“Pozğun qadın olmur, pozğun kişi olur” - Fotolar
Bizi izləyin

Digər

“Pozğun qadın olmur, pozğun kişi olur” - Fotolar

"Fahişənin yanına gedən ondan iki dəfə artıq fahişədir"

“Ulduzlu axşam”ın bu dəfəki qonağı Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffərdir…

“30 yaşındadır, amma 50 yaşlı qadın kimi görünür”

- Bir müddət öncə ukraynalı jurnalist Azərbaycan xanımlarının kök, qarınlı və piyli olması barədə yazdı. Bu fikirlə bir qədər razıyam. Aktrisa olmaq üçün mütləq formanı saxlamaq lazımdır. Bu saat aktrisalardan soruşsan ki, ayda neçə dəfə idmanla məşğul olursunuz, inanmıram desinlər, bir dəfə. Amma mənim maşınıma baxsan, orda idman çantamı görəcəksiniz. Mən hər gün idmanla məşğul oluram.

- İstədiyiniz çəkiyə nail olmusunuzmu?

- Hələ yox. İndi 67 kiloyam, heç olmasa 60 kilo olmalıyam. Çünki boyum 1.60-dır. Aktrisa kimi 58-56 olsam bu super çəki olardı. İndi iddiam var ki, 10 kilo arıqlayım.

- Nə yeyib, nə içirsən?

- Bazar günü istədiyim hər bir yeməyi yeyirəm. Amma adi günlərdə bir dilim ağ pendir, bir pomidor, biraz da yağsız kolbasa yeyib, acı çay içirəm.

- Səhərlər?

- Saat 12-də.

- Bəs günorta?

- Günortadır, amma hələ ki, heç nə yeməmişəm. Axşam gedib yenə də yağsız və çörəksiz yemək yeyəcəyəm.

- Bəs ət, toyuq, yarpaq dolması, kələm dolması?

- Yox, yalnız suda bişmiş ət yeyirəm. Çörəyi tamam menyumdan çıxarmışam. Un məmulatlarından istifadə etmirəm. Yalnız bazar günü dediyim kimi, istədiyimi yeyə bilərəm. Aktrisa kimi gözəl görünməyə məhkumam. Çünki onun çörəyi gözəlliyindən çıxır. Arığı kök göstərmək olar, amma kökün dərdini neyləmək olar? Mən bu günlərdə bu yaşımda 25 yaşlı bir qız obrazı yaratdım. Buna görə idmana borcluyam.

- Məncə bu genetikdir, çünki xanım var ki, 25 yaşındadır, amma qat-qat yaşlı görünür. Hətta idmanla məşğul olsa da…

- Mənim yaşla bağlı öz düşüncələrim var. Bir var bioloji yaş, bir də var görüntü. Aktrisa var 30 yaşındadır, amma öz yaşındakı obrazı ona verəndə 50 yaşlı qadın kimi görünür. 50 yaşlı bir aktrisa isə 30 yaşında görünə bilər. Hər kəsin ruhu, hisləri hansı yaşdadırsa, insan da o yaşda görünəcək. Məsələn, mənə elə gəlir ki, bugün 25 yaşındayam. Hərdən daha yaşlı görünmək istəyirəm ki, daha sanballı görünüm. Sonra fikirləşirəm ki, yaşlı görünməyə hələ çox vaxtım var.

“Kişi ayağısürüşkəndirsə...”

- Aktrisa kimi komplekslərin var?

- Aktrisa kimi yox, amma bir xanım kimi kompleksim var. Məsələn, bir toya gedirəm, utanıram.

- Necə düşünürsünüz, bəlkə qadınlar gəncliyin vaxtını uzatmaqla həm də sevginin vaxtını uzatmağa çalışırlar?

- Bu mümsünsüzdür. İstər kişi, istərsə də qadın. Əgər onun beynində kənara meyl etmək varsa, bunu edəcək. Sevgi bitirsə, onu heç nəylə uzatmaq olmaz. Kişi ayağısürüşkəndirsə, əxlaqı yerində deyilsə, bunu edəcək.

- Siz bu qədər vaxt evlisiniz, sizcə, ailənizi nəylə qoruyub saxlaya bilmisiniz?

- Mən heç vaxt kişidən nəyisə tələb etməmişəm. Pul, əyin-baş, yemək istəməmişəm ondan. Var-var, yoxdur-yoxdur. Nifrət etməmişəm ona. Amma yenə də deyirəm, sevgi yoxdursa, xeyri yoxdur. Ölüyə elektroşok verirsən e, dirilir yenidən ölür, bu ona bənzəyir. Sevgi hörmətə çevrilə bilər. Amma sonda yenə də yaşlı vaxtında həyat yoldaşı qalacaq sənə. Onunla əl-ələ verib bir-birinə həyan olacaqsan. Müəyyən dövrdən sonra eşqi yenidən özünə qaytara bilmirsənsə, günah qadının, ya da kişinin özündədir.

“Pozğun qadın olmur, pozğun kişi olur”

- Niyə xəyanətdə daha çox qadınlar suçlu bilinir, kişilər yox?

- Filosoflardan biri deyir ki, cəmiyyətdə pozğun qadın olmur, pozğun kişi olur. Dünən tamaşadan çıxıb evə gedirdim. Burda da çoxlu gecə barları var. O barlardan bir xanım çıxıb telefonla danışa-danışa evə gedirdi. Baxan kimi bilinirdi ki, bu bar qadınıdır. Bir maşının içində dörd kişi ona söz atmağa başladı. Baxın, bir qadın əxlaqsızdırsa, dörd əxlaqsız kişi də var. Tutaq ki, qadınlar əxlaqsızlıq yuvası açıblar, bu kişilər ora getməsə, onlar necə fahişəliklə məşğul olacaqlar? Kişiləri qınamaq istəmirəm, amma görürsən, mini yubkalı qızlardır, yolla gedir, kişilər onlara ilişir. Fahişənin yanına gedən iki dəfə ondan fahişədir. Dəxli yoxdur, fransız olsun, italyan olsun, ya azərbaycanlı.

“Oğlum çıxıb qonşunun qızına sataşır, almasa da onunla yatır”

- Səncə, bunun günahı kimdədir?

- Oğlan övladlarımıza hər şey olar, amma qızlarımıza yox. Tərbiyəni düzgün vermirik. Tutalım, oğlum çıxıb qonşunun qızına sataşır, almasa da onunla yatır. Qonşunun da oğlu həmçinin, gəlib qızıma sataşacaq. Əxlaqlı kişilər yetişdirmək lazımdır. Biz valideynlər əxlaqlı kişilər tərbiyə etməliyik ki, qızlarımızı pis yola çəkilməsinlər. Mühiti düzəldən də kişilərdir, pozan da.

- Qorxmursunuz ki, kişi həmkarlarınızın təpkisi ilə qarşılaşarsınız?

- Əksinə, mən onları bir pilə də qadından yuxarıda tuturam. O adam məndən inciyəcək ki, o yolun yolçusudur. Mən inanmıram ki, hər şeyi analiz edən kişi məni qınasın. Onda o kişilər istəmir ki, qızları əxlaqlı mühitdə yaşasınlar.

- Açıq-saçıq geyimlərdə də olursunuz deyim ki, çox yaraşır. Yoldaşınız bununla bağlı sizə qadağalar qoymur ki?

- Qısqandığı vaxtlar olur və kifayət qədər də qadağalar qoyur. Mən də çalışıram onun qadağalarına əməl edim. Xüsusən yay vaxtı istədiyimi geyinə bilmirəm, o qoymur. İstəmirəm ki, sabah-birigün ərim hardasa nəsə deyəndə, deməsinlər ki, get arvadının dərdini çək. Görürsən, bu dar şalvarın üstündən uzun köynək geyinmişəm.

- Rollarına da qadağalar qoyur?

- Yox, qətiyyən. Çox vaxt özü gəlib tamaşalarıma baxır.

- Heç açıq-saçıq rollara dəvət alırsınız?

- Alsam da oynamaram.

- Niyə?

- Ərim və oğlanlarıma görə. Həm də baxır necə bir rol. Hətta Hollivud ulduzlarının özləri yataq səhnələrinə dublyor gətirirlər. Azərbaycanda heç vaxt belə rola çəkilmərəm. Deyim niyə. Bütün rolları gözəl yaratmışıq, qalıb yataq səhnəsi?

“Heç bir kişi əli dəymədən fahişə rolunu elə oynayaram ki...”

- Əxlaqsız bir qadın obrazında oynayardınızmı?

- Bəli. Heç bir kişi əli dəymədən fahişə rolunu elə oynayaram ki… “Vaterlon körpüsü” adlı bir film var. Orda balerina qız məcburiyyətdən əxlaqsızlığa düçar olur. Küçəyə çıxır, arxadan kişi səsi gəlir ki, xanım mənimlə gəzərsiniz? Qadın çevrilir və bununla da görürsən ki, o necə əxlaqsız olur. Bugün bizim rejissorlarımız yataq səhnəsini çəkməklə həmin filmimi üstələyəcəklər? Amma cəmiyyətdə belə qadınları oynamağı çox sevirəm. Tək fahişə obrazından söhbət getmir. Fahişə var ki, gözəl iç dünyası var. Onun bu yola düşməsinin səbəblərini açıb göstərən bir tamaşada oynayardım. Sonda deməyəsən bu fahişəydi. Deyəsən, ax, necə də yazıq bir qadındır.

- Həyat yoldaşın sənə sürprizlər edir?

- Yox, heç vaxt.

- Niyə?

- Biz analar oğulları belə böyüdürük. Ana həmişə oğluna deyir ki, arvadına iki paltar al bəsidir. Heç görmüsənmi ki, ana 15 yaşlı oğluna desin, oğlum atan mənə gül alıb, sən də böyüyəndə arvadına gül alıb sevindirərsən. Son vaxtlar yoldaşım mənə bir-iki şey alıb. Amma böyük mənada sürpriz etsin, olmayıb.

- Nəçidir?

- İş adamı.

Cəvahir Səlimqızı

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm