Buludların üstündəki Bakı - FOTOLAR
Bizi izləyin

Digər

Buludların üstündəki Bakı - FOTOLAR

Bu yaxınlarda Milli parkda gəzinərkən orta yaşlı bir əcnəbi xanım əlimdə fotoaparat görüb, mənə yaxınlaşdı. Əlindəki fotoaparatını mənə uzadıb, əli ilə sağ tərəfi—məşhur “Alov Qüllələri” kompleksini göstərdi. Təxmini anladım ki, binanın fonunda şəkil çəkdirmək istəyir. Mən də şəklini çəkdim. Xanımın gülər üzlə əli ilə təşəkkür etməsindən sonra oradan ayrılıb yoluma davam etdim.

Həqiqətən də adına mahnılar qoşulan “əziz şəhər” və “mehriban diyar” Bakının siması çox dəyişib. Saysız-hesabsız yaraşıqlı “göydələn” binalar az qala, Bakını digər əcnəbi şəhərlərə bənzədir.

Bir vaxtlar Bakıda ən hündür bina ancaq şəhərin simvoluna çevrilmiş Qız qalası idi. Bu qədim qalanın başından şəhər və dəniz ovuc içi kimi görünərdi. Ancaq dövr və illər dəyişib. Dəyişən həm də görkəmini dəyişən, daim yeniləşən və müasirləşən şəhərdir. Ən çox da şəhərin mərkəzi küçələri və prospektləri ilə getdikcə, müasir üslub və dizaynda ucalan hündürmərtəbəli binalar bunu deməyə əsas verir.

Artıq Bakıda da bir vaxtlar xarici filmlərdə gördüyümüz göydələnlər ucalır. Hündürlüyü və forması ilə diqqət çəkən bir sıra binalar ilk baxışda göz oxşayır, müxtəlif formasına, dizaynına görə seçilir. Məsələn; Şəhərin mərkəzində yerləşən “Alov Qüllələri” kimi tanınan üç binadan ibarət göydələn kompleksi artıq qısa vaxtda diqqət cəlb etdi, hətta xarici medianın diqqətindən yayınmayan göydələn kompleksi tez bir vaxtda Bakının simvollarından birinə çevrilə bildi.

Yadımdadır, hələ kompleksdə qızğın tikinti işlərinin getdiyi vaxtda sərin yay günündə bir çox maraqlı səhnələr də obyektivimə tuş gəlmişdi. Son illər Bakı sürətli tikinti bumu yaşayır, demək olar ki, əksər yerlərdə hasara alınmış məkanlarda ənənəvi lövhələrə rast gəlmək olar; “narahatlığa görə üzr istəyirik” və “tikinti işləri gedir”. Təxmin etmək olar ki, həmin yerdə bir dənə də göydələn tikiləcək; ya hündürmərtəbəli yaşayış kompleksləri, ya otel, ya da istirahət kompleksi olacaq. Düzdür, ilk baxışda, bəzən vətəndaşların yolunun üstündə olan və gediş-gəlişə mane olan bu lövhələr bəzilərində haqlı narazılıq yaradır. Lakin əbəs yerə. Düşünəndə ki, bu yerdə də göz oxşayan bir bina olacaq, onda bu müvəqqəti narahatlıqdan keçməyə dəyər. Necə deyərlər, “ deyilən söz, tikilən bina yadigardır”.

Xəyal Hüseynov

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm