• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanlı məşhur toy günü atasını itirdi - FOTOLAR

  • Digər
  • 16 Aprel 2014 15:00
  • 6 351 Baxış
Azərbaycanlı məşhur toy günü atasını itirdi - FOTOLAR

Həmsöhbətim tanınmış şair Faiq Balabəylidir. Onu “Uşaqlıqdan reportaj”a dəvət edəndə dodağı qaçdı, yarızarafat, yarıgerçək bəzi həmkarlarına söz də atdı: “Uşaqlığım haqqında sənə faktlarla danışacağam, daha bəziləri kimi gop eləməyəcəyəm e”, -dedi.

Əla! Amma söhbətin əvvəlində zarafatyana ondan bir təmənnam da oldu: "Sən Allah, ilk sevgi, qız üstə düşən davalar, kəsəsi duğulu məqamları yaddan çıxarma ha!"

Gerisini öz dilindən eşidin…

Evdə ən çox tənbeh olunan uşaq

“Sözə baxan olmamışam. Anamı çox incitmişəm. Elə atamı da. Məndən böyük qardaşlarım da məni çox tənbeh edib. Görünür, onları da incitmişəm, sözlərinə baxmamışam. Bilmirəm, buna dəcəllik demək olardı ya yox, amma bizim böyük qardaşımız Yaşar müəllimin qadağalarına baxmayaraq günüm çayda çimməkdə keçərdi və buna görə də az tənbeh olunmamışam. Özümü heç bir işə verməzdim. Məsələn, böyük həyətyanı sahəmiz vardı, orada əkilən pomidor şitillərini, kartof ləklərini bilərəkdən əzər, sındırardım ki, mənə bir daha iş tapşırmasınlar”.

“Davakar olmuşam, döyüldüyüm vaxtlar çox olub”

“Yaxşı at minmişəm və bizim atlarımız həmişə seçilən olub. Uşaq vaxtdan ən yaxşı marağım atarabası ilə heyvanlarımıza Xamrava düzündən, “Val”ın arxasından, “Gülağanın damı”nın yanından, Canqı təpəsindən, Uzuntəpə yerindən dəryazladığım otu gətirmək olub. Davakar olmuşam, döyüldüyüm vaxtlar çox olub. Çünkü məndən 4-5 yaş böyük oğlanlarla dalaşardım. Uşaqlığım maraqlı olub, indi oturub yada salmaq çox vaxt aparmasa da nəql etmək üçün ən azından uşaqlığımı yaşadığım qədər vaxt lazım olar”.

Müəllim silləsi

“9-cu sinifə qədər sinifdə ən boylu-buxunlu olmuşam. Futbolu yaxşı oynayardım və dərslərimi də pis bilməzdim. Nadincliyim isə çox olub. Buna görə məktəbdə müəllimlərim, evdə isə böyüklərim çox tənbeh edib məni. Gəlmə müəllimlərlə heç düz gəlməzdik. Onlar səliqəli geyinər, hündür boyları, dünya görüşləri ilə bizi çox qabaqlayardılar. Sinif və kənd qızlarımızın onlardan xoşu gələr, onları bəyənər, fikri məni tərk etməzdi. Sinifdə səs salar, dərs keçməyə mane olardım. Nədənsə bu hal ən çox iki fizika müəllimi - Abbas və Nadir müəllimlə daha çox olmuşdu. Abbas müəllim bir dəfə dərsi izah etdikdən sonra adəti üzrə, kim nəyi başa düşmədi, deyə soruşdu. Ənənəvi olaraq dərsi başa düşən də, düşməyən də "başa düşdük" deyərdi. Bu dərsin son 5-7 dəqiqəsi zamanı olardı və yerdə qalan vaxtlar müəllim jurnalda nələrisə yazar, yaxud dərsdən kənar söhbətlər edərdi. Mən əlimi qaldırıb dərsi başa düşmədiyimi dedim”.

“Direktora olunan şikayət”

“Müəllim dərsi yenidən izah etdi. Sonra başa düşdünmü, deyə soruşdu. Dedim ki, bəs filan yer qaranlıq qaldı. Müəllim həmin yeri bir daha izah elədi və mən dərsi başa düşmədiyimi dedim. Artıq tənəffüs başa çatmışdı. Növbəti dərs günü Abbas müəllim içəri keçən kimi məni lövhəyə dəvət etdi. Dərsi soruşdu. Həmin dərsi öyrənsəm də, bilmirəm dedim. “Niyə oxumamısan?” sualına, "müəllim siz dərsi yaxşı başa sala bilmirsiz, mən nə edim?" dedim. O, məni vurdu. Qarşılıq göstərdim. Məktəb direktoruna - Hüseynağa müəllimə şikayət etdi. Direktor qorxulu müəllim idi. O, məndən hiddətlə nə baş verdiyini soruşdu. Olduğu kimi danışdım. Dərsi başa düşmədiyimi və dəfələrlə xahiş etdiyimi dedim. O isə dərsi izah edə bilmədi, dedim. Direktor Abbas müəllimə tənə etdi. Şagird “dərsi qavrayana qədər təkrarla”-, dedi”.

“Qızların qabarmış sinələrinə baxmağa utanmışam”

“Elə bir fikrim olmayıb ki qızların, yaxud başqalarının diqqətini çəkmək üçün plan quram. Yuxarıda bəhs etdiyim hadisələr, özümdən yaşca, mövqecə yuxarı olanlarla dirəşməyim, bu günün diliylə desəm, müxalif fikirli olmağım məni fərqləndirib. Qızların niyə də diqqətini çəkməliydim ki? Mən hər zaman öz düşüncəmin ardınca düşmüşəm. Bunun kiməsə xoş gələ biləcəyi eynimə də gəlməyib. Qızlar isə qəşəng idi. Mənim xətrimi çox istəyirdilər. Mən sinif qızlarımıza əyri baxmamışam. Yuxarı siniflərdə oxuyanda qızlarımızın qabarmış sinələrinə, ətə-qana dolmuş sifətlərinə baxmağa utanmışam. Onlar yetişmiş və daha həssas idilər. Mən o cəhətdən həyasız adam deyildim”.

“Rus qızı Katyanı aldadıb...”

“Lap aşağı sinifdə oxuyanda sinif yoldaşım Azərlə məsləhətləşdik ki, gəl, qız istəyək. Kimi istəyək? Fikirləşdik və sinif qızlarımızı başladıq saymağa. Ən qəşəng və dərslərini əla qiymətlərlə oxuyan qızlar qohumlarımız olduğundan onların adını siyahıya salmadıq. Dərslərini pis oxuyan, saçları kilkəli qızları isə ümumiyyətlə, sevə bilməzdik. Bu məsələni yarımçıq qoyduq. Amma 8-ci sinifdə oxuyanda bir qız vardı onu sevdim. O çox gözəl idi. Bir hadisəni danışım. Bizim kəndin xəstəxanası dövrünün ən müasir xəstəxanası sayılırdı. Burada çox sayda həkimlər və başqa işçilər çalışardı. Qonşu Qarazəncir kəndindən - Andreyevka idi o zaman kəndin adı - Katya adında çox gözəl bir qız işləyirdi. O qıza görə, kəndin cavanları çox dava-dalaş salmışdı. Bu malakan qızı isə şahanə gözəlliyi ilə heç kəsi saymazdı. Məktəb yaşımız hələ çatmamışdı. Əmim oğlu Mübarizlə gedib xəstəxananın həyətində oturub o qızın gözəlliyinə tamaşa edərdik. Bax, deyəsən bu, sevgi idi. Bir dəfə ayağımıza xar tutu sıxdıq və axsaya-axsaya girdik onun yanına ki, ayağımız kəsilib, Baxdı, güldü. Çox səliqə ilə “qanımızı” sildi, marqanisovka ilə yudu, və sarıdı. Elə sevinirdik ki. Tay-tuşlarımız arasında həmin günün qəhrəmanı biz idik, elə bizdən böyüklərin də yanında…”

Sinifdə bütün hadisələrin ssenari müəllifi...

“Bəli, sevgi məktubları, yazmışam. Amma uşaq vaxtı yox, bu, çox sonralar olub. Gənclik illərimdə yazıb o zaman sevdiyim qıza göndərərdim. Cavab yazmazdı. Kənd toylarında o qızın baxışlarını həmişə öz üzərimdə hiss edərdim. O, məni sevirdi. Başqasına ərə getsə də..

Heç bir kompleksim olmayıb. Özümü həmişə sərbəst və inamlı hiss etmişəm. Əhvalatlar çox olub. Rus dili müəllimimiz vardı - Yuriy Boqatov. Onun stuluna mismar çalmışdım, oturdu və ufuldayıb durdu. Sinfimizdə Hidayət adında oğlan oxuyurdu. O, hamıdan çox güldü. Nadinc və dərslərini heç oxumayanın biri idi. Müəllim zənn etdi ki bunu o, edib. Nə qədər and-aman elədisə, xeyri olmadı. Mənim adımı verdi, dedi ki, Faiq edib, müəllim yenə də inanmadı. O, məni satdığına görə də boynuma almadım. Yoxsa onu müdafiə edərdim. Sinfimizdə bütün hadisələrin ssenari müəllifi mən olardım. Bir dəfə sinif uşaqlarımızla kəndin içində gəzirdik. Həyətlərin birinin qarşısında işlək “QAZ-52” maşını dayanmışdı. Keçdim sükanın arxasına. Uşaqlar hamısı doluşdu kabinkaya. “Podnoşka”da duranlar da oldu. Şamil adında sinif yoldaşım isə sürücüdən əks tərəfdəki qapının “podnoşka”sında idi. Maşını hərəkətə gətirib qonşuluqdakı həyətin hasarına vurdum. Səs-küyə insanlar axışıb gəldi. Sürücü, əsəbi halda bunu kim edib dedi. Hamı mənim üzümə baxdı. İşlər şuluq idi. Tez dedim, üzümə niyə baxırsız, özünüz deyə bilmirsiz, bunu Şamil edib? İnandılar ki, Şamilin işi ola bilər. Maşını və uçan hasarı Şamilin rəhmətlik atası Xanış kişi bərpa elədi. Əhvalatlar çox olub”.

“Uşaqlar mənə lağ edirdilər”

“And olsun Allaha, iki arzum olub sənət seçimi ilə bağlı, ikisi də gerçəkləşib. Bir dəfə rəhmətlik riyaziyyat müəllimimiz Allahbaxış müəllim sinifdə oğlan uşaqlarını bir-bir qaldırıb soruşurdu ki, böyüyəndə hansı sənətin sahibi olacaqsan. Uşaqların arzuları müəllimimizin ürəyincə idi, çoxu dəqiq elimləri, mühəndisliyi seçmişdi. Mənə növbə çatanda jurnalist olacağımı dedim. Müəllim əsəbiləşdi. Jurnalist nədir, otur yerində. Bununla da toxtamadı, sinifdən qovdu məni.. Sinifdən çıxanda müəllimimə tərəf dönüb, onda gəmi kapitanı olaram, dedim. Doğrudan da bu sənətlər məni həmişə öz marağında saxlardı. Müəllimimiz bu seçimimi də bəyənmədi. Uşaqlar mənə lağ edirdilər. Amma mən hər iki sənət üzrə təhsil aldım və hazırda hər iki sənəti də uğurla davam etdirirəm. Sinif yoldaşlarımdan isə məndən savayı iki nəfər seçdiyi sənətə sahib oldu və heç biri ixtisası üzrə işləmir”.

“Təsadüfən onun alt paltarını gördüm və...”

“Dəniz Akademiyasında oxuyurdum. İngilis dili müəlliməmiz vardı, Lyudmila. Qısa yubka geyinmişdi. Təsadüfən onun alt paltarını gördüm. Dərs sonu mən dedim ki, mənim görmə qabiliyyətim adi adamların görmə qabiliyyətindən 10 dəfə yüksəkdir. Mən paltardan insanların bədənini görə bilərəm. Dənizçilikdə oxuyan uşaqlar bir az nadinc və dikbaş olurlar. Nə isə söz böyüdü və Lyudmila müəllimə işə qarışdı. Dedim müəllim mən desəm bunlar danacaq. Amma siz həqiqəti təsdiq edə bilərsiz. Məsələn, sizin alt paltarınız mavi rəngdədir. Baldırınızda isə xal var. Müəllimə tutuldu, məni sinifdən qovdu. Amma dərs vaxtı hiss edirdim ki, ona tərəf baxanda özünü itirir, əlini bədəninin müxtəlif yerlərinə qoyur”.

““Başsız atlı”sında Moris Cerald olmaq istəmişdim”

“Mən Mayn Ridin “Başsız atlı”sında Moris Cerald olmaq istəmişdim. Bundan əlavə bir vaxtlar özümü dəniz qulduru kimi də hiss etmişəm”.

“Şeir yazıram, balıq tuturam, araq içirəm”

“Şeir yazıram, balıq tuturam, araq içirəm, xəstələnirəm, sağalıram, əsəbləşirəm və mənə elə gəlir ki bütün bunlar xobbimdir. Mən bu cür yaşayıram...”

“Toyum günü atam rəhmətə getdi”

“İndiyə qədər hafizəmdən çıxmayan ən acı xatirə də var. Toyum olduğu gün atam rəhmətə getdi…”

Cəvahir Səlimqızı

Foto:Xəyal

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR