Erməni çəkir məst edir, bizsə...
Bizi izləyin

Digər

Erməni çəkir məst edir, bizsə...

Şuşanın işğal günüdür. Yenə eyni ssenari üzrə Azərbaycanın bütün telekanalları “Fəryad” filmini nümayiş etdirəcək, nuh əyyamında qarakəlağayılı aktrisaların iştirakı ilə çəkilən bir ağlaşma tamaşa var e, rejissoru da yadımdan çıxıb, amma bilirəm ki, baş rolda Məleykə Əsədova çəkilib, onu göstərəcəklər-bununla da telekanallarımız öz missiyasını yerinə yetirmiş olacaqlar.

“Fəryad” dedim, ona görə ki, göstərməyə başqa film də yoxdur. Allah rəhmət eləsin Ceyhun Mirzəyevə (Vaqif Mustafayevin ssenari müəllifi) kişi yaxşı ki, əhval-ruhiyyəsinin yaxşı vaxtında bu filmi çəkdi, yoxsa, bu işğal günlərində televiziyalarımız tamaşaçılarını qabağında lap üzüqara qalardılar. Hə, yadımdan çıxdı, “Xoca” da var axı. ANS_in Xocasını deyirəm e, yalan-gerçək bu filmi də plagiat çıxardılar. Aqil Abbasın “Dolu”suna gəlincə, hələ ki, öz başımıza yağmaqdadır. Yəni, ölkədən kənara çıxmayıb. Çıxmayıb, o mənada ki, səsi nə Oskardan gəlir, nə Kanndan… Kəsəsi, biz burda öz qabımızda qaynaya-qaynaya, ermənilər də dünya bazarında at oynadır. Babat bir film çəkib dünyaya çıxaran və ermənilərin Azərbaycan xalqının başına açdığı oyunları elnən bir edən də yoxdur. Elə yalandan qışqırmağı, bağırmağı, bir də ağı deyib yas tutmağı bilirik.

“Erməni soyqırımı”nın 100-cü illliyinə hazırlıqla bağlı Ermənistan prezidentinin sədri olduğu Dövlət Komissi- yasının toplantılarından birində belə bir fikir səsləndirilmişdi- “Erməni soyqırımı”nın dünyanın diqqətinə çatdırılmasının ən yaxşı yolu film yaradıcılığıdır".

Bu məxfi fikir təsadüf nəticəsində mətbuatat sızdırılmışdı. Özü də həmin ərəfədə istehsalı planlaşdırılan "Qırılmışlar" filminin mətbuatda müzakirəsi zamanı- Kanadada yaşayan türk əsilli Fatih Akın-“Qırılmışlar” filminin rejissoru tərəfindən. Sözümün canı büdur ki, ermənilər son 15 ildə Türkiyəyə təzyiq yolu kimi əsasən film çəkilişlərindən istifadə edirlər. 2002-ci ildə Kanadada doğulmuş erməni əsilli Atom Yeqoyan tərəfindən çəkilən “Ararat” bədii filmi bunun bariz nümunəsidir. Bu filmin həmin illərdə dünya kino bazarında necə partlayış etdiyinə hər kəs şahiddir. Yadımdadır ki, 2002-ci ildə ermənilər həmin filmin Oskar alması üçün dəridən-qabıqdan çıxdı. Film bütün festivallarda nüfuzlu mükafatlar aldı. Bütün Avropa ölkələri həmin filmə elçi düşdü. Ardından “Əgər hamı”… çəkildi. Yenə də dünya kinosuna səs saldı. Amma bizim rejissorlar dövlətin pulunu göyə sovurmaqla məşğuldurlar. Dəqiq bilirəm ki, il ərzində dövlət sifarişi ilə istehsal olunan filmlərə milyonlar xərclənir. Hələ Prezidentin filmlər üçün ayırdığı digər pulları demirəm. Bu qədər mənasız, cəfəngiyyat filmləri çəkib, arxivlərə yollamaqdansa, barı bir dənə film çəkib dünyaya çıxarın. Ermənilərin “Araratı”nın, “Qırılmışlar”ının qabağına qoyub bütün dünyaya sübüt edin ki, soyqırım edən biz yox, məhz ermənilərdir. Bunu bacarmırıqsa, barı susaq. Boş-boşuna özümüzü patriot kimi göstərməyək. Biz o patriotlardanıq ki, Şuşanın işğal günündə Natəvan Həbibi güllü libaslar sifariş edib, konsert verməyə hazırlaşırdı. Yaxud da Xocalının işğal günündə Nadir Qafarzadə İsraildə çal-çağır qurmuşdu, Azəri qızı Günel telinə qırmızı gül taxıb türk kanallarında səsinin incə yerinə salmışdı. Siyahını uzadıb, sinirlərimi oyatmaq fikrində deyiləm.

Demək istəyirəm ki, gəlin yaxşı filmlər çəkək, elə həm də Vətənin təəssübünü çəkək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm