Baş redaktordan intim açıqlama: “İlk dəfə qızla 21 yaşımda öpüşdüm” - Fotolar
Bizi izləyin

Digər

Baş redaktordan intim açıqlama: “İlk dəfə qızla 21 yaşımda öpüşdüm” - Fotolar

Uşaqlıq xatirələrini bu dəfə mənimlə paylaşan tanınmış telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.

Çoxdan tanıdığım, vaxtilə bir yerdə çalışdığım Vüsala həmişə yarızarafat-yarıgerçək “dahi” deyə müraciət edirdim. O da həmişə bu sözümə başını yelləyib-“Ceva yaxşı də, məzələnmə”-deyib qəhqəhə çəkirdi. Zarafatı bir kənara qoyaq, doğrudan da bu insan hər zaman qeyri-adiliyi, fenomen yaddaşı və hədsiz bilgili olması ilə diqqətimi çəkib. Yüz faiz əmin idim ki, uşaqlığı da maraqlı olacaq. Gəlin eşidək.

Zır-zır və küsəyən…

“Xaraktercə dözülməz uşaq olmuşam. Deyilənə görə, çox zır-zır və küsəyən. Həm də o dərəcədə ki, qohumlar indiyə qədər də danışmaqdan bezməyiblər.
Bir də, deyilənə görə, yemək yemirmişəm və məni yedizdirmək üçün bütün qohum-əqrəba yığışıb şou göstərirmiş. Biri hürürmüş, digəri miyoldayırmış... Bilmirəm, niyə: yəqin ki, sadəcə, ac olmadığım üçün yemək istəmirmişəm”.

“Başa düşmürdüm ki, niyə qızlar məni sevmirlər?”

“Yox, yox, orta məktəbdə qızların diqqət mərkəzində olan oğlan olmamışam. Bu, mənim yaralı yerimdir. Mən avam idim, elə bilirdim ki, qızlar yaxşı oxuyan oğlanları sevirlər. Ona görə də gücümü vermişdim oxumağa. İnanın ki, 9-cu sinifdə soruşan olsa, dünya ədəbiyyatından mühazirə deyə bilərdim. Elmi-populyar jurnalları gözümə təpirdim. Və başa düşmürdüm ki, niyə qızlar məni sevmirlər?”

“Sırtıq, yekəbaş və bir qədər də əclaf olmadığım üçün…”

“Sonradan bildim ki, qızlara indiki terminlə desəm, “botanik”lər yox, “maço”lar lazımdır. Sırtıq, yekəbaş və bir qədər də əclaf oğlanlar. Mənsə belə olmadığımdan, heç vaxt qızlar məni sevməyib. Hələ qızlar cəhənnəmə, bacımla qardaşım da ələ salıb deyirdilər ki, “oxumaqdan başın xarab olub”. İkisi birləşib mənim çox oxumağımı ələ salan şeir də yazmışdılar. İndi onlardan biri - Tural Bakuvi,- bəstəkardır, yaxşı mahnılar yazır. Dəlləkliyi mənim başımda öyrənibmiş”.

Hamıdan fərqlənən “ağ qarğa”

“Daha çox fərqli düşünməyimlə diqqət çəkirdim. Həmişə bir çox məsələlərdə ətrafımdakı insanlardan fərqli düşünmüşəm və buna görə də “ağ qarğa” kimi yanaşıblar mənə. Amma bu, xüsusi düşünülmüş bir taktika deyildi. İçimdən belə gəlirdi”.

“Kitablar və velosipedim istənilən qızdan daha maraqlı idi”

“(Maraqlıdır görəsən Vüsal hansı tip qızlardan xoşlanırmış?)

Əvvəlcə qızlar mənə çatmırdı. İndi ibtidai siniflərdən sevməyə başlayan uşaqları heç cür anlaya bilmirəm. Özüm 13-14 yaşımda hormonlar qanımda qaynamağa başlayana qədər ümumiyyətlə, fərqində olamışam ki, ətrafımda qız deyilən varlıqlar mövcuddur. Mənim üçün kitablar və velosipedim istənilən qızdan daha maraqlı idi”.

“Hormonlar başıma vurandan sonra”

“Hormonlar başıma vurandan sonra isə bir neçə il persona olaraq hansısa konkret qız yox, ümumiyyətlə qızlar maraqlı gəlirdi. Çünki yenicə fərqinə varmışdım ki, sən demə, məməlilərin belə bir növü də varmış... Amma yenə də onlarla ünsiyyət qura bilmirdim”.

“Tənəffüsslərdə həmin qızın dalınca düşüb sülənirdim”

“(Həmsöhbətim ilk sevgi, ilk görüş, ilk öpüşlə bağlı sualıma xeyli güldü)
Lap məşhur bir mahnının sözlərinə oxşadı: “İlk aşkım, ilk heyecan...”

287 saylı məktəbdə, 9-ci sinifdə oxuduğum vaxtlara təsadüf edir. Görüş olmamışdı, sadəcə, tənəffüsslərdə həmin qızın dalınca düşüb sülənirdim, bir-iki dəfə isə hətta evlərinə qədər də getmişdim. Amma yaxınlaşıb nəsə deyə bilmirdim. İlk görüş artıq işləyəndən sonra olub. Çünki bir Adil müəllim vardı, sinif rəhbərimiz - indi də var, yaxşı riyaziyyatçıdır,- bir dəfə demişdi ki, kişi əvvəl özünə şalvar almağı bacarmalıdır, onda sonra qızla görüşə gedə bilər. Bu söz mənim şüurumda möhkəm oturmuşdu. Və yalnız özüm pul qazanmağa başlayandan sonra qızla görüşdüm”.

“Taylarım artıq qızlardan ibarət kolleksiya yığırdılar”

“İlk öpüşə gəlincə, lənət olsun aldığım mühafizəkar tərbiyəyə! Səhv etmirəmsə, 21 yaşım vardı, taylarım artıq qızlardan ibarət kolleksiya yığırdılar...”

“Məndən poçtla kağız məktub göndərməyimi tələb edir”


“(Heç sevgi məktubu yazırdın?) “Şanlı məktub” sözü ilə başlayan, mürəkkəbinə ətir qatılaraq yazılan, sonra qatlananda arasına qızılgül ləçəyi qoyulan məktublardan deyirsən? Yox, yazmamışam. Bəlkə də “can üzə-üzə” namə yazıb, `badi-səba, sən çatdır o gül üzə”` deyə küləyə-zada verdiyim olub, yadımda deyil, amma normal yollarla heç kimə məktub göndərmədiyim dəqiqdir. Hərçənd, belə görürəm ki, bundan sonra yazmalıyam. Mənim işimə bax da: sms, facebook, nə bilim, “whatsapp” dövründə bir nəfər məndən poçtla kağız məktub göndərməyimi tələb edir.

“Özümü çirkin və lazımsız sayırdım”

“Başdan-ayağa kompleks idim. Özümü çirkin və lazımsız sayırdım. Və öz aramızdır, deyəsən, haqsız da deyildim...

Fizik olmaq istəyirdim. Dəhşət həvəsim vardı, çox yaxşı da qavrayırdım. 11-ci sinfin ortalarına qədər niyyətim bu idi. Hətta 11-də oxuyanda Fizika üzrə Respublika Olimpiadasında 3-cü olmuşdum. Həll elədiym məsələ indiyə qədər yadımdadır. Günü bu gün “Nisbilik Nəzəriyyəsi”ni sizə elə izah edərəm ki, ruhunuz da inciməz... Amma valideynlərim məni humanitar istiqamətə yönəltdilər. Haradansa eşitmişdilər ki, Beynəlxalq Münasibətlər adlı təzə bir fakültə açılıb, nəsə yaxşı şey olmalıdır... Hərçənd, peşman deyiləm, bu sahəni də çox sevirəm və ən əsası, mənim üçün olduqca maraqlıdır. Fizika müəllimim Şamxal müəllimin humanitar istiqamətə döndüyümü biləndə dediyi sözlər indiyə qədər yadımdadır: “Ay səni görüm qıldığın yarımçıq qalsın, a bala!”

“Şurik sindromu”...

“Tələbəlik illərim çətin keçib. Ta ki özüm işləyənə - 3-cü kursa qədər xeyli maddi sıxıntım vardı. Ondan sonra bir qədər yüngülləşdi. 90-cı illər çətin dövr idi. Maraqlı şeylər elə də çox olmayıb - səhər universitet, axşam kitabxana. Hərçənd, Axundov kitabxanasında da qız tutan oğlanlar vardı, amma mən onlardan ola bilmədim. Çünki “Şurik sindromu”m müəyyən qədər davam edirdi. Necə ki, tələbə vaxtı istədiyim qıza da heç bir söz deyə bilmədim. Bu mənada, deyə bilənlərə həmişə həsəd aparmışam”.

“Terminator-2” filmini görmüş və şoka düşmüşdüm

“Amma orası da var ki, tələbəliyin özü özlüyündə bir həyat tərzi olaraq maraqlıdır. Ən maraqsızı belə, maraqllıdır. Mən də o mənada maraqlı yaşamışam. Tələbə yoldaşlarım çox yaxşı, maraqlı gənclər idilər, indi əksəriyyəti tanınmış adamlardır. Kinonu o vaxtdan sevirəm. Bu da təbiidir, çünki uşaqlığı videosalonlar dövründə keçən nəsildənəm. Bir avtobusun içində 34 düymlük ekranı olan televizor qoyaraq, film göstərirdilər, biz də gedib baxırdıq. Mən ilk dəfə “Sürücülər” klubunda - indi orada hansısa otel yerləşir, Əziz Əliyev küçəsidir, səhv etmirəmsə, - Ceyms Kemeronun “Terminator-2” filmini görmüş və şoka düşmüşdüm. Elmi-fantastik kitablar oxuyaraq böyüyən yeniyetmədə bu, sözlə ifadə olunayacaq dərəcədə bir heyranlıq doğurmuşdu. Ağıllı saydığım bütün adamlardan soruşurdum ki, o filmi necə çəkiblər? Heç kim də izah edə bilmirdi. Ağlınız indiyə getməsin e, ekranda qeyri-adi nə görünürsə o dəqiqə əl yelləyib deyirik ki, “Kömpüter qrafikasıdır”. Onda kompüter qrafikası yenicə yaranırdı və bizim belə bir şey haqqında heç anlayışımız da yox idi”.

“Uşaqlar deyirdilər ki, birazdan Hollivuddakı itlərin də adını bilcəksən”

“Kino məni o qədər sehirləmişdi ki, onun haqqında hər şeyi bilmək istəyirdim. İnternet olmayan bir dövrdə bu, praktik olaraq mümkün deyildi. Filmlərə acgözlüklə baxırdım, epizodlarda oynayan aktyorlara qədər kim varsa, hamısının adlarını öyrənməyə çalışırdım. Uşaqlar deyirdilər ki, birazdan Hollivuddakı itlərin də adını bilcəksən”.

“SSRİ-nin dağılması ilə atamın işlədiyi zavod bağlandı və…”

“İndiyə qədər hafizəmdən çıxmayan ən acı xatirələr də var. Bilmirəm, bunu danışmaq nə qədər düzgündür, çünki tək mənə aid deyil. Amma danışıb yüngülləşmək istəyirəm, çünki indiyə qədər də həmin hadisə yadıma düşəndə məni ağlamaq tutur. 90-cı illərin əvvəlləri ailəmiz çox çətin vəziyyətdə idi. Çünki SSRİ-nin dağılması ilə atamın işlədiyi zavod bağlanmışdı. Atam orda yaxşı vəzifədə çalışdığından, buna qədər biz imkanlı bir ailə idik. Amma SSRİ dağılandan sonra ciddi məhrumiyyət keçirməyə başladıq”.

Şirin “Aroma”nın acı xatirəsi…

“O zamanlar təzəlikə xaricdən müxtəlif mallar gətirilirdi. “Aroma” meyvə şirələri vardı, şüşə butulkalarda. Biz onu görürdük, reklamları da tv-də gedirdi, amma dadını bilmirdik.

Bir də o vaxtlar hamı küçədə, həyətinin yanında, blokunun ağzında balaca piştaxta düzəldib, nəsə sata bilirdi: “Bakuş”, “Yupi”, “Aroma”... Günlərin birində qardaşımla həmin piştaxtalardan birinin yanında idik. Qardaşım onda çox balaca idi. Maraqla “Aroma” şüşəsinə baxırdı, yəqin ki, nə olduğunu da dadmaq istəyirdi, amma o butulka bizə tamam fərqli dünyadan gəlmiş əlçatmaz bir şey kimi görünürdü.

Birdən necə oldusa, piştaxta sahibinin qolu şüşəyə dəydi və o, aşıb, sındı. Qəhvəyi rəngli qatı şirə stolun üstünə dağıldı. Bu vaxt qəfildən qardaşım irəli tullanıb, stolun üstünə dağılmış şirəni yalamağa başladı”.

“Kasıblığın şəklini çəkmək istəsəydim...”

“Keçmişi yada salıb gileylənməkdən zəhləsi gedən adamlardanam - çünki buna heç ehtiyac da yoxdur,- amma mən çox çətinliklər görmüşəm. Di gəl, həmin hadisə qədər məni sarsıdan, yaddaşımda ilişib qalan, kövrəldən heç nə olmayıb. Əslində heç ciddi bir şey də deyil bəlkə, bilmirəm, amma mən əgər rəssam olsaydım və kasıblığın şəklini çəkmək istəsəydim, həmin səhnəni çəkərdim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm