Azərbaycanlı aktyor "Kubinka"da davaya düşdü - Fotolar
Bizi izləyin

Digər

Azərbaycanlı aktyor "Kubinka"da davaya düşdü - Fotolar

Müsahibim Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğludur. Sən demə, əsil adı Əsgərmiş, amma filmlərin birində onu Ələsgər kimi çağırırlar. Bundan sonra hər kəs ona Ələsgər kimi müraciət etməyə başlayır. Aktyor bundan heç də narahatlıq hissi keçirmədiyini deyir. Uşaqlıq illərini çoxdan uzaqlarda - Bakının Kubinka deyilən küçəsində qoyub gələn sevilən aktyorumuz 50-60 il bundan əvvələ o qədər də asanlıqla qayıtmadı. “Çoxdan unutmuşam uşaqlığımı” - dedi. Amma xətrimizə də dəymədi, köhnə fotoları masanın üstünə töküb, yaddaşını təzələməyə çalışdı. Əslində, o uşaqlıq hələ də Ələsgər Məmmədoğlunun içində idi. Orda pərçimlənib qalmışdı, danışdıqca bunu özü də boynuna aldı.

Kubinka uşağı

“Bakının Saray kəndində dünyaya göz açmışam və çox məşhur bir küçədə - Kubinka deyilən bir məkanda yaşamışııq. Bakının çox sevilən bir məkanı idi Kubinka. Evimiz Göy məscidin yanında yerləşirdi. Hərçənd uşaqlığımı xatırlamaq o qədər də asan deyil. Çünki zarafat deyil, görün aradan nə qədər illər keçib. Cavan deyiləm e, 68 yaşım var. Amma yaş nə qədər ötsə də, Göy məscidin yanındakı evimizi və orda keçən həyatımı yəqin ki, ömrümün sonuna qədər unutmayacağam. O vaxt hər kəs Kubinkanı tanıyırdı. Bura həm də tapılmayan “import” malların satıldığı yer idi. Alverçilər vardı o vaxtlar, gedib Rusiyadan bahalı pal-paltar alıb gətirir və satırdılar. Buranın adamları əsasən ticarətlə məşğul olurdular”.

“Yaşadığım məhəllədə artist olmağım çoxlarına xoş gəlmirdi”

“Böyük ailəmiz olub. Dörd bacı, iki qardaş olmuşuq. Atam ticarətçi idi, alış-verişi əla bacarardı. Amma çox tez rəhmətə getdi, onda mənim yeddi yaşım vardı. Üstündən 61 yaş keçib, indi o hadisəni dumanlı xatırlayıram. Daha çox anam yadımda qalıb. Anam heç vaxt bizimlə sərt davranmayıb, istəklərimizə müdaxilə etməyib. Baxmayaraq ki, biz mühafizəkar bir məhəllədə yaşamışıq, amma anam mənim aktyor olmağıma etiraz etmirdi. Seçimi bizə vermişdi. Amma mühafizəkar sözünü elə-belə işlətmədim, yaşadığım məhəllədə artist olmağım çoxlarına xoş gəlmirdi. Hətta mənə rişxənd eləyən, pis baxan qonşularımız da az deyildi. Hətta üstündən uzun illər keçəndən sonra mən köhnə məhəllənin insanları ilə qarşılaşanda da bu rişxəndi hiss edirəm. Dediyini etdin, gedib artist oldun - deyib başlarını yelləyirlər”.

“Kimin həddi nə idi, ona bir söz desin? O saat adamı bıçaqlayrdı”

“Bəlkə də məndən yaxşı ticarətçi çıxardı, çünki alış-verişdən yaxşı başım çıxırdı. Amma bizim vaxtımızda alver eləmək da asan deyildi. Kimin həddi nə idi qapısında maşını olsun, o saat gəlib sorğu-sual edərdilər ki, bu maşın hansı pulla alınıb? Kimsə lotereya ilə bir avtomobil udurdusa, onun nömrəsi hər kəsə göstərilirdi. Camaat bilirdi ki, həmin adam bunu udub. Yəni ticarət adamları da öz haqlarını verib, işləyərdilər. Yadımdadır ki, məhəllədə avtoritet sayılan adamlar vardı və hər kəs onlardan çəkinərdi. Məsələn, başımızı qırxdırmaq üçün dəlləyə gedərdik, bir də görərdin bir sanballı kişi hamının pulunu verib çıxdı. Yaxud da, hamama gedərdik, bir nəfər hamının pulunu verərdi. Kimin həddi nə idi, ona bir söz desin, o saat adamı bıçaqlayrdı, vurardı. O vaxtlar varlı adamlar az-az olardı, “zavmaq”ların böyük hörməti vardı. Çox böyük vəzifə sayılardı bu”.

“Həyəcan məni necə bürüdüsə, özümü itirdim”

“Orta məktəbdə yaxşı oxumurdum. Buna görə də 8-ci sinifidən çıxıb axşam məktəbinə getdim və təhsilimi orda davam etdirdim.

Burdan da elə İncəsənət İnstitutuna getdim. Bu da necə oldu, qoyun danışım. Bayaq dedim axı, Lütfi müəllimin teatrında fəaliyyət göstərirdim. Bir dəfə eşitdik ki, "Arşın mal alan"ı çəkən Rza Təhmasib teatra gəlib, tamaşamıza baxmaq istəyir. Onda “Həyatın dibində” tamaşasında oynadım. Sən demə, onlar İncəsənət İnstitutuna tələbə seçirmişlər. Yeri gəlmişkən, onu da deyim ki, həmin vaxtda ənənə vardı, həmin instituta tələbələri xalq teatrından seçərdilər. Nə isə, mənim oyunum, aktyorluq bacarığım Rza Təhmasibin xoşuna gəldi və məni ora dəvət etdi. Qəbul vaxtı böyük sənətkarların iştirakı ilə imtahan verdik. Mənə Axundovun “Hacı Qara” əsəri düşdü. Həyəcan məni necə bürüdüsə, özümü itirdim. Təsəvvürünüzə gətirin, nə qədər elədim, həyəcandan Mirzə Fətəli Axundovun adını yadıma sala bilmədim. O saat başladılar ki, əşi, bu heç bilmir “Hacı Qaranı” kim yazıb, bundan nə aktyor olacaq? Allah rəhmət eləsin, İnstitutun o vaxtkı rektoru Rahib Hüseynov tez ortalığa zarafat qatdı, qayıtdı ki, “Hacı Qara”nı Mirzə Fətəli Axundov yazıb. Düz demirəm, oğlum? Dedim bəli. Yaxşı adamlar var də… Qayıtdı ki, gördünüz, bilir, siz də deyirsiniz uşağın heç nədən xəbəri yoxdur. Əslində bilirdim e, sadəcə, imtahanın həyəcanı hər şeyi unutdurmuşdu mənə. Qismətimdə varmış, qəbul olundum ali məktəbə”.

Azərbaycanın Celentanosu

“Yeniyetmə vaxtlarımda qəribə görkəmim vardı, dişlərim böyük idi. Çox hündürboy idim, boyum bir səksən idi. Çox arıq uşaq idim, qeyri-adi görkəmimlə hər kəsdən fərqlənirdim. Bəzən bu görünüşüm məni kompleksə salırdı. Buna görə də məni müxtəlif məşhurlara oxşadırdılar. Əvvəllər məşhur fransız aktyoru Fernandoya, sonradan Çelentanoya və Şabana oxşadırdılar. Sözsüz ki, onlar böyük aktyorlar idi və məni onlara bənzətmələri xoşuma gəlirdi. Xobbim teatr və kino idi. Əlimə pul düşəndə Moskvaya gedib, sevdiym aktyorların tamaşalarına baxırdım, təsəvvür edin, Bakıdan Moskvaya tamaşaya baxmağa gedirdim, özü də ayda iki-üç dəfə. Onda biletlər də baha deyildi, 14-15 manat verib alırdıq. Çox vaxt evimizdə heç bu barədə demirdim, bəhanələr gətirirdim. Lionovu çox sevirdim. “Tehran 43” filmnin çəkilişləri zamanı mən 20 gün Moskvada qaldım və gözümün qurdunu öldürdüm. Çoxlu tamaşalar baxırdım”.

“Saçlarımızı hind filmlərindəki aktyorlara baxıb uzadardıq”

“Uşaq vaxtı məhəllənin uşaqlarına qaynayıb-qarışmırdım. Çox vaxtımı evdə keçrirdim. Çünki istəmirdim onların həyat tərzinə uyğunlaşım. Mən ali məktəbə qəbul olunana qədər Montin zavodunda işləyirdim-üçüncü dərəcəli tokar idim. Məhəlləmizdə bahalı geyimlər satılsa da, mən geiymimə fikir verən oğlan olmamışam. Çünki imkanımız o qədər də yaxşı deyildi. Kasıbyana geyinərdim. Bax, şəkillərdə görürsən, onda necə saçlarım uzun idi. Dəb idi o vaxtlar, oğlanlar saçlarını uzadardılar. Çox qalın, cod saçlarım vardı, elə indi də belədir. Saçlarımı ayda iki dəfə qırxdrıram. Məndən olsa, indi də saçımı uzun saxlayaram, amma bu yaşda gülünc görünər. Bəlkə də o vaxtlar saçlarımızı hind filmlərindəki aktyorlara baxıb uzadardıq, bilmirəm. Çox xoşuma gəlirdi uzun saçlar. Hə, onda xobbim vardı, hind kinolarına gedib baxardıq. Onda cəmii iki kinoteatr vardı - "Nizami", "Vətən". Hind, ərəb, İran filmləri on qəpiyə idi. Əlimizə pul düşən kimi qaçardıq kinoteatra. Yadımdadır ki, o vaxtlar iran filmi "Tormoz Hüseyn" çox məşhur idi, azı yüz dəfə gedib baxardıq. Şahmar Ələkbərov səsləndirirdi o filmi. “Tormoz Hüseyn” filmi o qədər məşhur idi ki, mahnılar da qoşulmuşdu. Musiqiyə də maraq böyük idi onda. Elmira Rəhimovanı hər kəs sevirdi. O vaxtlar Elmira xanım hind mahnılarını böyük məharətlə ifa edirdi. Hətta Hindistanda da gedib qalmışdı. Yadımdadır ki, Elmira xanımın çoxlu sayda pərəstişkarları vardı. Mən özüm də onu sevə-sevə dinləyirdim. Özü də hind qızlarına çox bənzəyirdi Elmira xanım”.

“Kubinkanın uşaqları yığılıb iri tonqal qalayardıq”

“Uşaqlığımdan danışıb bir may bayramını xatırlamasam, özümə bağışlamaram. Bir may bayramı yaxınlaşana yaxın əməlli-başlı tədarük görərdik. Ağ şalvar, ağ göynəklər tikdirərdilər bizə. Bir həvəslə geyinib o bayrama-nümayişə gedərdik ki… Sevincimizin həddi-hüdudu olmazdı həmin gün. Novruz bayramı da xatirələrimdə ilişib qalıb. Kubinkanın uşaqları yığılıb iri tonqal qalayardıq, o tanqal o qədər hündür olardı k, hər yerdən görünərdi”.

“Kimin ixtiyarı nə idi, kiminsə qızına söz atsın, adamı vurardılar”

“Yox, o vaxtlar qızlar indiki kimi deyildi, ədəb-ərkan vardı. Qızlara yaxınlaşmaq, onlarla danışmaq müşkül iş idi. Məhəllənin oğlanları, kişiləri buna imkan verməzdilər. Kimin ixtiyarı nə idi, kiminsə qızına söz atsın, ya sevgi elan etsin, adamı vurardılar. Qızlar indiki kimi axşamlar belə sərbəst küçədə gəzə bilməzdilər. Qızla gəzmək istəyənlər daha çox rus qızlarına üz tuturdular. Mən də Rusiyaya gedirdim. Rus qızları çox sərbəst idi, onlara yaxınlaşmaq asan olurdu. Hə, vardı dostluq etdiyim rus qızları. Elə ciddi münasibət qurduğum qız həyat yoldaşım olub. Qız uzaq qohumumuzdur. Bacımgil bərdədə yaşayırdı onda, qızgil də yevlaxda. Rayona gedəndə onu görürdüm,xoşuma gəlmişdi. Çox uzanmadı söhbət. Evlənmək təklifi etdim, o da razılaşdı. Elçilərini göndər dedi və nişanlandıq. Söhbət 1976-gı ildən gedir. Aramızda heç vaxt söz-söhbət olmayıb. Aktyor olduğuma görə, məni qısqansın-zad-belə şeylər olmayıb. Heç mən də qısqanc deyiləm, heç vaxt qısqanmamışam həyat yoldaşımı. Bu, hər ikimizə rahatlıq gətirib. Çox vaxt ailədə söz-söhbətlər qısqanclıqlar üstündə düşür axı. Bu sarıdan bizdə əmin-amanlıq olub”.

“Rejissordan xahiş edib o lenti pozdurdum”

“O vaxtlar Azərbaycan televiziyasında “Komediyalar aləminə səyahət” adlı proqram hazırlanırdı və orda müxtəlif komediyalar təqdim oulnurdu. Sultan Məcid Qənizadənin “Xor-xor” tamaşası hazırlanmışdı, mən üç dəfə o tamaşada oynadım. Onda da indiki kimi deyildi, tamaşalar saxlanılmırdı. O vaxtlar şəhərdə bu tamaşa çox yayılmışdı. Demək olar ki, bütün şəhər bu tamaşaya baxıb xoruldayırdı. Elə özüm də hara gedirdimsə, insanlar üzümə baxıb xoruldayırdı. Bəziləri bunu rişxəndlə edirdilər, ğbəziləri də zarafatla. Bu, məni qəzəbləndirirdi, buna görə də rejissordan xahiş edib o lenti pozdurdum. Amma sonradan çox peşman oldum, gərək saxlayaydım o lenti. Sonra “Bəyin oğurlanması” filmindəki rolum çox sevildi. Orda başıma nəsə düşür, deyirəm e, ə nə var e, Ələsgər, Ələsgər”.

“Üzümə baxıb xoruldayırdılar, əsəbiləşirdim”

“Ömrün səhifələri" filmindəki rolum da hər kəs tərəfindən maraqla qarşılandı. Teymur Bəkirzadə çəkib o filmi. O vaxt “Bete” siqaretləri çox dəbdə idi. Mənim də filmdə bir rolum vardı, orda belə deyirdilər: Ələsgər “Bete”di? Hara gedirdimsə, mənə deyirdilər Ələsgər “Bete”di? Elə adamlar olurdu ki, bu rollarıma görə məni çox sevirdilər. Amma “Xor-xor” tamaşasına görə xoşagəlməz məqamlar çox yaşadım. Üzümə baxıb xoruldayırdılar, əsəbiləşirdim. Bir neçə dəfə hətta kimlərləsə əlbəyaxa dava da etmişdim buna görə. Güclə aralamışdılar. Bəlkə də həmin adamlar sənətimi istədikləri üçün belə edirdilər. Amma illər keçdi, yaşa dolduqca dəyişdim. İndi mənə daha çox hörmət hissi ilə yanaşırlar. Sənətimə daha çox dəyər verirlər. İndi heç elə zarafatlar edən də yoxdur”.

“Ona çox yalvardım ki…”

“Hardasa 14 yaşım olardı, mən hələ hansı sənətlə məşğul olacağımı fikirləşməmişdim. Bir təsadüf nəticəsində ömrümü teatra bağladım və aktyor olacağıma qərar verdim. O da necə oldu, biz məhəllənin uşaqları ilə bir dəfə Dram Teatrında tamaşaya gedib baxdıq. Onda da indiki kimi deyildi, uşaqlar teatra, kinoya böyük maraq göstərərdilər və pul tapan kimi qaçıb filmə, ya tamaşaya baxardılar. Nə isə, mən də ilk dəfə olaraq Dram Teatrında Şekspirin “Qış nağılı” tamaşasına baxdım. Çox xoşma gəldi tamaşa, aktyorların oyunu. Mən onu da deyim ki, Hökumə Qurbanova, Möhsün Sənaninin oyunu məni bir gənc kimi valeh edirdi. Başladım teatrla maraqlanmağa. Öyrənib bildim ki, 26-lar adına mədəniyyət sarayında aktyor sənəti üzrə uşaqları hazırlayırlar. Burda həmçinin böyük rejissorumuz Lütfi Məmmədbəyovun Xalq Teatrı da fəaliyyət göstərirdi. Onu da deyim ki, bir çox görkəmli aktyorlar məhz Lütfi Məmmədbəyovun yetirməsi olub, onun yaratdığı xalq teatrından çıxıblar. Nə isə evdə heç kimə bir söz demədən, Lütfi müəllimin yanına getdim. Amma Lütfi müəllim sən ki balaca uşaqsan, deyib məni teatra götürmək istəmədi. Yalvar-yaxar etdim, özümü doğruldacağıma söz verdim. Ürəyi yumşaq adam idi, axırda razılıq verdi. Hardasa 10-12 il orda çalışdım”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm