Digər
Prezident: "Sosial infrastrukturla bağlı heç bir problem qalmamalıdır"
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında,
respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin
canlandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər
Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər
görülür. Dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci
ildönümü münasibətilə hazırda vacib layihələr reallaşdırılır. Bu
layihələr sırasında paytaxt Bakıda və bölgələrdə yaradılan Heydər
Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində
mühüm rolu vardır.
Belə mərkəzlərdən biri də Ağdaş şəhərində tikilmişdir. Bu Mərkəzin
yaradılması, ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin
xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də Ulu Öndərin
zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol
oynayır. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki,
Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması
və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz
ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz
xidmətləri ilə bağlıdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin inşasına
2012-ci ilin avqustunda başlanmışdır. İnşaat işləri ən yüksək
standartlar səviyyəsində həyata keçirilmişdir. Ümumi sahəsi 5 min
800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz
edilmişdir.
Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur.
Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü
qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və
fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin
müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu
fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində,
istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən
Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini
tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında
iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və
zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər
buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio
studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri
dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s.
fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks
etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi
həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı
tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır.
Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və
mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin
zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi
də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm
nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq
studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter
kursları, elektron kitabxana fəaliyyət göstərəcəkdir.
İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili
planlaşdırılır.
Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev
mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin
keçirilməsi nəzərə alınaraq, burada da müvafiq şərait
yaradılmışdır.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev Ağdaş
rayonunda dəfələrlə olduğunu deyib: "Bu dəfə də burada görülən
işlərlə tanış olacağam. Biz bu gün ilk növbədə Heydər Əliyev
Mərkəzinin açılışını qeyd edirik. Bu, gözəl hadisədir. Möhtəşəm
Mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz
oxşayır. Bu gözəl Mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda,
Mərkəzdə yerləşən studiyalar, dərnəklər əlbəttə ki, onun funksional
əhəmiyyətini də artıracaqdır.
Belə mərkəzlərin bölgələrdə açılması həm Azərbaycan xalqının Ulu
Öndərə olan ehtiramının təzahürüdür, eyni zamanda, mərkəzlərdə
Heydər Əliyevin keçdiyi yolla bağlı ekspozisiyalar quraşdırılır,
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü işlər,
müasir Azərbaycan tarixi öz əksini tapır. Bu mərkəzlərdəki
sənədlər, fotomateriallar, ekspozisiyalar bizim yaxın tariximizi
əks etdirir".
Prezident bildirib ki, mərkəzlərin böyük mənəvi funksiyaları
vardır: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə, bildiyiniz
kimi, çox ağır vəziyyətdə idi. Demək olar ki, müstəqilliyimiz əldən
gedirdi, xaos, anarxiya hökm sürürdü, vətəndaş müharibəsi
başlamışdı.
Azərbaycan xalqının tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi
nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu və Azərbaycan
inkişaf yoluna qədəm qoydu. Beləliklə, 1993-cü ildən bu günə qədər
ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır. Hər bir ölkənin inkişafı
üçün sabitlik başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı
məhz əldə edilmiş sabitliyin nəticəsidir.
Biz Ulu Öndərin siyasətinə sadiqik. Azərbaycan onun qoyduğu yolla
gedir və uğurla gedir. Son 20 ilin inkişafı onu göstərir ki, bu,
düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya
miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır. Bizim
beynəlxalq nüfuzumuz artır. Xarici siyasətimizin təməlini də Heydər
Əliyev qoymuşdur. Bu siyasət müstəqillik əsasında qurulur. Bu gün
bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada,
beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə
edirik. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır
və bu mövqe ədalətə əsaslanır".
Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan artıq
beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır:
"Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə
çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər
keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana
gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə
qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün
dünyada nadir hallarda rast gəlmək olur.
Bütün bunları biz özümüz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır.
Biz Ulu Öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri
Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu
nailiyyətləri ildən-ilə möhkəmləndiririk".
İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, iqtisadi sahədə aparılan
islahatlar bizim gücümüzü artırmışdır: "Əgər bu, olmasa idi, biz
asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən
asılı olardıq.
Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir.
Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də
yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin
əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi
siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir.
Həm islahatlar aparılır, həm də insanların rifah halının
yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz
iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il
ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul
edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir".
Prezident xatırladıb ki, bu il üçüncü regional inkişaf proqramı da
qəbul edilmişdir: "2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu
il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir,
müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun
inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir
kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem
qalmayacaqdır.
Əvvəlki dövrlərdə də iki proqramın icrası nəticəsində Ağdaş
rayonunda böyük işlər görülmüşdür. Bax, burada yerləşən Olimpiya
İdman Mərkəzini, böyük xəstəxananı, bütün bu sosial obyektləri biz
bir yerdə açmışıq və onlar insanlara xidmət göstərir. Rayonda
sosial infrastrukturun yaradılması, məktəblərin tikintisi davam
edir. Bilirəm, hələ də qəzalı, yararsız vəziyyətdə məktəblər
vardır, ancaq tədricən onlar da təmir olunacaqdır. Beləliklə,
üçüncü proqramın icrası nəticəsində 2018-ci ilə qədər sosial
infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı
heç bir problem qalmamalıdır".
Prezidentin sözlərinə görə, Ağdaşda infrastruktur layihələri icra
edilir, qazlaşdırma aparılır: "Kəndlərin əksəriyyəti
qazlaşdırılıbdır. Növbəti illərdə Ağdaşda qazlaşdırma 100 faizə
çatmalıdır. Hər bir yaşayış məntəqəsində təbii qaz olmalıdır.
Şəhərdə də köhnə borular dəyişdiriləcək və beləliklə, qaz
təsərrüfatı ən yüksək səviyyədə olacaqdır. İçməli su layihələri
icra edilir. Əminəm ki, bu məsələ də yaxın gələcəkdə tam şəkildə öz
həllini tapacaqdır. Kənd yolları tikilir. Biz bu gün bir neçə kəndi
birləşdirən kənd yolunun açılışını qeyd edəcəyik.
Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və
şəhər də gözəlləşir, abadlaşır. Bax bu yer, şəhərin yeni sahəsidir,
yeni inkişaf zonasıdır. Yadımdadır, burada birinci tikilən Olimpiya
Mərkəzi olmuşdur. Ondan sonra xəstəxana tikildi, daha sonra meydan
yaradıldı. İndi isə Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin,
Yeni Azərbaycan Partiyasının inzibati binaları açılır. Yəni, bura
bir mərkəz olubdur. Ağdaşın ənənəvi mərkəzi vardır. Orada da
abadlıq işləri aparılır. Ancaq bu, yeni mərkəzdir. Görün, bütün
işlər nə qədər böyük səliqə ilə, zövqlə görülübdür, ağaclar əkilir,
qazonlar salınır. Bu binalar da memarlıq nümunəsidir".
Dövlət başçısı deyib ki, bu gün Azərbaycan elə bir səviyyədədir ki,
hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən
geri qalmamalıdır: "Çünki Azərbaycan vətəndaşları daha da yaxşı
həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və
yaratmalıyıq.
Bu gün, eyni zamanda, burada sənaye müəssisələrinin açılışı nəzərdə
tutulur. Bu il bilirsiniz ki, Azərbaycanda "Sənaye ili"dir. Bizim
gələcək iqtisadi inkişafımız sənaye ilə bağlıdır. Qeyri-neft
sənayesi ilə bağlıdır ki, biz bu sahəni daha da inkişaf etdirək.
Kənd təsərrüfatı, emal sənayesi - bütün bunlar həm iş yerlərinin
açılmasına gətirib çıxarır, həm milli gəlirimizi artırır,
ümumiyyətlə, ölkəmizin inkişafı üçün lazım olan məsələlərdir.
Yəni, hər bir sahə diqqət mərkəzindədir, elə də olmalıdır, elə də
olacaqdır. Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər
görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər hesab edirəm ki,
təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik
edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun".
Ağdaşdakı Maqsud Şeyxzadə adına texniki, təbiət və humanitar
təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva rayona
göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək
dedi:
"İcazə verin, Sizi ağdaşlılar adından ürəkdən salamlayım. Ağdaşa
xoş gəlmisiniz. Bu gün Ağdaşın müasir, gözəl bir guşəsinə
toplaşmışıq. Sizin bizə bəxş etdiyiniz bu abad məkan rayonumuzun
simasını daha da gözəlləşdirib. Bu gün burada Azərbaycan xalqının
ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının
91-ci ildönümü münasibətilə açılışına toplaşdığımız Mərkəz hər
birimizdə qürur hissi yaradır.
Möhtərəm cənab Prezident, əminliklə deyə bilərik ki, Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına qoşulmasından qürur duyan
gənclərimiz bu gün açılışında iştirak etdiyimiz Mərkəzdə Heydər
Əliyevin azərbaycançılıq məfkurəsini daha dərindən mənimsəyəcək və
burada öz maraqlarına uyğun məşğuliyyət tapacaqlar. Bu gün bizim
qarşımızda duran əsas məsələ müasir müstəqil Azərbaycanda doğulub
zəngin Azərbaycanda yetkinlik yaşına çatmış gənclərimizə ölkəmizi
sevdirmək, Ulu Öndərimizin Vətən uğrunda gördüyü böyük işləri
onlara aşılamaq, onlarda vətənpərvərlik ruhunun daha da
yüksəlməsinə nail olmaqdan ibarətdir.
Biz hər bir gəncimizə dərk etdirməliyik ki, əgər Ulu Öndərimiz
olmasaydı, müstəqil Azərbaycanımız da olmazdı. Çünki Ulu Öndər
Vətənimizi parçalanmaqdan qorudu, qardaş qırğınının qarşısını aldı,
böyük, möhtəşəm bir Azərbaycan dövlətini yaratdı ki, bu gün onu
bütün dünya tanıyır. Bu gün Ulu Öndərimizin Vətən səmasından
müstəqil Azərbaycanımızı seyr edən müqəddəs ruhu rahatdır. Çünki
Siz Ulu Öndərimizin yolu ilə gedirsiniz, ölkəmizi inkişaf
etdirirsiniz, onu ən yüksək zirvələrə ucaldırsınız. Son 10 ildə
ölkəmiz Sizin rəhbərliyiniz ilə ağlagəlməz inkişaf yolu keçmişdir.
Həyata keçirdiyiniz bütün tədbirlərin mahiyyətində insan amili,
insanlarımızın, vətəndaşlarımızın sosial rifahı durur. Bax elə
dünən müharibə əlillərinin, müharibə iştirakçılarının və onların
ailələrinin sosial təminatlarını gücləndirmək məqsədilə sərəncamlar
imzalamısınız".
Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycanımız böyük inkişaf
yolu ilə uğurla irəliləyir: "Artıq Azərbaycanımızın haqq səsini
bütün dünya eşidir. Sizin bu yaxınlarda Praqada etdiyiniz çıxışınız
hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Böyük fəxr hissi
ilə, qürur hissi ilə Sizin çıxışınızı oxuduq. Siz bütün dünyaya
sübut etdiniz ki, Azərbaycan müstəqil, möhkəm, qürurlu bir
dövlətdir. O, heç bir zaman əyilməyəcək, o, heç bir zaman heç kimin
qarşısından geri çəkilməyəcəkdir.
Cənab Prezident, Siz ölkəmizin hansı guşəsində olursunuzsa, ora az
bir müddət ərzində gülüstana çevrilir, insanların qəlbinə sevinc,
rahatlıq hissi hakim kəsilir. Bunu abad kəndlər, şəhərlər, ucalan
binalar, salınan yollar, körpülər, yeniləşən parklar, bağlar,
xiyabanlar, minlərlə-milyonlarla insanların Sizə ünvanlanan
alqışları təsdiq edir. Bu inkişaf yolu Ağdaşımızdan da yan
keçməmişdir. Bu gün ölkəmizdə yeni-yeni layihələr həyat keçirilir,
infrastruktur obyektləri istifadəyə verilir. Bu gün gördüklərimdən
duyduğum qürur, sevinc, iftixar hissini söz ilə ifadə etməkdə
çətinlik çəkirəm. Ona görə də fikrimi rayonumuza əvvəlki səfəriniz
zamanı dediyiniz sözlərlə bildirirəm: "Ağdaş indi müasir, gözəl bir
rayona çevrilmişdir. Burada istirahət etmək, yaşamaq, işləmək üçün
bütün şərait vardır". Bütün bunları bizim üçün Siz yaratmısınız,
möhtərəm cənab Prezident. Buna görə də ağdaşlılar adından bir daha
Sizə dərin minnətdarlığımızı bildirir, bu işlərin görülməsində
Sizinlə çiyin-çiyinə çalışan xalqımızın sevimlisi Mehriban xanıma,
bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür,
Azərbaycanımızın müstəqilliyi naminə apardığınız böyük işlərdə
uğurlar arzu edirik.
Cənab Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur
duyuruq, Sizə inanır, Sizə arxalanırıq. Tanrı Sizi qorusun!"
Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev də Prezident İlham
Əliyevə ağdaşlıların təşəkkürünü çatdıraraq dedi: "Var olun,
üzünüzdən bu təbəssüm əskik olmasın. Biz həqiqətən Sizinlə fəxr
edirik. Allah Sizə yar olsun!"
Sonda xatirə şəkli çəkdirildi.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu