• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Mehriban Əliyeva: “Yeni qələbələr gözləyir bizi”

  • Digər
  • 11 May 2014 01:20
  • 610 Baxış
Mehriban Əliyeva: “Yeni qələbələr gözləyir bizi”

"On il bundan əvvəl – 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır."

Bunu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.

Birinci xanımın sözlərinə görə, Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən atdığı addımlarla, gördüyü işlərlə o yüksək ada layiq olmağa çalışıb: "On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır".

M.Əliyeva bildirib ki, Heydər Əliyev Fondu ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəldib: "Biz Azərbaycanda çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri və internat məktəblərini tamamilə yenidən qurub onlarda ailə mühitinin formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən biridir."

M.Əliyeva fondun fəaliyyətinin digər çox vacib istiqamətinin Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılması olduğunu vurğulayıb: "Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Məhz Fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı, Rostropoviç və Şostakoviç festivalları artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib və bizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur."

Sonda fondun bütün əməkdaşlarına bu 10 il ərzində göstərdikləri işgüzarlıq, peşəkarlıq, insansevərlik, vətənpərvərlik keyfiyyətlərinə görə dərin minnətdarlığımı bildirən Mehriban Əliyeva, qarşıda yeni çağırışların, yeni hədəflərin, yeni qələbələrin gözlədiyini qeyd edib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR