• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mehman Həsən - Məğlub ordunun “qalib” müsahibləri...

  • Digər
  • 19 Aprel 2014 12:26
  • 1 697 Baxış
Mehman Həsən - Məğlub ordunun “qalib” müsahibləri...

Qarabağın işğalından 20 ildən artıq vaxt keçir. İşğalın səbəbləri, kimin qəhrəman, kimin isə vətən xaini olması, kimin döyüşüb, kimin qaçması ilə bağlı müharibə iştirakçılarının qarşılıqlı iddialarla dolu müsahibələri, açıqlamaları hər gün mətbuatda qarşımıza çıxır.

Məğlub ordunun qalib sərkərdəsi olmur deyirlər, amma bizdə bu məsələ bir az fərqlidir. Məğlub olsaq belə, qalib kimi danışanlarımız çoxdur. Təbii ki, müharibə məğlubiyyət, torpaq itkisi ilə nəticələnsə də, sözün əsl mənasında döyüşmüş, qəhrəman soydaşlarımız olub.

Ötən günlərdə mətbuata açıqlama verən batalyon komandiri olmuş Nurəddin Xoca Aygün Kazımovanın onunla birgə Qubadlıda döyüşlərdə şəfqət bacısı kimi iştirak etdiyini demişdi. Buna cavab olaraq, Qubadlı rayonunda bölük komandiri olmuş İslam Mahmudov Nurəddin Xocanın nəinki Qubadlıda, ümumiyyətlə, döyüşdə olmasına şübhə ilə yanaşan açıqlama vermişdi. Yaxşı indi bunları oxuyan, 90-cı illərdə dünyaya göz açmış gənc kimə inansın? Kimdir onun qəhrəmanı? Kim doğru deyir?

Ən çox hiddət doğuran məqam isə Nurəddin Xocanın son müsahibəsi oldu. Adam iddia edir ki, nə İbad Hüseynov, nə Ramil Səfərov, nə də Mübariz İbrahimov qəhrəman deyil. İddiasına görə, İbad ona görə qəhrəman deyil ki, döyüşdə ölməyib. Mübariz ona görə qəhrəman deyil ki, nizamnaməni pozub.

Yaxşı, bəs adamdan soruşmazlar ki, döyüşmüşəm deyirsən, torpaqlar işğal olunanda bəs niyə sən ölməyib sağ qayıtmısan? Məğlub olmusansa niyə “mən döyümüşəm”,-deyib iddialı-iddialı müsahibə verirsən? Sizə elə gəlmirmi ki, bu sadəcə, daxili qısqanclıq, danışmaq naminə danışmaq istəyidir?

İbad, Ramil, Mübariz bu gün müharibədə məğlub olan bir ölkənin qalib ruhunun yaranmasına bir stimuldur. Böyüyən gəncliyin örnək mənbəyidir. Bu kimi iddialar isə çaşqınlıq yaratmağa xidmət edir. Bu gün bir-birinə sən xainsən, döyüşməmisən deyən insanlardan bir gənc nə öyrənə bilər ki?

Qəhrəman olmaq naminə danışmaq deyil, gəncliyə örnək ola biləcək işlər görmək lazımdır.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR