Digər
Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü tamam olur.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın
dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun
Şahtaxtı kəndində anadan olmuşdur. 23-cü ilin yazı dövrünün
görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük
şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra
ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad
olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın
gəlişi ilə yaddaqalan olmuşdu. Atası Əziz Məmmədkərim oğlu Əliyev
və anası Leyla Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan
İrəvan mahalında anadan olmuşlar. Azərbaycanlılara qarşı şüurlu
surətdə həyata keçirilən soyqırım siyasəti Əziz Əliyevi 1918-ci
ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda
təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur
edir. Məhz burada Zərifə xanım dünyaya göz açır. 1923-cü ilin may
ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd tamamilə
aydın idi. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla
bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış
təhsilini hökmən bitirməli idi. O, Bakıda universitetin tibb
fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi
olur. Qısa bir zaman çərçivəsində doktorluq dissertasiyasını da
müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə
Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində
çalışır.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına
həsr edən böyük söz və sənət adamları - Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa
görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx
bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə
özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm
etdirirdi.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan
Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil
olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin
dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam
korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı.
Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu
infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə
oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi
üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım
traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik
tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret
müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha
geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr
oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Amma ağır xəstəliklə mübarizədə bu kifayət deyildi. Respublikada
regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün
peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu
xəstəliklərin effektli müalicə üsullarını və profilaktika
tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım da
nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin
çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara
həyat eşqini qaytarmaq arzusunda idi.
Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq
Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik
ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O,
ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra
Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır,
1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim
fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin
işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi
fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin
müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi
araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir.
Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan
Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox
yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq,
o, tezliklə böyük uğurlar əldə edir.
Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı
məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun
ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr
üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına
həsr edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı,
antixlamedik fəallığa malik idi. Bu dövrdə Zərifə xanım yalnız
çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o,
respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin
yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks
şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim
uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan
traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.
Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə
etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə
sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının
əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər
namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə
metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu
xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial
xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri
yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib
olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O,
qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat
işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi
işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində
çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya
İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə
SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya" ixtisası üzrə
böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət
olunur. Bu institut ömrünün son illərində həmin kollektivə
rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin -
Zərifə xanımın atasının adını daşıyırdı.
Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur:
bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər
verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına qapanıb
qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə
edir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə
kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul
olmasına baxmayaraq, Z.Ə.Əliyeva elmi tədqiqat işlərinin davam
etdirilməsinə böyük əhəmiyyət verir. Həmin dövrdə o,
oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir. Bu
məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının
iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini
oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə
orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız
kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir
çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar
ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.
1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə
orqanının patologiyası ilə məşğul olmağa başladı. Qeyd etmək
lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım
bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi
problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra
məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya
sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə
əsas diqqət yetirmişdir.
Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə
sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan
şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı,
Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən
şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr
aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində
alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas
qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin
nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının
əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya
müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda
yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya
mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın
dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış,
oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci
ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi
verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə
xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə
həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına
istedadlı gənc həmkarlarını toplayaraq, elmi tədqiqat işini,
kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil
edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların
keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım
gəlirdi və Zərifə xanım bu problemin həlli yolunda bir sıra konkret
addımlar atdı. 1977-ci ildə Z.Ə.Əliyevanın təklifi ilə Bakı
şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin
plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və
təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb
edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı
Zərifə xanımın üzərinə düşdü. Bu plenumun keçirilməsi həm
Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik
müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə
elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının
öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi tədqiqat
laboratoriyasının yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli
sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər
Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və
təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli
zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik,
funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir
sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində
Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında
gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı
oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin
profilaktikası" monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın
elmi ictimaiyyətinin etimadını qazandı.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə -
görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi
tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən
yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki,
professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın
idi.
1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun
fəaliyyəti daha da genişləndi. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, Z.Ə.Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə
patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının
virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi
ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra
xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların
müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün
nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, "Herpetik göz
xəstəliyi", "Ağır virus konyuktivitləri" və s. məhz bu məsələlərə
həsr olunmuşdur.
Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası
və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar
aparmışdır. O, gərgin və gərəkli tədqiqatlar nəticəsində bir sıra
elmi məqalələr və iki monoqrafiya - "Gözün hidrodinamik sisteminin
anatomo-fizioloji xarakteristikası" və "Yaşla bağlı gözün əsəb
yollarının dəyişməsi" monoqrafiyalarını çap etdirmişdir.
Z.Ə.Əliyeva həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi
imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində görmə orqanı
zədələndikdə mövcud olan cərrahiyə əməliyyatları üsullarını
araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün bir sıra
faydalı tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr cərrahiyyə
əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini
xeyli yüngülləşdirmişdir.
Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin
diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın
daktiologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz
sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi"
monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların
diqqətini cəlb edib.
Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya"
kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir
oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə
inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi,
iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu
mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O,
"İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin
müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş
təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.
Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi
"Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor
N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu
kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə
fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Z.Ə.Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə
düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə
fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli
zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu
məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı isə cəmiyyətdə
həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə
vermişdir. Z.Ə.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun
birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat
təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla
çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və
onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona
həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini
qazandırmışdır.
Böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor
Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki seçilmişdir.
Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş
SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü
və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin
üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının
redaksiya heyətinin üzvü idi.
Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş,
Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adını almışdır.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda
qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda
iki övlad böyüyüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan
sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi.
Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi
övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu
ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli
liderimiz, əbədi prezidentimiz Heydər Əliyev Heydər Əliyev gərgin
fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən
böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz
qüvvəsini əsirgəmirdi.
Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə
xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva
şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür
təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya
tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi
Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir
azca qəddi də əyildi, amma sınmadı. Yaşadı...
Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki o, Azərbaycan
üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o
xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun
rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni
əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan
güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli
baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə
addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları
üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan
qaldı...
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO