• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Tacsız Kral” yol qəzasının qurbanı oldu - VİDEO - FOTOLAR

  • Digər
  • 19 Aprel 2014 12:23
  • 3 362 Baxış
“Tacsız Kral” yol qəzasının qurbanı oldu - VİDEO - FOTOLAR

Metin Oktay - Türkiyənin məşhur futbolçusu və məşqçisi… "Tacsız Kral" ləqəbi ilə tanınan “Qalatasaray” əfsanəsi.

Publika.Az “II taym” layihəsi çərçivəsində “Qalatasaray”ın unudulmaz əfsanəsi Metin Oktay haqqında məlumat verəcək.

Futbolçu karyerası boyunca fantastik təkliflərə baxmayaraq heç vaxt “cim-boma”a xəyanət etməyib. Metin Oktayın “Fənər”ə vurduğu qol tarixə yazılıb. O, ümumilikdə "Fənərbaxça"ya 18, "Beşiktaşa" 13 qol vurub.

Metin Oktayın “qol krallığı” dövrü

Metin Oktay 1936-cı il fevral ayının 2-də İzmirdə anadan olub. O, futbola 1952-ci ildə - 15 yaşında "Damlacıkspor"da başlayıb. Milli komandada ilk matçına 1954-ci il aprel ayının 11-də Belçikaya qarşı oynayarkən çıxıb. Oktay bu matçda 2 qol vurub.

"İzmirspor" klubuna transfer olunan Metin, mövsüm ərzində 17 qola imza ataraq İzmir peşəkar liqasının qol krallı olur. Beləliklə də, Metin Oktayın “qol krallığı” dövrü başlayır.

Qəribə müqavilə

Gündüz Kılıç 1955 -ci ildə Metin Oktaya 5 illik müqavilə qarşılığında, "Şevrolet” markalı bir avtomobil verərək "Qalatasaray"ın rənglərinə bağlayıb.

"Qalatasaray"a transferinin ardından isə bu ifadələri işlədib: "Fənərbaxça" 20 min, "Adaletspor" bir il üçün 10 min lirə transfer ödənişi təklif edərkən, mən "Qalatasaray"la illik 8 min lirə müqavilə bağladığım gün xoşbəxtlikdən uçurdum”.

“Aslanlar”la ilk mövsümdə 19 qol

O, 1955-ci il avqust ayının 28-də ilk dəfə "Qalatasaray" formasıyla meydana çıxarkən hələ 19 yaşında idi. Oktay gənc yaşına baxmayaraq "sarı - qırmızılı" camiəyə tez öyrəşdi və elə ilk mövsümündə 19 qol vuraraq burada da "qol krallığı”na adını yazdırdı. Həmin mövsüm "Qalatasaray" İstanbul liqası çempionu oldu.

“Fənərbaxça”nı rədd edir - “Bizi sevənləri üzməyək”

1957-ci ildə "Fənərbaxça"lı idarəçi Müslüm Bağçılar ilə Metin Oktay bir kazinoda görüşür. Müslüm Bağçılar Oktaya bir çek uzadır:

"Rəqəmi özün yaz, Metin. Yetər ki "Fənərbaxça" forması geyin"-deyir.

Metin Oktayın cavabı isə belə olur: "Bizi sevənləri üzməyək, bizi sevənlərə xəyanət etməyək".

Qolu qapı torunu cırdı

Metin Oktay derbi matçlarının da ən uğurlu qolçusu idi. 10 iyun 1959-cu ildə "Fənərbaxça" qapısının torunu cıran qolu, Türk futbol tarixinin əhəmiyyətli hadisələrindən biri olaraq xatırlanır.

Metin Oktayın bir fransız jurnalına verdiyi müsahibədən:

- Təxminən bir il əvvəl əzəli rəqibiniz "Fənərbaxça"ya qapı torunu cıran bir qol vurdunuz. Bu qol ilə bağlı nə düşünürsünüz?

- O qol bu gün belə xatırlanırsa, bu, "Fənərbaxça"nın böyüklüyündən irəli gəlir.

“Tacsız Kral”ın 8 günlük səhvi

Metin Oktay 1960-cı ildə 8 gün əskik əsgərlik çəkməsi səbəbindən (matç icazələri talonuna bu barədə heç bir məlumat yazılmamışdı) Toptaşı həbsxanasında 45 gün həbsdə qalıb.

Jurnalist Halid Çapının 1960-cı il sentyabrın 10-da "İstanbulspor" matçından sonra "Milliyyət" qəzetində yazdığı bir xəbərdə Metin Oktayın əsgərlik əsnasında işlətdiyi bir cinayətə görə 2,5 aylıq həbsə məhkum edildiyi, cəzasının icrası üçün polis tərəfindən bir müddət əvvəl tutulduğu, lakin araya girənlər vasitəsiylə prokurorluqdan 6 sentyabra qədər icazə istədiyi və bu icazə müddətinin bitməsinə baxmayaraq Oktayın hələ də tutulmadığı iddiası yer almışdı.

Bir neçə gün sonra - 14 sentyabr günü həbs olunan Oktay, Toptaşı həbsxanasına salındı. Əsgərliyini səkkiz gün əskik çəkdiyi səbəbi ilə 2,5 aylıq həbs cəzası verildi. Lakin "Qalatasaray" idarəçilərinin təşəbbüsü nəticəsində yenidən nəzərdən keçirilən iddiada əskik gün sayının 8 deyil, 6 olduğu təyin olundu. 28 oktyabr günü çıxarılan şərti əfv qanununun ardından, 45 günlük cəzadan sonra həbsdən çıxdı.

Həbsdən çıxdı, səhəri gün uğur qazandı

Metin Oktay həbsdən çıxar-çıxmaz "Karagümrük" klubu ilə matçın hazırlıqlarına qatıldı. Məşqçi Gündüz Kılıç səhər yuxudan oyatdığı Metin Oktayın matça çıxmasını bu sözlərlə təmin etdi:

"Bilirəm, oynayacaq vəziyyətdə deyilsən. Amma tamaşaçı səni görmək istəyir, Metin. "Karagümrük"ə qarşı səni oynatmaq istəyirəm. Kədərlənmə, verə biləcəyini ver... Sən bizə çox matç qazandırdın. Bu gün də sənin üzündən məğlub olaq. Səni həsrətlə gözləyən tamaşaçıya nə olar bu hörməti göstərək".

“Qalatasaray” Metin Oktayın 2 qol vurduğu matçda “Karagümrük” klubunu 3-0 hesabı ilə məğlub etdi.

İtaliyadakı 5-ci türk futbolçu

"Tacsız Kral" Metin Oktay 1961-ci ilin iyulun 10-da əvvəllər "Qalatasaray"ı çalışdıran Leandro Remondininin məşqçilik etdiyi və həmin mövsüm A seriyasına yüksələn İtaliyanın “Palermo” komandası ilə 2 illik müqavilə imzalayır.

"Palermo"ya transferin ardından Metin Oktay Şükrü Gülesin, Bülent Esel, Bülent Eken və Lefter Küçükandonyadisdən sonra İtaliyada forma geyinən 5-ci Türk futbolçu oldu.

Metin üçün duyğu dolu məktub

Bir zamanlar "Qalatasaray" məşqçisi olmuş Gündüz Kılıç Metin Oktay üçün "Palermo" rəhbərinə duyğu yüklü bir məktub yazdı.

Kılıçın məktubundan:

"Əminəm ki, bir neçə il sonra, məmləkət həsrətinə dözə bilməyib vətəninin yaşıl meydanlarında qaçacaq olan Metinin arxasından siz də mənə eynilə mənim kimi göz yaşlarınızla isladacağınız bir məktub göndərəcək və hisslərimi o zaman daha yaxşı anlayacaqsınız. Metinimizi İtaliyada Allahdan sonra sizə əmanət edirik, senyor".

Futbolçunun zədəsi İtaliyadakı karyerasına son qoydu

İtaliya karyerasındakı ilk qolunu hazırlıq matçında Portuqaliya "Sportinq”inə atan Metin Oktay irəliləyən zamanlarda isə ayaq biləyindən aldığı zədədən sonra "Palermo"nun heyətindəki yerini itirdi. İtaliyadakı son günlərində B komandasının heyətində matçlara çıxan Oktay zədələrdən xilas ola bilmədi. Bu zədələr səbəbi ilə heyətdəki yerini də itirən “Tacsız Kral” 1962-ci il 25 iyulda yenidən "Qalatasaray"a transfer oldu.

Qırılmaz rekordların sahibi

Türk futbolunun "Tacsız Kralı" 38 qolla “mövsümdə ən çox qol vuran oyunçu" və 19 qolla "beynəlxalq görüşlərdə ən çox qol vuran Türk oyunçusu" olmaqla müxtəlif rekordlara imza atdı.

Metin Oktay futbol həyatı boyunca yalnız 1 dəfə oyundan qovuldu. 6 dəfə qol kralı oldu və 217 qolluq bir rekorda imza atdı.

Güclü qol duyumu olmaqla yanaşı, əxlaqı və şəxsiyyəti ilə də hər bir komandanın azarkeşləri tərəfindən sevgi ilə qarşılandı.

Milli komanda formasında

4 dəfə Gənc milli komandada və 36 dəfə də əsas millidə top qovan Oktay, bu forma altında 7 dəfə kapitanlıq edib, 22 qol vurub.

Oktayın rekordunu qırdılar

Futbol həyatı boyunca 6 dəfə qol kralı olan və 217 qolluq bir rekorda imza atan Oktayın bu rekordu, 1988-ci ildə Tanju Çolaq tərəfindən qırıldı. 1997-ci ildə isə Hakan Şükür Metin Oktayın qazandığı rekordların eynisini əldə edir.

Uğursuz ailə həyatı

1959-ci il yanvarın 29-da İzmirdə Oya Sarı ilə evlənib. Amma bu evlilik çox çəkməyib.

Eyni il içərisində köhnə komandası "İzmirspor"dan gələn transfer təklifini rədd edərək "Qalatasaray"da qalması səbəbiylə yoldaşından ayrılıb. İkinci evliliyi 12 may 1965-ci ildə, İstanbulda Sərvət Kardıçalı ilə olub.

9 Fevral 1966-cı ildə cütlüyün Zeynəb adını verdikləri bir qız uşağı dünyaya gəlsə də, doğumundan bir neçə saat sonra həyatını itirib. Daha sonralar cütlük Rıfat Xəlil Pala adlı uşağı övladlığa götürüb.

Ajda Pekkanla bir filmə çəkildi

1959-cu il istehsalı olan "Könül Kimi Sevərsə" adlı filmdə kiçik bir rolda çəkildi. Bu filmdə Milli Liqanın 1959 mövsümünün final matçlarının görüntüləri yer alır.

1965-ci ildə Səfa Önalın ssenarisini yazdığı, Atif Yılmazın rejissoru olduğu Gönül Yazar, Ajda Pekkan, Aydan Gökçer, Turgay Şeren və vaxtı ilə "Qalatasaray" məşqçisi olmuş Gündüz Kılıçın rol aldığı ''Tacsız Kral'' adlı öz həyatından bəhs edən filmdə rol aldı.

10 dəqiqəlik “Fənərbaxça”lı

Metin Oktayın yubileyi ərəfəsində isə maraqlı bir hadisə yaşanır. Yubileyində "Fənərbaxça" ilə oynamaq istəyən Oktay, dövrünün "Fənərbaxça" idarəçisi Eşref Aydın ilə görüşür. Metin Oktayın bu istəyinə isə "Fənərbaxça"lı idarəçinin cavabı belə olur:

"Qəbul edərik, lakin bir şərtlə. "Fənərbaxça" klubu və tərəfdarı hər vaxt sənə pərəstiş edib və səni "Fənərbaxça" forması ilə görmək istəyərdilər. 10 dəqiqəlik də olsa, "Fənərbaxça" formasını geyinərsənmi?”.

Bunun üzərinə Metin Oktay: "Şərəf duyaram" - cavabını verir.

"Fənərbaxça" ilə oynanılan yubiley matçının son dəqiqələrində, Can Bartu ilə formalarını dəyişdirərək qısa bir müddət özü "Fənərbaxça", Can Bartu isə "Qalatasaray" üçün oynayaraq bu matçı ölümsüzləşdirdilər.

Oktay yubileyini futbola başladığı İzmirdə və futbolu nöqtələdiyi İstanbulda olmaqla iki dəfə qeyd etdi. İstanbulda, "Qalatasaray" - "Fənərbaxça" arasında keçirilən yubiley matçı 1-1 bərabərliklə bitərkən, İzmirdəki matçda "Göztepe" "Qalatasarayı" 1-0 məğlub etdi. Futbolçu karyerasından sonra jurnalist, daha sonra məşqçi oldu.

Metin Oktay futbolu buraxdıqdan sonra yenə futbolla əlaqədar müxtəlif işlər gördü. 1969-70 mövsümündə "Qalatasaray"ın baş məşqçisi Tomislav Kaloperoviçin köməkçsi oldu. Mövsüm sonunda Kaloperoviçin komandadan göndərilməsiylə Oktay da postundan ayrıldı. "Qalatasaray"ın 7-ci sırada tamamladığı mövsümün ardından, iyun ayında təşkil edilən 1970 FIFA Dünya Kuboku üçün Meksikaya mətbuat işçisi olaraq getdi.

1972-ci ildə 5 min lirə maaşla "Bursaspor"da Kaloperoviçin yanında yenə köməkçi məşqçi olaraq yer aldı. 1973-cü il fevralın 11-dəki 1-0 hesablı "Giresunspor" məğlubiyyətinin ardından istefa verən Kaloperoviçin yerinə keçdi.

1972-73 mövsümünün bitdiyi dövrdə baş məşqçi postuna sahibləndiyi "Bursaspor" klubu Türkiyə 1-ci Futbol Liqasını 10-cu sırada tamamladı.

Növbəti mövsümə də komandanın çalışdırıcısı olan Oktayın 1973-cü il 2 dekabrdakı 3-1 hesablı "Giresunspor"la olan məğlubiyyətinin ardından istefa ərizəsini təqdim edir. 4 dekabrda keçirilən idarə heyəti yığıncağında istefa ərizəsi qəbul olundu.

Həyatının kitabını yazmaq istədi

Məşqçilikdən əlavə 1984 -1986-cı illərdə "Qalatasaray" başçısı Ali Urasın son zamanlarında klubun futbol şöbəsinin rəhbəri oldu.

Həmçinin "Tercüman", "Günəş" və "Milliyyet" qəzetlərində idman yazarlığına başladı.

Həyatının son illərində qələmə almağa başladığı avtobioqrafiyası isə Oktayın vəfatından sonra mənəvi oğlu Rıfat Pala tərəfindən tamamlandı və ölümündən iki il sonra - 1994-cü ilin fevral ayında "Top və Mən" adıyla təqdim olundu.

“Tacsız Kral” yol qəzasının qurbanı oldu

13 Sentyabr 1991-ci ildə saat 4:15 radələrində Boğaziçi Körpüsü çıxışında keçirdiyi yol qəzasından sonra aparıldığı Haydarpaşa Nümunə Xəstəxanasında vəfat edib.

Avtomobili aşan Oktayın çənəsi qırılır, dalağının parçalanması nəticəsində daxili qanaxma keçirərək həyatını itirir. Topkapıdakı Qozlu Qəbiristanlığına dəfn edilir.

Ölümündən sonra adı yaşadıldı

Metin Oktay hər il məzarı başında xatırlanır. Onun adı ölümündən bir neçə ay sonra, klubun Floradakı bazasına verilib.

Sarıyerin Tarabya səmtində olan və 1990-cı ilin oktyabrında istifadəyə verilən "Tarabya İdman Kompleksi" oyunçunun ölümündən sonra "Tarabya Metin Oktay İdman Kompleksi" adını alıb.

Yenə İstanbulun Küçükçekmece mahalında yerləşən Küçükçekmece Stadionunun adı mahal bələdiyyəsi tərəfindən Küçükçekmece Metin Oktay Stadionu olaraq dəyişdirilib.

Bundan əlavə, vəfatının 1-ci ildönümüdə dövrün Kadıköy Bələdiyyə Başçısı Çingiz Özyalçın tərəfindən Kadıköydəki Kalamış Parkında Metin Oktayın heykəli ucaldılıb

"Qalatasaray" tərəfdar qrupu "ultrAslan"ın cəhdləri nəticəsində Ankaranın Çankaya mahalında olan və 2002-2003 dövründə açılan ibtidai təhsil məktəbinə Metin Oktay İbtidai təhsil Məktəbi adı verildi.

Heykəlini qoydular

İzmirin Qarabağlar rayonu və Ankaranın Çankaya mahalında Metin Oktay adını daşıyan bir məhəllə var. Qalatasaray Muzeyində isə onun bal mumundan hazırlanan heykəli nümayiş etdirilir. Həmin heykəl insanlarda futbolçunun canlı olması təəssüratını yaradır və heyrətə gətirir.

Mahnılar və kitablar yazıldı

1966-cı ildə çıxan bir valın üzündə sözlərini Halid Kıvancın yazdığı, bəstəsini və şərhini isə Şövkət Uğurluerin etdiyi "Metin Gəlir, Metin" adlı mahnı, "Kralın Qolları" adı altında Halid Kıvancın şərh etdiyi izahatları yer alıb.

2011-ci ildə - vəfatının 20-ci ilində isə Ahmet Çakır tərəfindən yazılan və oyunçunun həyatından danışan "Taclı Kral: Metin Oktay” adlı kitab çap olundu.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR