İlham Əliyev Türkiyə və Gürcüstan rəsmiləri ilə görüşdü - YENİLƏNİB (FOTOLAR)
Bizi izləyin

Digər

İlham Əliyev Türkiyə və Gürcüstan rəsmiləri ilə görüşdü - YENİLƏNİB (FOTOLAR)

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub.

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgə və dünya üçün önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən üçtərəfli Sammitinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olunub.

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub

Ölkələrimiz arasında energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

20:15

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı qeyd edildi. Tbilisi Sammitinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

17:00

"Sabitliyi bərpa etmək üçün regional layihələrə mümkün qədər daha çox ölkə qoşulmalıdır".

Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli sammitinin yekunları üzrə deyib.

G.Marqvelaşvili qeyd edib: "Biz bütün yeni ölkələrin regional layihələrə qoşulma arealını genişləndirmək niyyətindəyik, çünki onların qoşulması Xəzər, Qara və Aralıq dənizləri regionunda sabitliyin zəmanəti olacaq".

Gürcüstanın dövlət başçısı əməkdaşlığa görə Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkürünü bildirib: "Onlar həmişə Gürcüstanın tərəfdaşı olublar və hər iki prezidentlə birgə iri layihələr həyata keçirmişik. Bu layihələr təkcə üç ölkənin iqtisadi inkişafına və xalqlarının rifahına deyil, həm də ölkələrimizin hüdudları kənarında yaşayan milyonlara insanın rifahına əsas yer verir".

G.Marqvelaşvili vurğulayıb: "Biz sıx əməkdaşlığımızın verdiyi rifahdan daha çox ölkənin istifadə edə bilməsi üçün əməkdaşlığımızı Avropa və Asiya ölkələri istiqamətində genişləndiririk".

Prezident əməkdaşlığa görə İlham Əliyevə və Abdullah Gülə minnətdarlığını bildirib və bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini deyib.

****

"Əminəm ki, bugünkü zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən sammitindən sonra mətbuata bəyanatla çıxışında deyib.

Gürcüstan Prezidentinə ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, qardaş Gürcüstan torpağında yenidən olmasından çox məmnundur.

Dövlət başçısı bildirib ki, artıq hər üç ölkə sınaqdan da keçib: "Və həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdi, təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar zirvə görüşləri olmuşdur. Bugünkü zirvə görüşü həm də əvvəlki illərdə görülən işlərin təhlilini aparmaq üçün əhəmiyyətli idi. Eyni zamanda və ən önəmlisi, hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq haqqında çox geniş, səmimi fikir mübadiləsi aparılmışdır".

İlham Əliyevin sözlərinə görə, bu gün nazirlər müxtəlif layihələri onlara təqdim ediblər: "Bir daha görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq hesab edirəm ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir".

Prezident vurğulayıb ki, vaxtilə uğurla icra edilmiş neft-qaz layihələri, nəqliyyat layihələri, investisiyalarla bağlı layihələr bizim ölkələrimizi daha da sıx birləşdirir: "Və deyə bilərəm ki, hazırda nəinki regionda, eləcə də dünya miqyasında bu üçtərəfli format maraq doğurur. Bu, əslində unikal bir formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən bərabərhüquqlu münasibətləri artıq qurmuşdur".

İlham Əliyev hesab edir ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər: "Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən əsas məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür, bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb və beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu, əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir. Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsinə start verildi. "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaq. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək".

Dövlət başçısı bildirib ki, bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır: "Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. Bu, investisiya imkanlarımızı daha da genişləndirəcəkdir. Yəni bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha böyük məna daşıyacaq və bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan, öz növbəsində, ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Əsas şərt budur. Biz bu təməl üzərində münasibətləri qururuq, konkret layihələrlə bu münasibətləri zənginləşdiririk. Bu gün burada, Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır. Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə zirvə görüşləri müntəzəm keçirilsin və əgər etiraz olmazsa, növbəti zirvə görüşü Azərbaycanda keçirilsin ki, biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da davam etdirək".

13.14

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə Gürcüstan Prezidentinə bu təşəbbüsə görə minnətdarlığını bildirib.

Trend xəbər verir ki, dövlət başçısı qardaş Gürcüstan toprağında yenidən olmasından məmnunluğunu ifadə edib.

İlham Əliyev bildirib ki, prezidentlər rəsmi qaydada sammitə toplaşıblar: "Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir".

Azərbaycan Prezidentinin sözlərinə görə, əlbəttə ki, sammitdə müzakirə olunacaq məsələlər mahiyyət etibarilə də çox böyük məna daşıyır: "Əminəm ki, bu gün həm beynəlxalq məsələlər, regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədəki əməkdaşlıqla əlaqədar biz fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha sizə bu təşəbbüsə görə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram".

***

Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Türkiyə Prezidenti qeyd edib ki, üçtərəfli görüş zamanı regional məsələlərlə yanaşı, qlobal məsələlər də müzakirə edilib: "Gürcüstan və Azərbaycanın ərzi bütövlüyünə verdiyimiz dəstəyi bir daha yenilədik. Bölgəmizdəki münaqişələrin sülh və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bir daha qeyd etdik".

A.Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq".

Prezident vurğulayıb ki, Türkiyə Krım tatarlarının vəziyyətini diqqətlə izləməkdədir.

Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən A.Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: "Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır".

O, deyib ki, əsas məqsədlərdən biri də həyata keçirilən layihələrin bölgənin iqtisadi rifahına xidmət etməsidir.

10 : 21

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.

Dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib.

2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub. 2007-ci il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət və parlament üzvlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurmadan sonra rəsmi açılış mərasimi baş tutub.

Qeyd edək ki, ulu öndərin adını daşıyan parkın ümumi sahəsi 1 hektar təşkil edir. Layihənin memarı F.Axundov, heykəltəraşı isə Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm