• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zahid Qaralov: “Elnur Aslanov işində ciddi səhvlərə yol verib” - MÜSAHİBƏ

  • Digər
  • 16 Aprel 2014 17:14
  • 817 Baxış
Zahid Qaralov: “Elnur Aslanov işində ciddi səhvlərə yol verib” - MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun publika.az-a müsahibəsi:

-Zahid müəllim, son günlər YAP-ın bir neçə tanınmış üzvünün də adı nurçularla iş birliyində hallanır. Bu məsələyə münasibətiniz necədir?

-Bütün günü qəzetlərdə yazırlar. Deməli, bunlar ancaq böhtan və şər-xəta ilə məşğul olur. Əvvəla, nurçu adını hər adama yapışdırmaq sözün həqiqi mənasında böhtan və şərdir. Bununla camaatın diqqətini əsas məsələdən yayındırmaq istəyirlər. Hər adama nurçu damğası vurmaq qəbul olunan deyil.

Görün, gündəmi necə dəyişirlər. Bundan əvvəl isə gündəmdə olan məsələ Azərbaycandan Suriyaya gedənlərlə bağlı idi. Mən bu məsələ ilə bağlı fikrimi əvvəl də söyləmişəm. Görünür, Suriyaya gedən adamların valideynləri də hələ bunu dərk etmir. Özümüzün 20 faiz torpağımızın erməni işğalında olduğunu bilə-bilə, Ukraynada baş verən proseslərdən sonra Dağlıq Qarabağ üçün təhlükə yarandığı dövrdə Azərbaycandan bəzi adamların pul dalınca Suriyaya döyüşməyə getməsi və orada müharibələrdə iştirak etməsi, hətta həlak olmaları bağışlanası hərəkət deyil.

Suriyaya gedənlər geri qayıdırsa, onlara qarşı çox ciddi tədbir görülməlidir. Ən azı Suriyada döyüşən azərbaycanlılar qanun qarşısında cavab verməlidir. Artıq bir sıra dövlətlər bu istiqamətdə müvafiq qanunlar qəbul edib. Biz də oxşar qanun qəbul etməliyik ki, Suriyaya döyüşməyə gedib qayıdanlar qanun qarşısında mütləq cavab versin. Suriyaya döyüşməyə gedənlərin bu hərəkətləri böyük qəbahətdir.

İndi də Suriyada döyüşməyə gedən azərbaycanlıların kökünü axtarmaq əvəzinə gedib nurçulardan yapışırlar. Mən nurçuları tanımıram, barələrində heç nə bilmirəm. Mən yalnız türk iş adamlarını tanıyıram, Türkiyənin gözəl alimlərini, elm xadimlərini, professorlarını, həkimlərini və nurçu adı ilə qaralanan məktəbləri tanıyıram. Radikallıq baxımından nurçuların Suriya ilə heç bir əlaqəsi ola bilməz.

-Ümumiyyətlə, nurçuları radikal qruplar hesab etmək olarmı?

-Əgər mən bilsəm ki, filan dini cərəyan var və özü də radikaldır, bax, onda başqa cür danışaram. Ümumiyyətlə, İslamda radikal fikirli insanlar olub. Ancaq indi hər insanın radikal fikrinə görə adına nurçu demək, ayrı-ayrı adamlara böhtan atmaq və bunları qəzetlərin manşetinə çıxarmaq düzgün deyil. Bir daha təkrar edirəm ki, mən nurçu deyilən radikal qüvvə tanımıram. Bu barədə kim dayanmadan yazırsa, deməli, onların kimlərləsə əlaqəsi var.

Mən İslamı, “Quran”ı mükəmməl bilirəm. Ona görə də Peyğəmbərdən sonra yaranan müxtəlif cərəyanları radikal və nurçu adlandırmağı anlaya bilmirəm.

Mən öz kitabımda da yazmışam ki, kimlər din haqqında mükəmməl bilmirsə, həmin adamlar dini cərəyanlar haqqında ağıllarına gələni yazıb yaya bilərlər. Bunun nəticəsində isə camaat əsl İslamdan yayına bilər. Çünki İslamı hamı mükəmməl bilmir, hərə bir cür qavrayır.

-Sizin partiya təşkilatının üzvlərindən olan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun nurçu olması barədə yayılan məlumatlar səngimir. Elnur Aslanov isə hazırda YAP-da qalır.

-İndi Elnur Aslanov haqqında da çox şey yazırlar. İşdən çıxarılandan sonra mən hələ onu görməmişəm. Bundan əvvəl isə, mən Elnur Aslanovun tam normal işlədiyini görmüşəm. O, vaxtilə gənclər təşkilatının sədri olub, bir sıra tədbirlər keçirib. Yəni bu adam birdən-birə gedib Azərbaycanın əleyhinə çıxdı? Axı belə şey olmaz. Mən onunla bağlı yazılanlara inanmıram. Ancaq indi bəzi məqamlar göstərdi ki, Elnur Aslanov işində ciddi səhvlərə yol verib. Ona görə də, vəzifəsini aşağı endirib nazirliyə şöbə müdiri təyin edildi. Bundan artıq nə olmalı idi? Əgər Elnur Aslanovun əməlində cinayət tərkibi olsaydı, o zaman onun barəsində tamam ayrı cür ölçü götürülərdi.

Elnur Aslanov indi də partiyanın üzvüdür, YAP-da sadiq olub. Şəxsən mən onu belə tanıyıram. Elnur Aslanovun məsələsini də biz partiyada müzakirə etməmişik. O, indi də bizim rayonun təşkilatında qeydiyyatdadır. Özü də Elnur Aslanov partiyada fəal olub.

Ancaq indi nə hərəkətlər edib ki, onun vəzifəsi xeyli kiçilib, bax bu barədə heç bir söz deyə bilmərəm. Çünki bu barədə məlumatsızam.

Vasif Həsənli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR