Metrodakı insan mənzərəsi
Bizi izləyin

Digər

Metrodakı insan mənzərəsi

Metrodakı insan mənzərəsi

“Azadlıq Prospekti” metrosunda camaat qatarı gözləyirdi. İnsanların üzündəki yorğun ifadə mənim sifətimdə də vardı. Təxminən 10 dəqiqə keçirdi. Gözlərimiz tuneldən gələn işığa yönəlmişdi. Yanımdakı insanları müşahidə edirdim. Nəhayət qatar gəldi, nəfəsini dərdi və insanlar tez bazar özlərini vaqonlara dürtdülər. Özümü bir qırağa verib gözlərimi bu yorğun insanların üzünə tuşladım. Qarşımda görünüşcə fəhləyə oxşayan iki rus hansısa bir cihazın müzakirəsini edirdilər. Sadə, köhnə geyimli bu adamlar heç kəsin diqqətini cəlb etmirdilər. Ancaq necə özgür olduqlarını hiss edirdim. Yanlarında daha bir kasıb adam oturmuşdu. Bığları adamın gözünə girirdi. Mənim yanımda da yekəburun və küt sifətli bir kənd adamı yayxanıb oturmuşdu. Ağzından soğan iyi gəlməsi məndə bu təəsüratı yaratmışdı. Əlindəki köhnə mobil telefonda “snayke” oyunu oynayırdı. Barmaqları çox cəld idi. Snayke oyunu ilan oyunu idi. İndiki uşaqlar xatırlamaz, biz belə oyunlar çox görmüşdük.

Qıpçaq gözlü yeniyetmə bir qız. Çox gözəldi, ancaq geyimi məni qane etmir. Ancaq mən kiməm ki, onun geyiminə qarışım? Qarşısında iki yaraşıqlı oğlan. Qızın əlində də planşet bir telefon. Gah telefonda bir şey yazır, gah da o iki oğlana baxır. Baxışlarım bu dəfə sevgililərə sataşır. Qız ona bu günkü günün necə maraqlı keçdiyini danışır. Oğlan isə yorğundur. Gözləri onu ələ verirdi. Lakin qız ara vermədən danışır, gülür, hərdən də ətrafına baxır.

Beləcə “28 may” metrosuna gəlib çatdıq. Qapılar açıldı, qəfil sükut içəri daxil oldu. Hər kəs susmuşdu. Sükutu “Ulduz” stansiyasındakı iki deyingən xala pozdu. İçəri girən kimi “ağez, sən gələssən?” deyə rəfiqəsinə dedi. Yoox! - sərt bir cavab digər xalanı əsəbiləşdərdi. Heç gələn günün olmasın! Vaqonun o başından gələn xəfif gülüşləri eşitmək olurdu. Sükutu artıq yorğun təbəssümlər və ya saxta gülüşlər əvəz etmişdi. Hə, mən artıq yerimi yaşlı qadın və ərinə vermişdim. Qadın çox gözəl, kişi də çox yaraşıqlı idi. Cütlük bir-birini tamamlayırdı. Kişi yer verdiyimə görə çantamı saxlayırdı. Digər tərəfdən də içkili, yekəqarın kişi ilə pudralı, ətirli-qoxulu, yekəxana bir qız diqqətimi cəlb edirdi. Kişinin dünya vecinə deyildi. Tam bir sərxoş tablosu. Qız üzünü turşudur, ondan uzaqlaşmağa çalışırdı. Ancaq tünlük onun uzaqlaşmasına mane olurdu. İçki iyi və qızın ətri bir-birinə qarışaraq qəribə bir qoxu yaratmışdı. Qımışdım. Qəfil vaqonun aynasında üzümü gördüm. Əksim mənə gülürdü. Xeyli fikrə getdim. Hərdən gözlərimi də yumurdum. Sabahkı günlərimi, taleyimin axırını düşünürdüm.

Burada isə rəhmətlik Şamil Basayevin sözləri yerinə düşür. “Sonunu düşünən qəhrəman ola bilməz”. Özümü düzəltdim. Gözlərimi ətrafa çevirəndə bayaqkı adamların yerini digər adamlar almışdı. Elə bil futbolçular kimi, dəyiş-düyüş etmişdilər. İdmançı bir oğlan, yeniyetmə qız və yekə döşlü bir qadın. İdmançı oğlan gözlərini qıyaraq ətrafı süzdü və bir qıraqda durub belindəki çantasını dizinə tərəf uzatdı. Yekə döşlü qadının görkəmindən çox elə döşləri adamın gözünə girirdi. Yeniyetmə qız isə təəssüf ki, solğun və kədərli görünürdü. Artıq axırıncı stansiyalara çatırdım. Nədənsə digər vaqona baxmamışdım. Aftomatik başım sağ tətəfə yönəldi. Ürəyimə sərin bir su səpildi. Bu inanılmaz gözəllik idi. Balaca bir qız uşağı. Gözləri çox saf, tər-təmiz baxırdı. Həm üzü, həm də gözləri gülürdü. Bu gözəlliyin nə bir təsviri, nə də bir kəlməsi mövcud ola bilməzdi. Bütün yorğunluğum, bədbinliyim bu balaca qızın gözləri ilə uçub yox olmuşdu. Sevinirdim. Xoşbəxt bir an idi bu.

Xeyli balacaya baxdıqdan sonra yerlərin boş olduğunu deyən bir adam kürəyimə toxundu. Oturdum. Qarşımda duran ər-arvad hələ getməmişdilər. Axı necə getsinlər ki? Çantam onlarda idi. Təşəkkür edib çantanı yanıma qoydum. Adamlar bir-bir yoxa çıxırdı. Son çıxan gənc: “Ana, gəldim, gəldim” – dedi. Maraqlısı o idi ki, vaqon son stansiyaya gedəndə telefonum zən çalmağa başladı. Dedim nə yaxşı mənə zəng eliyən varmış? Açıb gördüm ki, zəngli saatın səsidi.. Bəxtimdən adamlar yox idi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm