görüşmək istəyirəm. Mən qəbul etdim və 2005- ci ildə Parisə yollandım. Növbəti görüşdə də onu məğlub etdim. Sonra o, karatedən artıq getdiyini etiraf etdi.

- Dediniz atanız karateyə aparıb. Bilirik ki, idmançılar üçün təhsil adətən 2-ci planda qalır. Bəs ailəniz sizin idmana gəlib təhsildən uzaq qalmanıza qarşı çıxmadı?

- Mənim böyük qardaşım öz təhsilinə önəm verib. Kitablarla məşğul olub həmişə. Ortancıl qardaşım isə normal oxuyub. Ən pis oxuyan uşaq mən olmuşam. Özüm də öncə də dediyim kimi dəcəl uşaq olmuşam. Amma valideynlərimə çox təşəkkür edirəm ki, mənim sənətimi seçdiyimi başa düşdülər və bu yolda mənə dəstək oldular. Mən də ailəmin inamını doğrultdum. Bu günə qədər şükür edirəm ki, mən bu zirvədəyəm.

- Karate federasiyasının uğurlarının arxivinə baxdığımız zaman hər il Rafael Ağayevin medal qazandığını görürük. Sizcə Rafael Ağayevin bu uğurunun sirri nədir? Güc, şans ya nə?

- Yüz faiz deyə bilərəm ki, bu şans deyil. Çünki peşəkar bir idmançının şansı cəmi 2-3 dəfə gətirə bilər. Amma hər il olan şans deyil artıq.

Əlbəttə, mənim də bəzən şansım gətirib yarışlarda. Məsələn: 3 xallıq zərbə buraxırsan, bu hakimlərin gözündən yayınır. Bu artıq şansdır.

Amma bu sirr də deyil. Çünki sirri 3-cü şəxs bilirsə bu artıq sirr olmur. Hamı mənim uğurlarımı görür, bilir.

Nəinki Rafael Ağayev, digər idman növlərində və ya digər sahələrdə bir insan öz üzərində çalışarsa sözsüz ki, o istəyinə nail olar, Allah onun əziyyətinin bəhrəsini verər.

Mənim də uğurlarımın səbəbi məşqlərimdən, özümə inamımdan, ağlımdan və gücümdən asılıdır. Bu sadaladıqlarımı bir yerə toplayıb bu nəticələri verirəm.

- Döyüş başlamamışdan öncə, hakimin başla səsi eşidilməmişdən əvvəl rəqibinizi necə analiz edirsiniz ki, mən onu belə etsəm məğlub edərəm?

- Döyüşdən əvvəl bizə siyahı verilir ki, rəqiblərimiz kim olacaq. Bununla da hər rəqibə başqa hazırlaşıram. Əvvəlki görüşlərimi də izləyirəm ki, nəyi necə etsəm, bu rəqibə qalib gələcəyəm. Hər idmançı ilə eyni qaydada işləmək olmaz. Çünki fərqli taktikalar seçmək lazımdır ki, güclü idmançını rəqibin tutması çətin olsun.

- Sizin üçün karate nədir? Qazanc yeri, uğur dalınca uğur gətirmək fikri, məşhurluq, ya necə?

- Karate ilk növbədə mənim həyatımdır. Əgər bu idman növü həyatımdırsa, istəyərəm həyatım uğurlu olsun. Qaldı ki, qazanca əgər bir idmançı ilk növbədə qazancı fikirləşirsə, o heç vaxt idmançı ola bilməz.

- Həm də məşqçisiniz. Bəs tələbə Rafael Ağayevlə, məşqçi Rafael Ağayev arasında hansı fərqlər var?

- Əlbəttə ki, fərq var. Mən 18-20 yaşlarda olan karateçilərin baş məşqçisiyəm. Amma baş məşqçi kimi hələ yeniyəm. Artıq 1 il yarımdır bu vəzifəni yerinə yetirirəm. Amma idmançı kimi 21 ildir ki, varam və hələ də davam edirəm. Buna görə də, idmançı kimi daha yaxşıyam.

Əlbəttə ki, bu uşaqlara baxanda o yaşlardakı Rafaeli görürəm. Düşünürəm ki, məndən sonra gələn uşaqlar da dünya Avropa çempionu olacaq, və bu gənclər məni təkrarlaya biləcək. Ümid edirəm.

Amma hazırda mənim uğurlarımı təkrarlamış idmançı yoxdur.( gülür)”.

Hakim qərəzi

“Mənim qarşılaşıdığım yarışlarda çox olub ki, hakimin qərəzli qərarı ilə qarşılaşım. Bu tək məndə yox hər bir idmançıda olur. Amma buna reaksiyam dava ilə filan olmayıb. Reaksiyamızı böyüklərimizin verdiyi nəsihətlərə görə vermişik. Məşqçilərimiz də bizim ikinci ailəmizdir. Onlar bizə həmişə deyiblər ki, hakim nə qərar versə düzdür. Heç bir dava etməyə dəyməz, daha da özünə ziyan edərsən”.

“Ölənə qədər karyeramı davam etdirərəm”

Məndən olsa qocalıb o bir dünyaya gedənə qədər yarışlara çıxaram, karyeramı davam etdirərəm (gülür). Amma bilirsiniz ki, idman müvəqqətidir.

Dəqiq deyə bilmərəm idmanda nə qədər ömrüm qalıb. Nə qədər ki, canım suludur çalışacağam bayrağımızı qaldırım, himnimizi səsləndirim.

Çünki bu qələbələr, tək biz idmançıların yox, prezidentimizin, ailəmizin, ölkəmizin, dostlarımızın qələbəsidir.

“5-ci dəfə dünya çempionu olmaq niyyətindəyəm”

Hələ ki, siyasətə atılmağı düşünmürəm. Çünki elə şeylər mənə hələ tezdir. Amma hər şey ola bilər.

Lakin hazırda mənim bir düşüncəm var, əməliyyatdan qayıdım. Bu il 5-ci dəfə dünya çempionu adını qazanım, dünya rekordunu qırım. Və gələn il ən böyük idman turniri olan Avropa Olimpiya oyunlarıdır ki, burada qızıl medal qazanmaq, himnimizi səsləndirmək istəyirəm. Biz ora tam heyətlə hazırlaşırıq. Buna görə mən - Fizuli Musayevə, Ülvi müəllimə, Rəhman Hətəmova, Ülvi Quliyevə öz minnətdarlığımı bildirirəm. Onlar mənə həmişə inanıb və dəstək olublar. Öz məşqçim Rafael Məmmədova həmişə minnətdaram, o, mənə bu idmanı sevdirdi. Bu gün bu yerdə olmağımda onun da əməyi çox böyükdür”.

İdmandan kənar söhbət- “yalanın ömrü 40 gün çəkir”

- Dediniz, hələ siyasət istəmirəm. Bəs idmandan getdiyiniz zaman biznes qurmağı düşünürsünüz? Ya da bəlkə indi biznesiniz var...

- Xeyr, hazırda yoxdur. Olsa idi, deyərdim. Nəyisə gizlətməyi sevmirəm. Çünki deyirlər yalanın ömrü 40 gün çəkir.

Amma olur ki, başqa ölkələrə dərs deməyə seminarlara dəvət edirlər. Elə bu yaxınlarda komandayla Moskvada olduq, daha sonra Federasiyanın prezidenti Yaşar müəllimlə yüz nəfərdən çox idmançıya dərs dedik. Bu biznes sayılmasa da oradan qazancım olur.

- Ailəli deyilsiniz. Düşünürsünüz ki, ailəli olmaq idmana mane olar? Yəni ailə qayğısı bir tərəfdən, məşq əziyyətləri bir tərəfdən...

- Məncə ağılla hərəkət etsək, heç bir problem olmaz. Yeni ailə quran dostlarıma soruşmuşam ki, ailəli olmaq asandır, ya subaykən? (gülür). Deyirlər hər şeyin öz ləzzəti var. Hərə bir reaksiya verir. Amma ailəli olmaq daha rahat olur.

- Tanınmış, uğurlu idmançı... Bu çoxlarının diqqətini çəkə bilər. Bu məqsədlə tanış olmaq istəyən olubmu?

- Təbii, yolda getdiyim zaman yaxınlaşan da olub, söz soruşan da... İmza istəyən də olub. Şəkil çəkdirən də.

- Amma mən xanımların sizlə tanış olmaq istəyini nəzərdə tuturam.

- Təbii ki, olur. (gülür) Zəng də olur, mesaj da. Amma təbii ki, cavabım ilk növbədə razılıq olmur. Tanış olduğum da olub olmadığım da.

Amma mən özüm tanışlıq üçün bir xanıma yaxınlaşa bilən biri deyiləm. Bunu bacarmıram (gülür). Bu o demək deyil ki, danışıq qabiliyyətim yoxdur. Sözün əsil mənasında çəkinirəm. Mən xanıma yaxınlaşım nə deyim?! Özümə yox, o xanımın adına görə çəkinirəm.

Kənardan o qız üçün necə baxarlar. Bizdə bir az söz-söhbətlər çox olur”.

“Rafael ağ kağız deyil”

“Çox olub desinlər ki, özündən razısan, ay səmimi deyilsən. Nə qədər ki, insanı yaxından tanımırlar ona görə də belə şeylər çox deyiləcək.

O demək deyil ki, Rafael ağ kağızdır. 5-i istəyəndə digər 5-i də istəmir. Bir insanı tanımaq üçün onunla ünsiyyətdə olmalısan”.

- Özünüz də dediniz istəyən də olub istəməyən də. Bəs paxıllıq edənlər necə? Sizin arxanızla danışılması barədə eşitmişiniz?

- İstəsən də, istəməsən də uğur varsa, arxanca danışanlar da olacaq, paxıllıq çəkənlər də... Mən demişəm, yaxşı adamın arxası ilə danışırlar.

- Həyatda necə birisiniz? Davakar, sakit, davanı söhbətlə yola verməyi bacaran, dost uğrunda dalaşan? ...

- Etiraf edim ki, çox davakar olmuşam. 2-3 ildir ki bu işlərdən uzağam. Amma dalaşan zaman da idmançı olduğumu sübut etmək üçün əsla dalaşmamışam. Sadəcə söz düz gətirməyib, ya nə isə olub dava yaranıb. Özüm də əsəbi biri olmuşam. Olub ki, dost davasına da getmişəm. Amma elə vaxtlar da olub ki, dost bilib onun üçün davaya getmişik. Sonra anlamışam ki, bu dost deyil. İndi isə daha sakit, daha təmkinliyəm.

- Belə bir xəbər eşitmişəm ki, Sumqayıtda bir polisi döymüsünüz. Buna görə də çox başınız ağrıyıb.

- Xeyr, bu yalan söhbətdir. Belə bir hadisə olmayıb. Onun üstündə mən 3 ay da Şüvələnda yatmışam. Amma onun üstə olmayıb tamam başqa bir şey olub. Açıqlamayacam, lakin sonra günahsız olduğum anlaşıldı. Yəni səhv salmışdılar.

O dərəcədə harınlamamışıq ki, durub polis döyək.

- Eşitdiyimizə görə, yaxşı rəqs etmək bacarığınız var...

- Bax onunla razıyam (gülür). Bütün rəqslərdə.. həm milli həm də xarici...

Çünki özüm bir az çılğın insanam. Xoşlayıram rəqsi, futbol oynamağı. Hər şeyin öz yeri var”.

Döymələri - öz şəkili və ləqəbini əks etdirən pantera

- Qollarınızda döymələr var. Adətən məşqçilər tərəfindən belə hallar bir o qədər də xoş qarşılanmır.

- Mənim öz şəxsi həyatım var. Necə istəyirəm elə də yaşaya bilərəm. İstəsəm saqqal saxlaya bilərəm, istəsəm saç uzada bilərəm.

Mən hər hansı məşqçimə ya da öz tələbəmə demirəm ki, sən niyə bığ saxlayırsan, və ya demirəm ki, niyə kostyum geyinirsən...

Düzdür diqqət olunmalıdır, dırnağın təmiz olmağına, səliqəli olmalıdır. Demirəm ki, insan bomja oxşamalıdır. Amma əgər mən dissiplinli biriyəmsə, bu mənim idmanıma təsir etmirsə, bu problem deyil.

Allaha şükür mənim məşqçilərim belə şeylər mənə deməyib.

O ki qaldı döymələrimə, birini lap cavanlığımda etdirmişəm. Ləqəbimi bildirir- pantera rəsmidir. Digər qolumda isə öz şəklimdir. Braziliyada döydürmüşəm.

Din cəhətdən eşitmişdim ki, günahdır. Bilə-bilə günaha batmışdım. Amma sonra qardaşlar var onlara soruşdum. Onlar da mənə bildirdi ki, günah yox, sadəcə bəyənilmir. Amma imkan olsa sildirərdim.

- İlk zamanlar döyməni nə düşünüb vurdurduz? Vahiməli görünsün deyə ya necə?

- Cavanlıq... Kimdəsə qorxu yaratmaq məqsədi ilə deyil. Axı mənim rəqiblərim mənim çiynimi görmür, biz kimanoda oluruq. Bu sadəcə cavanlıqda bir istək idi.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR