Digər
"Qarabağ problemi regionun ciddi böhrana sürüklənməsidir"
"Qloballaşma dövründə istənilən ölkənin cəlb olunduğu münaqişə təkcə həmin ölkənin deyil, həm də ümumilikdə, regionun və dünyanın geosiyasi və təhlükəsizlik mühitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına zərbə vurur".
Bunu Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev:
Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda
keçirilən konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin səbəb və nəticələrindən çıxış edərkən Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov bildirib.
PA rəsmisi bildirib ki, hazırda rəsmi Bakı Azərbaycanın və
ümumilikdə, regionun geosiyasi, geoiqtisadi maraqları və
perspektivi baxımından, bütün münaqişələrin tezliklə, sülh yolu ilə
nizamlanmasının tərəfdarı kimi çıxış edir: "Lakin, eyni zamanda,
"nə sülh, nə müharibə" vəziyyətinin də sonsuza qədər uzanmasına göz
yuma bilməyəcəyi, "sülh danışıqları nəticəsiz yekunlaşacağı
təqdirdə digər vasitələrlə öz beynəlxalq və milli haqlarını təmin
edəcəyi" haqqında ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu,
beynəlxalq münasibətlərin hazırkı vəziyyətində ən doğru və optimal
mövqedir. Hazırda Ermənistan dünya dövlətlərinin ikili
siyasətindən, BMT-nin və ATƏT-in səmərəsiz fəaliyyətindən, Minsk
qrupunun və həmsədr ölkələrin neçə illərdir ki, ciddi bir mövqe
ortaya qoya bilməməsindən, dünyadakı erməni diasporunun aparıcı
ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, xarici
qüvvələrin hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı
siyasətindən əl çəkmək istiqamətində hər hansı ümidverici mövqe
sərgiləmir".
Ə.Həsənov bildirib ki, bu gün Dağlıq Qarabağ problemi təkcə iki
ölkə arasında yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi
geosiyasi böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin
sosial-iqtisadi inkişafı yolunda böyük maneədir: "Beynəlxalq
iqtisadi institutların hesablamaları göstərir ki, münaqişənin
mövcudluğu region ölkələrinin iqtisadiyyatına qoyulan xarici
sərmayələrin həcmini dəfələrlə azaltmışdır. Beynəlxalq təşkilatlar,
ayrı-ayrı dövlətlər və nüfuzlu şirkətlər region ölkələri ilə
iqtisadi əlaqələri möhkəmlətməyin əsas şərti kimi məhz
"münaqişələrin sülh yolu ilə nizamlamasını və regionda sabitliyin
qorunmasını" göstərirlər".
Ə.Həsənovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına münasibət bildirən bütün nüfuzlu qurumlar və
ekspertlər bu problemi "regionda sülh və sabitliyi ən çox təhdid
edən real bir təhlükə" kimi xarakterizə etmişlər və etməkdədirlər:
"İstər Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasındakı
çıxışı zamanı, istərsə də sonrakı çıxışlarında Azərbaycan
Prezidenti İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin
rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını,
"nəzarətsiz və təhlükəli zonaya" çevrildiyini bəyan etmişdir. Bu
isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silah və
narkotik qaçaqmalçılığı üçün əlverişli şərait yaradır".
PA rəsmisi bildirib ki, rəsmi Bakının hazırda xarici siyasətinin
əsas istiqamətlərindən birini məhz dünya birliyinin bu problemə
beynəlxalq hüquqa uyğun, konstruktiv və prinsipial yanaşmasını
təmin etmək və onun köməyi ilə Azərbaycanın ərazi bütövlüyünün
bərpasına nail olmaq təşkil edir: "Keçən müddətdə bu istiqamətdə
həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan bu münaqişənin
mahiyyətini açmış və dünya ölkələrinin ictimaiyyətinə çatdırmış,
ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq faktını
BMT TŞ-nin dörd qətnaməsində, ATƏT, Avropa İttifaqı, Avropa Şurası,
NATO, İKT və s. qurumların sənədlərində əks etdirmişdir. Lakin,
Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur ki, həllini tapa
bilməməsində dünyanın aparıcı dövlətlərinin və onların təmsil
olunduğu qurumların ikili standartlar çərçivəsindəki yanaşmasının,
yalnız deklarativ bəyanatlar verməklə kifayətlənməsinin, məsələyə
seyrçi münasibət göstərməsinin xüsusi təsiri olmuşdur".
Onun sözlərinə görə, dünyanın əksər konfliktoloqları bu münaqişənin
həllini yalnız sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq normaları
çərçivəsində mümkün sayır və belə olacağı təqdirdə Azərbaycanın
real geosiyasi imkanlarının daha da artacağını, onun regional lider
statusunu daha da möhkəmləndirəcəyini proqnozlaşdırırlar.
Azərbaycanın bütün fəaliyyəti və geosiyasi addımları ilə Xəzər
hövzəsində, həmçinin Cənubi Qafqazda sabitləşdirici rol oynayan bir
ölkə olduğunu diqqətə çatdıran Ə.Həsənov deyib ki, bütün bu
reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə və dünyada
Azərbaycana əlavə geosiyasi üstünlüklər qazandıracağı şübhəsizdir:
"Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və hərtərəfli inkişaf edən
Azərbaycan həm özünün daxili məsələlərini uğurla həll etmək
iqtidarındadır, həm də regionda, beynəlxalq aləmdə geosiyasi,
geoiqtisadi və s. maraqlarını qorumağa, öz prinsipial mövqeyini
müdafiə etməyə qadirdir. Artıq dünyanın əksər geosiyasi güc
mərkəzləri Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verir
və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun
rəyini nəzərə alırlar. Bu geosiyasi vəziyyət və imkanlar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də
Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək
inkişafı haqqında nikbin ovqat yaradır".
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü