• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident: "Bu, Azərbaycanın gücünü göstərir"

  • Digər
  • 24 Aprel 2014 01:17
  • 1 714 Baxış
Prezident: "Bu, Azərbaycanın gücünü göstərir"

“Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq. Dəniz nəqliyyatı da prioritet olaraq qalır”.

Bu barədə Azərbaycan prezidenti İ.Əliyev aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılış mərasimindəki çıxışında deyib.

Prezident qeyd edib ki, yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir: “Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülüb. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir. Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılıb. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilib. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir”.

Dövlət başçısı hava nəqliyyatının inkişafını Azərbaycanda prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulub. Dövlət büdcəmizin artması hesabına bu sahəyə də əlavə vəsaitin ayrılması mümkün olub. Deyə bilərəm ki, son illər ərzində hava nəqliyyatı infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət investisiyaları hesabına mümkün olub. Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcək. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər”.

Ölkənin digər şəhərlərində də yeni aeroportların inşa edildiyini xatırladan İ.Əliyev, son 10 il ərzində 7 aeroport tikildiyini, onlardan 5-nin beynəlxalq statusa malik olduğunu qeyd edib: “Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır. Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcək, uçuşlar təşkil edilməyəcək. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir”.

Prezident İ.Əliyev həmçinin bildirib ki, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir: “Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmayıb. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcək. Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir”.

Ölkə başçısı Azərbaycanda yük daşımalarının həcminin də artdığını deyib: “Azərbaycanda karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik”.

Prezident İ.Əliyev bəyan edib ki, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq: “Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm - xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaq. Ona görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet məsələ olub. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulub. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən birinci amildir. Yeni yaradılan imkanlar, turizm zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur".

Ölkə başçısının sözlərinə görə, bu gün nəqliyyatın bütün istiqamətləri üzrə konkret proqramlar icra edilir: “Avtomobil yolları tikilir. Magistral yollar, şəhərlərarası yollar demək olar ki, tamamlanır. Biz son bir neçə il ərzində ilk növbədə kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondunun vəsaiti hesabına kənd yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-ci ilə, üçüncü regional proqram başa çatana qədər biz bütün kənd yollarını tikəcəyik və bərpa edəcəyik”.

Dəniz nəqliyyatının da prioritet olaraq qalmasını bəyan edən İ.Əliyev Xəzər Gəmiçiliyinin dünya miqyasında böyük şirkət hesab olunduğunu qeyd edib: “Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülüb, struktur islahatları aparılıb. Bu gün Xəzər Gəmiçiliyi də “AZAL”ın səviyyəsinə çatmalıdır və çatacaq. Bizim 260-dan yuxarı gəmimiz var. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il ərzində 20-yə yaxın gəmi alınıb. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük gəmiqayırma zavodu tikilib. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcək. Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaqdır”.

İ.Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin də uğurla getdiyini vurğulayıb: “Bu layihəni biz tərəfdaşlarla - Türkiyə və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcək. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürüb. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək”.

Dövlət başçısı bəyan edib ki, Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatının aparıcı sektoruna çevrilməkdədir: “Belə gözəl aeroportların tikintisi, eyni zamanda, gənc, amma müasir və dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir”.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR